PDF Oxu

Müsahibə

  • 17

“Gənc yaşda belə əsərlər çəkməyimə hamı heyrətlənir”

“Gənc yaşda belə əsərlər çəkməyimə hamı heyrətlənir”

Mina Məmmədovanın SƏS TV-yə müsahibəsi:

- Rəssamlığa marağınız haradan qaynaqlanır?

- Uşaq vaxtımdan bu sahəyə marağım olub. Hər zaman dünya şöhrətli rəssamların əl işinə baxıb həvəslənirdim. Əlimə qələm alıb valideynlərimə deyirdim ki, çəkmək istəyirəm. Mənə sonralar kollecdə müəllimim olan Nazim Yunusov dəstək oldu.

- Valideynləriniz bəlkə də düşünürdü ki, bu istək keçici ola bilər...

- Bəli belə deyənlər var idi. Ancaq təbii ki, məndə bu sahəyə olan istək yoxa çıxmadı. Bundan sonra bu sənətimi davam etdirəcəyəm.

- Dünyaca məşhur rəssamlardan ən çox hansılara maraq göstərirsiniz?

- Dünya rəssamlarından Mikalencelo, Pikasso, Leonardo da Vinçi və bir sıra rəssamlara marağım var. Düzünü desəm, daha çox öz əsərlərimə vaxt ayırdığımdan digər rəssamların yaradıcılığı ilə maraqlana bilmirəm. Adını çəkdiyim rəssamların əl işlərinə baxıb yeni bir şey öyrənməyə çalışıram.

- Onların əsərlərindən öyrəndikləriniz çox olur?

- Bəli. Misal olaraq rənglərdən, çəkiliş tərzindən çox yararlanıram.

- Baxmayaraq ki, bu sahədə 3-4 il olar ki, fəaliyyət göstərirsiniz. Bu müddət ərzində çəkdiyiniz şəkillərə irad bildirənlər olub?

- Hələ ki çəkdiyim əsərlərə irad bildirən olmayıb. Ancaq onu da qeyd edim ki, əsərlərimə irad bildirən olsa, o zaman daha da məsuliyyətli olaram. Harada səhv etmişəmsə, çalışaram ki, həmin səhvlərimi bir də təkrar etməyim.

- Bir çoxları isə bu iradlardan ruh düşkünlüyünə düşürlər. Bu hal sizdə özünü büruzə verir?

- Düzünü desəm, irad bildirən olsa, ruh düşkünlüyü yaranar. O mənada ki, hər bir insan istəyər ki, onun yaratdığı əsərlər hamı tərəfindən bəyənilsin.

- Hansı mövzulu janrlara üstünlük verirsiniz?

- Hər bir janrda işləməyə üstünlük verirəm. Ən çox da mənzərə janrında çəkməyi sevirəm. Peyzaj, avanqard və digər janrlarda işləyirəm. Müxtəlif mövzularda əsərlər işlədiyimə görə heç fərq hiss etmirəm.

- Sərginizdə bildirmişdiniz ki, ən çox parçalar üzərində qaşlarla işləməyi daha çox bəyənirsiniz....

- Parçalar üzərində qaşlarla işləmək mənə daha da zövq verir.

- Təhsil aldığınız kollecdə müəllimlərlə münasibətiniz necədir?

- Müəllimlərimlə münasibətim çox yaxşıdır. Onlar da işlərimi çox bəyənirlər. Gənc yaşda belə əsərlər çəkməyimə hamı heyrətlənir.

- Bir rəsm əsəri üzərində nə qədər vaxt çalışırsınız?

- Bu təbii ki, rəsm əsərindən asılıdır. 2 həftə, 1 ay, hətta 3 günə işlədiyim əsərimdə olub.

- Çəkdiyiniz əsərlərinizin içində ən çox bəyəndiyiniz işiniz varmı?

- Düşünürəm ki, hər hansı bir rəssam hansı əsərini digərlərindən seçib ona şah əsəri desin. Hər bir işim mənə əzizdir. Əsərlərim arasında heç bir fərq qoya bilmirəm.

- Hərdən deyirlər ki, rəssamların görünüşü, düşüncələri digərlərinə nisbətən fərqlənir. Siz necə düşünürsünüz?

- Özümdə çox fərqlilik görürəm. Xəyallarımı gerçəkləşdirməyi hər zaman sevirəm. Nəslimizdə yeganə rəssam mənəm. Buna görə hamıdan fərqliyəm.

- Nədən ilham alırsınız?

- Mənə bu hisslər birdən gəlir.

- Gələcəkdə nə kimi planlarınız var?

- Dubayda sərgi təşkili ilə bağlı təklif gəlib. Bu barədə hələ ki, düşünürəm. Çalışacağam ki, burdakı uğurları orada da nümayiş etdirəm.

Digər xəbərlər