Azərbaycanın iqtisadiyyatı möhkəm təməllərə söykənir
Artıq cəmiyyətin böyük maraqla izlədiyi "Səs" qəzetinin müxtəlif mövzuları əhatə edən və mütəmadi olaraq ölkəmizin aparıcı mütəxəssisləri, millət vəkilləri, ekspertlərinin iştirakı ilə keçirdiyi dəyirmi masanın budəfəki mövzusu, dünyada baş verən maliyyə böhranı və onun Azərbaycana təsiri ilə bağlı oldu. Dəyirmi masada "Səs" qəzetinin baş redaktoru və Səs İnformasiya Agentliyinin baş direktoru Bəhruz Quliyev, millət vəkili Vahid Əhmədov, iqtisadçı Əli Əlirzayev, millət vəkili Hadı Rəcəbli, iqtisadçı-ekspert Vüsal Qasımlı, millət vəkili Xanhüseyn Kazımlı, iqtisadçı-ekspert Cümşüd Nuriyev, İqtisad Universitetinin bank işi kafedrasının müəllimi, iqtisad elmləri doktoru Elnur Sadıqov, YAP Siyasi Şurasının üzvü, iqtisadçı Aydın Hüseynov, QHT İdarə Heyətinin üzvü, Kür-Xəzər İctimai Birliyinin sədri Akif Kərimov, iqtisadçı-ekspert Vüqar Bayramov iştirak edirdilər.
(Əvvəli ötən sayımızda)
Bəhruz Quliyev:
- "Səs" qəzeti müxtəlif mövzularda mütəmadi olaraq dəyirmi masalar keçirir, hətta prezident seçkiləri ərəfəsində "Regionların inkişafı, uğurlar və perspektivlər" mövzusunda da dəyirmi masalar təşkil edilmişdir. Əminəm ki, keçirdiyimiz dəyirmi masalar cəmiyyətimizdə sevinclə qarşılanır. Ən aktual mövzuları müzakirə mövzusuna çıxara bilirik. Bugünkü dəyirmi masamız beynəlxalq maliyyə böhranının Azərbaycana təsiri və bu sahədə görülən işləri əhatə edir. Ümumiyyətlə, ictimaiyyət üçün çox maraqlıdır ki, hazırda beynəlxalq aləmdə böhranla bağlı vəziyyət necədir? Konkret olaraq maliyyə böhranını Azərbaycan necə qarşılayır və anti-inflyasiya, anti-böhran tədbirləri necə gedir? İstərdik ki, məhz bu prinsiplər burada iştirak edən ekspertlər tərəfindən bir daha nəzərdən keçirilsin.
Vahid Əhmədov:
- Əgər bank sisteminə nəzarəti artırıb ona müəyyən köməklik göstərilməsə, bu sahədə vəziyyət çətinləşə bilər. Onu da etiraf etmək lazımdır ki, hazırda dünyada baş verən böhran Azərbaycana öz təsirini göstərib. Buna misal kimi bir sıra iri müəssisələrin bağlanması və bununla yanaşı ölkədə qiymətlərin aşağı düşməsidir. Başlıca səbəb isə, ölkədə müəyyən ticarət sektorlarında işin düzgün qurulmamasıdır. İkinci bir tərəfdən, bank sistemində vəziyyət, hesab edirəm ki, çox ağırdır. Baxmayaraq ki, faiz dərəcələri bir neçə dəfə aşağı salındı, amma bunun müqabilində sahibkarların bankla əlaqələrində hələ də problemlər mövcuddur. Ona görə də, dövlət başçısı Nazirlər Kabinetinin son iclasında göstəriş verdi ki, xaricdən müəyyən miqdarda vəsait gətirilsin. Ölkəyə gətirilən vəsait isə Azərbaycan iqtisadiyyatına böyük kömək olmalıdır. Düşünürəm ki, bu vəsaitlə də bank sisteminə kömək etmək daha zəruridir. Amma bu köməklik konkret olmalıdır. Çünki hazırda ölkədə fəaliyyət göstərən banklara ümumi köməklik lazım deyil.
