Dünən Mərkəzi Seçki Komissiyası 18 mart 2009-cu il Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsi ilə bağlı qurumda qeydiyyatdan çıxan təşviqat qruplarının təbliğat-təşviqat kampaniyasına start verdi. Bununla əlaqədar Mərkəzi Seçki Komissiyasında saat 12.00 -da püşkatma keçirildi.
YAP İcra katibinin müavini, "Yeni Azərbaycan" təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, millət vəkili Siyavuş Novruzov Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi ilə bağlı görüləcək təbliğat-təşviqat işləri, həmçinin, digər məsələlərə də aydınlıq gətirdi. S.Novruzov parlamentin qəbul etdiyi Referendum Aktının lehinə geniş təbliğat-təşviqat kampaniyasının həyata keçirələcəyini və qurupun bu kampaniyada ortaya çıxarılacaq müddəalarla bağlı təbliğati işlər aparacaqlarını bildirdi:
- Siyavuş müəllim, "Yeni Azərbaycan" təşviqat qrupu hansı təbliğat işləri aparmağı nəzərdə tutur?
- Qeyd etmək istəyirəm ki, artıq bu tədbirlərin keçirilməsi ilə bağlı proqram hazırlanıb və həmin proqrama əsasən, qanunvericiliyin tələblərinə uyğun olaraq qapalı və açıq yerlərin hər birində tədbirlərimizi keçirəcəyik. Fevral ayının 19-dan başlayaraq, çoxlu sayda tədbirlər keçirməyi planlaşdırmışıq. İlk tədbirimiz fevralın 19-da YAP Xətai rayon təşkilatında keçiriləcək. Bu tədbirdə "Yeni Azərbaycan" təşviqat qrupunda təmsil olunan vəkillər, səlahiyyətli nümayəndələr və digər insanlar iştirak edəcək. Sonrakı tədbirlərimiz də bu silsilə ilə davam edəcək. Referendumla bağlı təblğat-təşviqat tədbirləri digər, yəni prezident, parlament, bələdiyyə seçkilərindən fərqlidir. Bu təbliğat zamanı əsasən, maarifləndirmə işinə daha çox üstünlük verilir. Yəni insanlara Konstitusiyaya edilən 29 əlavə və dəyişikliklərlə bağlı maddələr barədə geniş şərhlər veririk. Təbliğat-təşviqat zamanı keçiriləcək mitinlərdə isə hər hansı bir insana hansısa bir maddəni şərh etmək çətin formadır. Çünki keçirilən treninqlərdə, seminarlarda nəzərdə tutulan sayda insanlara həmin maddələri şərh etmək imkanı olur. Bu baxımdan da, qanunvericiliyə uyğun olaraq Konstitusiyaya edilən 29 əlavə və dəyişikliklərlə bağlı maddələr barədə geniş tədbirlərdə keçirək. Sözsüz ki, bu tədbirlərin xarakteri tamam başqa istiqamətdə olacaq. Qeyd etməliyəm ki, artıq regionlarda tədbirlərimiz başlayıb. Bu, əsasən, iki hissədən ibarətdir. Birinci hissədə təbliğat-təşviqat kampaniyası başlayana qədər yerdəki təbliğatçılarımıza treninq kursları keçirildi. Onlar artıq fevral ayının 27-ə kimi kiçik yaşayış massivlərində görüşlər keçirəcəklər. Fevral ayının 27-dən martın 6-a qədər böyük sahəni əhatə edən yerlərdə görüşlər keçirəcəyik. Martın 6-dan martın 16-na kimi isə təşviqat qrupunda təmsil olunan vəkillər, səlahiyyətli nümayəndələr bu tədbirlərdə iştirak edəcəklər. Belə böyük tədbir isə fearalın 19-dan başlanılacaq.
- Siyavuş müəllim, müxalifət artıq fevralın ayının 22-də aksiya keçirməyi qərarlaşdırıb. Ümumiyyətlə, onların qanuna zidd olan yerlərdə aksiya keçirmələri hansı məqsədlərə xidmət edir?
