PDF Oxu

Müsahibə

  • 8

Azərbaycan milli dəyərlərini saxlamaqla ümumavropa təhsil məkanına inteqrasiya edir

Azərbaycan milli dəyərlərini saxlamaqla ümumavropa təhsil məkanına inteqrasiya edir

Son illərdə Azərbaycan təhsil sistemində uğurlu islahatlar həyata keçirilir. Lakin bununla yanaşı təhsilimizdə hələ də problemlər qalmaqdadır. Bəzi problemlərin mövcudluğu barəsində təhsil naziri öz açıqlamalarında qeyd edib. Bəs görəsən, bu gün Azərbaycan təhsilinin inkişafı üçün hansı layihələr həyata keçirilir, bəzi problemlərin qarşısını almaq üçün nə kimi işlər görülür? Bu və ya digər suallarımızı müsahibimiz təhsil naziri Misir Mərdanov cavablandırıb.
- Misir müəllim, hazırda təhsil sahəsində hansı islahatlar həyata keçirilir və 2009-cu ildə hansı işlərin görülməsi nəzərdə tutulub?
- Azərbaycanda təhsil islahatları 1999-cu ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə hazırlanan və təsdiq olunan "İslahat Proqramı" təsdiq olunduqdan sonra sistemli şəkildə aparılmağa başlanıb. 1999-2003-cü illərdə Dünya Bankının maliyyə dəstəyi ilə ilk innovasiya krediti çərçivəsində islahatlar aparılıb. 2003-cü ildə isə təhsil sistemində həyata keçiriləcək 10 illik islahat strategiyası işlənib və 2003-2008-ci illərdə Təhsil Sektorunun İnkişafı Layihəsi uğurla həyata keçirilib. Layihə çərçivəsində təhsilin məzmunu, şagird nailiyyətlərinin qiymətləndirilməsi, müəllim hazırlığı, maliyyələşmə, dərslik siyasəti və s. sahələrdə əsaslı nailiyyətlər əldə olunub. Artıq aparılan islahatların bəhrələrini görürük və bu, bizi çox sevindirir. Həmin nailiyyətlərdən bəziləri barədə məlumat vermək istəyirəm.
Azərbaycanın təhsil tarixində ilk dəfə olaraq hazırlanan yeni kurrikulumlarla tədrisə cari dərs ilindən etibarən I siniflərdən başlanıb. Mübaliğəsiz demək lazımdır ki, bu hadisə ilə ümumi təhsil sistemində yeni mərhələnin təməli qoyulub. Fənn kurikulumlarının didaktik əsasını nəticəyönümlülük, tələbyönümlülük və şəxsiyyətyönümlülük prinsipləri təşkil edir.
2008-2009-cu dərs ili həm də təhsil tariximizdə yeni kurrikulumlar əsasında I siniflər üçün hazırlanan dərslik, müəllimlər üçün vəsait və şagirdlər üçün iş dəftərindən ibarət komplektlərin tətbiqi ilə əlamətdar olmuşdur. Bu komplektlər yeni dərslik siyasətinin ilkin nümunələri kimi yadda qalacaqdır.
"Azərbaycan Respublikasının ümumi təhsil sistemində Qiymətləndirmə Konsepsiyası"na əsasən dünya təcrübəsində özünü doğruldan qiymətləndirmə sistemi ölkəmizdə də tətbiq olunmağa başlayıb, məktəbdaxili, milli və beynəlxalq qiymətləndirmə təcrübələri təhsil sistemimizə gətirilib. İlk növbədə, məktəbdaxili qiymətləndirmənin mühüm tərkib hissəsi olan buraxılış imtahanlarının forma və məzmunca təkmilləşdirilməsi, yeni mexanizmlərin tətbiqi istiqamətində əhəmiyyətli addımlar atılıb, cari dərs ilindən ölkənin bütün orta məktəblərində mərkəzləşdirilmiş buraxılış imtahanı tətbiq edilib.
Hökumət tərəfindən təsdiq olunan "Azərbaycan Respublikasında fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığının konsepsiya və strategiyası"na uyğun olaraq pedaqoji kadr hazırlığının məzmununda islahatların aparılması işinə başlanılıb, ibtidai siniflər üçün müəllim hazırlığını təmin edən yeni kurrikulumlar əsasında müəllim hazırlığına başlanıb.
Hazırda Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə (2009-2014-cü illər) çərçivəsində ümumi təhsil üzrə kurrikulum islahatının davam etdirilməsi, tədris materiallarının hazırlanması və məktəb kitabxanalarının müasirləşdirilməsi, pedaqoji kadrların əlavə təhsil (ixtisasartırma, yenidənhazırlanma, təkmilləşdirmə, stajkeçmə, yaşlıların təhsili) sisteminin təkmilləşdirilməsi, keyfiyyətin idarə olunmasında təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsindən istifadə, məktəbəqədər təhsilin inkişaf etdirilməsi, təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi, müəllim peşəsi ilə bağlı reqlamentləşdirici qaydaların yenidən işlənməsi və tətbiqi, Təhsilin İdarəolunmasının Məlumat Sistemlərinin (TİMS) ölkə səviyyəsində həyata keçirilməsi və ondan istifadənin genişləndirilməsi, məktəb şəbəkəsinin rasionallaşdırılması və şagirdbaşına maliyyələşdirmə, ictimaiyyətin məlumatlandırılması sahələlərində islahatlar aparılır.

