Qərb Rusiyaya çevik hərbi qüvvə yaratmasına imkan verməyəcək
- Fəzail müəllim, Rusiyada keçirilən Kollektiv Təhlükəsizlik Komitəsinin iclasında Çevik Hərbi Qüvvələrin yaradılması ideyası irəli sürülüb. Bu qüvvələrin yaradılmasını GUAM dövlətlərinə qarşı yönələn addım kimi qiymətləndirmək olarmı?
- İlk növbədə, Çevik Hərbi Qüvvələrin nizamnaməsi ilə tanış olmalıyıq. Məsələn, NATO-nun nizamnaməsi var. Bu təşkilata qəbul addımları, fəaliyyət dairəsi onun nizamnaməsində əksini tapıb. Belə bir qurum yaradalırsa, ilk növbədə, onun nizamnaməsi olmalıdır. Rusiya, ola bilsin ki, hansısa təzyiq vasitəsindən istifadə edən zaman dövlət kimi yox, qurum vasitəsilə bu məsələləri həll etmək istəyində buluna bilər. Məhz "bu məqsədlə yaradılır" fikrini söyləmək bir az diplomatiyadan kənar fikirdir. Mənə elə gəlir ki, son məqamda Rusiya öz qüdrətini nümayiş etdirmək, hərbi potensialını göstərmək, xarici siyasətində "mən də varam ideyasını" diqtə etmək niyyətinə düşə bilər.
- Bəzi analtiklərin fikrincə, yaradılan hərbi qüvvələr sovet ordusundan fərqlənməyəcək. Doğrudanmı bəzi MDB ölkələrində sovet dönəminə qayıdış prosesi gedir?
- Bilirsiniz, bu məsələ ətrafında yüz cür fikir söyləmək olar. Buna görə də kiminsə dahiyanə fikir söyləməsi haqqında fikir yürüdə bilmərəm. Hər kəs hadisələrə özünün ağılı, təfəkkürü, analizi müstəvisində yanaşır. Amma söhbət ondan gedir ki, orada ümumi bir qayə var ki, çar Rusiyası dövründə Rusiya sərhədləri daxilində olan millətləri, bolşeviklər hakimiyyətə gəldikdən sonra, beynəlmiləlçilik pərdəsi altında öz qanadları altına aldılar. Daha obrazlı desək, keçmiş Rusiyanın sərhədlərini bərpa etdilər. O zaman dünya bu məsələlərə çox laqeyd yanaşırdı. Birinci Dünya müharibəsində qələbələrindən məst olan böyük dövlətlər bolşevizmin də müvəqqəti hal olduğunu güman edirdilər. Amma zaman göstərdi ki, həmin dövlətlər yanlışlığa yol vermişlər. Bolşeviklərin siyasəti reallaşa bildi. Bu gün isə dünyanın düzümü başqadır. Görürüsünüz, Rusiyanın Gürcüstana bir addımı dünyada necə əks-səda doğurdu? Bu məsələ dünyada iqtisadi tərəfdən böhranlara gətirib çıxardı. Buna görə də bu gün hansısa dövlətin hansısa özbaşına bir addımı qeyri-mümkündür. ABŞ-ın özbaşına İraqda atdığı addım uğursuz nəticələrə gətirib çıxardı. Bugünkü dövlət başçısı lüzumsuz addımdan imtina etmək ərəfəsindədir. Cəhd ola bilər ki, Rusiya köhnə imperiyanı bərpa etmək istəsin. Orta Asiya respublikaları da onun ətrafındadır. Qafqazda Gürcüstan və Azərbaycan istisna olmaqla, Ermənistan Rusiyanın təsir dairəsindədir. Pribaltika respublikalarını, Ukraynanı və Azərbaycanı istisna etməklə keçmiş Sovetlər Birliyindəki münasibətlər yaşanır, hərbi bazaları var, sərhədləri birgə qoruyurlar. İndi müstəqillik taleyini yaşayan dövlətlərə əl atıla bilər.
- Ola bilərmi ki, həmin quruma alternativ olaraq GUAM dövlətləri birgə ordu yaratmaq ideyasına düşsünlər?
- Bu məsələ qurumda təmsil olunan dövlətlərin istəyindən və strateji kursundan asılı ola bilər. Yaratsalar, kim nə deyə bilər ki?
- Bəziləri iddia edirlər ki, hərbi qüvvələrin yaradılması ehtimalı Rusiya tərəfindən Azərbaycana münasibətdə ciddi problemlər yarada bilər.
- Rusiya Dağlıq Qarabağ problemini yaradıb və arxasında da durur. Sadəcə, dünya erməni lobbisinin fəaliyyəti Fransa, ABŞ və digər dövlətlərdə xarici dəstəyə səbəb olub. Dağlıq Qarabağ məsələsi ilə 1923-cü ildən Rusiyanın strateji kursu olub. Bu gün də Dağlıq Qarabağ ətrafında cərəyan edən proseslər Rusiya tərəfindən idarə olunur. Bu, hər bir kəsə məlumdur. Ümummilli lider Heydər Əliyevin Kazimirovla olan söhbətindən bir fikri xatırlatmaq istərdim: "Dağlıq Qarabağın açarı Rusiyanın cibindədir". Mənə elə gəlir ki, bunu yozmağa ehtiyac yoxdur.
- Bəs bu münaqişənin həlli variantı varmı?
- Hazırda Cənubi Qafqazda nüfuz dairələri uğurunda dövlətlərarası müharibə gedir. Bu, bir növ ideloji, soyuq müharibədir. Gürcüstan hadisələrində bu, hətta hərbi münaqişələrlə müşayiət olundu. Rusiyanın adıçəkilən dövlətə hücumu, ABŞ və dünyanın narahatçılığı Qafqazda nüfuz dairələri uğurunda mübarizə gedir. Dağlıq Qarabağ probleminin bu müstəvidə həll olunmaq ehtimalı var.