- Anar müəllim, 26 iyun Silahlı Qüvvələr Günü ölkəmizdə hər il yüksək səviyyədə qeyd olunur. İstərdik ki, öncə ordumuzun keçdiyi yol haqqında fikirlərinizi bildirəsiniz...
- Azərbaycan Silahlı Qüvvələri şərəfli bir yol keçib. Ordu xalqa, dövlətə məxsusdur. Bu gün elə bir ailə yoxdur ki, onun hansısa üzvü ordu sıralarında xidmət etməsin. Eyni zamanda, ordu dövlətin, vətəndaşların qürur mənbəyi və dayağıdır. Bu mənada orduya dövlətimizin, cənab Ali Baş Komandanımızın diqqəti və qayğısı bütün vətəndaşlarımız üçün qürurvericidir. Qısaca olaraq ordumuzun yaranma tarixinə nəzər saldıqda maraqlı bir bənzərliyin şahidi ola bilərik. Ötən əsrin əvvəllərində-ilk müstəqil cümhuriyyətimizin qurulduğu dövrdə də, 1990-cı illərdə yenidən müstəqilliyimizin əldə olunduğu zamanda da eyni problemlərlə qarşı qarşıya qaldıq. Hər iki dövrdə imperiyanın dağılmasının ardından müstəqilliyin əldə olunması iqtisadi problemlərlə yanaşı, erməni təcavüzünün eyni formada aparılması ordunun yaranması, formalaşması üçün müəyyən çətinliklər yaradırdı. Amma qısa müddətdə-son 18 ildə ordumuzun bu qədər müasir, güclü bir şəkildə inkişaf etməsi dövlətimizin, Heydər Əliyev siyasətinin davamçısı, ölkə Prezidenti, Ali Baş Komandanımız İlham Əliyevin orduya yetirdiyi diqqətin nəticəsidir. Bundan başqa, 1992-ci ildə Azərbaycan Ordusunun yaranması dövründə keçmiş İttifaqın bir sıra nöqtələrindən zabitlərimiz Vətənə döndülər. Gələn zabit heyətinin ən azı 70-80 faizi Cəmşid Naxçıvanski adına hərbi liseyin məzunları idi. Nəzərə almaq lazıimdır ki, Ulu öndərimiz 1970-ci illərdə həmin hərbi məktəbin açılması üçün olduqca böyük zəhmət sərf edib. Bu, Ümummilli liderimizin uzaqgörənliyinin nəticəsi idi. Bu, milli hərbi kadrlarımızın yetişməsində mühüm məqam idi. O dövrdən indiyə qədər görülən işlər bəhrəsini verməkdədir və artıq Azərbaycan Silahlı Qüvvələri Cənubi Qafqazda ən güclü ordudur. Silahlı Qüvvələrimiz dövlətimizin və xalqımızın keşiyində şərəflə dayanır.
- Ordunun döyüş qabiliyyətinin təşkilində, eləcə də mənəvi gücün formalaşmasında hərbi təhsilin də xüsusi rolunun olduğunu desək yanılmarıq. Bu baxımdan, çalışdığınız Hərbi Akademiyanın üstünlüyü nədən ibarətdir?