- Bildirmək istərdim ki, hamı qanun qarşısında bərabərdir. Qanuna müvafiq olaraq, Bakının 11 rayonunun hər birində təbliğat kampaniyası zamanı açıq və qapalı tədbirlərin keçirilməsi üçün müvafiq yerlər ayrılıb. Referendum üzrə qeydiyyatdan keçən təşviqat qrupları qanunun tələblərinə, yəni Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq tədbirlərini keçirə bilər. Qeyd etmək istərdim ki, kütləvi aksiyaların iki xarakteri var - sərbəst toplaşma azadlığı və Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə tənzimlənən aksiyalar. Lakin müxalifət göstərilən qanunun tələblərinə uyğun hərəkət etmir. Ona görə də, müxalifətin hər hansı tədbir keçirməsi üçün digər yerləri tələb etməsi qanunlara hörmətsizlikdir.
- Müxalifətçilər onlara təklif olunan yerlərin aksiya keçirmək üçün uyğun olmadığını deyirlər. Onların bu fikirlərinə münasibətiniz?
- Əgər müxalifətə təklif olunan yerlərə diqqət yetirsək, o yerlər ictimaiyyətin ən çox gur yaşadığı yerlərdir. Tutaq ki, Xətai rayonu - ən çox insanların yaşadığı yerdir. Bu rayonda yüz minlərlə insan yaşayır. Əgər düzgün təbliğat aparırlarsa, nə üçün bu yerləri qəbul etmirlər? Və yaxud da, Səbail rayonu və digər rayonlar. Bu rayonlar insanların ən çox kompakt yaşadıqları yerlərdir. Bu adamlar hesab edirlər ki, hansı metrostansiyanın qabağında və yaxud hər hansı ticarət mərkəzinin qarşısında bunlara yer ayrılmalıdır və bu yerlərdə onlar qeyri-obyektiv öz fikirlərini söyləsinlər. Düzgün təbliğat aparmaq üçün sosial baza lazımdır. Lakin bu da onlar üçün ən çətin problemdir. Çünki elə bir düzgün, ağıllı fikir söyləməyə malik olan sosial bazaları yoxdur. Biz nümunə olaraq prezident seçkiləri zamanı hansı qüvvəyə malik olduğumuzu göstərdik. Bu adamlar mintinq keçirmək üçün Bibiheybət meydanını bəyənmədilər. Lakin prezident seçkiləri zamanı Yeni Azərbaycan Partiyasının keçirdiyi mitinqdə 50 mindən artıq insan bu meydana yığışdılar. Bu möhtəşəm mitinq bir daha onu ortaya qoyur ki, sosial baza və xalqın sevgisi hər şeydən yüksəkdir.
- Müxalifətin təklif olunan yerləri qəbul etməməkdə məqsədi nədir?
- Sözsüz ki, məqsəd ölkədə gərginlik yaratmaqdır. Belə hay-küy salmaqla onlar göstərmək istəyirlər ki, guya Azərbaycanda sərbəst toplaşma azadlığı boğulur, insanlara lazımi şərait yaradılmır və s. Lakin heç bir dünya dövləti içərisində müxalifətə bu qədər yer ayrılmayıb. Ancaq Azərbaycanda müxalifətə geniş yer ayrıldığı halda bu qüvvələr özlərinin sosial bazası olmadığı üçün belə böhtançı fikirlər söyləməklə məşğuldurlar. Çünki bu cür böhtan fikirlər səsləndirməklə özlərinin mövcud iflaslarını ört-basdır etmək istəyirlər.
- Siyavuş müəllim, "Yeni Azərbaycan" təşviqat qrupunun respublikanın bütün yerlərində zona seminar-müşavirələri keçirildi. Bəzi qüvvələr buna qərəzli yanaşır...
- Bilirsiniz, "Yeni Azərbaycan" təşviqat qrupunun bütün yerlərində olan seminar-müşavirələri zamanı maarifləndirmə işi aparmışıq. Bu, əsasən, insanların Referendum Aktı ilə bağlı geniş şəkildə informasiya ilə təmin olunmasına xidmət edir.
- Siyavuş müəllim, referendumdan nə gözləyirsiniz?
- Bu gün referenduma çox yüksək səviyyəli müddəalar çıxarılıbdır. Bu müdəallar Azərbaycan dövlətçiliyinə və onun güclənməsinə, iqtisadi inkişfına xidmət edir. Ən əsası isə insan hüquq və azadlıqlarının qorunmasına xidmət edən müddəalardır və bu müddəalar da, hesab edirəm ki, xalqımız və seçicilərimiz tərəfindən yüksək səviyyədə qəbul olunub, dəstəklənəcək.