PDF Oxu

Müsahibə

  • 16

Xocalı faciəsi insanlıq əleyhinə törədilmiş ən ağır cinayətlər sırasındadır

Xocalı faciəsi insanlıq əleyhinə törədilmiş ən ağır cinayətlər sırasındadır

1992-ci il fevralın 25-dən 26-nə keçən gecə Xocalıda 613 azərbaycanlı Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirilib.
Öldürülənlərdən 106 nəfəri qadın, 83-ü uşaqdır.
21 uşaq hər iki valideynini itirib.
10 ailə tamamilə məhv edilib.
1275 şəhər sakini girov götürülüb.
150 nəfərin taleyi bu günə qədər məlum deyil.
1000 nəfərdən artıq şəhər sakini əlil olub.
Xocalı ermənilər tərəfindən Yer üzündən silinib.
Xocalılar respublikanın 53 rayonunda məskunlaşıb.
- Sevindik müəllim, Xocalı soyqırımının 17-ci ildönümü yaxınlaşır. Tariximizin ən qanlı səhifələrindən olan bu hadisə zamanı yüzlərlə insan-qocalar, qadınlar, uşaqlar erməni-rus hərbi birləşmələri tərəfindən qətlə yetirilib. İstərdik ilk olaraq bu sualla başlayaq. Həmin dövrdə Xocalıda nələr baş verirdi?

- Mən Xocalı hadisələrindən danışarkən hesab edirəm ki, bu hadisələri konkret 26 fevralla məhdudlaşdırmaq olmaz. Bu proses hələ ötən əsrin əvvəllərindən başlamış böyük bir erməni "hərəkatının", sadəcə, bir həlqəsi idi. Ötən əsrin sonlarında Azərbaycan torpaqları hesabına Ermənistan adlı dövlət yaradan ermənilər əsrin sonlarında əvvəlcə Qorbaçov yenidənqurmasının, sonra isə Sovet imperiyasının dağılması prosesinin onlara verdiyi tarixi şəraitdən məharətlə istifadə edərək, bütün Qafqaz regionu, xüsusən də, Azərbaycan üçün ciddi təhlükə mənbəyi olan dənizdən-dənizə "böyük Ermənistan" ideyasının reallaşması yönündə fəaliyyətə başlayıblar. Deportasiya və terror hesabına Ermənistanda yaşayan 200 minədək azərbaycanlını öz doğma yurdlarından qovan erməni millətçiləri həyata keçirdikləri türksüz Ermənistan siyasəti nəticəsində ümumilikdə milyon yarım azərbaycanlını didərgin salıblar. Bu gün monoetnik dövlətə çevrilən Ermənistan bütün silahlı qüvvələrini Dağlıq Qarabağda cəmləşdirərək, terrorçuluq fəaliyyətləri üçün Azərbaycan ərazisini əsas hədəfə çeviriblər. Məhz belə təxribatçı və terror əməllərinin məntiqi nəticəsi olaraq, 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə Sovet ordusu Bakıya yeridilib və erməni daşnaklarının planlaşdırdıqları faciələr zəncirinin ilk halqası olan Azərbaycan tarixinə qanlı Yanvar kimi düşmüş dəhşətli qətliam baş verib. Xarici havadarlarının köməyi ilə silahlanmaqda davam edən erməni quldur dəstələrinin Dağlıq Qarabağın azərbaycanlılar yaşayan kəndlərinə hücumları daha intensiv xarakter alıb. Xalqımız 1992-ci ilin fevralın ayının 26-da XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımını yaşayıb. Şübhəsiz ki, Xocalı soyqırımı XX əsrin sonlarının ən dəhşətli faciələrindən biridir. Fevral ayının 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri Xankəndində yerləşdirilən keçmiş Sovet İttifaqına məxsus 366-cı alayın köməyi ilə Xocalı şəhərinə hücum edərək dinc əhaliyə amansız divan tutmuşdur. Yerlə yeksan edilən Xocalı şəhərinin 613 nəfəri qətlə yetirilmişdir. Qətlə yetirilənlərin 106 nəfəri qadın, 83 nəfəri isə azyaşlı uşaqdır. 56 nəfər xüsusi amansızlıq və qəddarlıqla qətlə yetirilmişdir. Qanlı faciə zamanı 1000 nəfərdən çox şəhər sakini yaralanmış, şikəst edilmiş, 1275 nəfər isə girov götürülmüşdür. Onların 700 nəfəri hələ də erməni əsirliyindədir. Xocalıda dinc əhaliyə qarşı həyata keçirilən vandalizm və qətllər erməni aqressivliyinin və millətçiliyinin əsil mahiyyətini və iç üzünü bir daha bütün dünyaya nümayiş etdirdi. Bu faciə insanlıq əleyhinə törədilmiş ən ağır cinayətlər sırasındadır.

