- Qoran Lenmarker ATƏT Parlament Assambleyasının fəxri sədridir, eləcə də Dağlıq Qarabağ üzrə ATƏT PA-nın sədrinin xüsusi nümayəndəsidir. Onun regiona səfəri ATƏT PA-nın fevralın 19-da başlayan qış sessiyası ilə bağlıdır. Çünki bir qayda olaraq, sessiyalar ərəfəsində xüsusi nümayəndələr, məruzəçilər qurumun həm daimi komitəsinə, həm də plenar iclasda məşğul olduqları sahə ilə əlaqədar hesabatla çıxış etməlidirlər. Bu səfər də regiondakı vəziyyəti öyrənmək xarakteri daşıyır.
- Cənab Lenmarker bölgəyə səfər edərkən, onun hazırlamalı olduğu Dağlıq Qarabağ münaqişəsi haqqında məruzə yada düşür. Bu sessiyada belə bir məruzənin müzakirəyə çıxarılması gözlənilirmi?
- Bu barədə hər hansı konkret məlumat yoxdur. Söhbət təkcə Qarabağ haqqında məruzədən yox, bütövlükdə regional münaqişələr, problemlər və ATƏT-in bunlara yanaşmasından gedir. Bu sessiyada Gürcüstan-Rusiya münasibətləri müzakirə ediləcək. Sessiyanın gündəliyində duran əsas məsələ Avropa Təhlükəsizliyinin yeni arxitekturası adlanır və bu məsələ ətrafında geniş müzakirələr aparılacaq.
- Müxtəlif dairələr tərəfindən Dağlıq Qarabağ münaqişəsinin bu il həll olunacağına dair optimist proqnozlar səsləndirilir. Siz necə hesab edirsiniz, bu il münaqişənin həllində irəliləyişlər mümkündürmü?
- Bu haqda nikbin proqnozlar verilir. İnanmaq istərdik ki, bu proqnozlar özünü doğruldacaq. Hər halda, ötən il və bu ilin əvvəlində danışıqlar prosesi intensivləşibsə, irəliləyişə ümid etmək olar. Bölgəyə səfər edən Qoran Lenmarker də hazırda münaqişənin həlli üçün yaxşı imkanın olduğunu deyir. İstərdik ki, bu imkan reallığa çevrilsin.
- Yeri gəlmişkən, bəzi deputatlar Milli Məclisdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində aparılan danışıqlarla əlaqədar müzakirələrin keçirilməsini təklif edirlər. Sizcə, hazırda belə bir müzakirəyə ehtiyac varmı?
- Bu, elə məsələdir ki, hər kəsi narahat edir. Danışıqlar iki ölkənin prezidentləri, onların şəxsi nümayəndələri və XİN-lər səviyyəsində aparılır. Bilirsiniz ki, danışıqlar qapalıdır və onun detalları açıqlanmır. Belə bir şəraitdə Milli Məclisdə müzakirələrə nə ehtiyac var? Vətəndaşların seçdiyi ölkə Prezidentinə inanaraq, bu məsələdə Onun fəaliyyətinə etimad göstərməyi vacib hesab edirik. Danışıqların hansısa məqamında millət vəkilləri ilə məsləhətləşmək lazım gələcəksə, Azərbaycan parlamenti hər zaman bunu edə bilər. Ona görə də müzakirə xatirinə müzakirə açmağın tərəfdarı deyiləm. Prezident İlham Əliyevin dəyişməz mövqeyi var: Azərbaycan heç zaman öz maraqlarının ziddinə olan hansısa variantı qəbul etməyəcək, torpaqlarının bir qarışını da güzəştə getməyəcək. Bu baxımdan, parlament müzakirələri problemin həllinə təsir göstərən variant kimi görünmür. Doğrudur, bu təklifi verənlər Ermənistanı nümunə kimi göstərirlər və ordakı müzakirələr kimi ölkəmizdə də müzakirələrin keçirilməsini istəyirlər. Hesab edirəm ki, Ermənistandakı müzakirələr təbiidir. Çünki bu dövlət işğalçıdır və hamının tələbləri də Ermənistanadır. İşğal dalğası üzərində hakimiyyətə gəlmiş şəxslər dəyişikliklər etmək iqtidarında olmadıqları üçün məsuliyyəti digərləri ilə bölüşmək istəyirlər. Onlar beynəlxalq hüququn prinsiplərinə əməl etməlidirlər.
- Bahar xanım, son dövrlər Azərbaycan ictimaiyyəti tərəfindən ən çox müzakirə olunan mövzulardan biri Rusiyanın Ermənistana silah verməsidir. Aradan xeyli vaxt keçməsinə baxmayaraq bu mövzu ətrafında diskussiyalar səngimir.
