PDF Oxu

Müsahibə

  • 9

“Ali məktəblərdə vacib olan dərsliklərin siyahısı hazırlanaraq hökumətə təqdim edilib”

“Ali məktəblərdə vacib olan dərsliklərin siyahısı hazırlanaraq hökumətə təqdim edilib”

- Bu gün bir çox sinif dərsliklərində problemlər və uyğunsuzluqlar mövcuddur. Ümumiyyətlə, dərslik müəlliflərini seçərkən Təhsil Nazirliyi hansı metodlardan istifadə edir?

- Bu il IV, VII və XI siniflərin dərslik komponentləri və dərsliklərin hazırlanması üçün tender elanı verilib. Tenderin şərtlərinə cavab verən dərslik müəlliflərini biz tanımırıq. Nəşriyyatlar bu tenderlərdə iştirak edir. Onlar müəllifləri özü seçir və buna görə də kimin hansı formada seçilməsi artıq onların öz işləridir. Sonda dərsliklər qiymətləndirilir və əgər keçirsə müqavilələr bağlananda dərsliklərin müəllifinin kim olduğu bilinir. Həmin dərslikləri qiymətləndirdikdə onun müəllifinin kim olduğunu bilmirik. Yalnız sonda qiymətləndirmədən keçən müəlliflərlə müqavilə bağlanan zaman onların kim olduqlarını bilirik.

- Dərsliklərdə mövcud olan bütün səhvlərin, yanlışların səbəbi sonda cəmiyyət tərəfindən Təhsil Nazirliyində görünür. Bu problemlərin qabaqcadan qarşısını almaq üçün nə işlər görülür?

- Cəmiyyətdə bunları maarifləndirmək üçün mətbuat orqanlarının da üzərinə müəyyən iş düşür. Bəzi mətbuat orqanları tərəfindən Təhsil Nazirliyinin, dərsliklərə pis mövqedən yanaşan insanların mövqeyinə münasibət bildirməməsi bu işlərə daha da ziyan gətirir. Dərsliklərlə, Təhsil Nazirliyinin gördüyü işlərlə bağlı gözdənsalma kampaniyasına qoşulanda təbii ki, cəmiyyətdə müəyyən problemlərlə bağlı anlaşılmazlıqlar yaranır. Təhsil Nazirliyi hər zaman bəyan edir ki, elə müəlliflər seçilməlidir ki, onları da yazdıqlarına görə sabah cəmiyyət qəbul etsin. Dərsliklər hazırlayan nəşriyyatlar bunu bilir və ona görə də bu məsələdə məsuliyyət artıq onların boynundadır. Bizə təqdim olunan dərsliklər keyfiyyətli olduğundan onun müəllifinin kim olduğu bizim üçün o qədər də maraqlı deyil. Çünki bizim üçün ən əsası dərsliklərin düzgün və keyfiyyətli olmasıdır. Biz də bu istiqamətdə işimizi aparır, qiymətləndirməni həyata keçiririk. Bu proses çox dəqiq və şəffaf şəkildə aparılır. Artıq cəmiyyət də görür ki, ilbəil bizim dərsliklərlə bağlı uğurlarımız artır. İndi 10 il bundan qabaqki dərsliklər deyil. Bunların hamısı ona xidmət edir ki, biz dərslikləri daha da yaxşılaşdıraq.

- Bu gün orta məktəblərə lazımi səviyyədə dərsliklər hazırlanır. Amma ali məktəblərdə dərslik problemləri mövcuddur və bir çox ixtisaslar üzrə hələ də rus dilli materiallardan istifadə edilir. Bu və ya digər problemlərin qarşısını almaq üçün hansı işlər görülməlidir?

- Orta ümumtəhsil məktəblərində dərsliklərin hazırlanması üçün dövlət vəsaiti ayrılır. Hər il o vəsaitlər imkan daxilində artırılır, bu işlər çox uğurla həyata keçirilir. Orta məktəblərdə dərsliklər konkret sayda hazırlanır, yəni onların miqdarı ali məktəblərdəki kimi deyil. Amma ali məktəblərdə vəziyyət tamamilə fərqlənir. Məsələn, Azərbaycan Dövlət Pedaqoji Universitetində bir çox ixtisaslar və həmin ixtisaslar üzrə keçirilən dərslər var. Bunları təbii ki, dövlət hesabına çap etdirmək mümkün deyil. Dünyanın hələ ki heç bir yerində belə bir şey yoxdur. Amma hər bir ali məktəb öz imkanları daxilində çox vacib olan dərslikləri latın qrafikası ilə çap edir. Bəzən universitetlərin, bir çox hallarda da ali məktəb müəllimlərinin özlərinin hesabına bu dərslikləri nəşr etdirilir və bunun nəticəsində də tələbələr müəyyən dərsliklərlə təmin edilir. Təbii ki, bu saylar azdır. Bunun da bir mexanizmi olmalıdır. Təhsil Nazirliyi bu barədə fikirləşir və ali məktəblərdə çox vacib, tələbələrə lazım olanların siyahısı hazırlanaraq hökumətə təqdim edilib. Dövlət hesabına bəlkə irəliləyiş edə bilək. Amma təbii ki, iş gedir. İldən-ilə dövlətin imkanları artır və 15 il bundan öncəyə qədər məktəblərdə dərsliklər dövlət hesabına verilmirdi. Amma ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra bu dərsliklər orta məktəblərə dövlətin vəsaiti hesabına verilir. Artıq ibtidai siniflərdə müəllim üçün metodik vəsaitləri də pulsuz verilir. Bu və ya digər istiqamətlərdə işlərimiz gedir.

Digər xəbərlər