PDF Oxu

Müsahibə

  • 11

Azərbaycanda keçiriləcək referendum demokratik dəyərlərə bir töhfə olacaqdır

Azərbaycanda keçiriləcək referendum demokratik dəyərlərə bir töhfə olacaqdır

- Aydın müəllim, Yeni Azərbaycan Partiyası  tərəfindən irəli sürülmüş Konstitusiyanın 29 maddəsinə əlavə və dəyişikliklər özündə hansı demokratik prinsipləri ehtiva edir?

- Birinci növbədə, əgər dövlət inkişaf edirsə və  dövlətdə cəmiyyət inkişaf edirsə, burada yeniliyin olması mütləqdir. Ümumiyyətlə, inkişafın özü nəyinsə dəyişməsi və yeniləşməsi deməkdir. Bununla yanaşı, Konstitusiyada ediləcək dəyişikliklərə nədənsə opponentlərimiz müxtəlif prizmalardan yanaşırlar. İlk növbədə, onlar belə bir fikir formalaşdırmağa çalışdılar ki, bu anti-demokratik bir addımdar. Məhz bu baxımdan da onlar bütün bu dəyişiklikləri konkret olaraq bir maddənin üzərində cəmləşdirməyə cəhd etdilər. Onların iddialarına görə, Konstitusiyamızın 101-ci maddəsinin dəyişidirlməsi demokratik dəyərlərə güya zidd olan bir prinsipdir. Əslində isə, bu maddənin təklif olunan variantına nəzər yetirsək, görərik ki, ən böyük demokratiklik elə buradadır. Çünki ümumilikdə biz demokratiya dedikdə, onun izahını söz azadlığında, çoxluğun və mütləqiyyətin istəyində görürük. Belə olan təqdirdə isə məhz bizə opponent olmaq istəyən qüvvələr gördülər və onlara konkret arqumentlərlə çatdırıldı ki, bu, əslində, anti-demokratik yox, demokratik bir addımdır. Bu isə təkcə YAP üzvlərinin yox, cəmiyyətin istəyidir. Bütün bunlar isə gün kimi aydın olduqdan sonra adlarını müxalifət qoyan qüvvələr artıq bu maddədən əl çəkib, digər maddələrin  üzərində öz xülyalarını qurmağa çalışdılar. Bu isə ondan irəli gəlir ki, müxalifət iqtidarın atmış olduğu bütün addımlara kölgə salmağa çalışır. Amma reallıqda biz bu prinsiplərə yanaşdıqda, tam mənası ilə aydın olur ki, bu yeniliklər cəmiyyətin istəyi ilə bağlıdır və sosial sifarişdir. Cəmiyyət artıq mövcud qanunlarla yox, bunun başqa forması ilə idarə olunmasını tələb edir. Konstitusiya bir nəfərin və təkcə iqtidara məxsus olan Ali Qanunlar toplusu deyil.  O, Azərbaycan cəmiyyətində təmsil olunan bütün insanların hüquqlarını müəyyənləşdirən bir Ali Sənəddir. İndiki halda isə mövcud cəmiyyət, mövcud olan Sənədə dəyişiklik  etmək istəyir. Ona görə də Konstitusiyanın dəyişiklik ediləcək 29 maddəsinin hər birini  təhlil edərkən, görürük ki, burada insanın həyatında və cəmiyyətin idarə olunmasında çox böyük əhəmiyyəti vardır. Eyni zamanda, nəzərə almalıyıq ki, Konstitusiyada ayrı-ayrılıqda hər bir sözün və onun hansı formada işlənməsinin böyük əhəmiyyəti var. Məhz bu baxımdan da, düşünürüm ki, bu dəyişikliklərin edilməsi olduqca labüddür. Yenə də vurğulayıram ki, bizə opponent olmaq istəyən qüvvələr belə bir uydurma fikirlər söyləyirlər ki, bu addımı YAP özünün siyasi məqsədləri üçün edir. Qeyd edək ki, YAP-ın beş yüz min nəfərə qədər üzvü var. Amma sual yaranır ki, bu Konstitusiya təkcə yarım milyonluq YAP üzvlərinəmi aiddir? Bu Konstitusiya 9 milyona qədər olan Azərbaycan vətəndaşlarına aiddir. Çünki bu referendumda YAP-dan başqa cəmiyyətin bütün üzvləri iştirak edəcək. Bir məqama da fikir versək, görərik ki, YAP-ın təşübbüsü ilə "Yeni Azərbaycan" Təşvitat Qrupu yaradıldı. Eyni zamanda, bu təşviqat qurplarandan sonra ölkəmizdə xeyli sayda təşviqat qrupları yarandı. Bu təşviqat qurplarının üzvləri də cəmiyyətin ayrı-ayrı nümayəndələrindən ibarətdir. Belə olan halda, biz deyə bilərikmi ki, "Yeni Azərbaycan" Təşviqat Qrupundan başqa Mərkəzi Seçki Komissiyasından qeydiyyatdan keçmiş təşviqat qrupları da qeyri-demokratik üsulla təşkil olunub? Əslində isə, bu təşviqat qruplarının siyasi məqsədləri yoxdur. Onların, sadəcə olaraq, vətəndaşlıq və dövlətçilik mövqeləri var. Əsas prinsip ondan ibarətdir ki, Konstitusiya dövlətin Ali Qanunudur və dövlətçiliyi uca tutan insanlar bu məsələdə öz mövqelərini ortalığa qoyurlar. Çünki biz siravi vətəndaşlarla görüşlərimizdə onların fkirləri ilə tanış olduqdan sonra, belə bir qənaətə gəlmək olur ki, onlar güclü və qüdrətli bir dövlətin tərəfdarlarıdır. Güclü, qüdrətli dövlətdə isə əsas güc birinci növbədə onun vətəndaşlarının hüquqlarının qorunmasında, onların həyat və fəaliyyətlərində ortaya çıxacaq hər bir məqamın ölkə Konstitusiyasında öz əksini tapmasında olmaladır. Yəni, vətəndaşın hüquqları, vəzifələri konkretləşməlidir ki, bu dövlət daha da qüdrətli olsun və inkişaf etsin.

