PDF Oxu

Müsahibə

  • 8

Cəmil Həsənli: “Çevik hərbi qüvvənin yaradılması MDB dövlətlərinə mənfi göstərə bilər”

Cəmil Həsənli: “Çevik hərbi qüvvənin yaradılması MDB dövlətlərinə mənfi göstərə bilər”

- Cəmil müəllim, MDB-yə daxil olan 7 ölkə Çevik Hərbi Qüvvələrin yaradılması ideyası ilə çıxış edib. Sizcə, bu qüvvələrin yaradılmasını GUAM-a yönələn bir addım kimi qiymətləndirmək olarmı?
- Əlbəttə, belə bir qüvvənin yaradılması arzuolunmazdır. Çünki tarix göstərdi ki, MDB ölkələrinin daxilindəki münaqişəli vəziyyətlərə Rusiya birtərəfli mövqedən yanaşır. Ümid edə bilmərik ki, belə Çevik Qüvvələrin yaradılması Azərbaycan üçün faydalı olacaq. Ona görə hesab edərəm ki, Azərbaycan belə məsələlərdə ehtiyatlı mövqe tutmalıdır. Azərbaycanın, eləcə də MDB ölkələrinin öz silahlı qüvvələri var. Belə bir regional beynəlmiləl qüvvənin yaradılmasına ehtiyac yoxdur.
- Yaradılan Çevik Hərbi Qüvvələrinin Sovet Ordusundan fərqlənməyəcəyi bildirilir. Doğrudanmı MDB ölkələrində Sovet dönəminə qayıdış prosesi gedir?
- Belə bir çevik qüvvənin yaradılmasında Sovet İttifaqının təcrübəsindən istifadə ediləcək. Sovet ordu quruluşu, bu ordudan istifadə qaydalarının təkrarına gətirib çıxaracaq. Ona görə də, fikrimcə, sovet ənənələrinin dirçəldilməsinə heç bir ehtiyac yoxdur. Bu, artıq keçilmiş mərhələdir. Bu mərhələnin təzədən bərpasına olan cəhdlər zamanın inkişafına qarşı cəhdlərdir. Bunun uğurla nəticələnəcəyini demək olmaz. Rusiya özü üçün məqbul olan "beynəlmiləlçi" qüvvələr vasitəsilə təzyiq və təsir göstərmək marağındadır.
- Ola bilərmi GUAM dövlətləri də belə qüvvələrin yaradılması ideyası ilə çıxış etsinlər...
- Buna ehtiyac yoxdur. Belə bir addım Rusiyaya bəraət qazandırardı ki, belə çevik qüvvə modelinə keçsin və bunu əsaslandırsın. GUAM dövlətlərinin coğrafi mövqeyi elədir ki, bu ölkələrdə hər hansı buna bənzər çevik hərbi qüvvələrdən istifadə etmək çətindir. GUAM ölkələri ərazisində normal siyasi, iqtisadi, hərbi, mədəni əlaqələrin inkişafı hər şeydən üstündür və hərbi istiqamdə belə bir addımın atılması arzuolunmazdır.
- Hərbi qüvvələrin yaradılması proqramında bir-birinə hüquqi hərbi yardım müddəası var. Bu, onu deməyə əsas vermir ki, nə zamansa sülh danışıqları nəticəsiz qalsa, o zaman Azərbaycanın başqa variantdan istifadə etməsində ciddi problemlər yaransın?
- Bu hüquqi yardım məsələsinə ehtiyatla yanaşmalıyıq. Çünki bu istiqamətdə atılan bütün addımlar bu və ya digər formada Ermənistanın himayə olunmasına gətirib çıxarır. Silah qalmaqalı artıq göz önündədir. Bundan qabaq Rusiyanın Ermənistana verdiyi silahlarla bağlı faktlar cəmiyyətə məlumdur. Ermənistanda Rusiyanın ordusu yerləşir. İstənilən halda hər hansı bir çevik qüvvənin yaradılması bunun hüquqi bazasının təmin edilməsi və hüquqi yardım göstərilməsi adı altında addımların atılması bir sıra keçmiş SSRİ respublikalarına, o cümlədən, Azərbaycanada mənfi təsir göstərə bilər. Biz bütün vasitələrlə bunun əleyhinə olmalıyıq.
- Sizcə, Qərbin Rusiyanın bu fəaliyyətinə, fəallığına mövqeyi necə ola bilər?
- Qərb ölkələri bunun əleyhinə olmalıdır. Hər hansı regional çevik qüvvənin yaradılması nəinki postsovet məkanında, eyni zamanda, postsosialist məkanında dünya üçün müəyyən problemlər yarada, təhlükəsizliyi təhdid edən addıma çevrilə bilər. Bu, tək Gürcüstan, Ukraynaya və Azərbaycana deyil, eyni zamanda, Qərbin təhdid edilməsi kimi də qiymətləndirilə bilər. Ona görə də Qərb birmənalı formada düşündüyüm qədər bunun əleyhinə olacaq və bunun qarşısının alınması istiqamətində müəyyən addımlar atacaq.
- Cəmil müəllim, dediniz ki, Qərb mümkün qədər bunun əleyhinə olacaq. Bu halda Qərb-Rusiya qarşıdurması daha da gərginləşəcək. Bu da arzuolunmaz nəticələrə gətirib çıxaracaq...
- Birmənalı formada demək olmaz ki, region dövlətləri üçün arzuolunmaz nəticərə gətirib çıxaracaq. Əvvəla, izləməliyik ki, bu hadisələr hansı istiqamətdə cərəyan edir. Bir şeyi nəzərə almaq lazımdır ki, Rusiyanı iqtisadi böhran bürüyür. Bu iqtisadi böhran dərinləşməkdə davam edir. Rusiyanın Qərbdən asılığı günbəgün artır. Belə bir şəraitdə birinci növbədə müəyyən etmək lazımdır ki, bu blefdir, yoxsa gerçəklik. Əgər gerçəklikdirsə, əmin deyiləm ki, Rusiya bu addımı atsın. Çünki Rusiyanın daxilində olan hadisələr, xüsusilə, iqtisadi böhran adıçəkilən ölkəyə yaxşı bir şey vəd etmir. Bir qayda olaraq, Rusiyada bir ənənənə var, böhran yarananda ondan müəyyən münaqişə törətmək yolu ilə böhranın təsirini azlatmaq və ya ictimai rəydə böhranın qoyduğu izləri silmək cəhdləri olur. Fikrimcə, Rusiyada böhran daha da dərinləşəcək və onun Qərbdən asılılığı artacaq. Bu, Rusiyada yürüdülən uğursuz siyasətin məntiqi nəticəsidir. Çevik qüvvənin yaradılması ideyası ideya olaraq qalacaq, bunu gerçəkləşdirmək çətin olacaq. Ümumiyyətlə, bu gerçəkləşsə, Qərb üçün də, MDB üçün də müəyyən təhlükəli məqamlar mövcud olacaq.

Digər xəbərlər