Bu yaxınlarda Rusiyada da belə bir addım atılıbdır. Rusiyada 350-400 mlrd-a yaxın bir vəsait ayrıldı. Bu vəsaitin 150-160 mlrd-a artıq xaricə çıxarılıb. İkinci ən ciddi məsələ olan Azərbaycanda nəğd pul vəsaitidir. Çünki işçilərin əməkhaqqını vermək üçün nəğd pul təşkil edilib. Bir məsələni də qeyd edim ki, niyə bu gün Azərbaycanda yanacağın qiyməti aşağı salınmır? Dünyanın hər yerində ABŞ-da, Avropada neftin də, dizel yanacağının da qiyməti aşağı düşüb. Amma bir məsələni nəzərə almaq lızımdır ki, Azərbaycanda dövriyyədə olan nəğd pulun əsas kütləsi məhz benzinlə, yanacaqla əlaqədardır. Ona görə də, fikirləşmək lazımdır ki, əgər neftin, dizel yanacağının qiymətini aşağı salmaqla nəğd pul sahəsində problem yaranacaq. Onda buna heç ehtiyac yoxdur. Çünki həkimlərin, müəllimlərin maaşlarının verilməsində problem yarana bilər. Amma ümumi götürdükdə, problem mövcuddur. Düşünürəm ki, bu problemlər getdikcə artacaq və qonşu dövlətlərdə yaranmış vəziyyət Azərbaycana da öz təsirini göstərəcək. Bu yaxınlarda Qazaxıstan iki bankını milliləşdirdi. Artıq Böyük Britaniyada, Fransada, ABŞ-ın özündə bir sıra banklar milliləşdirilib. Azərbaycanda da bu addımları atmaq artıq zəruridir. Çünki Azərbaycan hökuməti hansısa bir banka vəsait verəcəksə, orada öz səhmlərini yerləşdirməlidir ki, bu, dövlətin ixtiyarında olsun.
Xanhüseyn Kazımlı:
- Qeyd edim ki, Azərbaycanın gələcəkdə inkişafı üçün nəzərdə tutulan əsas istiqamətlərdən biri qeyri-neft sektorudur. Turizm istiqamətində bu gün Azərbaycanda böyük işlər görülür və planlaşdırılır. Turizmdə də gəlirin azalması gözlənilir. Prezident İlham Əliyevin ilin yekunlarına dair Nazirlər Kabinetinin iclasında bildirdi ki, dünyada baş verən maliyyə böhranı Azərbaycandan yan keçməyəcək. Amma Azərbaycanın böyük ehtiyat mənbələri mövcuddur. Bunlara baxmayaraq, ölkədə işsizliyin aradan qaldırılması üçün konkret addımların atılması nəzərdə tutulur. Məhz ölkə başçısı müşavirədə onu da bildirdi ki, Azərbaycan bir çox məhsullarını böyük şirkətlərə xammal formasında ixrac edir. Ölkəmizin qarşısında duran növbəti vəzifələrdən biri onun hazır məhsula çevrilərək, ixracını təmin etməkdən ibarətdir. Bu, eyni zamanda, sənayenin, pambığın, kimya məhsullarının emalı ilə nəticələnərsə Azərbaycanda çoxlu sayda emal müəssisələri yaranacaq. Bununla da ölkədə yeni iş yerlərinin açılması üçün zərurət olacaq. Xam məhsul idxal etməkdən başqa, hazır məhsulu satmaq ölkəyə dəfələrlə çox gəlir gətirəcək.
Akif Kərimov:
- Burada belə bir fikir səsləndi ki, ola bilsin müəllimlərin, həkimlərin maaşlarına bu vəziyyət təsir göstərə bilər. Bir məsələni qeyd edim ki, kənd yerlərində fəaliyyət göstərən müəllimlərə imkan yaratmaq lazımdır. Onlar orada heç olmasa iki sot torpaq sahəsi ala bilsinlər.
Cümşüd Nuriyev:
- Bütün torapaqlar sahibkarlara paylanıb.
Vahid Əhmədov:
- Bunun üçün sizin təklifinizlə qanunvericilik dəyişdirilməlidir.
Akif Kərimov:
- Konkret olaraq, kənd və qəsəbələrin adlarını çəkə bilərəm ki, orada müəllimlərin torpaq sahələri yoxdur. Onlar da məcburdur ki, kənd təsərrüfatı ilə məşğul olmaq üçün başqa yerlərdən torpaq sahəsi alsın.
