Musa Qasımlı,
tarix elmləri doktoru, professor:
- Müəyyən erməni qruplarının məqsədli şəkildə Azərbaycan adından belə saytlar yaratması onların ideoloji mübarizədə yararlanmağa çalışdığı bir üsuldur. Azərbaycana düşmən münasibət bəsləyən erməni qrupları zaman-zaman belə üsullardan istifadə edirlər. Ölkəmiz əleyhinə ideoloji təxribat aparmaqda davam edən erməni dairələri bununla öz məkrli niyyətlərini həyata keçirməyə çalışırlar. Onlar Azərbaycan əleyhinə müəyyən informasiya məkanı yaradıblar və bunu müxtəlif vasitələrlə genişləndirməyə uğursuz səylər göstərirlər. Bu mənada onların Azərbaycanın yəhudi icması ilə bağlı yaydıqları uydurma məlumatlar bilavasitə dezinformasiya xarakteri daşıyır. Ölkəmizdə yəhudilərə münasibətə gəldikdə isə, birmənalı şəkildə demək olar ki, Azərbaycanda heç vaxt antisemitizm olmayıb. Hətta ötən əsrin 60-70-ci illərində keçmiş SSRİ-də qatı antisemitizm tüğyan etsə də, Azərbaycanda yəhudilər normal yaşayırdılar. Keçmiş Sovetlər İttifaqının digər respublikalarından, xüsusən, Ermənistandan yəhudilər kütləvi şəkildə köçüb getsə də, Azərbaycanda tam fərqli mənzərə müşahidə edilirdi. Yəhudilər bu gün də Azərbaycanda geniş icma şəklində yaşamaqda davam edir, ölkənin ictimai-siyasi həyatında fəal iştirak edirlər. Bununla bağlı konkret mənbələr, dəqiq məlumatlar var və həmin məlumatlar təkcə bizim statistik sənədlərdə deyil, xarici ölkə müəlliflərinin əsərlərində öz əksini tapıb. Amerka Birləşmiş Ştatları tarixçiləri özləri aydın şəkildə yazırlar ki, Sovet İttifaqında yəhudilər sıxışdırılarkən və ansimetizm tuğyan edərkən, onlar bizim ölkədə özlərini çox rahat hiss edirdilər. Sual edilə bilər ki, ermənilərin belə uydurmalar yaymasının səbəbi nədir və bu, hansı məqsədə yönəldilib. Belə uydurmalar, ilk növbədə, son vaxtlar Yaxın Orta Şərqdə baş verən hadisələr fonunda Azərbaycan-İsrail münasibətlərinə kölgə salmaq niyyəti güdür. Amma bu gün həmişəki kimi Azərbaycanda antisemitizm yoxdur. Ermənistan monoetnik bir dövlətdir. Oradan təkcə azərbaycanlılar qovulmayıb, eyni zamanda, digər xalqların nümayəndələri də qovulublar. Azərbaycanda isə yəhudilərin cəmiyyəti faliyyət göstərir. Azsaylı olmalarına baxmayaraq, onların mümayəndəsi hətta Milli Məclisdə də təmsil olunur. Mən hesab edirəm ki, ermənilər belə uydurmaları ilə azərbaycanlı-yəhudi münasibətlərinə kölgə sala bilməzlər.
Sumqayıt hadisələrinə gəlincə, açıq şəkildə demək lazımdır ki, həmin cinayətləri əvvəlcədən düşündürülmüş halda müəyyən erməni cinayətkar qrupları törətdilər. O zaman onlar təkcə öz millətlərinin nümayəndələrinə deyil, azərbaycanlılara və digərlərinə qarşı hücumlar təşkil edirdilər. Bununla da onlar Azərbaycan haqqında mənfi münasibət formalaşdırmağa çalışırlar, ən azı buna cəhd edirlər. Lakin bütün bunlar son nəticədə ermənilərin əleyhinə işləyir, necə deyərlər, onların öz başında çatlayır.
Cümşüd Nuriyev,
politoloq:
- Ermənilər çoxdan bu işlə məşğuldur. Çox təəssüf ki, ermənilər həmin saytları yaratmaq üçün Azərbaycan domenləri alırlar. Bunları Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin xətti ilə araşdırmaq olar. Milli Təhlükəsizlik Nazirliyi də bu işlə məşğuldur. Onlar azərbaycanlıların adından yaratdığı saytların domenlərini Azərbaycan üzərində ələ keçirirlər. Burada ermənilərin adamları çoxdur. Daha doğrusu, Bakı şəhərində 22 min erməni var. Onlar da Azərbaycanın adı ilə aldıqları domenləri ermənilərə verirlər. Təbii ki, bu da bizim əleyhimizə yönəlir. Amma ermənilərin bu siyasətinin qarşısını almaq mümkündür. Ölkəmizdə kifayət qədər bu işi yaxşı bilən gənclərimiz var, Milli Təhlükəsizlik Nazirliyimiz var. Biz erməniləri ancaq öz silahları ilə vurmalıyıq. Yaratdıqları saytlara cavab verməkdənsə, yeni saytlar yaratmalı, ermənilərin həqiqi iç üzünü açıb göstərməliyik. Amma təbii ki, verilmiş məlumatlarla bağlı həmin saytların fəaliyyət göstərdiyi ərazi, məsələn, Rusiya və digərlərinə Azərbaycan tərəfindən rəsimi məlumat verilməlidir ki, Azərbaycanın razılığı olmadan Azərbaycanın başı üzərindən yaradılmış saytlarda gedən informasiyalara görə, onlar məsuliyyət daşıyırlar, çünki provayderlər ordadır. Domen isə burada Azərbaycandan alınır. Bu addım atılsa, Azərbaycan məsələnin qarşısını ala bilər.
Bu, təkcə Sumqayıt hadisələrinin ildönümü ilə bağlı deyil, qarşıdan 26 fevral - ermənilərin Xocalıda törətdiyi soyqırımın ildönümü gəlir və onlar bu məsələdən diqqəti yayındırmaq üçün yenidən Sumqayıtla bağlı uydurma, həqiqətdən uzaq məlumatlar yayırlar. Məlumdur ki, Sumqayıt hadisələri bilavasitə ermənilər tərəfindən həyata keçirib. Bu, artıq istintaqla subut olunmuş bir məsələdir. Sumqayıtda, ümumiyyətlə, yəhudi problemi yoxdur. Ölkəmizdə yəhudilərin yaşamasına baxmayaraq, yəhudilər dünyanın hər yerində, Azərbaycanda gördükləri mühiti görmədiklərini bəyan edirlər. Ermənilər Azərbaycanın diqqətini yayındırmaq üçün yəhudi millətindən istifadə ediblər. Amma yəhudilər çox ağıllı bir millətdir və onlar Azərbaycana həddən artıq müsbət yanaşırlar. Bu da ermənilərdə qısqanclıq hissi yaradır.