PDF Oxu

Müsahibə

  • 15

Müəllimlərin bilik səviyyəsi, müasir təlim texnologiyalarını mənimsəmə və tətbiqetmə səviyyəsi təhsilin keyfiyyəti ilə düz mütənasibdir

Müəllimlərin bilik səviyyəsi, müasir təlim texnologiyalarını mənimsəmə və tətbiqetmə səviyyəsi təhsilin keyfiyyəti ilə düz mütənasibdir

- Nailə xanım, daha bir tədris ili arxada qaldı. İlk öncə sona çatmış tədris ilindən söhbət açaq. Bu tədris ili hansı yeniliklərlə əlamətdar oldu?

- Bəli, 2010-2011-ci tədris ili uğurla başa çatdı. Bir struktur vahidi olaraq BŞT-nin yaranmasından keçən 5 illik dövr göstərdi ki, Bakı şəhərində təhsilin inkişafı baxımından çox işlər görülmüşdür. İlin yekunu göstərmişdir ki, fəaliyyət planında nəzərdə tutulmuş işlər əsasən yerinə yetirilmiş, bir çox sahələr üzrə kifayət qədər təcrübə əldə edilmişdir. 2006-cı ildən başlayaraq BŞTİ tərəfindən irəli sürülən təhsilin demokratikləşdirilməsi, humanistləşdirilməsi, differensiallaşdırılması və fərdiləşdirilməsi prinsiplərinə və uşaq hüquqlarının qorunması ideyalarının təcrübədə reallaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər şəhər təhsilinin inkişafında əhəmiyyətli rol oynamışdır. Bu il bizim üçün kifayət qədər yaddaqalan və uğurlu oldu. Məzunlardan 13 nəfər qızıl, 5 nəfər isə gümüş medalla təltif olundular. Müstəqilliyimiz dövründə ilk dəfə tətbiq edilən qızıl və gümüş medalların verilməsi çox ciddi bir hadisə kimi diqqəti cəlb etdi və cəmiyyətdə müsbət hal kimi dəyərləndirildi. Bu günlərdə "Buta Palace"də tam orta təhsili yüksək səviyyədə başa vuran və ictimai fəallığı ilə seçilən məzunlara həsr olunmuş "Məzun-2011" tədbiri hamının ürəyincə oldu. Gənclərimiz bir daha hiss etdilər ki, Azərbaycan xalqı və dövləti onlara inanır, onların gələcək təhsilində və fəaliyyətində maddi və mənəvi dəstək verir.

İl ərzində yaddaqalan tədbirlərdən biri də "Təhsildə İKT-nin tətbiqi-bilik, təcrübə, texnologiya" adlı baxış-sərgi oldu. Məktəblərin İKT ilə təminatı proqramına uyğun olaraq keçirilən bu tədbir bir çoxlarının inamsızlığına son qoymuş oldu. Məlum oldu ki, məktəblərimizdə İKT-nin tədris prosesində tətbiqi, elektron dərs vəsaitlərindən istifadə olunması və internet resurslarının hazırlanması sahəsində kifayət qədər səmərəli nəticəyə nail olunmuşdur. İndi məktəblərimizin beynəlxalq əlaqələri güclənmiş, pedaqoji kadrlarla yanaşı, şagirdlərimizin də İKT üzrə bilik və bacarıqları bizim təsəvvür etdiyimizdən də yüksək səviyyəyə yüksəlmişdir.

- İKT-nin tətbiqi və təhsilin məlumat sistemlərinin yaradılması sahəsində nəzərdə tutulan işlərin sürətləndirilməsi, təhsilin idarə olunmasını daha müasir mərhələyə istiqamətləndirir. Tabeliyinizdə olan ümumtəhsil məktəblərinə İKT-nin tədris prosesində tətbiqi sahəsində hansı işlər görülür?