Cümşüd Nuriyev:
- Dövlət özəlləşdirmə proqramını həyata keçirdikdə, bir addım atdı. Şəhərdəki evlər, kənd yerlərində torpaqlar özəlləşdirildi. Yəni, burada əsas prinsip ondan ibarətdir ki, nəyə görə bir adam iki yerdən mülkiyyətə sahib ola bilər?
Akif Kərimov:
- Bir faktı da qeyd edim ki, bəzilərinin iki yüz sot torpaq sahəsi var. Amma adi bir müəllimin iki sot torpaq sahəsi yoxdur.
Cümşüd Nuriyev:
- Bu, artıq inhisarçılıqdır.
Akif Kərimov:
- Bu günlərdə istehsal çox azalıb. İdxala gəldikdə isə, bu qismdən olan malların qiyməti azalıbsa, bütün qiymətlərə təsir etməlidir. Bu isə, hələlik, azalmır. Bununla yanaşı, gündəlik tələbat mallarının da qimyəti, hələlik, aşağı düşmür. Reallıq isə, ondan ibarətdir ki, biz təmtaraqlı yaşamağı sevirik. Ona görə də, biz bu gündəri restoranlara və digər ictimai iaşə obyektlərinə sərf edilən vəsaitlərimizi azaltmalıyıq.
Vahid Əhmədov:
- Əslində, bütün imkanları, olduqca yüksək şəraiti olan adamlar bu gün özlərini möhkəm saxlamalıdır. Çünki onların əlində milyonlarla vəsait var və bilmirlər ki, pulu hara xərcləyələr. İkincisi isə, burada müəllimlərin və digər ictimai obyektlərdə çalışan insanların əməkhaqlarının artırılması ilə bağlı fikirlər səsləndi. Amma burada əsas məsələ nəğd pul sistemidir. Ölkəmizdə fəaliyyət göstərən müəyyən iqtisadi təşkilatlar tərəfindən mütəmadi olaraq monitorinqlər keçirilir. Məhz bu monitorinqlərin nəticələrinə baxmaq lazımdır ki, son zamanlar ölkədə hansı məhsulların qiymətində enmə müşahidə olunur. Burada bir məqamda ondan ibarətdir ki, elə qiymətlər var onların müəyyən dairələrdən idarə olunur və onun aşağı düşməsi mümkün deyil. Çünki bu qiymətlər müəyyən bir nöqtədən tənzimlənir.
Cümşüd Nuriyev:
- Burada bildirildi ki, Azərbaycanda inhisarçılıq var. Amma Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi mövcuddur. Məhz Antiinhisar siyasəti bu nazirliyin bilavasitə əsas istiqamətlərindən biridir. Nə vaxt bunlar bir iş gördülər ki, onların qabağı alındı. Bunadan başqa, dünyada baş verən maliyyə böhrınına baxmayaraq, Azərbaycan hələ də sərmayə qoymaq üçün etibarını itirməyən bir dövlətdir. Hazırda ölkəmizdə ciddi maliyyə böhranı yoxdur. Amma tədricən biz buna yaxınlaşırıq. İkinci bir tərəfdən, Azərbaycanda idxalın diletifikasiyası aparılmır. Nazirlər Kabineti tərkibində Taarif Şurası yaradılıb. Hər ay Azərbaycanın daxili bazarında həm yeni sahibkarları qorumaqdan, həm də pul-kredit siyasətindən müəyyən qısamüddətli dəyişikliklər aparmaqdan ötrü Tarif Şurası daxili bazarı təhlil etməlidir. Çünki bununla müəyyən etmək olar ki, ölkəyə hansı adda məhsullar gətirilir.
Bir məqama diqqət yetirmək lazımdır ki, nədən bu gün ölkəyə daha çox, özü də qiyməti 100-150 min dol olan maşınlar gətirilir. Bu isə ölkədən kapital axını deməkdir. Kapital axınının başlaması maliyyə böhranı ilə üst-üstə düşür. Artıq, Azərbaycanda qaçılmaz bir hala çevrilib.
