- Tahir bəy, bildiyiniz kimi, "İctimai Palata"nın 19 iyuna təyin etdiyi mitinq iflasa uğradı. Bunun səbəbini nə ilə əlaqələndirərdiniz?
- Əvvəlcədən biz nə diaqnoz qoymuşduqsa, o da oldu. Çünki biz bilirdik və deyirdik ki, bu ictimaiyyət, xalq müxalifətin mitinqlərini müdafiə etməyəcək. Hesab edirəm ki, radikal müxalifət icazəsiz aksiyalar keçirməklə, qarşısına qoyulan hədəflərə çatmayıb və bundan sonra da buna nail olmayacaq. Aksiyalar ərəfəsi müxalifət etiraz aksiyaları keçiriləndə minlərlə insanların toplaşacağını və istəklərinin reallığa çevriləcəklərini vəd edirlər. Amma bu günə kimi keçirdikləri icazəsiz aksiya zamanı nə minlərlə insan toplaşır, nə də istəkləri reallığa çevrilir. Zaman təsdiqlədi ki, radikal müxalifət icazəsiz aksiyalar yolu ilə heç vaxt öz istəklərinə çatan deyil. Müxalifət isə, bunun əksinə olaraq, yalandan bəyanatlar verir, guya xalq bunları dəstəkləyəcək. Amma zaman göstərdi ki, onların bu cür iddialarının hamısı fiaskoya uğradı. Eynilə 19 iyunda cəhd edilən mitinq də göstərdi ki, xalq onları heç vaxt müdafiə etməyib. Çünki müxalifət qurumlarının böyük əksəriyyəti partiya funksiyasını itirib. Onların partiyası hansısa bir diskusiya klubuna çevrilibdir. Elə bunu bilə-bilə özlərini ancaq mətbuat, qəzet üzərində saxlamağa çalışırlar. Hər halda, özünə hörmət edən hər bir insan düşünməlidir ki, bu cür yalançı vədlərlə getdikcə gözdən düşürlər.
- Tahir bəy, məlum olduğu kimi, Müsavat başqanı İsa Qəmbərovla AXCP (i) sədri Əli Kərimovun ABŞ-ın nümayəndəsi ilə görüşü olub. Sizcə, bu görüşün arxasında hansısa gizlin məqamların dayandığını söyləmək olarmı?
- Mənim düşüncəmə görə, xaricdə də yaxşı bilirlər ki, Müsavat və AXCP (i) kimi partiyaların Azərbaycan cəmiyyətində çəkisi böyük deyil. Yəni istəsələr, onlar bu cür şəxslərlə görüşməyə də bilərlər. Amma ortaya bir sual çıxır ki, nə üçün onlar bu görüşə maraq göstəriblər? Çünki Azərbaycanda bu cür oyuncaq qurumların olması onlara sərf edir. Amma məsələ ondan ibarətdir ki, belə görüşlərdən sonra xaricilər istəklərinə də nail ola bilmirlər. Ona görə də, hər dəfə görüşüb müxalifət "lider"lərinə quru vədlər verirlər. Bütün məqamlarda isə müxalifət nümayəndələri ilə görüşən xarici ölkə təmsilçiləri özləri-özlərini pis vəziyyətdə qoymuş olurlar.
- Sizcə, bugünkü cəmiyyətin əhatəsində müxalifətçilik anlayışında dəyişikliyin edilməsi zərurəti nə dərəcədə mümkündür?
- Mən onlara məsləhət görərdim ki, radikal müxalifət nümayəndələri "papaqlarını" (əgər o papaqdırsa-R.H.) qabaqlarına qoyub düşünməlidirlər. Əgər onlar yaxşı təkliflərlə çıxışı etməyi, cəmiyyətin diqqətinə səbəb ola biləcək addımları ata bilmirlərsə, daha kimə lazımdırlar? Yəni müxalifətçiliyin əsl kökləri də buna əsaslanmalıdır ki, onlar islahatçı mövqeyindən çıxış etsinlər.
- Müxalifət adından məhz Müsavat və AXCP (i)-nin danışmasını necə qarşıladınız?
- İstər Müsavat, istərsə də, AXCP (i) bugünkü potensialına əsaslanmırlar. Yəni Müsavat Azərbaycan Demokratik Respublikasını quran tarixi Müsavat hakimiyyətinin "assosiasiyasını", AXCP (i) isə milli azadlıq hərəkatındakı AXC-nin "rudimenti" kimi çıxış edir. Onlar öz güclərinə deyil, daha çox keçmişlərinə istinad etməyə çalışırlar. Amma bu, o demək deyil ki, həmin partiyalar keçmişdə olduğu kimi, bu gün də eyni formadadılar. Adıçəkilən partiyaların nə dərəcədə öz keçmişləri ilə bağlı olduğunu özləri bizdən yaxşı bilirlər. Sadəcə olaraq, beynəlxalq təşkilatların gözünə kül üfürməyə çalışan bu siyasətbazlar hər bir anlamda öz maraqlarını təmin etməkdə iddialıdırlar. Bundan əlavə, xarici donor təşkilatların nümayəndələri və bir sıra beynəlxalq əhəmiyyətli qurumların təmsilçiləri də Azərbaycanda kimləri özünə kölə edib maraqlarına xidmət etdirməyə cəlb edəcəklərini də çox gözəl bilirlər.
R.Kamalqızı