PDF Oxu

Müsahibə

  • 12

Yeni siyasi partiya yaranır

Yeni siyasi partiya yaranır
"Bakı xəbər" qəzetinin baş redaktoru, keçmiş ADP-çi Aydın Quliyev SİA-ya müsahibə verib.

- Aydın bəy, bildiyimizə görə, yeni siyasi partiya yaratmısınız. Fəaliyyətiniz hansı səviyyədədir?

- Yeni siyasi partiya yaratmaq barəsində fəaliyyətimizi müzakirələr formasında davam etdiririk. Dekabrın sonu, yanvarın əvvəllərində təşkilatla bağlı geniş açıqlamalar verməyi nəzərdə tutmuşduq ki, həm ictimai, həm də siyasi dairələrin böyük maraqla gözlədiyi bəzi məsələlərə aydınlıq gətirək. Buraya təşkilatın adı, tutduğu siyasi kurs, rəhbərliyi və s. məsələlərlə bağlı açıqlamalar aiddir. Bəzi obyektiv səbəblərə görə, planlarımız bir qədər gecikdi. Amma buna baxmayaraq, bu gün müzakirələrimiz davam edir. Ölkədə mövcud olan vəziyyəti, ictimai-siyasi prosesləri, ayrı-ayrı siyasi təşkilatların baş verən hadisələrə münasibəti, demokratiya, söz azadlığı, baş verən qanunsuzluqlarla əlaqədar bir sıra məsələləri daim diqqətdə saxlayırıq. Hələlik, yeni siyasi təşkilatın yaradılmasını qarşısına əsas məqsəd qoymuş insanlarla birlikdə qapalı müzakirələr keçiririk. İndiki situasiyada gördüyümüz iş aparılan qapalı müzakirələrdən ibarətdir.

- Çoxsaylı ictimai-siyasi təşkilatların mövcudluğu şəraitində yaratdığınız yeni siyasi partiyanın vətəndaş cəmiyyətinin inkişafına töhfə verəcəyinə ümid edirsinizmi?

- Sözsüz ki, yeni siyasi təşkilat yarananda cəmiyyətdən nə isə alacağını qarşısına məqsəd qoymur. Hər kəs cəmiyyətin inkişafına yardım etmək iddiası ilə siyasi meydana gəlir. Bizim də belə bir iddiamız var. Bu siyasi partiyanın indiyə qədər Azərbaycanda yaranan və yalnız yaranışı ilə insanların yaddaşında qalan siyasi təşkilatlardan biri olmasını istəmirik. Arzu edirik ki, bu siyasi partiya yaranandan sonra uzun hədəflərə doğru yönələn gündəlik fəaliyyəti ilə cəmiyyətimizin daim nəzər və diqqətində olsun. Hələlik, cəmiyyətə konkret nələr bəxş edəcəyimizi detallarla söyləməyə tələsmirik. Bütün normal siyasi qüvvələr kimi, dərk edirik ki, cəmiyyətə töhfələr bəxş etməyən təşkilatın ömrü uzun ola bilməz. Bu baxımdan, yeni yaratdığımız siyasi partiyanın qısa ömür sürməsini istəmirik.

- Yəqin ki, partiyanın siyasi mövqeyini müəyyənləşdirmisiniz. Maraqlıdır, siyasi kursunuz nədən ibarətdir?

- Bu mövzu ətrafında detallarla danışmaq çətindir. Çünki siyasi təşkilatın elan olunacağı təqdirdə, indiki ictimai-siyasi vəziyyətin sabit qalacağı bəlli deyil. Ona görə, bu siyasi təşkilatın siyasi kursu barəsində qabaqcadan fikir söyləmək istəmirəm. Prinsipcə, qeyd edim ki, bəzi dövlətçilik, o cümlədən, Konstitusiya ilə bağlı bir sıra məsələlərdə dəyişməz mövqeyə malikik. Məsələn, seçkilərlə bağlı, hakimiyyətə münasibətimizlə bağlı gələcək siyasi kursumuz artıq müəyyən edilib.

