PDF Oxu

Müsahibə

  • 9

Ermənistan Rusiyanın əlaltısıdır

Ermənistan Rusiyanın əlaltısıdır

Bildiyimiz kimi, son zamanlar Rusiyanın Dağlıq Qarabağ məsələsinin həllində səylərini artırması, S.Sarkisyanın bəyanatı, Türkiyə ilə Ermənistan sərhədlərinin açılması barədə xəbərlər yayılıb. Bunlar doğru olarsa, Azərbaycan-Türkiyə münasibətlərinə nə dərəcədə təsir göstərər? Proseslər belə davam edərsə, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində nə kimi addımlar atılmalıdır? Bu və digər sullarımızı müsahibimiz politoloq Məhərrəm Zülfüqarlı cavablandırıb.

- Məhərrəm bəy, Türkiyənin Ermənistanla müəyyən məsələlərdə  razılığa gəldiyi və bunun üçün də Dağlıq Qarabağla bağlı şərtindən imtina etdiyi bildirilir. Bu məlumatı nə dərəcədə reallığa yaxın hesab edirsiniz?

-Bildiyimiz kimi, Dağlıq Qarabağ problemi yenidən ortaya atıldığı andan, yəni 1988-ci ilin fevral ayından etibarən, bu problemi ortaya atıb onu qıcıqlandıranlar məlumdur. Həmçinin, Rusiyanın bilavasitə dəstəyi ilə rəsmi Yerevanın Dağlıq Qarabağdakı separatçı hərəkətlərə dəstək verməsi və bütün vasitələrlə müdafiə etməsi hər kəsə məlumdur. Sadəcə olaraq, müəyyən danışıqlarda, diplomatik görüşlərdə bunların artıq bildirilməsi və Ermənistanın çox zaman bu görüşlərdə riyakarlıq edərək, faktlardan yayınması ona gətirib çıxarır ki, onlar bu problemi dondurmaqla, get-gedə siz dediyiniz o tədbirləri keçirməklə, ictimayyətin fikrini öz xeyirlərinə dəyişməyə çalışırlar. Hüquqi cəhətdən Dağlıq Qarabağ Azərbaycanın ərazisidir və Birləşmiş Millətlər Təşkilatına biz bu bütöv ərazi şəkilində daxil olmuşuq və bütöv dünya da bilir ki, Azərbaycanın 20% torpaqları Ermənistan tərəfindən Rusiyanın köməkliyi ilə işğal olunub. Sadəcə, biz bu hüququmuzu bərpa etməyə çalışmalıyıq. Azərbaycan Avropa Şurasına (AŞ) daxil olarkən həm iqtidar, həm də parlamentdə təmsilçisi olan müxalifət bu problemin sülh yolu ilə, danışıqlar yolu ilə həll ediləcəyinə dair öhdəlik götürüb, buna imza atıb. Qafqazda son vaxtlar cərəyan edən hadisələr göstərir ki, Rusiya hələ də bu imperiya ambisiyalarından əl çəkmək niyyətində deyil. Mənim fikrimcə, Azərbaycanın Cənubi Qafqazda güclü lider dövlətə çevrilməsi həm Ermənistanı, həm də Rusiyanı ciddi narahat edir. Mənim fikrimcə, Azərbaycan tərəfi öz siyasətini, yəni ordu quruculuğunu, iqtisadiyyatını gücləndirməyi və Qərbə inteqrasiya yolunu daha da genişləndirmək istiqamətində siyasətini davam etdirməlidir. Balanslaşma siyasətinə uyğun olaraq, Rusiya İranla da münasibətlərdə, əsasən, yaxın qonşuluq, bərabər tərəfdaşlıq siyasətinə üstünlük verməlidir. Amma yadda saxlamaq lazımdır ki, bu problem bizim problemimizdi və bunu biz həll etməliyik.

