PDF Oxu

Müsahibə

  • 7

“Uçot dərəcəsinin aşağı salınması real sektorun inkişafına səbəb olacaq”

“Uçot dərəcəsinin aşağı salınması real sektorun inkişafına səbəb olacaq”

Qlobal maliyyə böhranından zərərin önlənməsi üçün hökumətin atdığı addımlar birmənalı qarşılanmır. Ölkənin maliyyə siyasəti haqda ekspertlər tərəfindən müxtəlif fikirlər səsləndirilir. Bu və ya digər məsələlərə aydınlıq gətirmək üçün Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının üzvü Nazim Məmmədovun fikirlərini öyrəndik.
   
- Nazim müəllim, Milli Bankın uçot dərəcəsini 3 faizə endirməsi ölkənin bank sektoru və fond bazarı üçün hansı perspektivlər vəd edir?
   
- Milli Bankın son bir neçə ayda mərkəzləşdirilmiş uçot dərəcəsini aşağı salması, sözsüz ki, müsbət qarşılanmalıdır. Bunun davamı olaraq, kredit resurslarına çıxışın asanlaşdırılması vacib məsələlərdən biri olaraq qalır. Ümid edirəm ki, son dəfə müşahidə olunan azalma kommersiya bankları vasitəsilə real sektora "uzun pulların" verilməsinə gətirib çıxaracaq. Bu halda həm bank sektoru, həm də fond bazarının bəzi elementləri canlanacaq.
    
- Milli Bankın mərkəzləşdirilmiş kredit portfelini daha 5 faiz artırması kredit bazarında canlanma yarada bilərmi?
   
- Təbii ki, hər bir artımın kredit bazarına təsiri var. Bu təsirin hissolunacaq dərəcədə reallaşması resursların kəmiyyət etibarilə çoxluğundan və keyfiyyət etibarilə müsbət olmasından asılıdır. Keyfiyyət dedikdə, mən sahibkarlara və biznes strukturlarına verilən kreditlərin faizlərinin nə dərəcədə aşağı olmasını nəzərdə tuturam.

- İpoteka kreditlərinin bərpa ediləcəyi barədə Milli Bankdan açıqlama verilib. Bu qlobal maliyyə böhranı şəraitində hansı tendensiya yarada bilər?
   
- Ümumiyyətlə, böhran zamanı hökumətin hər bir addımı iqtisadi fəaliyyəti gücləndirmək və ya bərpa etmək  məqsədi daşıyırsa, bunu ancaq alqışlamaq lazımdır. İpoteka kreditləri ilə bağlı məsələ yenə də ucuz resursların olmamasından irəli gəlir. Bu barədə həm ipoteka fondu, həm də maliyyə resursları təqdim edən qurumlar qarşılıqlı anlaşmaya gələrək tikinti bazarını canlandırmalıdır. Qeyri-neft sektoru olaraq tikinti sektoru  alıcılıq qabiliyyətinin aşağı olmasından əziyyət çəkir.  Bu da bir çox sosial problemlərin həlli üçün hökumətin belə demək mümkün olsa "yükünü" artırır.

- Yanvar ayında Azərbaycan bank sistemi üzrə bir sıra göstəricinin azalması müşahidə olunub. Aktivlərin həcmi yanvarda 1,9%, kredit portfelinin həcmi 0,3%, əhalinin əmanətlərin həcmi isə 3,7% azalıb. Xaricdən köçürülən pul vəsaitlərinin həcmi də nəzərəçarpacaq dərəcədə azalıb. Bu nə ilə bağlıdır?
   
- Müşahidə etdiyimiz neqativ tendensiyalar əhalinin gəlirlərinin azalması ilə bağlıdır. Heç kəsə sirr deyil ki, böhranın təsirindən müxtəlif iş yerləri ixtisara salınıb, ailələrin əvvəlki vaxtlarda yığdığı əmanətlərin bir hissəsi, onlar tərəfindən gündəlik xərclərini qabaqlamaq məqsədilə banklardan götürülür. Kommersiya banklarının xarici maliyyə qurumlarına olan borclarını qaytarmaqla yanaşı, kreditlərin verilməsində şərtlərin sərtləşdirilməsi fonunda  bu tendensiyanı bir az da müxtəlif mətbu orqanlarda  bəzi  "səhlənkar" proqnoz verənlərin fəaliyyəti gücləndirib.
   
- Bir çox ekspertlər manatın devalvasiyasının təbii və zəruri olduğunu qeyd edirlər. MB isə ölkənin strateji valyuta ehtiyatlarının çox olmasını və bu ehtiyatların dövriyyədə olan manat kütləsindən 2.2 dəfə çox olmasını əsas gətirərək devalvasiyaya əsas görmür. Siz necə düşünürsünüz?
   
- Mən Milli Bankın fəaliyyətini kifayət qədər tənqid edən bir şəxs kimi  ədalət naminə manatın kursunun bazarın tələbinə uyğun tənzimlənməsini çox müsbət hal kimi qiymətləndirirəm. Nəzəri baxımdan, milli valyutanın ucuzlaşmasının ölkənin ixrac potensialının artırılması və daxili istehsalın stimullaşdırılması kimi qiymətləndirilsə də, iqtisadi əsasların kifayət qədər olmamasından Azərbaycan iqtisadiyyatında buna yol vermək olmaz. Çünki bu məsələdə kifayət qədər spekulyativ maraqlar mövcuddur. Xarici ölkələrin pul əskinazlarına  biz bir əmtəə kimi yanaşmalıyıq. Xarici iqtisadi əlaqələrlə məşğul olmayan adi insanlara xarici valyutanın kursunun hansı səviyyədə olması təsir etməməlidir.
   
- 2009-cu ilin əvvəlindən manatın sabitliyini təmin etmək məqsədilə Milli Bank öz valyuta ehtiyatlarından 300 mln dol-a yaxın vəsait xərcləyib. Sizcə bu tendensiya davam etdiyi təqdirdə böyük məbləğdə vəsaitin itiriləcəyi təhlükəsi varmı?
   
- Əslində, Milli Bankın manatın sabitliyini təmin etmək məqsədilə nə qədər vəsait xərclədiyini və yaxud  xərcləmədiyini Milli Bank daha dəqiq bilər. Əgər doğrudan da vəsait xərclənirsə, deməli daha çox itirəcəyimizi önləmək üçün bu siyasəti aparırlar. Ajiotaj fonunda bir qrup insanlar manatın "süni" ucuzlaşmasında astronomik gəlirlər əldə edə bilərlər, ancaq milyonlarla insanlar  bundan əziyyət çəkərlər. Ona görə də,  bu məsələlər tam aydınlaşdırılmalı  və  real vəziyyətə  uyğun addımlar atılmalıdır.
   
- Hazırda ölkədə illik inflyasiya 12% təşkil edir, MB isə düşünür ki, inflyasiya tempinin azalması davam edəcək və bu il ərzində inflyasiya illik tempi 5-6% səviyyəsində olacaq. Bu proqnoz inandırıcıdırmı?
   
- Proqnozlara  gəldikdə isə onu deyə bilərəm ki, bu iş çox da  göründüyü kimi asan deyil. Qısamüddətli hər hansı bir proqnozu vermək daha asandır, nəinki iqtisadi böhran zamanı uzunmüddətli proqnoz vermək. Ancaq onu demək mümkündür ki, istənilən böhran zamanı insanlar daha qənaətcil olurlar, xərclər mümkün qədər azalır, buna adekvat olaraq inflyasiya templəri də azalır.

Digər xəbərlər