- Dağlıq Qarabağ döyüşlərində digər rayonlarda da böyük itkilər vermişdik. Amma ən dəhşətliçi Xocalıda olmuşdu.

- Bilirsiniz ki, Xocalı çox strateji bir ərazidə yerləşirdi. Çünki Bakıdan Xankəndinə, həmçinin, Ermənistana gedən magistral yollar Xocalıdan keçirdi. Bundan əlavə, Qarabağda yeganə aeroport da bu şəhərdə idi. Təbii ki, belə bir strateji məkanı ələ keçirmək ermənilər üçün olduqca vacib idi. Ona görə də hələ Xocalı hadisələrinə qədər aeroportdan ermənilər gizlincə silah-sursat aparıb-gətirirdilər. Təbii ki, bu işdə də onlara rus hərbçiləri kömək edirdi. Eyni zamanda, Xocalı dörd tərəfdən erməni kəndlərinin əhatəsində idi. Ağdamla yol əlaqəsi olsa da, sonradan bu yol da ermənilər tərəfindən bağlandı. Son dörd ayda isə yalnız vertolyotla gediş-gəliş oldu, amma bu əlaqə də çox çətin idi. Respublika rəhbərliyi isə mühasirədə olan şəhərə yetərincə kömək etmirdi.

- Xocalıda yerli camaat döyüşürdümü, yoxsa şəhərin müdafiəsi yalnız müəyyən hərbi qruplaşmaların öhdəsinə düşmüşdü?

- Xocalı camaatı haqqında da həmişə yüksək fikirdə olmuşuq. Bu camaat çox döyüşkən idi. Bəzən hücumlar, atışma olanda kimdəsə ov tüfəngi olsaydı, ordumuza kömək edərdilər. Ancaq Xocalı sakinləri çox zaman silahlarını gizlətməyə məcbur olurdular. Çünki ruslar xəbər tutan kimi həmin silahları onlardan alırdı. Elə hallar olurdu ki, ruslarla ermənilər birləşib azərbaycanlıları oğurlayırdılar.

- Xocalının işğal edilməsində, insanların qırğına məruz qalmasında ermənilərə havadarlıq edən xarici hərbi birləşmələrin nə qədər rolu olub? Belə bir şəraitdə şəhərin qorunması vəziyyəti necə idi?

- Həmin vaxtlar Dağlıq Qarabağda rus hərbi birləşmələri var idi. Onların sırasında xocalıların qətliamında iştirak edən 366-cı motoatıcı alayın adını çəkmək olar. Azərbaycanda isə silahlı qüvvələr 1991-ci ildən formalaşmağa başlayırdı. Özünümüdafiə dəstələri adlandırılan bu hərbi qüvvələr pərakəndə şəkildə hərəkət edirdi. Ağdam ərazisində Uzundərə deyilən hərbi hissə var idi. Həmin ərazidə 20-yə yaxın döyüş batalyonu yerləşirdi. Ancaq onlar Müdafiə Nazirliyinin batalyonu kimi yox, konkret şəxslərin, məsələn, Yaqubun, Asifin və digərlərinin batalyonu kimi tanınırdılar. Açığını deyim ki, onların arasında da bir-birilərinə qarşı münasibət kəskin idi. Yəni, bir-biriləri ilə yola getmirdilər. Bu da ermənilər üçün geniş imkanlar açırdı. Hərbi dəstələrin silahı da az idi. Müəyyən vaxtlarda "OMON"-çular da olub, lakin onlar sonradan Xocalıdan çıxarıldı. Sona qədər isə Milli Qəhrəman Adil Quliyevin 20 nəfərə yaxın dəstəsi qaldı. Onların da böyük hissəsi Xocalıda şəhid oldu. Vahid komandanlıq olmadığı üçün Xocalıda baş verən faciənin qarşısını almaq üçün lazımi tədbirlər görülmədi. Hərbi dəstələr kor-koranə döyüşlərə gedirdi. Bir dəstə deyirdi ki, üç gündən sonra döyüşə gedəcəm, o biri isə iki gün sonra döyüşə gedəcəyini açıq-aşkar bildirirdi. Təbii ki, bütün bunlardan ermənilərin xəbəri olurdu və hücumların qarşısını alırdılar. Nəticədə, hərbi dəstələrimiz ağır itkilər verirdi. Hətta yadımdadır ki, Xocalıda qırğından canını qurtarmış insanların soyuq havada yuxarıda dediyim hərbi hissənin ərazisində müvəqqəti sığınmasına imkan verilmədi.