Vüsal Qasımlı:
- Amma bir reallığı unutmaq olmaz ki, burada konkret hansı tədbirlər həyata keçirilməlidir. Burada əmanətlərlə bağlı fikirlər səsləndi ki, bu pullar sığortalansın. Məsələn, Litvada əmanətləri 100 min avroya qədər sığortalayırlar. Estoniyada isə bu hədd 50 min avrodur. Qazaxıstanda isə 30-40 min dol-lıq əmənətlərin sığortalanması həyata keçirilir. Eyni zamanda, Rusiyada da 30-40 min dol-a qədər əmanətlər sığortalanır. Azərbaycanda əmanətlərin sığortalanması da bu qaydada həyata keçirilməlidir. Digər tərəfdən bunun tamam başqa bir iqtisadi fəlsəfi əsası vardır. Çünki Azərbaycanda təxminən nəğd dövriyyə, pul dövriyyəsinin 60 faizini təşkil edir. Büdcədən bu qədər xərclənən vəsaitlər isə heç yerə getməyib. Bunlar kiminsə sandığında, kiminsə biznesindədir. Amma bütün bu vəsaitlər nəğd olaraq yatırılıb. Bu pullar da hökmən bank hesablarına qayıtmalıdır. Yəni, bunun hamısını dövlətin üzərinə atmaq lazım deyil. Bunun üçün konkret mexanizm işləməlidir. Eyni zamanda, burada qeyd olunduğu kimi, 1992-ci ildə qəbul olunmuş varidata təminat verilməsi haqqında Konstitusiya qanunu var. İndi nə qədər populist də olsa, bunu deməliyik ki, kapitala amnistiya elan etməyin artıq vaxtı çatıb. Çünki mənbəyi soruşulmadan hər kəsin pulu ölkə banklarında yatırılmalıdır. Bundan başqa bu məsələnin alternativi mövcud deyil. Ona görə də, biz həmin pulları əgər tikinti sektoruna, ipotekaya sürətlə yönəltsək, çox ciddi fəlakətlərlə rastlaşa bilərik. Çünki tikinti elə bir sektordur ki, bu, əlavə dəyər yaratmır. Çox mühüm bir məsələ ondan ibarətdir ki, bu gün Azərbaycan iqtisadiyyatının müqayisəli üstünlüyə malik olan sahələri, yəni, dövlət orqanının rəhbəri tikinti sektoru ilə bağlı, o birisi isə aqrar sektorla bağlı, müəyyənləşməlidir.
Dünyada çox məşhur iqtisadçı olan Polter Qazaxıstanın uzun müddət ölkənin aparıcı prioritet istiqamətlərini müəyyənləşdirdi. Pul konkret hansı istiqamətlərə yönəlməlidir. Çünki biz bütün sahələri eyni vaxtda inkişaf etdirə bilmərik. Bu, mümkün olan bir məsələ deyil. Məsələn, aqrar sənaye kompleksi iki milyon nəfər insanı işlə təmin edir. Amma bu sənaye kompleksində məhsuldarlıq həddindən çox aşağı səviyyədədir. Əgər 1985-ci ildə 100 kq pambığa görə 3,5 saat vaxt sərf edirdiksə, indi 11 saat vaxt sərf edirik. Bu isə, iqtisadiyyatda əmək məsrəfi adlanır.
Hazırda aqrar sektorun inkişafı üçün 25 mln man vəsait ayırılıb. Bu isə olduqca az bir məbləğdir. Aqrar sahənin inkişafına nail olmaq üçün ən azından 500 mln man vəsait ayırmaq vacibdir ki, aqrar sektorda maya dəyəri aşağı düşsün. Əgər maya dəyəri aşağı düşsə, biz Azərbaycanın daxili bazarında bütün qeyri-ölkələrin mallarını sıxışdırıb çıxara bilərik. Bundan əlavə, Rusiyanın, Avropanın, Gürcüstanın bazarlarında yeni mövqelər əldə edəcəyik. Bu addım bizə məhz buna görə lazımdır.
Əli Əlirzayev:
- Bu artımı saxlamaq üçün hansı zəruri addımların atılması nəzərdə tutulur. Əgər biz vergi yükünü azaldırıqsa, burada vergi bazası azalır. Burada əsas prioritet məsələ olan qeyri-neft sektorunun inkişafıdır. Çünki hazırda investisiyanın özü də şübhə altındadır. Ona görə də, bir iqtisadçı kimi təklif edirəm ki, hazırda Azərbaycana iri investisiya layihələri lazım deyil.