- Ötən il Milli Məclisdə müzakirə olunan "Təhsil haqqında" Qanun təhsil naziri olaraq, sizi qane etdimi, bu Qanunun Azərbaycan təhsili üçün əhəmiyyətini necə qiymətləndirirsiniz və Qanunun qəbulunun bu qədər gecikməsinə səbəb nədir?

- Sualınızın son hissəsindən başlayım. Həqiqətən də, "Təhsil haqqında" Qanun uzun illərdir ki, müzakirə olunur. Hazırda cəmiyyətdə ən çox müzakirə olunan məsələlərdən biri də məhz budur. Fikrimcə, bu, təbiidir. Çünki bu qanun hər bir ailə üçün Konstitusiyadan sonra ən vacib qanundur. Təhsil naziri kimi Qanunun tezliklə qəbul edilməsinin tərəfdarıyam. Ona görə ki, hazırda mövcud olan Qanunun qəbul edilməsindən 17 il vaxt keçib. Bu müddət ərzində Azərbaycanda və dünyada dinamik inkişaf tendensiyaları, o cümlədən, təhsil sahəsində əsaslı dəyişikliklər özünü büruzə verib. Ötən müddət ərzində Azərbaycan keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub, Avropa və dünya təhsil məkanına inteqrasiya istiqamətində mühüm addımlar atılıb. Təbiidir ki, bütün bu proseslər təhsil qanunvericiliyində, ən vacibi isə "Təhsil haqqında" yeni Qanunda öz əksini tapmalıdır.
Fikrimcə, qəbul ediləcək Qanun ölkəmizdə təhsil siyasəti və strategiyasının əsas istiqamətlərini əks etdirməklə yanaşı, ilk növbədə, xalqımıza, Azərbaycanda təhsilin inkişafına xidmət göstərməli, milli təhsil sisteminin dünya, Avropa təhsil sisteminə inteqrasiyasını təmin etməlidir.
Təhsil sahəsində müasir inkişaf tendensiyalarının nəzərə alınmasının vacibliyini şərtləndirən əsas amillərdən biri də budur ki, "Təhsil haqqında" Qanun bu gün üçün deyil, uzun müddət üçün qəbul edilir. Misal üçün, mövcud Təhsil Qanunu 15 illik bir dövrü əhatə edib. Bu səbəbdən də qəbul edəcəyimiz yeni Qanunda bu gün və yaxın gələcəkdə həyata keçirilməsi mümkün olmayan, lakin perspektivdə qaçılmaz olan müddəalar da daxil edilməlidir. Perspektivi əhatə edən müddəaların tətbiqi vaxtı isə, bildiyiniz kimi, ölkə Prezidentinin Fərmanı ilə müəyyənləşdiriləcək.
Məlum olduğu kimi, hazırda dünyada qloballaşma meyilləri güclənib, bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də inteqrasiya amilləri artıb. Qloballaşma elə bir prosesdir ki, ondan təcrid olunmaq mümkün deyildir. Təhlil göstərir ki, dünyada təhsilin inkişaf tendensiyaları da qloballaşma meyilləri nəzərə alınaraq formalaşır. Azərbaycan təhsili üçün çox vacib olan "Təhsil haqqında" Qanunun müzakirəsi kontekstində dünyada təhsilin inkişaf tendensiyaları ilə bağlı bəzi fikirlərimi bildirmək istərdim.