- Qondarma "DQR" rejimi separatçılığa başladıqlarının ildönümünü qeyd etdi. Hətta tədbirlərə xarici ölkələrdən də nümayəndələrin qatıldığı bildirilir. Buna münasibətinizi bilmək istərdik.

- Əlbəttə ki, tanınmamış qondarma qurumun tədbirində hər hansı bir ölkənin rəsmiləri iştirak edirsə, bu, onların dolayı yolla Azəbaycanın daxili işlərinə qarışması və "DQR" qondarma qurumuna qeyri-rəsmi münasibətləri bildirmələridir. Azərbaycan diplomatiyası çalışmalıdır ki, bu cür halların qarşısı alınsın və həmin ölkələr isə bilməlidirlər ki, bu cür hərəkətləri ilə gələcəkdə Azərbaycanla hər hansı münasibətdə problemlər yarana bilər. Qafqazda marağı olan böyük dövlətlər və qərb ölkələri bu cür xəbərdarlıqdan nəticə çıxararlar.

- Ermənistan prezidenti Serj Sarkisyan belə bir ultimatumla çıxış edib ki, "Dağlıq Qarabağ heç zaman ona qaytarılmayacaq". Belə bir bəyanatın səsləndirilməsi ilə Ermənistan rəhbərliyi danışıqları, görüşləri bir növ sual altına almırmı?

- Deməli, Ermənistan prezidentinin nə deməsindən asılı olmayaraq, hamı bilir ki, diasporlarda ölkə prezidentinin dediyi hər-hansı bir söz ciddi qarşılanmamalıdır. Yəni, Ermənistan Rusiyanın forpostu kimi çıxış edir və bütün məsələlər Moskvada həll olunur. Əgər sabah Azərbaycan-Rusiya münasibətlərində normallıqlar yaranarsa, inkişafına qədəm qoyarsa və Azərbaycan Rusiya münasibətlərində müsbət qurğu irəliləyişlər olarsa Moskvanın istənilən tələblərini Yerevan canla-başla həyata keçirməyə çalışacaq. O, buna qarşı heç müqavimət də göstərə bilmir. Ona görə də, biz əsasən problemin həllində Ermənistan tərəfinin hansı açıqlamanı verməsindən daha çox, Rusiya rəsmilərinin bu sahədə münasibətlərinə fikir verməli və o məsələnin həllinə nail olmalıyıq.

- Rusiya ilə Azərbaycan arasındakı münasibətlər isinməyə doğru davam edərsə, Rusiya Dağlıq Qarabağ məsələsinin həllində səylərini daha da artıracaqdır. Gürcüstandakı praktika Azərbaycanda da tətbiq edilsə, inandırıcı görsənmir ki, Rusiya öz dünyəvi maraqlarından imtina etsin. Bu, nəzərə alınırmı? 