- Ordumuzun döyüş qabiliyyəti digər amillərlə yanaşı, həm də təhsillə bağlıdır. Çünki orduda təhsil, tədris sahəsində islahatların aparılması eyni zamanda nəticə olaraq savadlı zabit heyətinin yetişməsinə və digər tərəfdən də döyüş qabiliyyətinin gücləndirilməsinə gətirib çıxaran bir amildir. Bilindiyi kimi Azərbaycan NATO ilə birgə təlim və təhsilə fəaliyyət planına müvafiq olaraq Silahlı Qüvvələrin tədris proqramlarının təkmilləşdirilməsi üçün Hərbi Akademiyada, ali hərbi məktəblərimizdə, hərbi liseylərimizdə müəyyən işlər görülüb. Bu da nəticə etibarilə inkişafa səbəb olub. Məsələn, Akademiya ilə bağlı danışası olsaq, burada həmin məqamların yüksək səviyyədə olduğunun şahidi olarıq. Bildiyiniz kimi, Hərbi Akademiya 1999-cu ilin 22 fevralında Ulu öndərimiz Heydər Əliyevin fərmanı ilə yaradılmışdır. Akademiya ali hərbi təhsilli komandir və qərargah zabitlərinin, hərbi elmi mütəxəssislərin hazırlanması üçün nəzərdə tutulub. Akademiyada, eyni zamanda strateji tədqiqatlar və dövlət müdafiəsi, idarəetmə akademik kursları fəaliyyət göstərməkdədir. Həmçinin, akademiyanın tərkibində hərbi diplomatiya təkmilləşdirmə kursları var. Yəni bu da hərbi attaşelərin hazırlanması üçün nəzərdə tutulub. Bununla yanaşı, hərbi hissələrimizdə döyüş hazırlığı məsələsi ilə bağlı hər zaman tədbirlər həyata keçirilir. Akademiyada simulyasiya mərkəzi fəaliyyət göstərir. İllik proqramlarda nəzərdə tutulduğuna müvafiq olaraq komanda-qərargah təlimlərinin və ya taktiki təlimlərin birbaşa döyüş poliqonlarında keçirilməsi planlaşdırılır və aparılır. Xarici dilin öyrənilməsi üçün bizim akademiyada dərslər proqramlaşdırılıb. Bizim xarici dili bilən zabitlərimiz dünyanın bir sıra ölkələrində tədbirlərdə iştirak edirlər.
- Azərbaycanda ordu ilə cəmiyyətin münasibətlərini necə qiymətləndirmək mümkündür?
- Azərbaycan xalqı hər zaman öz əsgərinə qarşı çox isti bir münasibətdə olub. Biz cəmiyyətdən kənar bir təşkilat deyilik, bir institut kimi cəmiyyətin bir hissəsiyik. Hər birimiz həbçi olsaq da, bu cəmiyyətin içində yaşayırıq. Azərbaycan cəmiyyəti heç zaman orduya qarşı mənfi münasibətdə olmayıb. Ordu da heç zaman cəmiyyətdən kənar fəaliyyət göstərməyib. Münasibətləri tam müsbət olaraq göstərmək lazımdır. Hər bir ailənin içində olan azərbaycanlı övladı qısa zaman kimi əsgərlik dövründə, uzun zaman olaraq isə zabit kimi bu ordu ilə bağlı olur.
- Ölkəmizdə hərbçilərin sosial müdafiəsinin gücləndirilməsi yönündə hansı tədbirlər davam etdirilir?
- Sosial yönümlü tədbirlər, hərbi şəhərciklərdə aparılan yenidənqurma işləri də son illərdə dövlətimizin hərbi qulluqçulara göstərdiyi diqqətin bariz nümunəsidir. Bu mənada, hərbçilərin əməkhaqlarının artırılması məsələsini də xüsusi vurğulamaq lazımdır. Demək olar ki, hər il hərbi qulluqçuların maaşlarının artırılması ilə bağlı müvafiq addımlar atılır. Bundan başqa, yaşayış yerlərinin abadlaşdırılması və yenidən tikilməsi ilə əlaqədar lazımi tədbirlər görülür. Müdafiə Nazirliyinin 43 hərbi şəhərciyində tikinti, yenidənqurma ilə bağlı addımlar atılıb. Bu proses hazırda uğurla davam etməkdədir.
- Azərbaycan dövləti bir sıra ölkələrlə hərbi sahədə əməkdaşlıq edir. İkitərəfli əməkdaşlıq münasibətləri Silahlı Qüvvələrimizin beynəlxalq standartlara uyğunlaşdırılması prosesinə nə dərəcədə töhfələr verməkdədir?