İlk növbədə, dünyada məktəbəqədər təhsilin əhəmiyyəti artıb, bütün uşaqların icbari olaraq bu təhsil pilləsindən keçərək məktəb təhsilinə cəlbi proritet təşkil edib, daha aşağı yaş dövründən məktəbəqədər təhsilə başlanması meyilləri güclənib. Tədqiqatlar göstərir ki, məktəbəqədər təhsil uşaqların hələ erkən yaş dövründən intellektual, fiziki və psixoloji inkişafında, potensial imkanlarının üzə çıxarılmasında, məktəb təliminə hazırlanmasında, onlarda mənəvi keyfiyyətlərin, müstəqillik, yaradıcılıq, təşəbbüskarlıq və həyati bacarıqların formalaşmasında mühüm rol oynayır. Maddi sərvətlərin insan kapitalına çevrilməsinin təməli məhz məktəbəqədər təhsil müəssisələrində qoyulur. Bu yaş dövründə uşağın inkişafına xərclənən vəsait sonradan 17 dəfə artıq gəlir gətirir.
Ümumi orta təhsilin strukturu da inteqrasiya meyillərinə məruz qalıb. Burada 12 illik ümumi orta təhsil, ibtidai təhsil pilləsinin, vaxt etibarilə artırılması və orta təhsil pilləsinin sırf profillər üzrə aparılması tendensiyaları özünü büruzə verməkdədir. Dünyada ümumi orta təhsilin hər pilləsinin müstəqil təhsil müəssisəsi kimi fəaliyyət göstərməsi praktikası da genişlənməkdədir.
Dünyada təhsilin paradiqmasında dəyişikliklər baş verməkdədir. Yəni, çoxməlumatlı, hərtərəfli biliyə malik şəxsiyyətin formalaşdırılmasından daha çox yaradıcı, məntiqi və tənqidi təfəkkürə malik, müstəqil düşünən, sərbəst qərar çıxaran, həyat və fəaliyyət üçün zəruri kompetensiyalara malik şəxsiyyətin yetişdirilməsi prioritet təşkil edir. Bu prosesdə isə "hafizə məktəbi" modelindən imtina edilir, inkişafetdirici, innovasiya modellərinə üstünlük verilir.
Hazırda dünyada fasiləsiz təhsil və davamlı inkişaf konsepsiyası xüsusi aktuallıq kəsb edib. Məhz bu konsepsiya ömürboyu təhsil imkanlarının reallaşdırılmasına və cəmiyyətin inkişaf tendensiyalarına daha çevik uyğunlaşmağa zəmin yaradır.
Təhsil prosesində informasiya-kommunikasiya və digər müasir texnologiyaların tətbiqinin genişlənməsi tendensiyası qaçılmazdır. Müasir dövrdə təhsili bu texnologiyalarsız təsəvvür etmək mümkün deyildir.
Boloniya prosesi və ali təhsilin Avropa təhsil məkanına inteqrasiyası qarşıda duran ən vacib amilə çevrilməkdədir. Məhz bu istiqamətdə təhsilin keyfiyyətinə nəzarətin müasir vasitəsi kimi akkreditasiya mexanizminin tətbiqi, ali təhsildə kredit sisteminə keçilməsi, çoxpilləli ali təhsilin məzmununun yeniləşdirilməsi, müəllim və tələbələrin mobilliyinin təmin edilməsi, diplomların tanınması, məzunların işlə təmin olunması sahəsində Avropa meyarlarına uyğunlaşma xüsusi aktuallıq kəsb edir.
- Hazırda III oxunuşa çıxarılacaq "Təhsil haqqında" Qanunda hansı yeniliklər var?