- Rəsul Quliyevin partiyasından ayrıldıqdan sonra sizi bəzi qüvvələrin sifarişi ilə mövqeyinizi dəyişməkdə günahlandırdılar. Qorxmursunuz ki, yeni yaranan siyasi partiya haqqında da bu fikri söyləsinlər?

- (Gülür) Atdığımız addımların qeyri-obyektiv reaksiyalar doğurmağına baxmayaraq, bunların mövcudluğu fəaliyyətimizə ictimai maraqdan xəbər verir. Hesab edirəm ki, deyilən bu fikirlər həqiqət olmasa da, hər halda fəaliyyimizin müəyyən dairələr tərəfindən izlənilməsi və ona diqqətin yetirilməsinin əlamətidir. Əlbəttə, bütün normal siyasi qüvvələr yalnız cəmiyyətin və ölkənin qarşısında duran çox ciddi dövlətçilik problemlərinin sifarişi ilə hərəkət edir. Bu nöqteyi-nəzərdən, demək olar ki, biz də ölkəmizin və cəmiyyətimizin qarşısında duran problemlərin sifarişi və çağırışına uyğun olaraq hərəkət edirik. Ancaq burada konkret olaraq hansısa siyasi qüvvənin və ya fərdin sifarişindən söhbət gedə bilməz. Təbii ki, bu cür dəyərləndirmələr qərəzlidir. Eyni zamanda, fəaliyyətə başlayandan sonra da yeni siyasi təşkilata qarşı qərəzli münasibətlərin olacağını istisna etmirəm. İndi də obyektivlikdən uzaq olan bu cür fikirlərə tez-tez rast gəlinir. Hətta ənənəvi müxalifət düşərgəsində yeni yaranan siyasi təşkilatlara, o cümlədən, bizim artıq formalaşdırmaq niyyətini ortaya qoyduğumuz təşkilatla bağlı müəyyən narahatçılıqlar və qısqanclıqlar var. Bunları təbii qarşılayırıq və bizi narahat etmir.

- Sizə qarşı qısqanclıqla yanaşan siyasi qüvvələr iqtidaryönümlüdür, yoxsa müxalifət?

- Qəribədir ki, hələlik, müxalifət düşərgəsində yeni siyasi təşkilatların yaranması ilə bağlı narahatlıq hiss olunur. Bu təbiidir və qarşıdakı fəaliyyətimizə ciddi təsir edə bilməyəcək.

- Hər halda onların əlində kifayət qədər təbliğat vasitəsi olan qəzetlər mövcuddur. Eyni zamanda, həmin mətbu orqanlar onların monopoliyası altındadır. Bu, sizdə qorxu yaratmırmı?

- Xeyr. Bu fakt bizi qətiyyən narahat etmir. Siyasi partiyamızın elan olunmamasına baxmayaraq bir sıra siyasi təşkilatlarla müqayisədə özümüzü zəif hiss etmirik. Rəqabətin çox ciddi olacağını başa düşürəm. Amma siyasi rəqabətə davam gətirmək üçün ortaya yetərli imkanlar qoymaq fikrindəyik.

- Bəzi radikal liderlərin yanaşmasına görə, "Bizimlə olanlar dostumuz, bizdən kənarda olanlar isə düşmənimizdir". Bu fikrə münasibətiniz necədir?

- Subyektiv fikrim belədir ki, mən siyasətdə heç kimə dost və ya düşmən demirəm. Müəyyən olunmuş prinsiplər, əməkdaşlıq, partnyorluq və s. var. Şəxsi məişət münasibətlərinə aid olan terminlərin siyasətə gətirilməsini düzgün hesab etmirəm. Bu baxımdan, siyasətdə kiməsə dost və ya düşmən anlayışları ilə baxmaq mənim təbiətimə yaddır. Ola bilər ki, şəxsi həyatımda dost olduğum hər hansı insanla siyasətdə əməkdaşlıq etməyim və yaxud, bunun əksi mümkün ola bilər. Bu münasibətlərə fərqli mövqedən yanaşıram. Düşünürəm ki, şəxsi və məişət davranışına aid olan terminləri siyasətdə tətbiq etmək düzgün deyil. Hansısa partiya sədrinin bu cür fikirlər ortaya qoyması da məqsədəuyğun deyil.

