- Araz bəy, bu gün belə bir tendensiya formalaşıb ki, məhz siz müxalifət düşərgəsində "qardaş" münaqişəsinin əsasını qoymusunuz. Bu fikir nə dərəcədə reallığı əks etdirir?
- İlk olaraq, onu qeyd edim ki, bu, cəfəng bir fikirdir. Çünki müxalifət düşərgəsində "qardaş münasibətləri" heç də ilk olaraq mənimlə Zərdüşt Əlizadə arasında olmayıb. Belə bir münaqişə Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu ilə onun qardaşı Qurban Məmmədov arasında baş vermişdi. Onların nəyə görə belə bir vəziyyətə düşdüklərini deyə bilməsəm də, Zərdüştlə mənim aramdakı münaqişə sırf bir məsələ ilə əlaqədar idi. Çünki ASDP üzvləri mərkəzi komitədə bir nəfəri görmək istəmirdilər. Z.Əlizadə isə hər vəchlə buna israr edərək, həmin şəxsin ASDP mərkəzi komitəsində olmasını təkid edirdi. Eyni zamanda, bizim aramızda bundan başqa heç bir problem yox idi. Ona görə də, bu gün bizim aramızda olan həmin məsələni heç də müxalifət mənsubları öz bildikləri kimi yozmasınlar. Əgər müxalifət düşərgəsində qardaşlar arasındakı münaqişədən söhbət gedirsə, o zaman Müsavat icra aparatının rəhbəri Arif Hacıyevin qardaşlarının ona qarşı dayandığını və hər birinin də ayrı-ayrılıqda partiya yatardıqlarını da xüsusi ilə qeyd etmək lazımdır.
- Müxalifət düşərgəsində niyə iki qardaş bir yerdə olanda, hökmən orada problem olur?
- Bunlar boş söhbətlərdir. Biz Z.Əlizadə ilə ASDP yaranan gündən bir yerdə olmuşuq. Cəmi bir dəfə sözümüz üst-üstə düşməyib. Ona görə də, Z.Əlizadə partiyadan istefa verib gedib. Amma bu günə qədər də, o söhbət necə bitmişdisə də, elə də, qalıb. Bu başqa cür də ola bilməzdi.
- Arif Hacıyev də, qardaşları ilə münasibətlərini bu cür qurmaqda sizin "təcrübə"nizdən istifadə etməmiş olsun?
- Xeyr! Heç kəs bizdən nümunə götürməyib. Bizdən nümunə götürənlər tərbiyəni, savadı, bacarığı götürəydilər. Onlar bir vaxtlar dövlət çevrilişnə cəhd etməməydilər. Amma bir şeyi də başa düşmürəm ki, balaca tendensiya baş verəndə, onu dərhal bizim nümunəmiz kimi qələmə verirlər. Nədənsə, yaxşıları qeyd etmirlər.
- Mirzə Sakit də, öz qardaşından imtina edərək, hətta sizin "nümunə"nizə də jest etmiş oldu. Buna nə ad qoymaq olar?
- Vallah, mən başqalarının ailə işlərinə qarışmaq istəmirəm. Onların ailələrinin içində olanların məni zərrə qədər də maraqlandırmır.
- Nəyə görə müxalifət düşərgəsindəki "qardaşlar" yola getmir. Onlar hansı "mirası" bölə bilmirlər ki?
- Mən bilmirəm başqaları nəyi, necə bölmək istəyirlər. Amma yenə deyirəm ki, mən qardaşımla ancaq siyasi müstəvidə münaqişə etmişəm.
- Qardaş-qardaşın qanını yerdə qoymaz prinsipinə ata-babalarımız həmişə riayət edib. Bəs nədən müxalifət əks təbliğatla məşğuldur?
- Bu gün, əgər kimsə Zərduşt haqqında bir söz desə, inan ki, onun dilini boğazından çıxardaram. Eyni zamanda, bu, bizim ailə işlərimizdir. Bunun ictimaiyyətə, cəmiyyətə, siyasətə heç bir dəxli yoxdur. Çünki hər bir ailənin öz problemi var və heç vaxt da onu başqaları kimi müzakirə etməyin tərəfdarı olmamışam. Digər bir yandan bunu tərbiyə və qanacaqla da əlaqələndirməyi düzgün saymıram. Bu, tamam başqa bir məsələdir.
Tapdıq Qurbanlı