- Deməli, biz indiki Rusiyanı nəzərdə tutub bu, məsələni bu cür izah edirik. Amma yadda saxlamaq lazımdır ki, Rusiya da dəyişməlidir. Rusiyada gedən proseslər onu göstərir ki, o, imperiya ambisiyalarından əl çəkməsə, gələcəkdə Rusiya özü də parçalana bilər və burada demokratikləşmə prosesinə ehtiyac var. Yəni, mən əsas hədəfi Rusiyanın demokratikləşməsi və demokratik münasibətlərin daha da inkişafında görürəm. Əgər Rusiyada demokratikləşmə prosesi gedərsə, gələcəkdə mərkəzi hakimiyyətin səlahiyyətləri yerlərə verilərsə, Rusiya get-gedə demokratikləşməyə yol açacaq və imperiya ambisiyasından əl çəkməklə Qafqaz respublikaları ilə bərabər tərəfli əməkdaş şəklində çıxış edəcək. Mən bu şəraitin yetişməsini nəzərdə tutub deyirəm və gələcəkdə bu cür münasibətlər yaratmaqla, nəyəsə nail ola bilərik. Amma qaldı ki, Gürcüstanla Rusiya arasında gedən 5 günlük müharibədə o, dövrdə Rusiya tam klassik, işğalçı, imperialist siyasəti yeridib. Amma bir şeyi də nəzərə almaq lazımdır ki, o dövrdə Azərbaycanın yeritdiyi təmkinli siyasət ölkəmizi bir çox təzyiqlərdən və xoşagəlməz hallardan sığortaladı. Hələ Azərbaycanın o dövrdə təmkinli mövqe tutması və öz mövqeyindən çıxış etməsi respublikamızı bu cür təxribatlara çəkmək istəyən qüvvələrin arzusunu ürəyində qoydu.
Mənim fikrimcə, gələcəkdə də Azərbaycan diplomatiyası bu məsələdə bizim maraqlarımız prizmasından çıxış etməlidir. Hansısa dövlət, qonşu ölkənin maraqlarından deyil, öz maraqlarından çıxış edərsə, gələcəkdə biz müsbət nəticələrə nail ola bilərik. Ancaq hələ ki, indiki Rusiya Çar Rusiyası və Sovet Rusiyasının siyasətini davam etdirmək niyyətindədir. Bildiyimiz kimi, bu siyasət Rusiyaya elə bir uğur gətirməyib. Xalq həmişə bu siyasətdən əziyyət çəkib. Yaxın gələcəkdə də, yəqin ki, Rusiyanın Qafqazdan çəkilməsinin şahidi olacağıq və onun bu regionda bilavasitə yaratdığı regional münaqişə ocağını söndürmək mümkün olacaq. 

- Son zamanlar "Azadlıq" radiosunun erməni xidmətinin yaydığı məlumata görə, Türkiyə Ermənistan qarşısında qoyduğu "Azərbaycan torpaqları azad edilməyənə qədər..." şərtindən imtina etməsi bildirilir. Bunları necə qiymətləndirirsiz?

- Deməli, Türkiyə rəsmiləri bunu təsdiq edirlər. Bu, yəqin ki, ermənilərin növbəti təxribatıdır və mənim fikrimcə, Türkiyə- Ermənistan münasibətlərində tək Azərbaycanın işğal olunmuş ərazi problemi deyil, həm də qondarma "1915-ci il erməni soyqırımı məsələsi"dir. Ermənilərin bu uydurması vasitəsi ilə Qərb ölkələri istənilən vaxt Türkiyəyə təzyiq edirlər. İndiki dövrdə Türkiyə Avropa Birliyinə üzv olmaq üçün müəyyən güzəştlərə gedirsə, islahatlar aparırsa, bu, o demək deyil ki, Türkiyə dövləti o qədər sadəlövhdür. Ermənilərin bu cür qondarma ittihamları ola-ola onda hər hansı münasibətlərin normallaşmasından söhbət gedir? Yəni bu, o halda ola bilər ki, ermənilər qondarma soyqırımı ittihamından əl çəksinlər. Ancaq ermənilər unutmamalıdırlar ki, Ermənistan rəhbərliyi Rusiya tərəfindən idarə olunan oyuncaq bir qurumdur. Sadəcə olaraq, Gürcüstan-Rusiya 5 günlük müharibəsindən sonra qərbin bilavasitə dəstəyi ilə Türkiyə burada müəyyən  missiya həyata keçirmək və Qafqazda sülhü bərpa etmək istəyir. Əgər Qərb Qafqazda sülhün bərpa olunmasını istəyirsə, Rusiyanın buradakı imperiya siyasətinin qarşısını almalıdır. Amma Türkiyənin bu cür danışıqlarla hansısa problemi həll edəcəyi inandırıcı görünmür. Türkiyə Azərbaycanla bağlı məsələdə güzəştə gedərsə, bunun Türkiyə dövlətinin özünə böyük xeyri ola bilər.

Digər xəbərlər