Azərbaycanda qızların erkən nikah yaş həddi 18 yaş müəyyən olunması nəzərdə tutulur
- Hadı müəllim, məlum olduğu kimi, gələn həftə MM-in növbəti yaz sessiyasi öz işinə başlayır. Rəhbərlik etdiyiniz komissiya bu sessiyaya hansı qanun layihələri ilə gedir və eyni zamanda, özünüz bir millət vəkili olaraq hansı qanunvericilik aktlarının müzakirələrə çıxarılaraq qəbul olunmasını vacib sayırsınız?
- Əvvəla, qeyd edim ki, bu sessiya bir sıra özəllikləri ilə seçilir. Bu özəlliklərdən biri ondan ibarətdir ki, son vaxtlar MM-də yeni tendensiya özünə yer tutmağa başlayıb. Yəni, son zamanlar parlamentdə hər hansı məsələnin bir komissiya çərçivəsindən çıxarılaraq, bir neçə komissiyanın müzakirəsinə təqdim olunması ənənəsi yaranıb. Əvvəlki illərdə buna çox nadir hallarda rast gəlinirdi, bu isə, nəticə etibarilə, parlamentin plenar iclaslarının müzakirəsinə çıxarılan qanun layihələrinin keyfiyyətinə, təqdimatına mənfi təsir göstərir, müəyyən narahatçılıqlar yaradırdı. Ancaq indi təsəvvür edin ki, bir məsələ ən azı üç daimi komissiyanın birgə müzakirəsindən keçirilir, bu iclasda üst-üstə təxminən 30-a yaxın millət vəkilinin müzakirəyə çıxarılan məsələ ilə bağli iradları, təklifləri səslənir və sonda həmin sənəd plenar iclasa tövsiyə olunur.
Demək istəyirəm ki, artıq bu və ya digər qanun layihəsi plenar iclasın müzakirəsinə çıxarılarkən onunla bağlı əlavə gərginlik yaşanmır, vaxt itkisinə yol verilmir. Burada ikinci bir özəllik ondan ibarətdir ki, bir sessiyada 5 məcəllənin - inzibati-prossesual, tikinti, şəhərsalma, mənzil və rəqabət məcəllələrinin müzakirəsi nəzərdə tutulur. Üçüncü özəllik odur ki, parlamentdə yenə bu və ya digər qanunvericilik aktlarına edilməsi nəzərdə tutulan əlavələrə, dəyişikliklərə xüsusi yer ayrılır. Ötən illərdən fərqli olaraq, budəfəki sessiyanın gündəliyinə cəmi 23 məsələ salınsa da, təxminən bir o qədər də, bu və ya digər qanunvericilik aktları ilə bağlı əlavələrin, dəyişikliklərin salınması nəzərdə tutulur. Bunun özü də bir qanunauyğunluqdur. Ona görə ki, indi Azərbaycan parlamentarizminin elə bir dövrü çatıb ki, qanun bazası formalaşır, ondan sonra isə daim onun üzərində işləmək qalır. Bizim komissiyaya gəlincə, burada da bir özəllik müşahidə olunur...
- Söhbət hansı özəllikdən gedir?
- Söhbət ondan gedir ki, biz qanunları yenidən işləməyə üstünlük veririk. Biz görürük ki, hansı qanunlara çoxlu əlavə və dəyişikliklər edilir, yaxud həmin qanunlar, mahiyyət etibarilə, böyük dəyişikliklərə uğrayır, o zaman növbəti addım olaraq həmin sənədləri yenidən işləməyi məqsədəmüvafiq sayırıq. Çünki burada daha çox dünya təcrübəsi, yeniliklər, dünya və Azərbaycan reallıqları özünü göstərir və göstərməlidir. Məsələn, yadınızdadırsa, formasiya ilə bağlı qanunumuz var idi, köhnə olduğu üçün ötən sessiyaların birində onu yenidən işlədik. İndi isə biz "Bədən tərbiyəsi və idman haqqında" mövcud qanunun üzərində çalışırıq...
- Nəyə görə?