- Hazırda dünyanın 28 ölkəsi ilə hərbi əlaqələrin normativ-hüquqi bazasını təşkil edən saziş və memorandumlar imzalanıb. O cümlədən, 2010-cu ildə ABŞ, Türkiyə, Çin Xalq Respublikasının və Tacikistanın müdafiə qurumları ilə hərbi sahədə sənədlər imzalanıb. Daha 28 ölkə ilə analoji saziş layihələrinin imzalanması müzakirə edilir. 2010-cu il ərzində ABŞ, Rusiya və İranın müdafiə nazirlərinin, Pakistan müdafiə katibinin və Türkiyə Silahlı Qüvvələrinin Baş qərargahının kəşfiyyat rəisinin Azərbaycana rəsmi və işgüzar səfərləri olub. 2010-cu ildə Türkiyə, ABŞ, Almaniya, Böyük Britaniya, İtaliya, Pakistan, Çin, Rusiya, Ukrayna, Belarus, Polşa, Rumıniya, Bolqarıstan, Qazaxstan, Qırğızıstan, Latviya, Litva, Estoniya, Gürcüstan, Özbəkistan, Tacikistan, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya, Bəhreyn, Qətər, Fransa, Çexiya, Slovakiya, Macarıstan, Sloveniya, İsveçrə, Koreya və Norveç ilə ikitərəfli əsasda hərbi əməkdaşlıq həyata keçirilib. İkitərəli hərbi əməkdaşlıq üzrə il ərzində Azərbaycanda və xarici ölkələrdə 276 müxtəlif dil və ixtisas kursları, işçi görüşləri, seminarlar, konfranslar, tanışlıq səfərləri, qərargah danışıqları, məsləhətləşmələr və digər tədbirlər keçirilib. Bu tədbirlərdə Silahlı Qüvvələrin 1300-dək nümayəndəsinin iştirakı təmin edilib. NATO-nun SNT proqramı çərçivəsində keçirilmiş 150-dək tədbirdə isə Silahlı Qüvvələrin 1000-dək nümayəndəsi iştirak edib.
Azərbaycanın Müdafiə Nazirliyinin rəhbərliyi mütəmadi olaraq xarici ölkələrə səfər edir və beynəlxalq tədbirlərdə iştirak edirlər. Bundan başqa bir sıra xarici dövlətlərin və NATO-nun yüksək səviyyəli nümayəndə heyətləri Azərbaycana səfər edirlər. 2010-cu ildə Silahlı Qüvvələrin 128 hərbi qulluqçusu xarici dil və ixtisas kurslarında iştirak etmək üçün xarici dövlətlərə ezam olunublar. Bundan əlavə, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində təşkil edilən ingilis dili kurslarına 100-ə yaxın hərbi qulluqçu cəlb edilib. Bütün bu tədbirlər ümumilikdə tədrisin uğurlu inkişafına böyük təsir göstərir.
- Yeri gəlmişkən, NATO ilə əlaqələrin bugünkü səviyyəsi barədə nə deyə bilərsiniz?
- Döyüş hazırlığının artırılması üçün ölkəmizin NATO ilə Fərdi Əməkdaşlıq Planına əsasən ikitərəfli əlaqələrimizi davam etdiririk. 2010-cu ildə Azərbaycanın NATO ilə Planlaşdırma və Analiz Planı üzrə qəbul etdiyi 44 Tərəfdaşlıq Məqsədlərindən 31-i Müdafiə Nazirliyinə, 5-i Dövlət Sərhəd Xidmətinə, 7-i Daxili Qoşunlara, 1-isə Fövqəladə Hallar Nazirliyinə aiddir. Ötən il üçün Fərdi Tərəfdaşlıq Proqramı çərçivəsində seçilmiş 227 tədbirdən 116-ı Müdafiə Nazirliyinə aid olmuşdu. Bu tədbirlərdə Silahlı Qüvvələrimizin 360-dək nümayəndəsi iştirak edib. 2010-cu ildə Azərbaycanda NATO-nun 14 mobil təlim qrupu təlim kursları və ekspert-qərargah görüşləri keçirilib. Bu, ordunun döyüş hazırlığına çox böyük müsbət təsir göstərib. Bu tədbirlərdə iştirak edən zabitlər xarici dili öyrənirlər ki, bu da mühüm bir məqamdır. 2011-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları NATO ilə Fərdi Tərəfdaşlıq Proqramı çərçivəsində 123 tədbirdə iştirakı nəzərdə tutulub. Bu tədbirlərdən 11 mobil təlim qruplarının kursları və ekspert qərargah görüşləri Azərbaycanda keçiriləcək. Artıq Azərbaycan bu cür tədbirlərə ev sahibliyi edir. Bu bizim üçün çox faydalıdır. Hazırda beynəlxalq qərargahlarda da fəaliyyətimiz davam edir. NATO-nun müxtəlif qərargah və idarələrində, o cümlədən, NATO-nun Beynəlxalq Hərbi Qərargahında 1, qurumun Standartlaşdırma Agentliyində 1, NATO-nun Brunssum və Neapal birləşmiş Qüvvələr Komandanlıqlarında 2, Hərbi Əməkdaşlıq idarəsində 1 zabit olmaqla Silahlı Qüvvələrin 5 zabiti xidmət edir.