- Son illər təhsil sistemində İKT infrastrukturunun inkişaf etdirilməsi və təhsildə İKT-nin tətbiqinin dünya standartları səviyyəsinə çatdırılması ölkəmizdə prioritet istiqamətlərdən biri olmuşdur. Artıq qloballaşan dünyada ölkələrin rəqabət qabiliyyəti, ilk növbədə, onların informasiya kommunikasiya texnologiyalarından səmərəli istifadəsi ilə müəyyənləşir. Bu baxımdan, son illər ölkənin təhsil sistemində də İKT infrastrukturunun inkişaf etdirilməsi və təhsildə İKT-nin tətbiqinin dünya standartları səviyyəsinə çatdırılması əsas prioritet istiqamətlərdən birinə çevrilmişdir.

"2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sistemininin formasiyalaşdırılması üzrə Dövlət Proqramı"na əsasən elektron tədris sistemlərin informalaşdırılması, təhsil sistemində İKT-nin tətbiqi sahəsində müxtəlif layihələr və tədbirlər, təhsil ocaqlarında İKT infrastrukturunun qurulması istiqamətində BŞTİ tərəfindən müəyyən addımlar atılıb. Amma İKT-nin tətbiqi üzrə elmi-metodiki bazanın təkmilləşdirilməsi, ümummilli səviyyədə vahid elektron təhsil məkanının təşəkkül tapması hələ də günün əsas tələbidir.

Təhsil sisteminin pedaqoji heyətinə tədris prosesində İKT-dən effektiv istifadə edilməsi üçün mövcud kurrikulumlar - Rİ-SOL "Müəllimlərin Peşəkarlıq Səviyyəsinin Təkmilləşdirilməsi", İntel "Gələcək üçün Təhsil", "İnzibati idarəetmə heyəti üçün İKT-nin təhsilə tətbiqi" üzrə təlim vəsaiti və "Elektron məktəb" təlim vəsaitləri əsasında treninqlər keçirilmişdir.

Azərbaycan Respublikası ilə Beynəlxalq İnkişaf Assosiasiyası (Dünya Bankı) arasında 24 sentyabr 2008-ci il tarixdə imzalanmış Sazişə əsasən Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə (2009-2014-cü illər) icra olunur. Layihənin "Yeni tədris materiallarının hazırlanması və məktəb kitabxanalarının müasirləşdirilməsi" altkomponenti çərçəvəsində də işlər görülməkdədir. Bu işlərdən biri kimi məktəblərin tələbatına uyğun olaraq, Bakı şəhərinin internet şəbəkəsinə qoşulmuş ümumtəhsil məktəblərinə www.oxuyuruq.biz saytında dörd fənn ("Azərbaycan dili", "İnformatika", "Riyaziyyat", "Həyat bilgisi" fənləri) üzrə innovativ elektron tədris resurslarından istifadə imkanı yaradılıb. Bu məqsədlə Təhsil Nazirliyindən BŞTİ-yə göndərilmiş 240 abunə kartı Bakı şəhərinin 60 ümumtəhsil məktəbinin ibtidai sinif müəllimlərinə verilmişdir. Yeni tədris ilindən kart əldə etmiş müəllimlərlə treninqlərin keçirilməsi planlaşdırılır.

- Təhsilin inkişafına təsir edən amillər kimi maddi-texniki baza və təhsilverənlərin səviyyəsi öndə gəlir. Bu mənada Bakı təhsilində hansı müsbət dəyişikliklər baş vermişdir?

- Son illərdə Bakı şəhərində 30 yeni məktəbin, 28 tədris korpusunun istifadəyə verilməsi, əksər təhsil müəssisələrinin istilik probleminin həll edilməsi dövlətin təhsilə, onun inkişafına qayğının bariz nümunəsi oldu. Bu da öz növbəsində təhsil şəraitinin yaxşılaşdırılması, təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində atılan mühüm addımlardan oldu. Kifayət qədər yüksək səviyyədə texniki imkanlar, yeni texnologiyaların tətbiqi təlim şəraitinin tələb olunan səviyyədə qurulmasına imkan verdi.