- "Yeni Müsavat" partiyasının baş redaktoru Rauf Arifoğlu ilə yaxın dostluq münasibətiniz var. Ola bilrmi ki, yeni yaradılan siyasi partiyada onunla birgə təmsil olunasınız?

- Bəli. Rauf Arifoğlu ilə çox yaxın dostluq əlaqələrimiz var. Bir neçə il bundan öncə yaranan bu dostluq münasibətləri hələ də davam edir. Açığı deyim ki, bu münasibətdən ziyan görməmişəm. Amma onunla eyni siyasi təşkilatda fəaliyyət göstərməyimiz haqda düşünməmişəm. Çünki bu, mümkün deyil.

- Azərbaycan Demokrat partiyasının sədri Sərdar Cəlaloğlunun sözlərinə görə, Aydın Quliyev qəzetçilikdən uzağa gedə bilməyəcək və siyasi fəaliyyəti formal olaraq qalacaq...

- Sərdar Cəlaloğlunun fikirlərinə çox diqqət verməyin. O, 1989-cu ildən danışır. Hələ bundan sonra da xeyli danışacaq və siyasətdən danışa-danışa yox olacaq. Bu səbəbsiz deyil. Çünki onun bu illər ərzində bir neçə gənc oğlanın beynini zəhərləyərək Avropaya siyasi mühacir kimi göndərməsindən başqa şəxsi nailiyyəti yoxdur. Sərdar Cəlaloğlunun mənim və digərlərinin haqqında bu cür fikirlər söyləməsi qısqanclıqdan doğa bilər. Buna da əhəmiyyət vermirəm.

- Siyasətdə belə bir deyim var: "Əbədi dostlar olmadığı kimi, əbədi düşmənlər də mövcud deyil". Siz bu fikirlə razısınızmı və əvvəlki əqidə yoldaşlarınızla yenidən bir araya gəlməyi düşünürsünüzmü? Söhbət konkret olaraq Sərdar Cəlaloğludan və Rəsul Quliyevdən gedir.

- Siyasətdə və mətbuatda özümün prinsiplərim var. Artıq müstəqil fəaliyyət göstərmək haqda qərar vermişəm. Bu prinsipləri kiməsə güzəştə getmək fikrim yoxdur. Müəyyən etdiyim prinsiplər çərçivəsində fəaliyyət göstərdiyim arena hər kəsin üzünə açıqdır. Mənim prinsiplərimi qəbul edən adamlara yanımda hər zaman yer var. Bu əməkdaşlıqdan ancaq məmnun ola bilərəm. Amma həm mətbuat, həm də siyasi sahədə özümün məqbul və normal hesab etdiyim prinsipləri heç kimə qurban vermək fikrində deyiləm.

- Reallıq bundan ibarətdir ki, hər bir siyasi partiyanın yaşaması onun maliyyə dayaqlarından asılıdır. Bəs sizin yaratdığınız siyasi partiyanın maliyyə məsələsi necə həll olunub?

- Deyildiyi kimi, ideyanın doğulduğu yerdə maliyyə də doğular.

- Aydın bəy, maraqlıdır ki, bu siyasi təşkilatda cəmiyyət üçün tanınmış, aparıcı simalardan kimlər var?

- Həqiqətən, bu təşkilatda cəmiyyət tərəfindən kifayət qədər tanınan aparıcı simalar var. Amma bir çoxlarını cəmiyyət fərdi olaraq tanımasa da, çox uğurlu şəxsi keyfiyyətlərə və nailiyyətlərə malikdir. Düşünürəm ki, o şəxslər qısa müddət ərzində göstərdikləri siyasi fəaliyyətlə cəmiyyətin maraq dairəsində özlərinə layiqli bir yeri tutacaqlar.

Digər xəbərlər