- Vüqar müəllim, "İki sahil" qəzeti bu gün tanınan, oxunan və cəmiyyət tərəfindən qəbul olunan mətbuat orqanına çevrilib. Amma məlumdur ki, bu uğuru qazanmaq üçün qəzet çox mürəkkəb proseslərdən keçib. Qəzetin yaranma tarixi, eyni zamanda üzləşdiyi çətinliklər barədə nə deyə bilərsiniz?
- 20 illik yubileyini qeyd etməyə hazırlaşan "İki sahil" qəzetinin ilk nömərəsi 1991-ci il iyulun 10-da çapdan çıxıb. 1991-ci il Azərbaycan mətbuatı, ümumiyyətlə, Azərbaycan cəmiyyəti üçün elə bir dövr olub ki, bunu həmin proseslərin şahidi olanlar da daha yaxşı bilirlər. Çünki bizim keçdiyimiz bütün çətinliklər cəmiyyətin gözü qarşısında cərəyan edib. Bu gün söz azadlığı mövcuddur, insanlar öz fikirlərini sərbəst ifadə edə bilirlər. Amma həmin illərdə söz, fikir azadlığından danışmaq qeyri-mümkün idi. Bir məqamı da xüsusi qeyd etmək istərdim ki, 1991-ci ildə "Azərbaycan" nəşriyyatında qəzetlər xüsusi qrafikə uyğun olaraq çap olunurdu və eyni zamanda həmin dövrdə senzuranın mövcudluğunun da yaratdığı ciddi problemlər də var idi. Buna baxmayaraq, 1991-ci ildə "İki sahil" qəzetinin çoxtirajlı bazasını yaratdıq. "İki sahil" qəzeti hələ o dövrlərdə mövcud reallıqların obyektiv təbliğatçısı, həmçinin ilk müstəqil mətbuat orqanlarından biri kimi geniş oxucu kütləsini qazanmışdı.
Müstəqilliyimizin ilk illərində yaşanan durumun ümumi xarakteristikası belədir ki, ölkəmizdə xaos, anarxiya, özbaşınalıq baş alıb gedirdi, ictimai-siyasi vəziyyət hər an gərginləşirdi, torpaqlarımız işğal olunurdu, xalqın sabaha ümidi yox idi. O dövrün iqtidarının yarıtmaz siyasətini bir mətbuat orqanı olaraq geniş təhlil etməklə böyük təzyiqlərlə üzləşirdik. Mövcud problemlərin aradan qaldırılmasına xidmət edən çağırışlarımız qəzetin səhifələrində xüsusi yer tuturdu. O illərdə Azərbaycan vətəndaşlarının böyük əksəriyyəti Azərbaycanın bu vəziyyətdən çıxış yolunu ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışında görürdülər. Biz də bu prosseslərdə çox fəal iştirak edərək, 1991-ci ildən bu yana ümummilli lider Heydər Əliyevin Azərbaycan üçün gördüyü işlərdən geniş bəhs edirik. Qəzetimizdə ulu öndərlə bağlı ilk böyük məqalə 1991-ci il dekabr ayının 5-də dərc olunan "Karvan yolda düzlənir" adlı yazı idi. Ulu öndərimiz Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olduğu dövrdə Naxçıvanda görülmüş işlərlə bağlı mütəmadi məlumatlar verirdik. Müntəzəm olaraq Ali Məclisin fərmanları, qərarları və sərəncamları qəzetimizin səhifələrində işıqlandırılırdı. 1992-ci ildə Yeni Azərbaycan Partiyası yarandı. Partiyanın yaranmasından əvvəl onun təşkilatlanmasında "İki sahil" qəzeti xüsusi fəallıq göstərib. Sonrakı dövrlərdə partiyanın keçirdiyi tədbirlər, şəhər və rayon təşkilatlarının təsis konfransları qəzetimizin səhifələrində geniş işıqlandırıldı və bu gün də Heydər Əliyev ideyalarının təbliğatçısı kimi çoxsaylı mətbuat orqanları arasında xüsusi yer tutur.
