- Məlahət xanım, Ermənistan prezidenti Serj Sarkisyanın AŞPA-dakı çıxışını dünya birliyinə meydan oxumaq kimi qiymətləndirmək olarmı?
- Ermənistan prezidenti Serj Sarkisyanın AŞPA-dakı çıxışını təkcə Azərbaycana qarşı deyil, beynəlxalq birliyə, hüquqa və dünya ictimaiyyətinə qarşı meydan oxumaq kimi qiymətləndirmək olar. Ona görə ki, bu gün dünyada ən nüfuzlu beynəlxalq təşkilatlar sayılan Avropa Şurası Parlament Assambleyası, Avropa Birliyi, Birləşmiş Millətlər Təşkilatı, İslam Konfransı Təşkilatı kimi təşkilatlar Ermənistanın Azərbaycanın 20 faiz torpaqlarını işğal edərək təcavüzkar siyasət yeritməsini, insanlığa cinayət kimi dəyərləndirilən Xocalı soyqırımının törədilməsi faktını tanıyıblar. Bu siyasətin başında S.Sarkisyanın durduğunu qeyd ediblər. Birləşmiş Millətlər Təşkilatının 4 qətnaməsində, Avropa Şurasının Parlament Assambleyasının və Avropa Birliyinin qəbul etdiyi qətnamədə Azərbaycanın ərazi bütövlüyü tanınıb. Bir daha Ermənistan prezidenti S.Sarkisyanın AŞPA-dakı çıxışı bütün beynəlxalq hüquqa qarşı işğalçı bir siyasət və soyqırımıdır. Mən bir vətəndaş kimi, onu demək istəyirəm ki, qoy beynəlxalq ictimaiyyət S.Sarkisyanın bu əməllərini görsünlər. Həmin təşkilatlar gözlərini açıb görsün ki, bütün sənədlərində cinayətkar və işğalçı kimi qəbul etdikləri bir dövlətin başçısı bax, bu formada çıxış edib.
- Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olmaq üçün nəhayətdə Ermənistan sülh, yoxsa müharibə variantını seçəcək?
- Heç vaxt Ermənistan müharibə variantını seçə bilməz. Çünki bildiyiniz kimi, Ermənistan bu gündən sabaha əhalisinin çörək pulunu fikirləşən və ağır iqtisadi durumda olan bir ölkədir. Yəni Ermənistan digər dövlətlərin ianəsi hesabına yaşayan ölkədir. Hər kəsə bəllidir ki, Azərbaycanın silahlı qüvvələrə, müdafiə sahəsinə ayrılan xərci, Ermənistanın dövlət büdcəsindən çoxdur. Ona görə də, işğalçı ölkənin ordusu hədsiz dərəcədə pis vəziyyətdədir. Bir sözlə, Ermənistanın bu gün müharibə etməyə heyi və iqtidarı yoxdur. Bu gün hər kəs bilir ki, işğalçı ölkənin ordusuna və silahlı qüvvələrinə kim dəstək verir. Hər kəs yaxşı bilir ki, kimin silahlı qüvvələri, hərbi hissələri Ermənistanda və işğal altında olan Qarabağda yerləşir. Bunu həm ermənilər, həm də hər bir kəs çox gözəl bilir. Ona görə də, Ermənistanın öz gücünə, ordusuna, xalqına güvənib müharibə etmək gücü və heyi yoxdur. Əgər Ermənistan ordusu müharibə eləsə Azərbaycan əsgəri onun rəşadətlə cavabını verə bilər. Bir saat kifayət edər ki, Azərbaycan Ordusunun apardığı hərbi əməliyyat nəticəsində Ermənistan ordusu darmadağın edilsin.
- Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına arxalanması nə dərəcədə real görünür?
- Ermənistan bu günə qədər heç vaxt özünə güvənməyib. Bu, çox gözəl deyilən bir fikirdir ki, Ermənistan Rusiyanın forpostudur. Ona görə də, hesab edirəm ki, işğalçı ölkə kimə arxalanırsa arxalansın, bunun əhəmiyyəti yoxdur. Çünki dünyada ədalətli insanlar, təşkilatlar və beynəlxalq birliklər var.
GÜLYANƏ