- Qədim və müasir ərəb və ərəbdilli Azərbaycan ədəbiyyatının, ərəbdilli mənbələrin tədqiqi istiqamətində Şərqşünaslıq İnstitutunun gördüyü işlər və hazırladıqları əsərləri yetərli saymaq olarmı?
- Şərqşünaslıq İnstitutu fəaliyyətə 1958-ci ildən başlayıb. Elə o zamanlardan bizim şərqşünas filoloqların diqqətini ilk çəkən sahələrdən biri də ərəbdilli Azərbaycan ədəbiyyatı olub. Şərqşünas olaraq bilirik ki, xalqımızın mədəniyyətinin, o cümlədən ədəbiyyatının böyük bir hissəsi eyni zamanda ərəb dilində yaranıb. Hələ VII əsrin ikinci yarısından ərəb aləmində əslən Azərbaycandan olan şairlər yaşayıb yaradıblar. Bu haqda bir sıra ərəb filoloqları da qeyd ediblər. Ərəblərin istilası nəticəsində Azərbaycandan külli miqdarda insanlar qul şəkilində Xilafətin mərkəzinə - Səudiyyə Ərəbistanına aparılıb. Bu insanların içərisində Musa Şahavad, İsmayıl İbn Yassar və bir sıra şairlər fəaliyyət göstəriblər ki, onlarında yaratdığı şeirlərin fraqmentləri zəmanəmizə gəlib çatıb. Bilirik ki, ərəb ölkələrində islamın qəbul olunmasından sonra orada intibah baş verib. O cümlədən də VIII əsrdən başlayaraq qədim ərəb şeirinin yığılması və saxlanılması, onların qələmə alınması istiqamətində çox böyük işlər görülüb. İlk olaraq ərəbşünas alim Malik Maxmudov bu işlərlə məşğul olub. O, bütün ərəb mənbələrindən ərəbdilli Azərbaycan ədəbiyyatını, ərəbdilli Azərbaycan şeirinin nümunələrini toplayaraq tədqiq edib. O, həm də çox yaxşı bir monoqrafiya yazıb. Bizim institutumuz da bu kimi məsələlərlə bağlı çoxlu sayda tədqiqatlar aparılır. İnstitutumuzda digər ərəbdilli Azərbaycan dilli alimlərinin irsinin öyrənilməsilə yanaşı Xətib Təbrizi kimi ədiblərin də irsi öyrənilir. Bu kimi tədqiqatların aparılmasının yetərli olmasına gəlincə bizim alimlərimiz əllərindən gələni edirlər. Ancaq kənarlarda nə qalacağını deyə bilmərəm. Elə kitablar var ki, onların nümunələri xarici ölkələrin əlyazmalar fondlarında saxlanılır, ancaq onu bu günə kimi əldə edə bilməmişik, o zaman bu işlərin tədqiqi hələ öz növbəsini gözləyir. Bununla yanaşı, hesab edirəm ki, Azərbaycanın şərqşünas alimləri üçün mütləq xarici ölkələrin ən iri kitabxanalarına ekspedisiyalar təşkil olunmalıdır. Misal olaraq, İngiltərənin Oxford universitetinin Vudland kitabxanasına , həmin ölkənin "British museum"a da ekspedisiyalar da təşkil olunmalıdır. Bu istiqamətdə işləri planlaşdırmışıq.
- Şərqşünaslıq elminin müxtəlif sahələri ilə bağlı yazılan əsərlər necə hazırlanır və bunun üçün hansı mənbələrdən istifadə olunur?
- Alimlərimiz hansı sahəni tədqiq edirlərsə, o zaman mütləq həmin sahəyə aid orijinal dildə olan əsərləri oxumalıdır. Misal olaraq, ərəb ədəbiyyatından yazıb ancaq onun tərcümələrindən istifadə edəsən. Təbii ki, bu hal qəbul olunmazdır. Hər zaman belə dissertasiya olduqda onları geri qaytarırıq. Həmin əsərləri mütləq müəllifin yazdığı orijinal dildə oxumaq lazımdır.
- Gənclərin bu sahəyə marağı hansı səviyyədədir?
- Müstəqillik illərinin ilk dövrlərində bu sahəyə maraq bir az zəif idi. Ancaq son 7-8 il ərzində gənclərin bu sahəyə olan marağı xeyli dərəcədə çoxalıb. Onlar bu sahənin bir çox elmləri ilə də məşğul olmaq istəyirlər. Bəzilərinin həqiqətən də bu elmə qarşı marağı var, bəziləri isə özlərinin gələcəkdəki statusları üçün bu sahəyə maraq göstərirlər. Problem ondan ibarətdir ki, bu gənclərin bir qismi istedadlı və savadlı gənclərdir, digər qismi isə savadsızdırlar.
- İran prezidenti Əhmədinejadın "Ermənilər bizim tarixi əcdadlarımızdır" deməsini şərqşünas alim kimi necə şərh edərdiniz?
- Tarixi əcdadlarımız deyəndə ola bilər ki, nə vaxtsa tarixin dərinliklərində ermənilər və farslar etnos kimi formalaşıblar. Ancaq bu hal ona əsas vermir ki, o erməniləri farsların qədim əcdadları adlandırsın. Bu tamamilə düzgün fikir deyil. Fars etnosu erməni etnosundan qat-qat əvvəl yaranıb və qədim mədəniyyətə malik olub. Hətta islam mədəniyyətinin formalaşmasında da farsların böyük iştirakı olub. Erməni mədəniyyəti isə bundan sonralar formalaşıb. Ermənilərin isə bu etnosa olan təsiri isə ağlabatan fikir deyil. Ola bilər ki, dillərinin müəyyən qrammatik qaydalarında oxşarlıqlar var. Bəlkə, də bu fikirlər sırf diplomatik münasibətlər görə deyilib.