Müstəqil Azərbaycan mətbuatının formalaşmasına da qəzetimiz öz töhfələrini verib. Hər zaman çalışmışıq ki, Azərbaycan cəmiyyətinin arzu, istəklərini özündə əks etdirən bir qəzet kimi fəaliyyət göstərək.
Qeyd etmək istərdim ki, yarandığı dövrdə "İki sahil" qəzeti əvvəllər ayda bir dəfə, sonra ayda iki dəfə dərc olunmağa başladı. Bu gün isə fəxrlə deyə bilərəm ki, artıq "İki sahil" qəzeti gündəlik nəşr olunur.
- "İki sahil" qəzeti yarandığı ilk vaxtlardan təzyiqlərə və hücumlara məruz qalıb. Amma bütün bu redaksiya əməkdaşlarının mübarizə əzmini qıra bilməyib. Bu əzmkarlıq, mübarizlik nədən qaynaqlanırdı?
- O dövrdə "İki sahil" qəzeti ilə yanaşı bir çox mətbuat orqanlarına da təzyiqlər göstərilirdi. Jurnalistlərin döyülməsi, qəzetlərin nəşrinin güc tətbiq edilərək dayandırılması, hədə-qorxular çox adi qəbul olunurdu. Lakin bu reallıq inkaredilməzdir ki, məqsəd qarşıya çıxan bütün maneələrin aradan qaldırılması üçün stimuldur. İnsan qarşısına qoyduğu məqsədə çatmaq üçün ciddi səylər göstərir. Uğurlu başlanğıc müsbət nəticənin əsasıdır. "İki sahil" qəzeti də ilk gündən gələcəyə böyük ümidlə yanaşıb, seçdiyi düzgün yolda inamlı addımlar atmaqla bugünkü uğurlarına stimul yaratdı. Sözügedən zamanda bizim kollektivimiz 15 nəfərə yaxın əməkdaşı var idi. Bütün tətbiq olunan güclərə, təzyiqlərə baxmayaraq, qəzetimizin əməkdaşları ölkə ictimaiyyətinin dəstəyindən böyük güc alaraq, bu inamı doğrultmaq üçün ciddi səylər göstərirdilər. Ulu öndər Heydər Əliyevin Naxçıvan Ali Məclisinin sədri olduğu dövrlərdə qəzetimizdə Naxçıvanla bağlı yazılara xüsusi yer verdiyimiz üçün bir çox bədxaxlar bizə iradlar tutulurdu. Amma zaman göstərdi ki, "İki sahil" qəzeti düzgün mövqedə olub. Ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışı ilə bağlı ictimaiyyətin arzu və istəklərini özündə əks etdirən yazılarla, müraciətlərlə qəzetimiz maksimum dərəcədə fəaliyyət göstərib. Müstəqil Azərbaycan dövlətinin varlığı birmənalı şəkildə ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Dahi şəxsiyyət düşünülmüş və məqsədyönlü siyasəti ilə Azərbaycanı böhrandan xilas etdi, inkişaf, tərəqqi yoluna çıxardı. 1993-2003-cü illər Azərbaycan tarixinə dirçəliş dövrü kimi daxil olub. Bu illərdə müstəqil dövlətimiz malik olduğu təbii resurslardan səmərəli istifadə etməklə iqtisadi və maliyyə imkanlarını genişləndirdi. İqtisadi inkişaf əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə müşayiət olundu. Ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyasını şərtləndirən daha bir amil budur ki, o, özündən sonrakı Azərbaycanın taleyini yüksək intellektli, praqmatik düşüncəli siyasətçi cənab İlham Əliyevə tapşırdı. Bu gün Azərbaycanın qazandığı uğurlar, ölkəmizin dünyada böyük nüfuza malik olması, sabitlik və tərəqqinin xalqı işsizlikdən, yoxsulluqdan xilas etməsi məhz bu etimadın nəticəsidir. "İki sahil" qəzeti ölkəmizin uğurlarını böyük ruh yüksəkliyi ilə ictimaiyyətə çatdırır. Təbliğat işlərinin aparılmasında düzgün mövqedə olmağımızla fəxr edirik.
