Azərbaycanda elmin inkişafı daim dövlətin diqqət mərkəzindədir
- Əhliman müəllim, Azərbaycanda elmin inkişafı istiqamətində son vaxtlar ciddi addımlar atılır. Dövlət başçısı tərəfindən bu yöndə bir sıra sərəncamlar imzalanıb. Ölkəmizin nüfuzlu elm xadimi kimi elmin inkişafı ilə bağlı görülən işləri necə qiymətləndirirsiniz?
- Əlbəttə, ölkəmizin, cəmiyyətimizin inkişafı bu və ya digər dərəcədə elmin inkişafı ilə bağlıdır. Əgər bu gün biz fundamental elmləri inkişaf etdirməsək, ciddi elmi-tədqiqat işləri aparmasaq, gələcəkdə hər hansı böyük nailiyyətlərdən danışa bilmərik. Bu mənada cənab Prezident İlham Əliyevin Azərbaycan elminə, elmin inkişafına qayğısı yüksək dəyərləndirilməlidir. Dövlət başçısının son vaxtlar imzaladığı sərəncamlar onu təsdiqləyir ki, elmin inkişafı daim dövlətimizin diqqət mərkəzindədir.
Ümumiyyətlə, bu istiqamətdə son illər bir sıra vacib addımlar atılıb. Elmin İnkişaf Fondunun yaradılması da bu prosesin tərkib hissəsidir. Bu fondun yaradılması çox vacib bir məsələdir. Çünki biz həmişə deyirdik ki, perspektivi olan tədqiqat istiqamətləri, Azərbaycan üçün vacib olan elm sahələri, xüsusən də bizim ölkə üçün son dərəcə böyük əhəmiyyət kəsb edən elmin bu və digər sahələrini maliyyələşdirmək üçün qrant sisteminə keçmək lazımdır. Qrant sistemi dünyada mövcuddur və bu sistemdən Avropada, Amerikada geniş istifadə olunur. Rusiyada da bu istiqamətdə xeyli irəli gediblər. Yəni bu amil elmin inkişafına güclü təkan verən bir məsələdir. Azərbaycanda Elmin İnkişaf Fondunun yaradılması və bu sahədə qrantların ayrılması, pilot layihələrin həyata keçirilməsi elmin inkişafına xeyli təsir göstərən amillərdən biridir. Fondun vəsaitinin az olmasına baxmayaraq hesab edirəm ki, bu məsələ elmi-tədqiqatçılar arasında həddindən artıq çox maraq doğurur. Keçirilən müsabiqələr də çox obyektiv aparılır, seçilən işlərdə obyektivlik qorunur. Mən, bütövlükdə bu fondun fəaliyyətini müsbət qiymətləndirirəm və fikrimcə, fondun əhatə etdiyi sahələr gələcəkdə genişləndirilməlidir.