Bu gün Bakı şəhərinin məktəblərində aparılan əsaslı təmir, yeni korpusların tikintisi şəraitin daha da yaxşılaşmasına imkan verəcəkdir. Belə ki, hazırda Bakının təhsil müəssisələri nəhəng tikinti meydançasını xatırladır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq Bakı şəhərində 6320 şagird yerlik məktəb binalarının, 2 məktəbdə idman və akt zallarının, 120 uşaq yerlik uşaq bağçasının tikintisi, 36 məktəbdə və 57 uşaq bağçasında əsaslı təmir, 4 uşaq bağçasında isə bərpa və gücləndirmə işləri həyata keçirilir.

Bununla yanaşı, təhsil müəssisələri ən müasir texnologiyalarla, təlim vasitələri və əyani vəsaitlərlə təmin olunmuşdur. Bu da təhsilin keyfiyyətinin yüksəlməsinə birbaşa təsir edən amillərdəndir.

Əlbəttə ki, təhsildə əsas sima müəllim olaraq qalır. Müəllimlərin bilik səviyyəsi, müasir təlim texnologiyalarını mənimsəmə və tətbiqetmə səviyyəsi təhsilin keyfiyyəti ilə düz mütənasibdir. Bu mənada, mən nikbinəm.

Müəllimlərimizin hazırlıq səviyyəsi, yeniliyi tətbiqetmə istəyi kifayət qədər qaneedicidir. Yenə statistikaya müraciət edək. Məlumdur ki, 2008-ci ildən etibarən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən hər il "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələri keçirilir. Bakı məktəbləri və müəllimlər bu müsabiqələrdə fəal iştirak edirlər. BŞTİ tərəfindən sistemli işin aparılmasının, müəllimlərin fəaliyyətinin kompleks öyrənilməsinin qaliblərin müəyyənləşdirilməsində maksimum obyektivliyin təmin edilməsinin nəticəsidir ki, dörd il ərzində Bakının 88 məktəbi və 183 müəllimi bu müsabiqələrin qalibi olmuşdur. Çox ciddi tələblər əsasında keçirilən müsabiqələrdə qazandığımız nailiyyətlər sevinməyə əsas verir. Deməli, inkişaf var və olacaqdır.

- Son dövrlərdə "təhsilin keyfiyyəti" ifadəsi daha çox işlədilir. Əsasən də tənqidi iradlar üstünlük təşkil edir. Təcrübəli pedaqoq, təhsili idarə edənlərdən biri kimi bu məsələyə münasibətiniz maraqlı olardı.

- İslahat proqramının müddəalarına uyğun olaraq təlim-tərbiyə prosesində keyfiyyət amilini ön plana çəkmək və bu işin təşkilində təhsil müəssisələrinin, pedaqoji kollektivlərin qüvvələrini səfərbər etmək Təhsil İdarəsinin əsas işlərindən biridir.

İlk növbədə, onu qeyd etməliyəm ki, əgər təhsilin keyfiyyəti yoxdursa, deməli təhsil də yoxdur.

Təhsil dinamik inkişaf edən sahədir. Onun keyfiyyət göstəriciləri təkcə ali məktəbə qəbulla ölçülə bilməz. Təhsilin keyfiyyətində yalnız qəbul imtahanında toplanan ballar nəzərə alınsa, bu, birtərəfli yanaşma olar. Bəs, tərbiyə prosesi necə olsun? Mübarizlər, fəridlər vətənpərvərlik tərbiyəsini məktəbdə almayıbmı? Bu cəsurluq, mübarizlik, Vətən yolunda şəhidlik həmin tərbiyənin, təhsilin nəticəsi deyilmi? Bax, məsələyə bu istiqamətdən yanaşanda ayrı mənzərə alınır. Ona görə də cəmiyyətin həyatına bilavasitə təsir edən, strateji sahə olan təhsildə eyib axtarmaq meylindən birdəfəlik əl çəkmək, onun inkişafına təsir edəcək ağıllı təkliflər irəli sürmək, cəmiyyətin bütün potensialını təhsilə dəstək istiqamətində hərəkətə gətirmək lazımdır.