- Konstitusiyanın 29 maddəsində əlavələr və dəyişikliklər nəzərdə tutulduğu halda müxalifət sırf 101-ci maddənin üzərində dayanmaqla nə məqsəd güdürdü?

- Sözsüz ki, nəzərdə tutulmuş hər bir maddənin Konstitusiyada dəyişidirilməsinin konkret olaraq böyük əhəmiyyəti var. Sadəcə, bir məqama diqqət yetirək: Prezident Aparatının adının dəyişidirilib, Prezident Administrasiyası olması barədə maddədə yeni bir təklif vardır. İlk növbədə, dövlətimiz inkişaf edib və dünyaya artıq inteqrasiya edir. Amma onu da nəzərə almaq lazımdır ki, Azərbaycanda prezident idarəçilik üsuludur. Belə olan halda, biz Prezident Administrasiyasını Prezident Aparatı adlandırdıqda, burada məna və izah baxımından ayrı-ayrı prinsiplərlə qarşılaşırıq. Çünki aparat dedikdə, kiçik bir qurum nəzərdə tutulur. Administrasiya dedikdə isə beynəlxalq termin kimi böyük anlam nəzərdə tutulur. Yəni, administrasiya bütün Avropa ölkələrində, həm də ümumiyyətlə, dünyada bu sözün insan beynində inikası tamam başqadır. Konkret olaraq insanlar tərəfindən dərk olunur ki, burada söhbət böyük bir idarəetmə strukturundan gedir. Aparat isə bəzi anlamlarda  kiçik mənalar daşıyır. Əgər biz dünyəvi bir dövlət qururuqsa, bu dünəyvi dövlətin Konstitusiyasında hər bir obyekt və subyekt öz adı ilə adlanmalıdır. Çünki Konstitusiyanın hər bir bəndi bizim intellekt səviyyəmizdən tutmuş, inkişaf səviyyəmizə qədər bütün prinsipləri özündə əks etdirən Ali bir Sənəddir. Eyni zamanda, Konstitusiyanın təklif olunan ayrı-ayrı müddəalarında insan hüquqları, sosial təminat və söz azaldığı ilə bağlı olan məsələlər mövcuddur.

Digər xəbərlər