- Vüqar müəllim, senzuranın mətbuatda törətdiyi çətinliklərdən danışdınız. Ulu öndər Heydər Əliyevin 6 avqust 1998-ci il tarixli Sərəncamı ilə mətbuatda senzura ləğv olundu. "İki sahil" qəzeti ulu öndərin söz və mətbuat azadlığına diqqət və qayğısını necə dəyərləndirib?
- Ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonrakı dövr digər sahələrdə olduğu kimi Azərbaycan mətbuatının da inkişafında yeni mərhələnin başlanğıcı oldu. Ölkədə ictimai-siyasi sabitliyin yaradılması, insan hüquqlarının qorunmasının dövlətin siyasətinin prioritet istiqamətinə çevrilməsi, qanunun aliliyinin təmin edilməsi, ölkəmizin sürətli sosial-iqtisadi inkişafı, ictimai həyatın bütün sahələrinin yeniləşməsi fikir, söz və məlumat azadlığının, plüralizmin daha geniş təmin olunması üçün əlavə tədbirlər görülməsini zəruri etdi. Ulu öndər Heydər Əliyev bildirirdi ki, dövlət siyasətimizin əsas məqsədlərindən biri Azərbaycanın mütərəqqi mətbuat ənənələrinin davam etdirilməsi və müasir beynəlxalq təcrübə ilə zənginləşdirilməsi, KİV-in maddi-texniki vəziyyətinin yaxşılaşdırılması, onların imkanlarından respublikada hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin formalaşdırılması və inkişafı, demokratik islahatların həyata keçirilməsində səmərəli istifadə edilməsindən ibarətdir.
Mətbuatımızın inkişaf tarixinə nəzər salsaq, görərik ki, bu tərəqqi daha çox 1998-ci ildən nəzərə çarpmağa başladı. 1998-ci ilin 6 avqustunda "Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında" Fərmanın imzalanması ilə ölkə mətbuatının inkişafında yeni bir mərhələ başlandı. Fərman KİV-lərin sərbəst fəaliyyətinin genişlənməsində, demokratikləşmə prosesinin sürətlənməsində onların rolunun daha da artırılmasında mühüm əhəmiyyət kəsb etdi. Bu sənədlə KİV-lərdə Dövlət Sirlərini Mühafizə edən baş idarə ləğv edildi.
Bu gün fəaliyyət göstərən bütün mətbuat orqanları yaradılan demokratik şəraitə görə məhz ulu öndər Heydər Əliyevə borcludur. 1999-cu ildə Milli Məclis tərəfindən Azərbaycanda kütləvi informasiya vasitələri haqqında mütərəqqi qanun qəbul olundu. 2001-ci ildə isə dünya ölkələrinin təcrübələrindən bəhrələnərək həmin qanuna əlavə və dəyişikliklər edildi. 2001-ci ildə ulu öndər Heydər Əliyevin qəzet redaktorları ilə görüşünün iştirakçılarından biri kimi deyə bilərəm ki, həmin gün ümummilli liderin mətbuat orqanlarının problemlərini dinləməsi və onların həlli üçün əlindən gələni əsirgəməcəyini qeyd etməsi rəğbətlə qarşılandı. Mətbuatın borcları ulu öndərin xüsusi fərmanı ilə silindi. Bu kimi faktları xeyli sayda sadalamaq olar. Bütün bunları nəzərə alaraq deyə bilərəm ki, 1998-ci ilin 6 avqust tarixi Azərbaycan mətbuat tarixində əlamətdar hadisə kimi yadda qalır. Ulu öndər Heydər Əliyev Azərbaycan mətbuatının sağlam və müstəqil formalaşması üçün çox önəmli addımlar atıb.