- Bu məsələ ilə bağlı bizim narahatlığımız təbiidir. Baxmayaraq ki, Rusiya tərəfi təkzib verib, amma təkzibin verilməsi elə formada oldu ki, bəzi müəmmaların olması barədə cəmiyyətdə fikirlər qalmaqdadır. Nəzərə alsaq ki, Rusiya ilə Ermənistan strateji tərəfdaşdır, Kollektiv Təhlükəsizlik Müqaviləsinin üzvləridirlər, istənilən halda münaqişə edən tərəflərdən birinin Rusiyanın hərbi imkanlarından və qüdrətindən istifadə etməsi real görünür. Elə bunun özü narahatlıq doğuran faktdır. Amma biz, eyni zamanda, Rusiya ilə olan tarixi münasibətlərimizə və bugünkü rəsmi əlaqələrimizə nəzər saldıqda, inam qalmaqdadır ki, Rusiya öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyin vacib olduğu qənaətindədir. Çox istərdik ki, araşdırmalar zamanı bu məsələ təsdiqini tapmasın. Amma Rusiyaya məxsus hərbi hissələrin Ermənistanda yerləşməsi, bu hissələrdə ermənilərin çoxluq təşkil etməsi və onların strateji tərəfdaşlığı Azərbaycanı ehtiyatlı davranmağa vadar edir. İnanmaq istərdik ki, Rusiya həm Minsk Qrupu çərçivəsində, həm də münaqişə tərəflərini silahlandırmamaq barədə üzərinə düşən öhdəliyə əməl edərək bu kimi addımlardan çəkinəcək. Əks-təqdirdə, bu, onun sülhpərvər imicinə mənfi təsir göstərəcək.
- Milli Məclis bu məsələnin araşdırılması üçün Rusiyaya nümayəndə heyəti göndərmək haqqında qərar qəbul etmişdi. Səfərin vaxtı hələ dəqiqləşməyib ki?
- Müəyyən məqamlar var ki, onlara aydınlıq gətiriləndən sonra belə bir səfər reallaşa bilər.
- Başqa bir narahatçılıq doğuran məsələ Avropa Şurası Parlament Assambleyasının büro iclasında Azərbaycanla bağlı "siyasi məhbus" məsələsinin müzakirəyə çıxarılmasıdır. Qurumun bu addımı Milli Məclis səviyyəsində də ciddi tənqid olundu. Baxmayaraq ki, hələ bununla bağlı konkret qərar yoxdur. Əgər qurum məruzəçi təyin etsə, Azərbaycan parlamenti hansı addımları ata bilər?
- Bizim məsələyə münasibətimiz açıqdır, şəffafdır. Dəfələrlə bildirmişik ki, biz Avropa Şurasının bərabər hüquqlu üzvüyük. Amma bizə münasibətin digər dövlətlərlə müqayisədə fərqli olduğunu görməkdəyik. Bu da bizi narahat edir. Təəssüf ki, təşkilat tərəfindən eyni məsələ üzrə müxtəlif yanaşmalar sərgilənməkdədir. Biz bunu açıq şəkildə söyləyirik və bunu bizə heç kim qadağan edə bilməz. Avropa Şurasına üzvlük bu və ya digər məsələdə Azərbaycanın obyektiv və haqqa söykənən mövqeyini açıqlamasına mane ola bilməz. "Siyasi məhbus" adlı qondarma məsələnin yenidən ortaya atılması və xüsusi məruzəçinin təyin olunması cəhdlərini qətiyyətlə pisləyirik. İkili standartları qəbul etmək niyyətində də deyilik. Hesab edirəm ki, söylədiklərimiz əks-tərəfin diqqətinə çatdırılmalı və onlar Azərbaycanın mövqeyini nəzərə almalıdır. Yoxsa, əgər belə bir addım atılacaqsa, düşünmürəm ki, bu, insan haqlarının qorunması istiqamətində Avropa Şurasının səyi kimi dəyərləndiriləcək. Əksinə, bu münasibət qərəzli hesab olunacaq.
- AŞ PA belə bir addım atarsa, yəni, Azərbaycanda "siyasi məhbus" məsələsinin araşdırılması üçün xüsusi məruzəçi təyin edərsə, bu, Avropa ilə əməkdaşlığa təsir göstərə bilərmi?
- Biz əməkdaşlığa bir proses kimi baxırıq. Bu, bizim istəyimizdir ki, Azərbaycan öz həyat normalarını Avropa standartlarına uyğunlaşdırsın. Biz Avropa dəyərlərinə sahib olmaq istəyirik. Eyni zamanda, iqtisadi əməkdaşlığa da böyük üstünlük veririk. Biz bütün istiqamətlərdə Avropanın bir hissəsi, onun tərkib hissəsi olmaq əzmindəyik və bunu da həyata keçiririk. Amma düşünmürəm ki, bu prosesdə qarşımızda əngəl olmalıdır. Azərbaycan öz iqtisadi resurslarını təkcə özü üçün yox, dünyanın maraqları naminə istifadə etməkdə israrlıdır və bununla bağlı mövqeyini açıq şəkildə ortaya qoyub. Hesab edirəm ki, bu məsələdə nəzərə almalı tərəf Avropadır. Əgər Avropa dövlətləri Azərbaycanın enerji imkanlarından yararlanmaqda maraqlıdırsa, ölkəmizə qarşı obyektiv münasibət göstərməlidirlər.
