PDF Oxu

Müsahibə

  • 24

Ermənistan vaxtı uzatmaq taktikasından istifadə edir

Ermənistan vaxtı uzatmaq taktikasından istifadə edir

Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Kazan görüşü ictimaiyyət tərəfindən müəyyən mənada, öz nəticəsizliyi ilə daha çox yadda qaldı. Bir sıra ekspertlərin, siyasi analitiklərin fikrincə, məhz işğalçı Ermənistanın qeyri-konstruktiv mövqeyi üzündən sözügedən danışıqlar gözlənilən nəticə ilə yekunlaşmayıb. Eyni zamanda, hesab olunur ki, münaqişənin həlli prosesinin uzanmaması vasitəçi ölkələrin mövqeyinin qətiləşməsindən asılıdır.

Həmçinin, politoloqlar danışıqların tam iflasa uğradığını da düşünmürlər. Belə ki, tərəflər görüş zamanı nəzərdən keçirdikləri məsələlərdə irəliləyişlərin əldə edildiyini, həmçinin, əvvəlki kimi sülh prosesinə sadiq olduqlarını bəyan ediblər...

- ATƏT-in Minsk Qrupunun həmsədrlərinin regiona növbəti səfərləri başlayıb. Sizcə, gəl-get, müzakirələr və danışıqlar aparmaq Dağlıq Qarabağ münaqişəsinin həllinə nə kimi yardımçı ola bilər?

- Artıq bildiyimiz kimi, Kazan görüşü məyusedici nəticələrlə yekunlaşdı. Bəs Kazan görüşündən nə gözlənilirdi? Gözlənilirdi ki, 2009-cu ilin sonunda irəli sürülmüş yeniləşmiş Madrid prinsipləri nəzərə alınacaq və Ermənistan həmin prinsipləri qəbul edə bilər. Eyni zamanda, bundan sonrakı danışıqlarda da növbəti fazaya keçmək üçün şərait yaranar. Lakin bu görüş onu göstərdi ki, Ermənistan vaxtı uzatmaq taktikasını həyata keçirir. Beynəlxalq ictimai fikri aldatmaq üçün permanent variantlardan istifadə edir. Danışıqlardan imtina etmir və bununla da fon yaratmaq istəyir ki, Ermənistan tərəfi sülhpərvər dövlətdir və guya istənilən halda münaqişənin həllində maraqlıdır. Baxmayaraq ki, danışıqlara getməmişdən öncə, ictimaiyyət bilirdi ki, Ermənistan heç bir razılığa getməyəcək. Belə hesab edirəm ki, 2011-ci il daha çox münaqişənin həlli ilə bağlı yaxşı imkanların olduğu, lakin Ermənistan üzündən həmin imkanların itirildiyi il kimi qəbul edilə bilər. Çox təəssüflə bunu qeyd edirəm ki, hadisələrin gedişatı, Ermənistanın atdığı addımlar xoşagəlməz nəticələrə gəlməyə əsas verir.

- İddialara görə, həmsədrlər budəfəki səfərləri zamanı, yeni təkliflər paketi ilə çıxış edəcəklər. Belə çıxmır ki, problemin həlli ilə bağlı irəli sürülən əvvəlki layihələrdən imtina olunur?

