- Məlahət xanım, son zamanlar İran-Ermənistan yaxınlaşması İran prezidenti Mahmud Əhmədinejatın Yerevana səfərə hazırlaşması ilə kulminasiya nöqtəsinə yüksəldiyi müşahidə edilir. Bilmək olarmı bu yaxınlaşma hansı maraqları özündə əks etdirir?
- İranda yaşayan əhalinin təqribən 30 milyona yaxını Azərbaycan türkləridir. İran əhalisinin 99%-dən çoxu müsəlmanlardır. Bundan əlavə, İran Azərbaycana ən yaxın qonşu ölkədir. Ortaq tariximiz, mədəniyyətimiz, inancımız var. İranla Azərbaycan İslam Konfransı Təşkilatında (İKT) bərabərhüquqlu üzv dövlətlərdir. İslam Konfransı Təşkilatı Ermənistan tərəfindən Azərbaycanın 20 % torpaqlarının işğalı edilməsi ilə bağlı qətnamə qəbul edib. Bundan başqa İKT-də Xocalı ilə bağlı da ayrıca bir sənəd qəbul olunub. Amma bu gün ən yaxın qonşumuz olan bir dövlətin işğalçı dövlət olan, özgə torpaqlarını zəbt edən Ermənistanla sıx dostluq, əməkdaşlıq etməyini qəbul etmirik. Ermənilər 9 yaşlı Fariz Bədəlova, Azərbaycanın bir çox mülki vətəndaşlarına qarşı cinayətlər törədiblər. Bu gün kiçik bir uşağa qarşı işlədilən hərbi təcavüz heç bir qanuna sığmır. Minbir qətliamlar həyata keçirən ermənilər 9 yaşlı günahsız bəşər övladını qətlə yetirdiklərinə görə, mütləq cəzalandırılmalıdırlar. Ona görə də, bizim üçün qətiyyən xoş olmayan bir haldır ki, Azərbaycana İran qədər yaxın bir ölkə təcavüzkar Ermənistanla yaxınlıq edir. Təbii ki, bir Azərbaycan vətəndaşı kimi bunu qınayır və pisləyirəm. Bu, bir reallıqdır ki, təcavüzkar Ermənistan bu gün İran dövlətinin dəstəyi olmasaydı, bəlkə də çoxdan Dağlıq Qarabağ məsələsi ilə bağlı danışıqlara gedərdi. Ermənistan kimi işğalçı dövlət mütləq şəkildə blokadaya alınmalıdır. Qonşu İran dövləti bu gün işğalçı dövlət - Ermənistanı ərzaq və qaz yanacağı ilə təmin edir. Ona görə də, bunu, təbii ki, mənfi qiymətləndirmək olar. Axı nəyə görə, Azərbaycanla İran arasında müəyyən bir yaxınlıq ola-ola, İran işğalçı dövlət Ermənistanla da əməkdaşlıq edir? Təbii ki, bu əməkdaşlığın əleyhinəyəm.
- ABŞ, Fransa və Rusiya prezidentlərinin Dağlıq Qarabağla bağlı bəyanatından sonra Kazan şəhərində üçtərəfli görüşün keçirilməsi nəzərdə tutulur. Bu görüş Ermənistan-Azərbaycan və Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində ümidləri doğrulda bilərmi?
- Ümumiyyətlə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində aparılan hər bir görüşü müsbət qiymətləndirirəm. Çünki hansısa bir konflikt yalnız müzakirə yolu ilə, bir masa arxasına oturmaqla həll olunmalıdır. Doğrudur, bəzən keçirilən görüşləri, müzakirələri nəticəsiz qaldığına görə tənqid edirik. Amma əslində, baş tutan hər bir şeyi müsbət yönümdə dəyərləndirmək lazımdır. Fransanın Dovil şəhərində ATƏT-in Minsk Qrupuna həmsədr olan ölkələrin başçıları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı öz münasibətlərini bildirdilər. Və qeyd etdilər ki, bu problemin tez bir zamanda həll olunması zəruridir. Həmsədr dövlət başçılarının bu mesajları da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həllinə müəyyən bir bir dəstək ola bilər.
- Məlahət xanım, bəs sizcə, ATƏT-in Minsk Qrupunun regiona səfərlərini Kazan görüşünə hazırlıq kimi də qiymətləndirmək olarmı?
- ATƏT-in Minsk Qrupunun həmsədrləri yenə regiona səfərə gəlirlər. Həmsədrlərin regiona hər səfəri sanki hansısa bir "turist sərgüzəştləri"ni xatırladır. Son 20 il ərzində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində yaradılan ATƏT-in Minsk Qrupunun fəaliyyətsizliyi, real iş görməmələri göz önündədir. Qətiyyən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində real bir iş görməyiblər. Yalnız boş, lazımsız, bəyanatlar verməklə kifayətləniblər. Lazımdır ki, Azərbaycan xalqına Dağlıq Qarabağ probleminin həlli ilə bağlı ATƏT-in Minsk Qrupunun həmsədrlərinin 20 ilə yaxın müddətdə hesabatı təqdim olunsun. Bəlkə o zaman həmsədrlərin özləri də fəaliyyətsizliklərinin şahidi olar. Bu illər ərzində ATƏT-in Minsk Qrupunun həmsədrləri qınaq hədəfinə tuş gəldilər. Amma nəticə yenə də eynidir, dəyişən heç nə yoxdur. Hələlik isə, yalnız onu söyləmək olar ki, Minsk Qrupunun həmsədrləri 20 il ərzində heç bir iş görməyiblər. Qarşıda isə, Kazan şəhərində Rusiya prezidenti Dmitri Medvedevin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün keçirilməsi nəzərdə tutulur. Böyük səkkizlərin zirvə sammitində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə lazımi mesajlar oldu. Ona görə də, hesab edirəm ki, Kazan görüşü ərəfəsi Minsk Qrupu həmsədrlərinin Azərbaycana və Ermənistana səfər etməsini, yəqin ki, dəyişikliyə müəyyən bir dəstək, təkan verəcək bir səfər kimi də qiymətləndirmək olar.
AYLANA RZAYEVA