Onu da xüsusi vurğulamaq istəyirəm ki, AMEA-nın illik ümumi yığıncağında Azərbaycan Prezidentinin iştirakı və dərin məzmunlu çıxışı tarixi bir hadisədir. Bu fakt onu göstərir ki, Prezidentimizin ölkədə elmin inkişafına marağı son dərəcə yüksəkdir və elmin inkişaf etməsi üçün əlindən gələni edir. Ümumiyyətlə, elmlə məşğul olan bir adam kimi demək istəyirəm ki, belə hallara bu və ya digər ölkələrdə çox nadir hallarda təsadüf olunur. İstər hər hansı bir elmi qurumun, elmə rəhbərlik edən bir təşkilatın illik yığıncağında ölkə başçısının iştirak etməsi və orada alimlərin mövcud problemlərini dinləməsi, çatışmamazlıqları dinləməsi və məhz bundan sonra təcili olaraq qərarlar qəbul edilməsi, sərəncamlar verilməsi bir daha ölkə başçısının elmə olan qayğısının təzahürüdür. Həmin yığıncaqda elmin elə bir sahəsi olmadı ki, cənab Prezident o sahəyə toxunmasın. Xüsusilə gənclərin elmə cəlb olunması, AMEA-nın institutlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, akademiyadan vaxtilə bu və digər səbəblərə görə alınmış binaların geri qaytarılması, akademiya əməkdaşlarının əməkhaqlarının artırılması, akademiya şəhərciyində akademik kitabxanın tikintisi ilə bağlı sərəncamın verilməsi çox ciddi hadisədir. Hesab edirəm ki, bu yığıncaqdan sonra elmdə mövcud problemlər öz həllini tapacaq. İllik yığıncaqda bir daha təsdiqləndi ki, bütövlükdə ölkədə elmə rəhbərlik edən bir təşkilat varsa o da AMEA-dır. İndi bundan sonra qarşıda duran vəzifələrin həlli ilə bağlı bu sahəyə rəhbərlik edən insanların üzərinə ciddi məsuliyyət düşür. Mən də akademiyada biologiya elmləri bölməsinə rəhbərlik edirəm və həmin sahənin inkişafı ilə bağlı ciddi işlərin görüləcəyini bildirmək istəyirəm. Bütövlükdə, akademiyada çox böyük islahatların həyata keçirilməsi nəzərdə tutulub və əminəm ki, bu islahatlar öz nəticəsini verəcək.
- Elm sahəsində nə kimi problemlər mövcuddur? Bu gün həmin problemlərin həlli ilə bağlı hansı addımların atılması zəruridir?
- Qeyd etdiyim kimi Azərbaycanda elmin inkişafı sahəsində çox böyük işlər görülür. Amma problemlər də var. Bu problemlər akademiyanın ümumi iclasında müzakirə olunub. Müəyyən islahatların aparılmasına ehtiyac var. Məsələn, elə qurumlar var ki, bir-birini təkrar edir. Həm müəyyən nazirliklər sistemində institut var, həm də akademiyada o istiqamətdə institut mövcuddur. Bunlar birləşməlidir, bir qədər ixtisar aparılmalıdır. Elə adamlar ki, onların adları guya elmi-tədqiqat işi aparan kimi gedir, amma özləri başqa işlə məşğul olurlar. Bu istiqamətdə hesab edirəm ki, mobil işləyən, nisbətən gənc, bizim elmimizin gələcəyini irəli apara bilən qurumlar yaradılmalıdır. Mən hər zaman deyirəm ki, dünyada elmi irəli apara biləcək tək-tək insanların dövrü qurtarıb. Nyutonların, Eynşteynlərin dövrü bitib. Tək bir adam elmin inkişafında heç nə edə bilməz. Hazırda elmdə böyük kollektivlərin, komandaların dövrü başlayıb. Bu gün təkcə tibb mütəxxəsisi olmaqla elmi irəli apara bilməzsən. Gərək sən bununla yanaşı sənə yaxın olan digər sahələrin insanları ilə yanaşı addımlayasan. Komanda yaradaraq müəyyən ideyaları həyata keçirmək olar. Təkcə bir adam bu gün elmdə heç nə edə bilməz. Yəni, elmdə fərdiçilik dövrü bitib.
- Bu gün həyata keçirilən siyasət nəticəsində ölkəmiz yeniləşir və müasirləşir. Sizcə, bu prosesdə elm ictimaiyyətinin üzərinə düşən vəzifələr nədən ibarətdir?