- Son zamanlar Fransa Xarici İşlər Nazirliyi tərəfindən də bu məsələ ilə bağlı müəyyən açıqlamalar verilib. Fransa Xarici İşlər Nazirliyi tərəfindən müəyyən təkliflər irəli sürülüb və yeni təkliflər ideyası elə də nikbin deyil. Daha dəqiq desək, yeni ideyalar verilirsə, bu, köhnə ideyaların qəbuledilməzliyi anlamına gəlir. Köhnəni isə Azərbaycan qəbul etmişdi. Amma Ermənistan öncəki ideyaları qəbul etmir. Ermənistan köhnəni qəbul etmirsə, təbii ki, yeni ideyalar yaranır, yenisi yarandıqda isə Ermənistanın bunu qəbul etməsi marağı nəzərə alınır. Və belə qənaətə gəlmək mümkündür ki, əgər bu təkliflər yararlıdırsa, əvvəlki təkliflərdən, əvvəlki yeniləşmiş Madrid prinsipləri ilə münasibətdə bir az da irəli yox, iki addım geriyə qayıtmaqla xarakterizə oluna bilər. Amma bir şey də var ki, bu təkliflərin necə olmasından asılı olmayaraq, həmin təkliflər Azərbaycana da təklif olunacaq. Müəyyən edilmiş təkliflər yeniləşmiş Madrid prinsiplərinin formasına və onun ruhuna ziddi olduğu qənaətinə gələrsə, Azərbaycanın milli dövlətçilik maraqlarına uyğun olmadığı qənaətinə gələrsə, təbii ki, həmin təkliflər qəbul olunmayacaq. Ermənistanın vaxtı udmaq taktikası isə, əslində, sülhə gedən yolu qısaltmır, digər variantlara gedən yolu kiçildir. Hesab edirəm ki, bu yol Ermənistana heç nə yaxşı vəd etmir və bu, Azərbaycanın silahlı qüvvələrinin yaranmasının 93-cü ildönümünə həsr edilmiş paradda çıxış edən Prezident İlham Əliyev bir daha bəyan etdi ki, bütün dünya bir daha eşitdi ki, Azərbaycan güclənməkdədir, xüsusilə, hərbi baxımdan Azərbaycan ilbəil güclənir və bu, Azərbaycanın militarist dövlət olmağından irəli gəlmir, hər bir özünə hörmət edən dövlətin torpaqları işğal altında qalarsa, belə bir addım atar və bundan da artıq funksiyalar həyata keçirə bilər. Bu, həm də beynəlxalq vasitəçilərin münaqişənin dinc yolla həll edə bilməməsi vasitələrindən qaynaqlanır.

- ABŞ-Fransa-Rusiya tərəflərə müharibədən qaçmağı tövsiyə edirlər. Sülh yolu ilə isə, təcavüzkar Ermənistan işğal etdiyi torpaqları azad etmək istəmir. Sizcə, həmsədr dövlətlər bunu nəzərə alırlarmı?

- Onu da xatırlatmaq vacibdir ki, BMT nizamnaməsinin 25-ci maddəsi mövcuddur və bu maddədə göstərilib ki, BMT Təhlükəsizlik Şurasının verdiyi qərarlar məcburi xarakter daşıyır. Azərbaycana aid isə 1993-cü ildə 4 qətnamə qəbul edilib. Bəs niyə və nəyə görə 25-ci maddə hələ də icra edilmir? Bu nöqteyi-nəzərdən, bu kontekstdən Avropa Şurası Parlament Assambleyası da, İslam Konfransı Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatlar Ermənistanı təcavüzkar dövlət kimi tanıyır. Bu sənədlər bizim üçün sabah çox vacib və mühüm əhəmiyyət kəsb edən vasitələrdir. İndiki zamanda isə, Azərbaycanın taktikası yalnız güclənməyə doğru inkişaf edir. Azərbaycan özünün bugünkü iqtisadi və siyasi potensialı ilə daha da qüdrətli ölkəyə çevrilməkdədir və gələcəkdə bütün bunlar ölkəmizin Ermənistandan bir neçə dəfə deyil, on dəfələrlə güclü olmasına bariz nümunədir. Belə olan halda, müharibə variantı 99,9 faiz göstərici ilə öncüllük təşkil edəcək. Buna isə, daha dəqiq desək, Azərbaycanın işğalçı Ermənistandan dəfələrlə deyil, on dəfələrlə daha güclü olmasına çox qısa zaman qalıb.


RÖVŞƏN RƏSULOV

Digər xəbərlər