- Azərbaycanın inkişaf tendensiyaları, eyni zamanda, Avropa məkanına inteqrasiya meyilləri baxımından Layihəyə bir sıra yeni müddəalar daxil edilib. Həmin yeniliklərdən bəziləri barədə fikirlərimi bildirmək istərdim.
Həmin müddəalardan biri beş yaşlı uşaqların icbari məktəbəqədər təhsilə cəlb olunması ilə bağlıdır. Bu, ona görə vacibdir ki, Azərbaycanda məktəbəqədər təhsillə əhatə səviyyəsi 15-16 faizi keçməyib. Birinci sinfə qəbul olunan uşaqların yalnız 15 faizi uşaq bağçalarından gəlir. Halbuki inkişaf etmiş ölkələrdə məktəbəqədər yaşlı uşaqların 90-100 faizi məktəbəqədər hazırlıq keçir. Hətta keçmiş postsovet ölkələrində də bu faiz ölkəmizdəkindən xeyli yüksəkdir. Fikrimcə, bütün uşaqlar məktəbəqədər hazırlıq keçməli və məktəblərə daxil olmalıdırlar. Belə bir hazırlıq həm uşaq bağçalarında, həm də məktəblərdə aparıla bilər. Bildiyiniz kimi, ölkə Prezidenti tərəfindən məktəbəqədər təhsilin yeniləşdirilməsi Proqramı təsdiq olunub. Beş yaşlıların icbari məktəbəqədər təhsili bu Proqramda da öz əksini tapıb.
Layihədə öz əksini tapan daha bir vacib müddəa təhsilin hər hansı bir pilləsinə qəbul zamanı məzunların əvvəlki təhsil pilləsində əldə etdiyi nailiyyətlərin nəzərə alınmasıdır. Təhlil göstərir ki, dünyada ali məktəblərə qəbulun əsas parametri məhz orta məktəbin nəticələridir. ABŞ təcrübəsini misal gətirək. Həmin ölkədə ali məktəbə qəbul imtahanı tələb olunan balın yalnız 30 faizini toplamağa imkan verir. Digər 70 faiz isə məhz məktəbin nəticələri, yəni şagirdin orta məktəb göstəriciləri, məktəbin şagird haqqında rəyi, şagirdin maraq və qabiliyyəti və s. nəzərə alınmaqla formalaşır.
Layihədə təhsil müəssisələrinin maliyyələşməsinin hər bir təhsilalana düşən məsrəf məbləği nəzərə alınmaqla müəyyən edilməsi nəzərdə tutulub. Diqqətə çatdırmaq istəyirəm ki, hazırda təhsil sistemində aparılan islahatların əsas istiqamətlərindən biri də mövcud maliyyələşmə mexanizminin təkmilləşdirilməsi, dünya təcrübəsində uğurla istifadə edilən müasir modellərin tətbiqidir. Maliyyə islahatlarının mərkəzində adambaşına maliyyələşmə mexnizminin tətbiqi və məktəblərə maliyyə müstəqilliyinin verilməsi durur. Yeni modelə əsasən, indikindən fərqli olaraq, müəyyən olunan vəsait birbaşa təhsil müəssisəsinin özünə yönəldilir, vəsaitin hara xərclənməsini təhsil müəssisəsi müstəqil olaraq müəyyənləşdirir. Qanun layihəsində təhsil müəssisələrinin yeni maliyyələşmə mexanizminin nəzərdə tutulması, ümumilikdə, təhsilin keyfiyyətinə xidmət edən maliyyələşmə sisteminin qurulmasına zəmin yaradacaq.
Layihədə təhsil müəssisəsində inzibati vəzifə tutmağın yaş senzinin müəyyənləşdirilməsi nəzərdə tutulur. Bildiyiniz kimi, hazırda bir çox təhsil müəssisələri rəhbərləri öz vəzifə funksiyalarını yerinə yetirə bilmir, müasir idarəetmə sahəsində kifayət qədər bacarıqlara malik deyildirlər. Onların daha gənc, müasir təfəkkürlü və perspektivli kadrlarla əvəz edilməsi vacib məsələlərdəndir. Bu müddəanın tətbiqi təhsil müəssisələrində kadr tərkibinin yeniləşdirilməsi və idarəetmənin keyfiyyətinin yüksəldilməsinə səbəb olardı.
Eyni zamanda, fikrimizcə, müəllimlər üçün də yaş senzinin müəyyənləşdirilməsi barədə düşünmək olar. Hazırda təhsil müəssisələrində pensiya yaşını ötən xeyli sayda müəllimlərin işləməsi də təhsilin keyfiyyətinə mənfi təsir edən amillərdən biridir. Təkcə ümumtəhsil məktəblərində işləyən müəllimlərin 15%-i pensiya yaşını ötüb. Ona görə də, pedaqoji fəaliyyətlə məşğul olan şəxslər müvafiq yaş həddinə çatdıqda onların pensiyaya göndərilməsi və sosial müdafiə tədbirlərinin görülməsi məqsədəuyğun olardı.
Qanun layihəsində əks olunan ən zəruri məsələlərdən biri də əlavə təhsilin stimullaşdırılmasıdır. Hazırda ixtisasartırma təhsili stimullaşdırılmadığından müəllimlər bu tədbirlərə həvəslə gəlmirlər. Yəni, ixtisasartırma təhsili müəllimin fəaliyyətində, demək olar ki, nəzərə alınmır. Bu amil ixtisasartırma təhsili müəssisələrinin də formal fəaliyyət göstərməsinə gətirib çıxarır. Bununla əlaqədar bu müddəanın saxlanılması vacib məsələdir.
Onu da qeyd edim ki, ikinci oxunuşdan sonra Təhsil Nazirliyinin ekspertləri bir daha Qanun layihəsini nəzərdən keçirib, təklif və qeydlərini hazırlayaraq Milli Məclis rəhbərliyinə və müvafiq komissiyaya təqdim etmişik. (Ardı var)

Digər xəbərlər