Azərbaycan NATO-nun rəhbərliyi ilə aparılan sülhə dəstək əməliyyatlarına qüvvələr göndərməklə 1999-cu ildən 2008-ci ilə qədər Kosovada KFOR-un, 2002-ci ildən terrorizmlə mübarizə çərçivəsində isə Əfqanıstanda iştirak üçün İSAF-a qoşulmaqla Avroatlantik təhlükəsizliyə əhəmiyyətli töhfəsini verib. Bu əməliyyatlarda qazanılan təcrübə silahlı qüvvələrin döyüş qabiliyyətinin artırılmasında mühüm əhəmiyyət kəsb edir. 2010-cu ildə NATO-nun Əfqanıstanda keçirdiyi Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (İSAF) üzrə əməliyyatlarda Silahlı Qüvvələrin 90 nəfərlik sülhməramlı qüvvələrindən əlavə 2 hərbi həkim, 2 mühəndis istehkam ixtisası üzrə zabitlər də göndərilib.
- Anar müəllim, siz Azərbaycan Ordusu haqqında ətraflı məlumat verdiniz. Amma torpaqlarımızın bir hissəsinin işğal olunduğunu nəzərə alsaq, təcavüzkar tərəfin də vəziyyəti daim diqqət mərkəzində olmalıdır. Sizcə, Azərbaycan və Ermənistan ordusunu müqayisə edərkən hansı nəticəyə gəlmək olar?
- Bildiyiniz kimi, Azərbaycan Silahlı Qüvvələri özünün gücü və qüdrəti baxımından Cənubi Qafqaz regionunda liderdir. Ölkəmizin iqtisadi potensialı gücləndikcə, ordumuz da güclənir. Azərbaycan ordusu Ermənistanın ordusu ilə müqayisəyə gəlməyəcək dərəcədə güclüdür. Azərbaycanın iqtisadi potensialı Ermənistandan qat-qat güclü olduğu üçün bu fərq özünü orduların vəziyyətində də göstərir. Bir faktı qeyd edək ki, dövlət büdcəmizdən hərbi-müdafiə xərclərinə ayrılan vəsait Ermənistanın dövlət büdcəsinin həcmindən çoxdur. Bu fakt da ordumuzun gücün göstəricisidir. Onu da deyim ki, işğalçı dövlətdə ali hərbi təhsil də demək olar ki, yox səviyyəsindədir. Ümumiyyətlə, Ermənistan təcavüzkar siyasətilə qazandığından çox itirib. Amma biz hərbçi olaraq hər bir an torpaqlarımızın azadlığı istiqamətində hazırlığımızı davam etdiririk. Və hər bir an döyüşə hazırıq, torpaqlarımızı da azad etməyə hazırıq.
Mənəvi-psixoloji hazırlığa gəldikdə isə bizim ikinci dəfə keçirilməsi nəzərdə tutulan hərbi paradımızı qeyd etmək istəyirəm. Hərbi parad hər bir vətəndaş üçün qürurverici hadisədir. Biz hər gün o müasir texnikaları bir arada görə bilmirik. Hərbi paradda onların nümunələri nümayiş etdirilir və bu da ordumuzun qüdrətinin göstəricisidir.