PDF Oxu

Müsahibə

  • 10

“Müqəddəs “Quran”da uyuşdurucular və məstedicilərdən istifadə haram buyurulur”

“Müqəddəs “Quran”da uyuşdurucular və məstedicilərdən istifadə haram buyurulur”

SİA Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Səhiyyə Nazirliyinin "Tibb" qəzetinə verdiyi müsahibənin bir hissəsini təqdim edir:

- Şeyxülislam həzrətləri, səhhətiniz necədir?

- Bismillahir-rəhmanir-rəhim! Əlhəmdülillah, yaxşıyam.

- Ailənizdə tibb işçisi varmı?

- Bəli, qızlarımdan ikisi özünü tibb sahəsinə həsr etmişdir. Nəcib peşə olaraq həkimlik sənətinə yiyələndikləri, bu sahəyə ürəkdən sevərək gəldikləri və kifayət qədər uğur qazandıqları üçün qızlarımın seçiminə görə şadam.

- Quranda insanın intihar etməsi günah sayılır. Siqaretin insanları tədricən öldürdüyünü nəzərə alsaq, siqaret çəkməyin günah sayıldığını, islam dininin bu zərərli vərdişi qadağan etdiyini deyə bilərsinizmi?

- Müqqədəs Quran baxımından intihar birmənalı böyük günahlardandır. Allah-Təala Qurani-Kərimdə buyurur:" ... Allahın haram buyurduğu cana haqsız yerə qəsd etməyin"(əl-İsra surəsi, ayə 3).

Siqaret çəkməyi intiharla qarışdırmaq olmaz: onlar bir-birindən tam fərqlidir. Müqəddəs Quranda uyuşdurucular və məstedicilərdən istifadə haram buyurulur. Tütün bu qəbil ərkiblərə aid edilmir. Ümumən isə, İslam şəriəti siqaretdən istifadəni bəyənilməyən pis vərdiş kimi dəyərləndirir. Alkoqolizm və nakomaniya kimi ictimai bəlalar intihara bərabər əməllərdir və təkcə ayrı-ayrı fərdlər deyil, bütün cəmiyyət üçün fəsadları ağırdır. Siqaretə gəldikdə isə insan bilə-bilə özünü təhlükəyə atır.

- Hər bir müsəlman üçün vacib buyurulan namazın, orucun insan sağlamlığına da çox böyük faydalarının olması məlumdur. Bu haqda sizin daha geniş məlumat vermənizi istərdik.

- İslam dinində hər bir müsəlman üçün vacib buyurulandan birincisi namaz, ikincisi isə orucdur. Hər ikisinin insan üçün mənəvi və fiziki faydaları vardır. Namaz bəndə ilə Allah arasında ilahi bir rabitədir. Həzrət Peyğəmbər: "Namaz ümmətimin meracıdır" buyurmuşdur. Heç şübhəsiz, gündə beş vaxt Allah-Təala ilə birbaşa rabitədə olmaq insanı həm ruhən, həm də cismən saflaşdırır, sağlam edir. Oruc, Allahın verdiyi nemətlərə şükr etmə, şəfqət və mərhəmət duyğularını inkişaf etdirmə, insanın iradəsini gücləndirmə, insanlar arasında zəngin-kasıb mübarizəsini azaltma, ən başlıcası, Allaha olan səmimiyyətin və imanın ölçüsünü təyin edən bir əməldir. Oruc ibadəti Allahın rəhmət və məğfirətini qazanma, dünya və axirət səadətini təmin etməklə yanaşı, həm də insan bədəninin səhhət qaynağıdır. Kainatda hərəkətdə olan hər şeyin istirahət etməyə ehtiyacı vardır. Onun üçün on bir ay dayanmadan çalışan orqanizmin, əlbəttə, istirahət etməyə ehtiyacı vardır. Həzrəti Peyğəmbər (s) bir hədisində belə buyurur: "Oruc tutun ki, sağlam olasınız". Ona görə də Allaha və Peyğəmbərə inanan müsəlmanlar bu əmrin gerçəkləşməsi üçün adı çəkilən ibadəti Allah rizasına görə yerinə yetirirlər.

Sağlamlıq, sahib olduğumuz ən əhəmiyyətli nemətlərdən biridir. Sağlamlığımızı qorumaq dinimizin vacib bir əmridir və onu pozmaq böyük günah sayılır. Allah-Təalanın hər bir əmrində neçə-neçə hikmətlər vardır. Namaz qılarkən əmr edilən hər hərəkətin həm ruhi, həm də cismi faydaları həddən artıq çoxdur. Lakin inanan insanlar Rəbbimizin bu fərmanına onun fiziki faydalarından daha çox, mənəvi yüksəlişə görə əməl edirlər. Müsəlman nəinki namaz və oruca, habelə digər vacib buyurulan əmrlərə də mütəmadi olaraq əməl etməlidir. Müsəlmanın ildə bir dəfə malının xümsünü, zəkatını verməsi Allaha ibadətlə yanaşı, bütün ətrafındakıların, bütövlükdə cəmiyyətin mənəvi sağlamlığına və iqtisadi rifahına xidmət etməsi deməkdir.

