- Elçin bəy, sizcə, siyasi partiyaların yenidən qeydiyyatdan keçməsi məsələsində hansı prinsiplər əsas götürülməlidir?
Ölkədə təkcə çoxlu sayda siyasi partiya və eyni zamanda, çoxlu sayda faydasız, fəaliyyət göstərməyən qeyri-hökumət təşkilatları, "reket" fəaliyyəti ilə məşğul olan mətbuat orqanları da mövcuddur. Cəmiyyətə daha çox ziyan verən ayrı-ayrı strukturlar da hələ də qalmaqdadır. Ona görə də, inzibati metodlarla bu problemin həlli mümkün deyil. Düşünürəm ki, "Siyasi partiyalar haqqında" Qanun qəbul olunduqdan və partiyaların dövlət tərəfindən maliyyələşməsi mexanizmi müəyyənləşdikdən sonra həmin o kiçik çaplı əhəmiyyətsiz, az qala bəzilərinin biznes strukturuna çevrilmiş partiyalar da, öz-özlüyündə sıradan çıxacaq. Onların mövcudluqları qalsa belə, ölkənin siyasi həyatına hər hansı bir təsir göstərmədiyi üçün bu əhəmiyyətli mövcudluq olmayacaq. Çünki artıq Azərbaycan siyasətində 10-20 partiyanın bir yerə toplaşaraq, nə etməsi kimi məsələlərin effekti çoxdan sıradan çıxıb. Bu nə təbliğat forması, nə də başqa bir şey kimi əhəmiyyətsiz bir texnologiyadır. Kimsə bu texnologiyadan istifadə edirsə, o özünü ancaq gülüş obyektinə çevirə bilər.
- Yaranacaq yeni siyasi partiyaların fəaliyyətlərinin müəyyənləşdirilməsi mexanizmi necə olacaq?
- Əgər bundan sonra yeni partiyalar meydana çıxacaqlarsa, onlar "Siyasi partiyalar haqqında" yeni Qanuna uyğun ölkə siyasətində uğur qazanacaqlarsa, parlament seçkilərində səs toplaya biləcəklərsə, onların səsləri imkan verəcək ki, həmin partiyalar da dövlət tərəfindən maliyyələşsin. Yaranacaq yeni siyasi partiyalar ölkənin siyasi həyatında aparıcı yer tuta biləcəklərsə, buyursunlar. İctimai-siyasi rəydə aparıcı yer tuta bilməyən partiyalar, onsuz da, gündəmdən kənarda qalacaq. Misal kimi bu gün ABŞ-da 200 artıq partiya fəaliyyət göstərir. Faktiki olaraq ancaq iki partiya ABŞ-da keçirilən bütün seçki proseslərində mübarizə aparır. Türkiyədəki son seçkilərə nəzər saldıqda da, bunu açıq şəkildə görmək mümkündür. Oradakı seçki prosesində onlarla siyasi partiya "barajın" altında qaldı. Bir neçə siyasi partiya isə, ümumiyyətlə, seçkilərə qatıla bilmədi. Siyasi meydanda isə təkcə üç partiya nəzərə çarpdı. Onlarda siyasi partiyaları "barajın" altında saxlamaq üçün inzibati metodologiyalar tətbiq olunmamışdı. Və yaxud siyasi fəaliyyəti nəzərə çarpmayan siyasi partiyaların fəaliyyəti ləğv olunmamışdı. Çünki onlarda qeydiyyat məsələsi həddən artıq sadədir. Meydanda olan siyasi partiyaların malik olduğu imkanları onların siyasi arenada yer tutmasına imkan yaradır. Əminəm ki, Azərbaycanda da, indiki qanun dəyişikliyi buna imkan yaradacaq.
- Müxalifət partiyaları, konkret olaraq "İctimai Palata" 19 iyunda mitinq keçirmək haqqında qərar verib. Sizcə, bunun arxasında hansı məqamlar dayanır?
- "İctimai Palata"nın bundan öncə keçirdiyi qanunsuz aksiyalarının bir nəticəsinin olmadığını və bundan sonrakıların da heç bir nəticəsinin olmayacağını söylədi. Həmin insanlar keçirdikləri aksiyaların xalq tərəfindən dəstəklənmədiyini əvvəlcədən deyirlər. Hətta etikadan kənar formada bu məsələləri xalqın boynuna qoymağa çalışırlar ki, "xalq bizim aksiyalarda başını dəyənək atlına vermək istəmir". Belə bir ifadə ilə Müsavat partiyasının məclis sədri Arzu Səmədbəyli çıxış edib. Amma onlar sonra yenidən öz qərarlarının əleyhinə çıxıb, aksiya keçirmək haqqında qərar verirlər. Bu da onu sübuta yetirir ki, bu şəxslər özləri tərəfindən idarə olunmur. Çünki özü qərar qəbul edən bir struktur və yaxud qrum əgər öz iradəsinə tabedirsə, o öz qərarını dəyişməz. Deməli, o, başqa tərəfdən, xarici təsirlərin diqtəsi ilə idarə olunur və onlara aksiya keçir dedikdə keçirirlər, keçirmə dedikdə isə keçirmirlər. Hesab edirəm ki, indiki aksiyanın səbəbi dünyanın diqqətinin Azərbaycanda olması, Azərbaycanın "Eurovision" müsabiqəsində qazandığı uğur və bununla başlanılan hazırlıq prosesi dünyanın diqqət mərkəzindədir. Görünür, kimlərsə bu situasiyadan istifadə edərək, prosesqabağı Azərbaycan haqqında mənfi imic formalaşdırmaq istəyirlər.
Tapdıq Qurbanlı