- Ona görə ki, bizim komissiyaya ötən payız sessiyası ərzində iki qanun layihəsi - "Paralimpiya haqqında" və "Uşaq idmanı haqqında" qanunvericilik aktları daxil olmuşdu. Biz isə belə fikirləşdik ki, bunları bədən tərbiyəsi və idman aspektindən kənara çıxararaq, ayrıca qanunlar kimi qəbul etsək, heç bir səmərəsi olmayacaq. Ancaq onları vahid bir qanun və yaxud məcəllə halında hazırlasaq, daha tutarlı və faydalı olar. Yəni, biz bu gün hər üç qanunu vahid bir qanunda - "Bədən tərbiyəsi və idman haqqında" qanunvericilik aktında birləşdirməyi, hazırlamağı və parlament müzakirələrinə təqdim etməyi nəzərdə tuturuq. Bununla yanaşı, biz bir neçə il öncə qəbul olunmuş və indi müasir dövrün tələblərinə bir o qədər cavab verməyən "SPİD haqqında" qanunu yenidən işləyirik. Deməkdə məqsədim odur ki, bunlar yaz sessiyasının özəllikləridir. Ümumiyyətlə, yaz sessiyası payız sessiyası ilə müqayisədə vaxt, müddət baxımından daha uzun olur. Bir sözlə, bizim komissiya birbaşa iki yeni qanun hazırlayır, beş qanun layihəsinin hazırlanmasında tərəf-müqabil kimi iştirak edir, eyni zamanda, iki məcəlləyə-ailə və əmək məcəllələlərinə dəyişikliklərin, əlavələrin üzərində çalışır, bundan əlavə, haradasa 10-a yaxın qanun layihəsini isə "mətbəximizdə" işləməyi, hazırlamağı nəzərdə tutur...
- Bu sessiyada müzakirəsi və bütövlükdə qəbulu gözlənilən vacib qanunvericilik aktlarının biri, bəlkə də, birincisi "Təhsil haqqında" qanun layihəsinin üçüncü oxunuşudur. Bildiyiniz kimi, sözügedən qanun layihəsinin ikinci oxunuşu da birmənalı qarşılanmadı, keçmədi və xüsusilə, 27-ci maddəyə edilən düzəlişlər - ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarının Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasının, bu təhsil ocaqlarına yerləşdirmənin isə həmin təhsil müəssisələrinin səlahiyyətinə verilməsinin nəzərdə tutulması istər parlamentdə, istərsə də cəmiyyətdə yenidən şübhəli məqamların yaranmasına səbəb oldu. Siz bu haqda nə deyərdiniz?
- Mən bütövlükdə bir ali təhsil müəssisəsinin müəllimi və eyni zamanda, cəmiyyətin sosial problemləri ilə yaxından məşğul olan bir siyasətçi kimi, hesab edirəm ki, test sisteminin qalması lazımdır və daha məqbuldur. Bəli, test imtahanlarından yüksək nəticələrlə keçən abituriyentlərin sonradan ali və orta ixtisas məktəbləri tərəfindən yerləşdirilməsi, bölünməsi ola bilər, amma bütün hallarda qəbul imtahanlarının keçirilməsi, biliklərin qiymətləndirilməsi test üsulu ilə aparılmalı, bu məsələ mütləq Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasi tərəfindən reallaşdırılmalıdır. Təsəvvür edin, bir qurum təhsil verir, o biri qurum onu qəbul edir. Loru dillə desək, biri tikintini inşa edir, biri ondan qəbul edir. Bu məsələdə də məhz belə olmalıdir. Bir sözlə, test üsulunun bundan sonra da qalması vacibdir və daha məqbuldur. Bu baxımdan, düşünürəm ki, nəhayət, bu sessiyada təhsil qanunu ətrafında söhbətlərə birmənali, şəkildə son qoyulacaq və cəmiyyətin uzun illərdən bəri səbirsizliklə gözlədiyi müfəssəl, təkmil bir qanun qəbul etmək mümkün olacaq.
- Məqamı düşmüşkən, bəzən parlamentdə baş verən müzakirələrin mahiyyətini başa düşmək, anlamaq olmur. Qanun layihələri, qanunyaradıcılığı prosesi qalır bir tərəfdə, tamam başqa, daha çox xırda, məişət xarakterli məsələlərdən söhbət açılır. Siz uzunmüddətli deputatlıq təcrübəsi olan bir parlamentari kimi bu haqda nə fikirdəsiniz?