- İman insanın psixoloji problemlərdən azad olmasına yardım edirmi? Bu haqda ətraflı məlumat vermənizi xahiş edirik.

- Uca Yaradan tərəfindən faili-muxtar, yəni əməllərində azad xəlq olunmuş insan Onun vacib buyurduqlarına əməl etsə, haram buyurduqlarından uzaq olsa dəyərli şəxsiyyət olaraq formalaşar və cəmiyyət üçün faydalı bir fərdə çevrilər. Allaha iman gətirmək, Ona təvəkkül edib sığınmaq insan həyatına müsbət istiqamətdə təsir edən ən güclü vasitədir. İman insanda həyat sevgisi, həyata bağlanma duyğusu meydana gətirir. İman gətirən insan həyatın Allahın bir lütfü olduğuna inanır və ömrünün sonuna qədər iman əmanətinin haqqını verərək yaşamağa çalışır.

Allaha inanan bir insan eyni zamanda, həyatın bir imtahan, qarşılaşdığı çətinliklərin də bu imtahanın bir parçası olduğuna inanır və bu nöqtədə çətinliklərə sinə gərməyi, ağrı-acılara qarşı səbir etməyi özünün xarakterinə çevirir. İmanlı insan daima Allahına güvənir və Ona təvəkkül edir. Mömin müsəlmanın gücü imanında və onun ağlındadır. İmanın ağılla vəhdəti mütləqdir. Ruhun gücü imandadır.

İman həm də Axirət dünyası üçün bir nurlu körpüdür. İman, eyni zamanda, insandakı tənhalıq duyğusunu aradan qaldıran bir xüsusiyyətə malikdir. İman vasitəsilə Allahı dost bilən insan, çətin vəziyyətlərində qüdrət sahibi olan Allahın yardımından ümidini kəsməz, Onun dərgahına sığınar.Allah-Təala Qurani-Kərimdə buyurur: "Allahı qəlbinizdə yaşatmaqla qəlblər xatircəm olur, aramlıq tapır".

- Abort və digər vasitələrlə ana bətnindəki körpəni öldürməyə, oğlan uşaqlarının qızlardan üstün tutulması ilə əlaqədar həyata keçirilən selektiv abortlara dini nöqteyi-nəzərdən münasibət bildirməyinizi istərdik.

- Ana rəhmində qərar tutan döl, doqquz aylıq müddətin heç bir mərhələsində abort edilə bilməz, dinimiz bunu haram sayır. Abort etmək üçün heç bir səbəb, bəhanə gətirməməlidir. İslam alimləri birmənalı olaraq nütfənin ana bətnində qərarlaşmasından sonra onu məhv etməyi, ana bətnindən xaric edilməsini qadağan edirlər. Bu mövzuda dinimizdə üzürlü səbəb yalnız ananın həyatının təhlükədə olmasıdır ki, bu xüsusda uşağın cisminə ruh daxil olmazdan qabaq onu saldırmağa icazə verilir. Əgər uşağın cisminə ruh daxil olubsa, yəni dörd aylıqdırsa, heç bir təqdirdə icazə yoxdur. Sonrakı aylarda əgər hamiləliyin davam etməsi həm ana, həm də bətndə olan körpə üçün təhlükəli olarsa və uşağın xilas olunması heç cür mümkün olmazsa, bu halda ananın xilas edilməsinə, uşağın abort olunmasına icazə verilir.

Selektiv abortlara gəlincə, buna dinimizin münasibəti birmənalıdır. Cahiliyyə, yəni İslamdan əvvəlki dövrdə qız uşaqlarının diri-diri torpağa gömülməsi kimi Allah tərəfindən bəyənilməyən bir əməlin indi selektiv abortlar şəklində həyata keçirilməsi böyük günahdır. İnsanların əksəriyyəti bu cinayətlərin fərqinə varmırlar. Bunun qarşısının alınması üçün ciddi tədbirlər həyata keçirilməlidir. Qurani-Kərimdə bu barədə belə buyurulur:"Yoxsulluqdan qorxub (cahiliyyə dövründə olduğu kimi) övladlarınızı (xüsusilə, qız uşaqlarını) öldürməyin. Biz onların da, sizin də ruzinizi veririk. Onları öldürmək, həqiqətən böyük günahdır!"(ən-Nisa surəsi, 31). Dinimiz ailədə qız uşağının doğulmasını böyük bir savab və ilahi mükafat kimi dəyərləndirir. Həzrət Peyğəmbərimiz (s) buyurur:"Övladlarınızın ən yaxşısı qızlarınızdır".İmam Cəfəri-Sadiq (ə) da bu mövzuda buyurmuşdur: "Qız övladları rəhmət, oğlan övladları isə nemətdir".

Digər xəbərlər