- Ulu öndər Heydər Əliyevin mətbuata göstərdiyi diqqət və qayğının ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi göz qabağındadır. Azərbaycan mətbuatı bu qayğını öz əməli fəaliyyəti ilə lazımınca dəyərləndirə bilirmi?
- Ulu öndər Heydər Əliyevin bütün sahələrdə olduğu kimi mətbuatla bağlı siaysəti də ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün mətbuat üzərində dövlət nəzarət mexanizmi yoxdur. 2005-ci ildə jurnalistlərin böyük arzusu olan "Əməkdar jurnalist" adı bərpa olundu. Eyni zamanda Prezident İlham Əliyevin hakimiyyəti dövründə Milli mətbuatın yaranmasının 130 illiyi ilə bağlı geniştərkibli tədbirlərin keçirilməsi ilə bağlı Sərəncam imzalandı. Ölkənin aparıcı media nümayəndələrinin mükafatlar və "Tərəqqi" medalı ilə təltif olunması, bir çox jurnalistə Prezident fərdi təqaüdü verilməsi Azərbaycan mediasına göstərilən qayğının bariz nümunəsidir. Prezident İlham Əliyevin 31 iyul 2008-ci il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası" təsdiqləndi. Konsepsiyaya uyğun olaraq dövlət başçısı İlham Əliyevin 3 aprel 2009-cu il tarixili Sərəncamı ilə Azərbaycan Respublikası yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradıldı. 22 may 2009-cu il tarixli Sərəncama əsasən isə fondun icraçı direktoru və müşahidə şurasının üzvləri təyin olundu. Fondun fəaliyyətinin müstəqil mətbuatın formalaşmasında çox böyük əhəmiyyəti oldu. Jurnalistlərin peşəkarlığının artırılmasında, sosial vəziyyətlərinin yaxşılaşdırılmasında, mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsində fondun əməyi böyükdür. Ötən il mətbuatın 135 illiyi yubileyi ərəfəsində dövlət başçısı İlham Əliyev Mətbuat Şurasının yeni ofisinin açılışında iştirak etdi, Mətbuat Şurasının İdarə Heyətinin üzvləri ilə görüşdü. Mətbuat Şurasının sədri Əflatun Amaşov jurnalistlərin arzu və istəklərini səsləndirdi. Həmin gün Prezident İlham Əliyevin "Azərbaycan Milli mətbuatının 135 illiyi ilə əlaqədar tədbirlərin maliyyələşdirilməsi və Azərbaycan Respubilkasının kütəlvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımının göstərilməsi tədbirləri haqqında", "Mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında", həmçinin milli mətbuatın inkişafındakı xidmətlərinə görə bir qrup jurnalistin fəxri adlarla təltif olunması haqqında sərəncamları bu reallığı təsdiqlədi ki, mətbuatın inkişafı daim dövlətin diqqətindədir, jurnalist əməyinə yüksək dəyər verilir.
Bu diqqət və qayğını mətbuat orqanları üzərilərinə düşən missiyanı yüksək səviyyədə yerinə yetirməklə doğrultmalıdır. Bu vəzifə ondan ibarətdir ki, bu gün qüdrətlənən, güclənən Azərbaycanın reallıqlarını beynəlxalq ictimayyətə daha obyektiv çatdıraq, dövlətçilik prinsiplərinin qorunmasında fəal iştirak edək. Hər bir mətbuat nümayəndəsi bu missiyanı layiqincə yerinə yetirmək üçün var gücü ilə çalışmalı, əlindən gələni əsirgəməməlidir.
Maraqlı müsahibəyə görə, Sizə minnətdarlığımızı bildiririk, biz də "Səs" kollektivi adından "İki sahil" qəzetinin baş redaktorunu və bütün kollektivini 20 illik yubiley münasibətilə təbrik edir, uğurlarının davamlılığını arzulayırıq.