PDF Oxu

Müsahibə

  • 12

Konstitusiyaya dəyişikliklər dövlətin sosial məsələlərə diqqətinin ifadəsidir

Konstitusiyaya dəyişikliklər dövlətin sosial məsələlərə diqqətinin ifadəsidir

Mart ayının 18-də Konstitusiyaya dəyişikliklərlə bağlı referendum keçiriləcək. Referendumda seçicilərə maksimum geniş imkanlar yaradılacaq. Bu mənada ki, onlar referenduma çıxarılmış 29 müddəanın hər birinə ayrı-ayrılıqda səs verə biləcəklər. 2002-ci ildə keçirilən referendumda da eyni üsuldan istifadə olunub. Vətəndaşların hansısa müddəanın lehinə, hansısa müddəanın əleyhinə olacağı nəzərə alınacaq. Ona görə də hər maddəyə ayrılıqda səs veriləcək. Elə bu səbəbdən də hər bir maddənin ayrı-ayrılıqda şərh edilməsi üçün ekspertlərə müraciət etdik.
Ekspertlər əvvəlcə 12-ci maddənin I hissəsinə, 15-ci maddənin II hissəsinə, 109-cu maddənin I hissəsinin 10-cu bəndinə aydınlıq gətirdilər.

Millət vəkili Xanhüseyn Kazımlı:
- 12-ci maddənin I hissəsinə edilən dəyişikliyin əsas məqsədi dövlətin sosial məsələlərə diqqətinin ifadəsi hesab edilə bilər. Belə ki, mövcud varianta görə, dövlətin ali məqsədi insan və vətəndaş hüquqlarını və azadlıqlarını təmin etməkdən ibarətdirsə, təklif edilən dəyişikliyə görə buraya "Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin" sözləri də əlavə edilir. Yəni, dövlət bir daha öz vətəndaşlarının layiqli həyat səviyyəsini təmin etməyi özünün ali məqsədi kimi təsbit edir. Bu da təbiidir, çünki istənilən dövləti fəaliyyətin məqsədi sosial xarakterlidir, onun vətəndaşlarının layiqli (ləyaqətli) həyat səviyyəsini təmin etməyə yönəlib. Qeyd olunan dəyişikliyin özü də müasir dünyada dövlətin qarşısında dayanan ən ümdə vəzifələrdən biridir. Çünki dövlət öz vətəndaşlarının ictimai-siyasi qurumu olaraq yaradılıb və hakimiyyətin də mənbəyi xalqdır. Xalqın qarşısında isə dövlətin vəzifəsi ondan ibarətdir ki, onların yaxşı yaşayışını, xoş güzəranını təmin etsin, bunun üçün məqsədyönlü siyasət aparsın. Etiraf etmək lazımdır ki, bu sahədə ölkəmizdə həyata keçirilən işlər son illərdə daha geniş vüsət alıb, yoxsulluğun azaldılması (2003-cü ildə 49 faizdən 2008-ci ildə təqribən 16 faizədək), aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının verilməsi, çoxsaylı yeni iş yerlərinin açılması və s. dediklərimizə misaldır.
15-ci maddənin II hissəsinə gəldikdə Azərbaycan dövləti bazar münasibətləri əsasında sosialyönümlü iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir. Bazar iqtisadiyyatı müasir sivil dünyanın reallığıdır.

YAP Siyasi Şurasının üzvü, iqtisadçı-ekspert Aydın Hüseynov:
- Azərbaycan dünya iqtisadiyyatına inteqrasiya edir. İqtisadiyyatın elə qanunları var ki, burada beynəlxalq terminlər daha çox işlənilir. İqtisadi terminlərin bu tərzdə olması, digər ölkələrdə də dərk olunur və qəbul edilir. Yuxarıda qeyd etdiyim kimi, Azərbaycan dünya iqtisadiyyatına inteqrasiya edib, həm maliyyə sistemini, həm bank sektorunu, ümumiyyətlə, iqtisadiyyata bağlı olan bütün sistemlərini beynəlxalq standartlara uyğunlaşdırıb. Belə olan halda, Milli Bank haqqında qanunda çox açıq şəkildə yazılır ki, Milli Bank Mərkəzi bank funksiyasını yerinə yetirir. Bax, indi burada fikir verirsiniz ki, Milli Bank sözünün özü Mərkəzi Bank vasitəsilə izah olunur, funusiyasını yerinə yetirir. Deməli, Mərkəzi Bank sözü bütün beynəlxalq maliyyə standartlarında qəbul olunur. Anlaşılır ki, bankın funksiyaları nədən ibarətdir. Artıq Mərkəzi Bank dedikdə, əlavə izahata ehtiyac qalmır. Mərkəzi Bankın funksiyaları nədən ibarət olduğu hər dildə başa düşülür. Buna görə də Milli Bankımız Mərkəzi Bankın funksiyalarını yerinə yetirdiyinə görə, adı Mərkəzi Bank olmalıdır. Çünki Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının apardığı bir çox layihələrin iqtisadi sahələrdə həyata keçirilməsi üçün müəyyən tədbirlər həyata keçirilir. Bütün bunları nəzərə aldıqda Milli Bankın adını Beynəlxalq Bank olması məqsədə uyğundur. Milli Bank təkcə respublika ərazisində deyil, dünyanın əksəriyyət ölkələrində bank funksiyalarını həyata keçirir. Həmçinin, pul-kredit sisteminin həyata keçirilməsi üçün digər ölkələrin bankları ilə mütamadi şəkildə əlaqədədir və fəaliyyət göstərir.

Digər xəbərlər