Hadı Rəcəbli:
- Burada qoyulan bir çox məsələlərin mahiyyətinə diqqət yetirmək lazımdır. Eyni zamanda, əsas məqsədimiz ondan ibarət olmalıdır ki, ölkədə iş yerləri azalmasın. Bir həqiqəti də qəbul etmək lazımdır ki, sahibkara subsidiyadan daha çox digər əngəllərin qarşısını almaq istiqamətində köməklik edilməlidir. Ona görə də, bu günləri sahibkara daha çox imkan yaratmaq lazımdır ki, öz fəaliyyət dairəsini genişləndirə bilsin. Misal olaraq, Sudan Respublikasında 25 nəfərdən ibarət iş yeri açan sahibkara hökumətin fəxri fərmanı verilir. 100 iş yeri yaradan sahibkara isə orden verilər ki, artıq 100 ailəni çörəklə təmin edir. Təklif edərdim ki, bizim buradakı söhbətimizin mahiyyətində bu məsələ də öz əksini tapsın. Onu da təklif edirəm ki, biz "Səs" qəzetində təşkil olunan bu dəyirmi masadakı müzakirənin nəticəsi olaraq beş təklifdən ibarət deviz yazaq. Bu məsələdə hər birimiz aktiv olmayılıq.
Aydın Hüseynov:
- Çünki, Azərbaycan beynəlxalq aləmin tərkib hissəsidir. Burada baş verən istənilən bir dəyişikliyin ölkəmizə təsiri qaçılmazdır. Əgər hardasa iş yerlərinin boşalmasını böhranın təsiri kimi qiymətləndirmək olmaz. Çünki, neft gəlirlərinin 140-150 dol olduğu bir şəraitdə də istənilən bir iş yerindən işçilərin ixtisarları baş verirdi. Tutaq ki, Səngəçal Terminalı hər-hansı bir layihəni götürüb işləyirsə və həmin iş başa çatdıqdan sonra orada ən azı 300-400 nəfər işçi ixtisara gedirdi. Amma heç o vaxt bildirilmirdi ki, bu, böhrandır.
Elnur Sadıqov:
- Ona görə də, kənardan Azərbaycanın təbii balansına nəzər yetirmək lazımdır ki, ölkəmizin xarici ticarətində hansı ölkə üstünlük təşkil edir. Əgər ABŞ-dan asılı olan ölkələrdə bu, qabarıq şəkildə özünü büruzə verirsə, əksinə, Azərbaycanda bu o qədər hiss edilmir. Ancaq bu da hiss olunacaq. Çünki aprel-may aylarında belə bir prosesin baş verməsi gözlənilir. Ötən il Azərbaycanda bağlanılan bütün neft müqavilələrin böyük əksəriyyəti, hələlik, öz reallığını itirməyib.
Vüqar Bayramov:
- Milli Bankın məlumatına əsasən nəzərə almaq lazımdır ki, bu gün neftsiz qeyri-ümumi daxili məhsulun 70 faizini maliyyə bank sektoru verir. Bu, o deməkdir ki, əgər maliyyə bank sektorunun problemi varsa, neftsiz ümumi daxili məhsulun formalaşmasında problem var. Təbii, qlobal maliyyə böhranı, birinci növbədə, maliyyə sektoruna təsir göstərib. Bizim qiymətli kağızlar bazarı inkişaf etməyinə baxmayaraq, bank sektoruna da bu böhran təsir göstərib və onlar kütləvi kredit verilməsini dayandırıb. Ona görə ki, Milli Bank uzun müddət bahalı kredit siyasəti həyata keçirib (baxmayaraq ki, Avropa Mərkəzi Bankının faiz dərəcəsi, uçot səviyyəsi 4 faiz olub). Azərbaycanın Milli Bankının isə uçot dərəcəsi 15 faiz olub. Eyni zamanda, ABŞ-ın Federal Bankının uçot dərəcəsi cəmi 1 faiz, amma Milli Bankın uçot dərəcələri yenə də 15 faiz olub. Məhz bu 15 faizlik uçot stavkası ölkə banklarını məcbur edib ki, onlar artıq maliyyə mənbələrini xaricdə açsın.
(Ardı var)