PDF Oxu

Müsahibə

  • 348

Madrid prinsiplərinə Azərbaycan “hə” deyir

Madrid prinsiplərinə Azərbaycan “hə” deyir

- Elşad müəllim, ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona növbəti səfəri başlayıb. Bu səfər Dağlıq Qarabağ münaqişəsinin həllinə hansı səmərəni verə bilər?

- Kazan görüşündən əvvəl də ATƏT-in Minsk Qrupu həmsədrləri tərəfindən Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində yaranan durğunluqla bağlı narahatçılıqlar ifadə olunub. ATƏT-in Minsk Qrupunun fransalı həmsədri qəti şəkildə bəyan etmişdir ki, bu məsələnin həlli ilə bağlı real addımların atılmasının vaxtı çoxdan çatıb. Eyni zamanda, həmsədrlər çox gözəl dərk edirlər ki, bu məsələ özünün gərginliyinin pik həddinə çatmaqdadır. Sıx-sıx sözügedən münaqişənin dinc vasitələrlə həllinin vacibliyinə işarə edirlər. Bu isə, ondan xəbər verir ki, onlar Azərbaycanın hərbi vasitələrə əl atma ehtimallarını real qiymətləndirirlər və bundan çəkinirlər. Bu baxımdan, təbii ki, onlar öz iş fəaliyyətlərində dinamiklik yaratmağa və sözügedən münaqişənin tənzimlənməsi istiqamətində müəyyən addımların atılmasına nail olmağa çalışırlar. Bu baxımdan, hesab etmək olar ki, ATƏT-in Minsk Qrupu həmsədrlərinin Kazan görüşündən sonra, regiona səfərləri ilə bağlı müəyyən bir gözləntilərlə bağlı ümid qırıqlığını kompensasiya etməyə çalışırlar. Təbii ki, bu, sadəcə olaraq, səfər xatirinə səfər olmamalıdır. Yəni onlar özlərinin səsləndirdiyi kimi bu məsələ ilə əlaqədar olaraq, real addımlara start verməlidirlər. Bu gün işğalçı ölkə olan Ermənistana ciddi təsirlərin göstərilməsinin vaxtı çatıb. Ümid edirik ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri də sözügedən məsələnin ciddiliyini kifayət qədər dərk edirlər.

- İddialara görə ATƏT-in Minsk Qrupu həmsədrləri yeni təkliflərlə çıxış edəcək. Sizcə, bu təkliflər Dağlıq Qarabağ münaqişəsinin həllində nəyi -sə dəyişə bilər?

- Düşünürəm ki, yeni təkliflərin irəli sürülməsinə ehtiyac yoxdur. Yəni, bu gün bir həllini tapmayan məqam var ki, o da Ermənistanın bu münaqişənin həllinə olan baxışlarına dəyişiklik yaratmaqdır. Burada hansı təkliflər irəli sürülür-sürülsün Azərbaycanın bir mövqeyi var. O da ölkənizin ərazi bütövlüyü bərpa olunmalıdır. Burada istər beynəlxalq hüquq, istərsə də digər normativ aktlar Azərbaycanın bu hüququnu tanıyır. Azərbaycan bir suveren müstəqil dövlət kimi özünün ərazi bütövlüyünü həll etməlidir. Yəni ölkəmiz bunu istəyir. Bu məsələ ilə bağlı istənilən irəli sürülən təkliflər də, məhz bu məqama xidmət etməlidir. Azərbaycan bu məqamlara bu və ya digər dərəcədə xidmət edən prinsiplərlə mahiyyət etibarı ilə razıdır. Yenilənmiş Madrid prinsiplərinə Azərbaycanın "hə" deməsi də, bunu bir daha sübut etdi ki, ölkəmiz Dağlıq Qarabağ münaqişəsinin dinc vasitələrlə həllində çox maraqlıdır və bu istiqamətdə real addımlarını atır. Yəni bu gün Ermənistana real təsirlər etmək lazımdır. Ermənistan istənilən prinsiplərə "yox" deyə bilər. Bugünkü günə kimi də, "yox" deyir. Açıq şəkildə müşahidə olunur ki, işğalçı ölkə Ermənistan kimlərinsə və hansısa qüvvələrin maraqlarına uyğun olaraq, status-kvonun saxlanmasına çalışır. Bu vəziyyəti də aradan qaldırmaq lazımdır. Yenidən hər hansı prinsiplərin irəli sürülməsi və bu prinsiplərin tərəflərə təqdim olunması, tərəflərin isə ona münasibət bildirməsi ilə bağlı yenidən uzun bir zamanın keçməsinə ehtiyac yoxdur. Hesab edirəm ki, bu münaqişənin dinc vasitələrlə tənzimlənməsi imitasiyasını yarada bilər. Sadəcə olaraq, bu prosesin getməsi imitasiyasına xidmət edə bilər. Bu gün bir məqama diqqət yetirmək lazımdır ki, Ermənistana öz yerini göstərək. Yəni burada bütün prinsiplər müzakirə edilib və təklif olunub. Bu baxımdan, hesab edirəm ki, yeni prinsiplərin elə bir əhəmiyyəti yoxdur. Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi ilə bağlı başqa istiqamətdə fəaliyyət göstərmək lazımdır.


GÜLYANƏ

Digər xəbərlər