- Mən hesab edirəm ki, müasirləşmə bilavastə elmi-tədqiqatlarla bağlıdır. Hansı sahələr olur olsun -səhiyyə, təhsil, innovasiyalar, müasir texnologiyalar və s. sahələrin ölkəyə cəlb edilməsinin elmi əsasları olmalıdır. Əgər biz bu gün səhiyyəmizi inkişaf etdiririksə onu elmi əsaslar üzərində inkişaf etdirməliyik. Əgər təhsilin bütün istiqamətləri üzrə müvəffəqiyyət qazanmaq, dünya təhsil sisteminə inteqrasiya etmək istəyiriksə, bu sahədə elmi-tədqiqatların nəticəsindən bəhrələnməliyik. Ona görə də, düşünürəm ki, həyata keçən hər bir işdə akademiyanın müvafiq bölmələri bilavasitə iştirak etməlidir. Bütün dünyada belədir ki, hər hansı bir sahədə müəyyən islahatlar həyata keçirəndə, köklü islahatlar aparanda, hətta ölkə rəhbərliyi səviyyəsində islahatlarla əlaqədar komissiya yaradılanda hökmən akademiyanın bu və ya digər qurumları həmin prosesdə iştirak edir. Keçmiş SSRİ-də də belə idi. Çünki məlumdur ki, elmi əsaslandırma olmadan hər hansı bir sahəni inkişaf etdirmək mümkün deyil. Akademiya və elmi-tədqiqatla məşğul olan mütəxəssislər bütün bu proseslərdə yaxından iştirak etməlidirlər. Əgər belə olmasa, aparılan islahatlar tam ola bilməz.
- Əhliman müəllim, son vaxtlar Azərbaycan cəmiyyətində müzakirə olunan əsas mövzulardan biri dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanlar üçün yaş məhdudiyyətinin tətbiq olunmasıdır. Məlumdur ki, parlament bu məsələ ilə bağlı müvafiq qanunlara dəyişikliklər edib. Amma cəmiyyətimizdə bu dəyişikliyə müxtəlif cür yanaşılır. Bir ziyalı olaraq məsələyə sizin yanaşmanız necədir?
- "Qızıl orta" deyilən bir anlayış var. Bu prinsip gözlənilməlidir. Dünyada elə bir ölkə yoxdur ki, orada yaş məhdudiyyəti olmasın. Mən parlamentdə çıxışım zamanı da bunu demişəm. Yaş məhdudiyyətinin olması günün tələbidir. Biz kimisə əvəz etmişik, bizi də yetişən nəsil əvəz etməlidir. Bütün sahələrdə yaş məhdudiyyəti olmalıdır. Ancaq bunun birdən-birə inqilabi qaydada həyata keçirilməsi, elmdə, xüsusilə ali təhsilimizdə müəyyən boşluq yarada bilər. Əgər ali təhsil müəsissələrində sabahdan 65 yaşla bağlı məhdudiyyəti tətbiq etsək çox çətin bir vəziyyətə düşəcəyik. Məsələn, bu qayda tətbiq olunsa, Tibb Universitetinin professor-müəllim kollektivinin təxminən 30 faizi ixtisara getməlidir. Hələ bizim universitetdə vəziyyət yaxşıdır, çünki elə ali məktəblərimiz var ki, bu rəqəm gəlib 65-70 faizə çatır. Təsəvvür edin ki, professor-müəllim heyətinin 70 faizini birdən kənarlaşdırıb onun yerini mütəxəssislə doldurmaq çox çətin məsələdir. Mütəxəssis yetişdirmək, alim yetişdirmək çox çətin məsələdir. Dosent yetişdirmək bir ilin, iki ilin işi deyil. Mənə belə gəlir ki, bu proseslər tədricən həyata keçməlidir. Hətta Milli Məclisdə mən belə bir təklif verdim ki, bu prosesi təhsildə və səhiyyədə 70 yaşdan başlayaq.