- Bəli, bu məsələ bir çoxları kimi, məni də narahat edir. Bu cür müzakirələr, əslində, parlamentin səmərələliliyini, faydalılıq əmsalını aşağı salır. Bununla belə, bir məsələni də vurğulamaq lazımdır ki, parlament 125 fərdin, 125 xarakterin, 125 elmi, siyasi, ədəbi dünyagörüşü potensialında fərqləri insanların toplandığı bir yerdir. Parlament Azərbaycan cəmiyyətinin bütün təbəqələrini ehtiva edən bir qurumdur. Belə demək mümkünsə, bu gün Azərbaycanda necə və nə qədər sayda insan varsa, onların da təxminən 125 elementi parlamentə yığışıb. Demək istəyirəm ki, parlamentdə debatların, fikir mübadilələrinin, müzakirələrin olması lazımlıdır. Ancaq bununla yanaşı, yuxarıda qeyd etdiyim kimi, yersiz, mənasiz, səbəbsiz debatlar parlamentin fəaliyyətinin aşağı düşməsinə, onun səmərəsinin azalmasina səbəb olur.
Bizə, əslində, ağıllı, məzmunlu debatlar, müzakirələr lazımdır. Bu gün parlamentin ağıllı debatlara ehtiyacı var. Əgər biz xalqın, seçicilərin maraqlarını özündə tam əks etdirən, qanunlar hazırlamaq, qəbul etmək istəyiriksə, mütləq ağıllı debatlar olmalıdır. Yoxsa gəlib yarım saat iclas zalında fırlan, qanun layihəsini elə-belə vərəqləyib sual ver, kimsə də ona cavab versin, bu, səmərəli, effektli yol deyil. Məsələn, elə millət vəkili var ki, qanun layihəsini yaxşı, dərindən oxumur, lakin sərt, aqressiv tonda çıxış edir, sonra da məcbur qalıb başa salmalı olursan ki, ay qardaş, get, filan səhifəni dərindən oxu, sonra gəl çıxış et. Bu baxımdan hesab edirəm ki, parlamentdə səmərəli, konstruktiv müzakirələr vacibdir, əhəmiyyətlidir.
- Hadı müəllim, yenidən qanun layihələri, qanunvericilik işləri ilə bağli məsələyə qayıtmaq istəyirik. Məlumatlara görə yaz sessiyasının gündəliyinə daxil olan qanun layihələri arasında ətrafında böyük hay-küy yaranan, müzakirəsi birinci oxunuşda yarımçıq saxlanılan "Reproduktiv sağlamlıq və ailə planlaşdırılması haqqında", o cümlədən, "Məişət zorakılığının qarşısının alınması haqqında" qanunvericilik aktları da var. Sizcə, bu iki qanun layihəsinin müzakirəsi və sonda qəbulu baş tutacaqmı?
- Doğrudan da, istər "Reproduktiv sağlamlıq və ailə planlaşdırılması haqqında", istərsə də, "Məişət zorakılığının qarşısının alınması haqqında" qanunvericilik aktları yaz sessiyasının gündəliyinə daxil edilib. Özünüz də bilirsiniz ki, payız sessiyasının sonlarında "Reproduktiv sağlamlıq və ailə planlaşdırılması haqqında" qanun layihəsinin birinci oxunuşu yarımçıq dayandırıldı və spiker cənab Oqtay Əsədov tərəfindən bildirildi ki, bu məsələnin müzakirəsi yaz sessiyasında davam etdirilsin. Bu baxımdan, bu sessiyada bu qanun layihəsinin birinci oxunuşunun müzakirəsinin davam etdirilməsi nəzərdə tutulur. Eyni zamanda, yenə də müzakirə, mübahisə, debat mövzusu olan "Məişət zorakılığının qarşısının alınması haqqında" qanunvericilik aktı da bu sessiyanın gündəliyindədir.
Sözügedən qanun layihələrini bir-bir konkret şəkildə süzgəcdən keçirməyə çalışsaq, bir sıra məqamları mütləq dilə gətirməliyik. Məsələn, "Reproduktiv sağlamlıq və ailə planlaşdırılması haqqında" qanun layihəsinə qarşı olan opponentlər təklif edirlər ki, Azərbaycanda çoxarvadlılığa icazə verilsin. Gəlin, bununla bağlı cəmiyyətimizə müraciət edək, görək, onlar buna razıdırmı? Biz bu düşüncə tərzi ilə, görəsən, hara gedirik? Feodalizmə, köhnəliyə qayıdırıq, yoxsa irəliyə gedirik? Əlbəttə, mən də razıyam ki, parlamentə yeni fikirlərin yol açması çətinliklə qarşılanır. Misal üçün, bir vaxtlar "Duzun yodlaşdırilması haqqında" qanun bu cür aqibətlə üzləşmişdi. O vaxt sabiq deputat həmkarımız professor Vəsadət Əzizov tərəfindən hazırlanan bu qanun bir çoxları tərəfindən etirazla qarşılanmışdı. Bir çoxları iddia edirdi ki, bu qanun korporotiv maraqlar baxımından hazırlanıb, ay nə bilim, Azərbaycanda duz mafiyası, yod mafiyası var, onların maraqları nəzərə alınıb və s. yəni, aləm bir-birinə dəymişdi. Ancaq bu qanun üstündən iki il ötəndən sonra yenidən parlamentə qayıtdı və qəbul olundu. Bu gün həmin qanun MDB məkanında model qanun kimi istifadə olunur. Eyni zamanda, bu gün biz həmin qanunun Azərbaycanda üstünlüklərini, müsbət məqamlarını müşahidə edirik.