Hər bir təhsil müəssisəsində təlim-tərbiyənin keyfiyyətinin yüksəldilməsi məqsədlərinə nail olmaq üçün təhsil sahəsində dövlət siyasətinin əsas prinsiplərindən biri kimi təhsilin humanistləşdirilməsi əsasında yeni pedaqoji təfəkkürün formalaşdırılması və inkişafı sahəsində qazanılmış təcrübəyə geniş istinad edilməli, bu istiqamətdə aparılan işlər davam etdirilməlidir.

- Bakı şəhəri üzrə təhsil müəssisələrindən ali məktəblərə qəbul səviyyəsi də həmişə yuxarı olub. Bu mənada Siz daha inamlı danışa bilərsiniz...

- Bəli. Əgər təhsilin keyfiyyəti təkcə ali məktəblərə qəbul səviyyəsi ilə ölçülsə belə, Bakı təhsilində bu proses inkişaf edən və artan xətlə gedir. Məzunlarımızın 2010-cu ildəki nəticələri bunu deməyə əsas verir. Belə ki, 2010-cu ildə ali məktəblərə qəbul olunan məzunlarımızın xüsusi çəkisi 41.49% olmuş, orta bal 2009-cu ilə nisbətən 9 % artmışdır. Təhsilin keyfiyyət göstəricisi 500 və 600 baldan çox bal toplayanların sayı ilə müqayisə olunduğu halda, bu rəqəmlər də ürəkaçandır. 2009-cu ilə nisbətən 2010-cu ildə 500 baldan yuxarı nəticə göstərənlərin sayının 1727-dən 2062-yə yüksəlməsi (artım 20 faiz), 600-dən yuxarı bal toplayanların sayının 159 nəfər, yaxud 40 faiz artması bizi sevindirir. 2 nəfər məzun 700 bal, hər 15 abituriyentdən biri 600-dən yuxarı, hər 4 abituriyentdən biri 500-dən yuxarı balla tələbə adını qazanmışdır.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin yarandığı 2006-cı illə müqayisədə isə 2010-cu ildə ali məktəblərə qəbul 10,04 faiz, məzunların orta balı 13,7 faiz, 500-dən yuxarı bal toplayanlar 2,27 faiz, 300-dən çox bal toplayanlar 6,53 faiz artmış, 100-dən aşağı bal toplayanların sayı 8,35 faiz azalmışdır. Bu göstəricilər respublika üzrə göstəricilərə bərabər və bəzi hallarda ondan yuxarıdır. Lakin bu, son hədd deyildir. Biz nə bununla kifayətlənmirik, nə də arxayın olub öyünmək fikrində deyilik. Sadəcə bunları bir statistika kimi nəzərə çatdırırıq. Hədəflərimiz isə daha yüksək nəticələrdir.

- Bakı Şəhəri üzrə Təhsil İdarəsinin cəmiyyət tərəfindən müsbət qarşılanan təkliflərindən biri də vahid məktəbli formasına keçilməsi oldu. Bu sahədə hansı yeniliklər var və yeni dərs ilində məktəbli formasının tətbiqi necə olacaqdır?