Yenə də qeyd edirəm ki, ümumilikdə mən bu yeniliyin tərəfdarıyam. Çünki gənclərimizin inkişafı üçün buna getməliyik. Elə kafedra müdirləri, professorlar var ki, yaşı çoxdan 70-i keçib, hətta 80 yaşı da keçib. Həmin mütəxəssislər də fikirləşməlidir ki, onun arxasınca gələn gənc mütəxəsislər də var. Artıq həmin yaşda olanların arxasınca gələn nəslin yaşı 60-ı keçib. Onlara da bir meydan verilməli, şərait yaradılmalıdır. Ona görə də, mən ümumilikdə yaş senzinin tərəfdarıyam. Bunu isə birdən-birə inqilabi dəyişikliklər formasında yox, tədricən etmək lazımdır. Artıq pensiya ilə bağlı da yeni qanun qəbul olunub. Burada elmi dərəcələrə görə pensiyalara əlavələrin olunması məsələsi yer alır. Mənə elə gəlir ki, bu qayda işləyən elmi dərəcəsi olan insanlara da şamil edilsə çox yaxşı olar. Amma bu fakt təqaüd yaşına çatmış professorların pensiyanın azlığı ilə bağlı arqumentlərinin qarşısını alır. Bu gün artıq professor təqaüdə çıxanda hardasa 500 manat təqaüd alacaq. Bu da normal bir göstəricidir.
- Necə hesab edirsiniz, sovetlər dövründə yetişmiş elm ictimaiyyətini əvəz etmək üçün hələ gənc nəsil formalaşmayıbmı?
- Mən də keçmiş SSRİ dövründə təhsil almışam, professor olmuşam, 20 il Moskvada çalışmışam. Əlbəttə, SSRİ dövründə də elmə çox böyük fikir verirdilər. Həmin dövrdə hökumət elm sahəsini yaxşı maliyyələşdirirdi. Elmin inkişafı üçün mütləq maliyyə dəstəyi, maddi-texniki baza olmalıdır, elmi-tədqiqatçıya yaxşı maaş verilməlidir. Onun işləməsi üçün normal şərait lazımdır. Bunlar olandan sonra elmi-tədqiqata da maraq artır. SSRİ dövründə də istər respublikalarda, istərsə də ölkənin mərkəzində yüksək elmi-tədqiqat işləri gedirdi. Hətta elə elm sahələri vardı ki, keçmiş SSRİ həmin sahə üzrə dünyada birinci yeri tuturdu. Bununla belə, o dövrün də müəyyən çətinlikləri, çərçivəsi vardı. Müəyyən elmi işləri sovet ideologiyası çərçivəsinə salırdılar. Mən belə fikirlə razı deyiləm ki, o dövrdə hər şey yaxşı idi, indi o səviyyədə deyil. Hazırda yaxşı elmi-tədqiqatlar aparılır, yaxşı tədqiqatçılarımız, böyük alimlərimiz var, çox gözəl elmi nailiyyətlərimiz mövcuddur. Mən AMEA-da biologiya elmləri bölməsinin akademik katibiyəm və hər il bizdə universitetlər hesabat verirlər. SSRİ dövründə çox tanınmış, reytinqi, indeksi yüksək olan jurnallarda respublikadan bəlkə də ildə bir məqalə dərc olunurdu. İndi isə Azərbaycandan belə jurnallarda çap olunan elmi məqalələrin sayı ilbə-il artır. Bəzən deyirlər ki, jurnal da özümüzündür, tədqiqatı da özümüz aparıb çap edirik. Amma belə deyil. Xaricdə nəşr olunan jurnallarda Azərbaycandan olan işlərin xüsusi çəkisinin artması ölkəmizdə elmi-tədqiqatların səviyyəsinin yaxşı olmasından xəbər verir. Elə alimlərimiz var ki, dünyanın yüzlərlə, minlərlə alimləri onun elmi işlərinə istinad edirlər. Onların apardığı elmi-tədqiqat işini dünyanın hansısa mötəbər jurnalı qəbul edir. Və o jurnalı oxuyan insanlar dünyanın bu və ya digər nöqtəsində həmin alimə istinad edirlər. Bu göstəricilər şükürlər olsun ki, ilbəil bizim ölkədə artır.