Ötən həftə Dağlıq Qarabağ münaqişəsi ətrafında müxtəlif fikirlərin səsləndirilməsi ilə yadda qaldı. Bu qəbildən Minsk Qrupunun ABŞ-dan olan həmsədri Metyu Brayzanın regiona səfəri və Azərbaycanda olarkən səsləndirdiyi fikirlər ictimaiyyət tərəfindən heç də birmənalı qarşılanmadı. Onun dediyinə görə, artıq Dağlıq Qarabağ münaqişəsinin həlli çox yüksək mərhələyə daxil olmuşdur. O, bu məsələdə artıq hər iki tərəfin prezidentlər səviyyəsində geniş mənada mövqelərin uzlaşmasını və qarşılıqlı hörmətin olmasını nəzərə çatdıraraq, münaqişənin həllində uğurun əldə olunmasına çox böyük nikbinliklə yanaşdığını bildirmişdir. O, belə bir vəziyyətin istər Ermənistan, istərsə də Azərbaycan tərəfindən hiss edildiyini xüsusi vurğulayıb. Bundan əlavə Minsk Qrupunun digər fransalı həmsədri Bernar Fasye da həmişəki mövqeyinə uyğun olmayaraq çox qətiyyətlə Dağlıq Qarabağın geri qaytarılmasının vacibliyini bildirib. Xarici diplomatların bu mövqedən çıxış etməsi, əlbəttə ki, Azərbaycan üçün çox səmərəli bir haldır. Bəs görəsən, Azərbaycan tərəfi belə bir vəziyyətdən necə yararlanmalıdır və yaxud həmsədrlərin indiyə qədər göstərmədikləri mövqelərini nə ilə əlaqələndirmək olar? Bu və ya digər suallarla əlaqədar politoloq Qabil Hüseynliyə müraciət etdik:
- İlk növbədə, bildirirəm ki, burada söhbət Dağlıq Qarabağ ətrafında işğal olunmuş rayonların azad olunmasından gedir. Həm M.Brayza, həm də B.Fasye məsələnin həll olunmasında Madrid prinsiplərini irəli sürürlər. Bəli, ona görə də müəyyən pozitiv irəliləmə elementləri var. Yəni, məsələnin mərhələli həlli planına dair Minsk Qrupu həmsədrlərinin mövqelərində müəyyən yaxınlaşmalar var. Bu, bütövlükdə, Azərbaycanın ərazi bütövlüyünü təmin etməsə də, hər halda işğal olunmuş torpaqların müəyyən bir hissəsinin azad olunmasında mütərəqqi addım kimi qiymətləndirilə bilər. O ki qaldı Dağlıq Qarabağın status məsələsinə, bunun Dağlıq Qarabağın Azərbaycana qaytarılmasından sonra referendum yolu ilə həll edilməsi gündəmdədir. Bu, hər halda birmənalı düşüncələr doğurmur. Hər halda, Minsk Qrupunun Dağlıq Qarabağətrfı torpaqların azad edilməsində israr etməsi bu məsələ ilə əlaqədar Türkiyə və ABŞ-ın birlikdə hərəkət etmələri belə təəssürat yaradır ki, doğrudan da, prosesdə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması istiqamətində olmasa da, məsələnin mərhələli həlli planına uyğun olaraq onun ilkin mərhələlərində Azərbaycanın xeyrinə müəyyən addımlar atıla bilər.
- Minsk Qrupunun həmsədrləri konstruktiv həll imkanları ilə bağlı mütərəqqi fikirlər səsəndirdiyi bir zamanda, Ermənistanın Dağlıq Qarabağ ərazisində hərbi təlimlər aparılmasını nə ilə əlaqələndirmək olar?
- Ermənistan hər il plana uyğun olaraq yaz və payız aylarında hərbi təlim keçirir. Bu, həm hərbi səviyyəni qaldırmaq üçün, həm də Azərbaycandan gələn hədələrə qarşı cavab olaraq keçirilən tədbirlərdir. Burada qeyri-adi bir məqam görmürəm. Azərbaycan da tez-tez hərbi təlimlər keçirir. Lakin ermənilərin fərqli cəhəti onların bu təlimləri işğal olunmuş ərazilərdə bilavasitə təmas xəttində keçirmələridir. Burada da əsas məqsəd əhaliyə psixoloji təsir göstərməkdən ibarətdir.
- Bəs may ayında Praqada keçiriləcək Azərbaycan və Ermənistan prezidentlərinin görüşündən nələr gözləmək olar?
- Həmsədrlər nikbin danışsalar da, hələ ki, bu görüşdən mütərəqqi nəticə gözləmək olmaz. Çünki bizim üçün hədəf işğal olunmuş ərazilərin qaytarılmasıdır. Lakin onların məqsədi bizim hədəflərimizi Azərbaycanın ərazi bütövlüyündən yayındıraraq onları Dağlıq Qarabağ ətrafı ərazilərin geri qaytarılmasına yönləndirməkdir. Bu məsələlərdə irəliləyiş olsa, buna da müəyyən qədər sevinmək olar. Çox güman ki, Praqa görüşündə də prezidentlər bu məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar. Erməni tərəfi bunun müqabilində bizdən başqa şeylər də tələb edir. Məsələn, onlar istəyirlər ki, Dağlıq Qarabağətrafı ərazilərin geri qaytarılması əvəzinə, dərhal regionda sülhməramlı qüvvələr yerləşdirilsin. Onlar bu sülhməramlı qüvvələrin tərkibində Rusiya kontingentinin olmasını xüsusilə təkid edirlər. Bu barədə Azərbaycanın mövqeyi isə tamamilə fərqlidir.