- Vahid məktəbli forması ideyası ilk dəfə 2007-2008-ci dərs ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən irəli sürüldü və Təhsil Nazirliyi tərəfindən dəstəkləndi. O zaman hər bir məktəb valideynlərlə birlikdə formanı özü müəyyənləşdirirdi. Lakin tədricən proses təkmilləşmə tələb etdiyindən bütün məktəblərin eyni formaya keçilməsi qərara alındı. Çünki hər məktəbin bir forma tətbiq etməsi şagirdlərin yerdəyişməsi zamanı ciddi problemlərə və narazılıqlara səbəb olurdu. Keçən dərs ilindən bütün ümumtəhsil məktəblərində vahid formanın tətbiqinə başlanıldı. İlkin mərhələ kimi I-IV siniflər vahid formaya keçdi. Yeni dərs ilində isə bütün siniflərdə vahid forma tətbiq olunacaqdır. Yeri gəlmişkən, qeyd etməliyəm ki, müxtəlif eskizlər içərisindən ibtidai və yuxarı siniflər üçün iki forma seçilmişdir. Yaş səviyyəsinə uyğun olaraq valideynlər uşaqlarına bu formaları ala bilərlər. Bakı Şəhəri üzrə Təhsil İdarəsi və məktəblər formaların standarta uyğunluğuna nəzarət edir və hansı firmanın malının alınmasına müdaxilə etmir. Bir sözlə, vahid məktəbli forması ictimaiyyət tərəfindən birmənalı şəkildə qəbul olunmuş, dəstək qazanmışdır. Bu məsələni tam həll edilmiş hesab etmək olar.

- Nailə xanım, istedadlı uşaqların müəyyən edilməsi, onların istedadının daha da inkişaf etdirilməsi həm ictimai tələbatdan doğan sosial sifarişdir, həm də dövlətin təhsil siyasətinin tərkib hissəsidir. Bu sahədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin gördüyü işlər haqqında məlumat verməyinizi xahiş edirik.

- Ulu öndərimiz Heydər Əliyev deyirdi ki, "... Azərbaycanın uşaqları ölkəmizin, xalqımızın milli sərvətidir, gələcəyidir və ümididir. Ona görə də uşaqlara qayğı göstərmək hər bir vətəndaşın borcudur". Ümummilli liderin ideyalarını uğurla davam və inkişaf etdirən cənab Prezidentin təsdiq etdiyi "Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı uzrə Dövət Proqramı"na uyğun olaraq şəhərin ümumtəhsil məktəblərində təhsil alan və xüsusi istedadı ilə fərqlənən şagirdlər son beş ildə həyata keçirilən tədbirlər zamanı aşkara çıxarılmış, həm də onların istedadının qayğısına qalınmışdır. BŞTİ-də yaradılmış "İstedad bankı"nda hər bir uşaq haqqında müfəssəl məlumat var və biz daim onların fəaliyyətini izləyir, lazımi dəstəyi göstərə bilirik. İstedadların üzə çıxarılmasında fənn olimpiadalarının əhəmiyyəti çox böyükdür. Bakı məktəblərində fəaliyyət göstərən olimpiadalara hazırlıq mərkəzləri bu mənada xeyli iş görür. Hər il şagirdlərimizin tutduqları qalib yerlərinin sayının artması da bu mərkəzlərin, fənn müəllimlərinin fəaliyyəti nəticəsində mümkün olur. Məlumat üçün bildirim ki, fənn olimpiadalarının respublika turunda qalib şagirdlərin sayı 2006-cı ildə 48, 2007-ci ildə 69, 2008-ci ildə 92, 2009-cu ildə 105, 2010-cu ildə 106, 2011-ci ildə isə 108 nəfər olmuşdur.

Hər il Bakı şəhərinin məktəblərində Ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümü yüksək səviyyədə qeyd edilmiş, bu tədbirlər elm, bilik yarışına çevrilmişdir. Son dörd ildə Ulu öndərin həyat və fəaliyyətinə həsr edilmiş "Azərbaycan-dünyam mənim", "Biz Heydər Əliyev irsini öyrənirik", "İstedadlı şagirdlərin potensial imkanlarının optimal yolları" və "Məktəbli gənclər Heydər Əliyev zəkasının işığında" mövzuları üzrə təşkil edilmiş olimpiada, inşa yazı müsabiqələri və konfranslar da belə tədbirlərdəndir. Qeyd edim ki, bu tədbirlər il boyu keçirilmiş, bir neçə mərhələdən ibarət olmaqla təhsilin bütün sahələrini əhatə etmişdir.

Digər xəbərlər