PDF Oxu

Müsahibə

  • 6

Müxalifətin “mitinq xəstəliyi”

Müxalifətin “mitinq xəstəliyi”

YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə "Səs" qəzetinə verdiyi açıqlamasında müxalifətin atdığı addımların uğursuz olmasına baxmayaraq, yenə də həyasızcasına "mitinq" deyib durduqlarını söylədi.

- Aydın müəllim, "İctimai Palata"nın məlum 19 iyun aksiyası fiaskoya uğrasa da, yenə də mitinq istəyində olduqlarını söyləyirlər. Bu haqda nə demək istərdiniz?

- Bu, "bəlkə də qaytardılar" "arzusu" ilə yaşayan xəstə müxalifətin boş xülyalarıdır. Sadəcə, mən bununla bağlı başqa bir məqama da toxunmaq istərdim. Bildiyiniz kimi, bir ara ayrı-ayrı partiyalar təkbaşına mitinq keçirmək yoluna üstünlük verirdilər. Hətta bir neçə il bundan əvvəl, Müsavat partiyası "Ukrayna dairə"sində sonuncu mitinqini 50-60 nəfərlə başa vurdu və bununla da belə demək mümkünsə, mitinq həvəsinə son qoydu. Son zaman edilən mitinq cəhdlərində də hər dəfə daha az sayda insanlar bir yerə toplaşır. Bu, artıq bir siyasi tragikomediyaya, özünün-özünə real qiymətvermə hissinin itirilməsi səhnəsinə çevrilib. Bu baxımdan götürəndə 19 iyunda Azərbaycanda bir daha kimin kim olduğu ortaya çıxdı.

- Sizcə, həmin qüvvələr aksiyalarının uğursuz olacağını bilə-bilə nəyə görə növbəti addıma gedirlər?

- Mənə elə gəlir ki, bunlar reallıq hissini itirmiş insanlardır. Onlar cəmiyyətlə təmasda, insanlar arasında olmurlar, özləri verdikləri müsahibələri oxuyaraq, özləri haqqında yüksək fikirlərə düşürlər. Bir anlığa təsəvvür etsək, görərik ki, bu gün müxalifət partiyalarının liderləri içərisində yeni - 90-cı illərin sonlarında 2000-ci illərdə yetişmiş insanlar yoxdur. Çünki həmin insanlar yeni təfəkkürlə, yeni baxışla, yeni təkliflərlə meydana gələcəklər. Bu isə, heç şübhəsiz ki, indiki müxalifət liderlərinə sərf etmir. Bu gün müxalifətçilik və liderlik onlar üçün bir biznes imkanıdır, özlərini cəmiyyətdə yada salmaq, özlərinin maddi vəziyyətlərini təmin etmək üçün yeganə bir vasitədir. Siyasətdən gedəcəkləri halda, onların haradasa özlərini tapmaq, maddi vəziyyətlərini təmin etmək imkanları olmayacaq. Bu insanlar 20 ildən çoxdur ki, siyasətdədirlər, 20 ildən artıqdır ki, özlərini zorla ictimaiyyətə təqdim etmək, zorla hakimiyyətə gəlmək istəyirlər. Bu baxımdan onlar başqa bir yol tanımırlar, başqa bir metod tapmırlar və nəticədə, Azərbaycan cəmiyyəti, çox təəssüf ki, belə bir formatla vaxtaşırı üzbəüz qalmalı olur.


RƏFİQƏ HÜSEYNOVA

Digər xəbərlər