- Bütün dünyanı, o cümlədən, Avropanı bürüyən iqtisadi böhranın Azərbaycana təsiri də gündəmin əsas mövzularından biridir. Hətta bu məsələnin Milli Məclisdə müzakirə edilməsi təklifləri də səslənməkdədir. Belə müzakirələrin aparılması nə dərəcədə realdır?
- Əlbəttə, hər bir millət vəkilinin istənilən təkliflə çıxış etmək hüququ var. Amma həmin təkliflərin nə dərəcədə obyektiv əsaslarının olması və ciddi arqumentlərə söykənməsi başqa məsələdir. Dünyada yaşanan maliyyə böhranı bizi də narahat edir və böhranın Azərbaycana zərrə qədər təsir göstərmədiyini demək düzgün olmazdı. Amma Azərbaycanı böhranın mərkəzi kimi təqdim etmək də düzgün deyil. Nəinki yerli, həmçinin, əcnəbi ekspertlərin mövqeyi belədir ki, dünya böhranı ölkəmizə ciddi təsir göstərməyib. Azərbaycan çıxılmaz vəziyyətdə deyil ki, bu məsələ ətrafında siyasi polemikalara və bundan siyasi dividendlər qazanmağa yönəlmiş müzakirələr açaq. Əlbəttə, məsələ ilə bağlı hökumətin konkret proqramları var. Bilirsiniz ki, yanvar ayında ötən ilin sosial-iqtiadi yekunlarına dair Nazirlər Kabinetinin müşavirəsində dövlət başçısı hökumətə öz tapşırıqlarını verdi. Böhranın Azərbaycana gələ biləcək təsirlərinin qarşısını almaq istiqamətində tədbirlər planlaşdırılır. Əgər məqsədəuyğun sayılsa, məsələ Milli Məclisdə müzakirə edilə bilər. Nəzərə alsaq ki, yaz sessiyasının beşinci iclasında Azərbaycan hökuməti parlament qarşısında hesabat verəcək, hər bir millət vəkili dünya maliyyə böhranı ilə əlaqədar fikirlərini bildirə və hökumət üzvlərinə suallarını verə bilər.
- Bahar xanım, ölkəmiz siyasi kampaniya ərəfəsindədir. Martın 18-də ölkə Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı referendum keçiriləcək. Sizcə, bu referendumun əhəmiyyəti nədən ibarətdir və kampaniya ərəfəsində vəziyyəti necə qiymətləndirmək olar?
- Referendum ərəfəsində vəziyyət tam normaldır. Bütün seçki hərəkətləri Seçki Məcəlləsinə uyğun aparılır. Seçkiləri həyata keçirən orqan- Mərkəzi Seçki Komissiyası fəaliyyətini yüksək səviyyədə təkmilləşdirərək üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlir. Ötən prezident seçkiləri də bunu sübut etdi. Qurum referendumla da bağlı sistemli fəaliyyət göstərir. Yeri gəlmişkən, referenduma çıxarılan məsələlərin lehinə və əleyhinə olan tərəflər təşviqat qrupları kimi qeydə alınıblar. Artıq təşviqat kampaniyası dövründə ciddi müzakirələrin gedəcəyini indidən demək mümkündür. Hesab edirəm ki, dəyişikliklərin tərəfdarlarının arqumentləri daha əsaslıdır. Hesab edirəm ki, referendum yüksək səviyyədə keçəcək və əhalinin əksəriyyəti əlavə və dəyişikliklərin lehinə səs verəcək.
- Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü kimi "Yeni Azərbaycan" təşviqat qrupunun fəaliyyəti haqqında nə deyə bilərsiniz?
- YAP-ın təşəbbüsü ilə yaradılan təşviqat qrupu qanunauyğun şəkildə, çevik fəaliyyət göstərir. Bu kampaniyaya partiyamızın bütün resursları, təşkilati şəbəkəsi cəlb olunub. Hazırda respublikanın bütün bölgələrində təşviqatçılar üçün keçirilən seminarlar növbəti mərhələ üçün əhəmiyyətli baza yaradır. Ümumiyyətlə isə, mən hesab edirəm ki, Yeni Azərbaycan Partiyası sahib olduğu sosial baza və əldə etdiyi təcrübə ilə istənilən vaxt ciddi siyasi kampaniyalara hazır vəziyyətdədir və bu kampaniyaları uğurla həyata keçirmək gücündədir.