- Artıq Xocalı faciəsindən 17 il ötür. Erməni vəhşiliyinin dünya ictimaiyyətinə çatdırılması üçün görülən işləri necə qiymətləndirirsiniz?

- Əgər ötən illərdə Xocalı soyqırımı yalnız KİV-lər vasitəsilə işıqlandırılırdısa, hazırda dünya ölkələrində soyqırımla əlaqədar aksiyalar keçirilir. Bu da Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mühüm rol oynayır. Xocalı soyqırımı ilə bağlı hazırda bir çox dünya ölkələrində tədbirlər keçirilir. ABŞ kimi dünyanın nəhəng dövlətində artıq "Xocalı həftəsi" başlayıb və Milli Məclisin üzvləri tədbirlərdə iştirak edirlər. Bu prosesdə hökumət nümayəndələri ilə yanaşı, diaspor təşkilatlarımız xüsusi fəallıq göstərir. Dövlətimizin onlara dəstəyi və birgə fəaliyyət öz səmərəsini verməkdədir. Mütəşəkkil şəkildə təşkil olunan tədbirlər artıq dünya xalqlarına ermənilərin nə kimi qətliam törətdiklərini göstərir. Təbii ki, bütün bunlar dünya ictimaiyyətinin rəyinə müəyyən təsir göstərməkdədir. Ancaq qarşıda hələ böyük vəzifələr durur. Xocalı soyqırımını törədənlər məhkəmə qarşısında cavab verməlidirlər. Bunun üçün Respublika Prokurorluğu tərəfindən istintaq aparılıb, cinayətkarlar da məlumdur. Əsirlikdə olmuş Xocalı sakinləri öz ifadələrində bildiriblər ki, onlara qarşı işgəncələrdə bu gün Ermənistanda hakimiyyət başında olan qüvvələr iştirak ediblər. Eyni zamanda, Xocalı hadisəsinin soyqırım kimi tanınması istiqamətində də işlər davam etdirilməlidir. Sizin də bildiyiniz kimi, bu günlərdə hökumət təmsilçiləri Xocalıda baş verənlərlə bağlı Haaqa Tribunalına müraciət olunacağını deyib. Təbii ki, bu, böyük bir addım ola bilər.

- Bəzi dairələr iddia edirlər ki, aradan vaxt keçdikcə Xocalı hadisələri unudulur.

- Xeyr mən bu fikirlə razılaşmıram. 1992-ci ilin fevral ayını yaşamış insanlar həmin dövrü böyük kədər hissi ilə xatırlayır. Həmin günlər yaddan silinəsi günlər deyil. Çünki o hadisələr insanların xatirəsində silinməz iz buraxıb. Həmin anları bütün Xocalı sakinləri yaşayıb. Xocalılar hamısı bir-birinə qohum olduğu üçün hər bir ailə o müdhiş gecədə itki verib. O gecəni xatırlamaq çox ağırdır. Çünki övladının gözü qarşısında ata-ananı, valideynin gözü qarşısında isə övladlarını vəhşicəsinə qətlə yetirirdilər. Bu vəhşilik heç vaxt unudulmayacaq.

Digər xəbərlər