PDF Oxu

Müsahibə

  • 12

“Azərbaycan Qafqaz regionunda hərbi, iqtisadi potensialına görə ən güclü ölkədir”

“Azərbaycan Qafqaz regionunda hərbi, iqtisadi potensialına görə ən güclü ölkədir”
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Geostrateji Araşdırmalar Mərkəzinin baş elmi işçisi Mürtəza Həsənov və Akademiyanın müəllimi Elnur Əliyevin Səs TV-yə müsahibəsi:
- "Böyük 8-lər"in Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı qəbul etdiyi Dovil bəyanatı münaqişənin sülh yolu ilə həlli imkanlarının tükənmədiyini deməyə imkan verirmi?
Mürtəza Həsənov: -Azərbaycan Qafqaz regionunda hərbi, iqtisadi potensialına görə ən güclü ölkədir. Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində son 6 ildə Azərbaycan əlindən gələn bütün işləri görüb. Lakin Ermənistanın qeyri-konstruktiv mövqe sərgiləməsi nəticəsində Azərbaycan bu məsələnin həlli istiqamətində atdığı addımların uğurlu nəticələrini görə bilməyib. Mən şəxsən düşünürəm ki, Dağlıq Qarabağ məsələsinin sülh yolu ilə həll olunması getdikcə qeyri-mümkün vəziyyətə gəlib çatır. Yəni artıq Azərbaycan sözün bitdiyi yerdədir. Müxtəlif zamanlarda da müdafiə, xarici işlər və digər nazirlərimiz də artıq sülh yolunun tükəndiyini və əgər ehtiyac olsa müharibə variantına əl atılacağını deyiblər. Digər bir yandan da bütün beynəlxalq aləm tərəfindən qəbul edilir ki, Dağlıq Qarabağ Azərbaycan torpaqlarıdır və Ermənistan bölgədə işğalçı mövqedədir. Azərbaycan Ordusu istənilən anda müharibə yolu ilə torpaqlarını xilas etməyə hazırdır. Lakin Azərbaycan heç vaxt müharibə istəyən ölkə olmayıb. Ona görə də, məsələnin sülh yolu ilə həll olunması üçün bütün cəhdləri göstərsək də, Ermənistan tərəfindən heç bir müsbət cavab ala bilmirik. Bütün bunlar isə Azərbaycanı müharibə variantına əl atmağa vadar edə bilər.
- Dovil bəyanatında "xalqları sülhə hazırlayın" dedikdə hansısa güzəştlər nəzərdə tutulurmu və bu güşəştlər hansı formada həyata keçirilə bilər?
Elnur Əliyev: - Əslində verilən bəyanata onların öz maraqları fonundan baxmaq lazımdır. Yəni mövqelərini nəzərə alsaq, bu ölkələrin verdiyi bəyanat başadüşüləndir, çünki onlar bölgədə müharibə faktının yaşanmasını istəmirlər. Bunun da əsas səbəbi odur ki, Azərbaycanda böyük Avropa ölkələrinin şirkətləri və biznes mərkəzləri fəaliyyət göstərir. Digər təfərdən yanaşsaq, Azərbaycanın 20 il müharibənin həllini gözləməsi nə qədər sülhpərvər ölkə olduğunu açıq-aşkar göstərir. Lakin, Ermənistanın tarix boyu davam edən məkrli siyasəti həmişə problem yaradıb. Ermənistanın Gürcüstana, Türkiyəyə qarşı müxtəlif ərazi iddiaları olub ki, bütün bunlar da onların tarixi mövqeyinin aşkar edilməsinə kömək olur. Ermənilərin tək məqsədi qonşu xalqların torpaqlarının hesabına "Böyük Ermənistan" dövlətini yaratmaq olub. Azərbaycan qonşu dövlətlərlə müqayisədə tamamilə güclü balanslaşdırılmış xarici siyasət yeridir. Amma bunun da kökündə, əsasən iqtisadi baza durur. Ermənistanın isə iqtisadi cəhətdən zəif olması, bütün regional layihələrdən kənarda qalması vəziyyətinin nə qədər gərgin olduğunu bir daha sübut edir. Ümumiyyətlə, Dağlıq Qarabağ müharibəsi üzərindən hakimiyyətə gəmiş Koçaryanın davamçılarından, yəni indiki Ermənistandan hansısa sülhə meylli addım gözləmək kifayət qədər absurddur.
- Dovil Bəyanatı prezidentlərin Kazan görüşünə bəslənən ümidlərin artmasına səbəb ola bilərmi?
Mürtəza Həsənov: - Ümumiyyətlə, Azərbaycan xalqı heç bir zaman ümidini itirməyib. Azərbaycanın Dağlıq Qarabağ probleminin beynəlxalq aləmdə müzakirə edilməsi halı bizim üçün kifayət qədər uğurdur və mən düşünürəm ki, bu məsələyə də müsbət tərəflərdən yanaşmaqda fayda var. Təbii ki, bəyanatın Kazan görüşünə və Dağlıq Qarabağ probleminin həllinə müsbət təsir göstərməsini istəyirik. Amma böyük, təəssüf hissi ilə qeyd edim ki, Ermənistanın bir dövlət kimi siyasi hiyləgərliyinə bələd olduğumuz üçün, Kazan görüşündə də qeyri-konstruktiv mövqe sərgiləyəcəyini düşünürəm.

Digər xəbərlər