Azərbaycanda son illər zob xəstəliyi 13 dəfə azalıb. Demək istəyirəm ki, bütün cəmiyyətlərdə olduğu kimi, Azərbaycan cəmiyyətində də yeni fikirlər ilk vaxtlar çətin qəbul edildiyi kimi, parlamentdə də çətin qəbul olunur. Sözümün canı odur ki, "Məişət zorakılığının qarşısının alınması haqqında" qanun layihəsi də ola bilsin belə ağrılı debatlarla müşahidə olunsun. Amma "Reproduktiv sağlamlıq və ailə planlaşdırılmasi haqqında" qanun layihəsi ilə bağlı səsləndirilən bəzi iradlar, tənqidlər var ki, mən də onları qəbul edirəm. Konkret olaraq, millət vəkili Rafiq Məmmədhəsənovun bu yöndə bir sıra maraqlı fikirləri, təklifləri var ki, biz ondan faydalanmağa çalışdıq və belə demək mümkünsə, faydalandıq. Son olaraq bildirmək istəyirəm ki, biz həm sözügedən qanun layihəsini, həm də "Məişət zorakılığının qarşısının alınmasi haqqında" qanunvericilik aktını parlamentə daha müfəssəl şəkildə çıxarmaq istərdik ki, yenidən əlavə söz-söhbətlərə ehtiyac qalmasın.
- Yuxarıda qeyd etdiniz ki, komissiyanız tərəfindən ailə və əmək məcəllələrinə dəyişiklikləri, əlavələri nəzərdə tutan qanun layihələri üzərində də işləyirsiniz. Bu baxımdan, bilmək istərdik ki, həmin məcəllələrə hansı dəyişikliklərin və əlavələrin edilməsi nəzərdə tutulur?
- Ailə Məcəlləsi ilə onu demək istəyirəm ki, biz burada qızların erkən nigah yaş həddinin 18 yaş müəyyən olunmasını nəzərdə tuturuq. Çünki dünyada 18 yaşa qədər yaşlar uşaq yaş həddi hesab olunur. Bundan başqa, dünyada, o cümlədən, BMT-nin standartlarında qizlarla bağlı 18 yaş erkən nigah yaş həddi hesab olunur. Bu, həm fizioloji, həm psixoloji, həm ailə məsuliyyəti baxımından da düzgündür. Bu baxımdan, biz də qızlarla bağlı erkən nigah yaş həddi kimi 18 yaşın müəyyən olunmasını istəyirik və nəzərdə tuturuq. İkincisi, mülkiyyət müqaviləsi məsələsini imperativ norma kimi Ailə Məcəlləsinə salmaq istəyirik. Üçüncüsü, nigaha daxil olan şəxslərin - oğlanların və qızların bir-birlərinin sağlamlığı haqqında tibbi arayış tələb etmək haqqını imperativ norma kimi Ailə Məcəlləsinə daxil etməyi nəzərdə tuturuq. Onu da qeyd etməliyəm ki, tibbi arayışlar məsələsində ciddi olmaq lazımdır. Yəni, arayışlar "fiktivni" olmasın ki, gələcəkdə nigaha girənlər bundan əziyyət çəkmək məcburiyyətində qalsınlar. Əmək Məcəlləsində isə iki maraqlı məsələ var. Birincisi, minimum məzuniyyəti 28 günə çatdırmağı nəzərdə tuturuq. Bildiyiniz kimi, bizdə minimum məzuniyyət 21 gündür. Ona görə də, bu rəqəmi 21-dən 28-ə qaldırmaq istəyirik. İkincisi, qadınların analıq məzuniyyətində orta aylıq əməkhaqqının saxlanması məsələsini 6 ay müddətinə uzatmağı fikirləşirik. Bir sözlə, Əmək Məcəlləsinə 14, Ailə Məcəlləsinə isə haradasa 6-7 böyük əhəmiyyətli düzəlişin, dəyişikliyin edilməsi nəzərdə tutulur.