- Mübariz müəllim, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bölgəyə növbəti səfərinin Kazan görüşündə yaranan əsəb gərginliyini bir növ aradan qaldırmaq üçün atılmış addım kimi dəyərləndirmək olarmı?
- Prosesi bu səviyyəyə çatdıran elə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin özləri oldu. Çünki onların özlərinin xüsusi marağı var idi. Onlar istəyirdilər ki, ermənilərdən öz maraqları üçün istifadə etsinlər. Fransada prezident seçkilərinə artıq start verilib. Ona görə də, Fransa hökuməti çalışır ki, orada yaşayan yerli ermənilərin səsini qazansın. Eyni zamanda, Minsk Qrupunun fransalı həmsədri Bernar Fasye Avroparlamentdə, yəni Kazan görüşündən qabaq çıxış edərkən ip ucu vermişdir ki, ermənilər Kazanda heç bir sənəd imzalamasınlar. Yəni B.Fasye bildirmişdir ki, biz bu məsələ ilə bağlı yeni ideyalar verəcəyik. Sonradan isə Fransanın Xarici İşlər Nazirliyi də yeni ideya məsələsinə toxunmuşdur. Məhz bu baxımdan da, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Kazan görüşü ərəfəsindəki fəaliyyəti ermənilərin xeyirinə olan fəaliyyət idi. Onlar bu işdə özlərinin və ermənilərin xeyirinə olan bütün addımları atmağa çalışdılar. Dağlıq Qarabağın və Azərbaycanın maraqlarına uyğun olmayan məsələlər ortaya atdılar. Hətta onlar sona qədər çalışdılar ki, ATƏT rəsmiləri regiona gələndə, yeni ideyalarla gəlsinlər. Amma ən son anadək Azərbaycan diplomatik kanallarla mübarizə apararaq, ATƏT-in Minsk Qrupunun həmsədrlərini məcbur etdi ki, danışıqları əvvəlki ruhuna qaytarsın. Yəni ortalıqda heç bir yeni təklif olmamalıdır. Kazanda masa üzərində hansı sənəd olubsa, o da imzalanmalıdır.
- Siz də bildirdiniz ki, ATƏT təmsilçiləri yeni ideya ilə çıxış etmək niyyətindədirlər. Ortada konkret konsepsiya olduğu halda, yeni bir təkliflə çıxış etmək nəyisə dəyişə bilərmi?
- Yeni ideyanın mahiyyəti ancaq ermənilərin xoşuna gəlməkdən ibarətdir. 20 ildir ATƏT-in Minsk Qrupu ermənilərin başını sığallayaraq ermənipərəstliklə məşğuldur. Ona görə də, Dağlıq Qarabağ münaqişəsi tənzimlənmir. Məhz bu səbəbdən də hazırda ortalıqda olan yeni ideya ancaq Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsini yubatmağa xidmət edir. Bu, eyni zamanda, ermənilərə immitasiya şəraiti yaradıb. Masa üzərində olan Akril, Muskok, Dovil bəyanatlarında göstərilən sənəd tam təkmil sənəddir. O sənədi hazırlayanların fikrincə, bu, həm ermənilərin, həm də azərbaycanlıların maraqlarına uyğun gəlir. Belə bir sənədin 4 ildir ki, ortalıqda olması, son iki ildə isə son variantının müqayisə predmetinə çevrilməsi müqabilində əlavə təklifə heç bir ehtiyac yoxdur.
- Rusiya ATƏT-in Minsk Qrupunu üstələmək üçün Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı konkert bir konsepsiya irəli sürdüyü iddia olunur. Belə olan təqdirdə, prosesin istiqamət xəttində hər hansı dəyişikliklərin olacağı gözləniləndirmi?
- Bizim Azərbaycan cəmiyyətində SSRİ dağılan vaxtı güclü anti-Rusiya əhval-ruhiyəsi var idi. İndiyədək müəyyən bir qrupda anti-Rusiya əhval-ruhiyyəsi hələ də qalmaqdadır. Əksinə olaraq, bu gün Rusiya, xüsusən də, Kazan görüşü ərəfəsində tərəflər arasında sənədin imzalanmasına daha çox maraqlı mövqedən çıxış etdi. Amma ABŞ və Fransa isə həmin sənədin imzalanmamasına hər vəchlə çalışırdılar. Bundan əlavə, Rusiya Ermənistanda keçiriləcək hərbi təlimlərini qeyri-müəyyən vaxtadək dayandırdı və eyni zamanda, ötən gün Rusiya Müdafiə Nazirliyinin ermənilərin xeyirinə bəyanatlar verən generalı strukturdan uzaqlaşdırıldı. Ona görə də hazırkı məqamda Dağlıq Qarabağ münaqişəsi kontekstində Rusiyanın fəliyyətində qüsur axtarmaq bir o qədər də yerində olan məsələ deyil.
- ABŞ və Fransanın bu danışıqları pozmaqda marağı nədən ibarət idi?
- Yəni, əslində, Kazan görüşündə əldə olunan razılıq NABUCCO-nun da taleyini həll edəcəkdi. Əgər Rusiyanın vasitəçiliyi ilə Kazanda uğur əldə edilsəydi, bu, onun Qafqazda MDB məkanında nüfuzunu, doğurdan da, gücləndirmiş olacaqdı. Görünür, Rusiya ilə Qərb dövlətləri arasında yeni bir geosiyasi mübarizə başlayır. Məhz bu səbəbdən də onlar çalışdılar ki, Rusiyanın "patronajlığı" altında belə bir sənəd imzalanmasın. Eyni zamanda, onların Kazan görüşünü pozmaqda, yəni ABŞ və Fransanı indiki məqamda tərəflər arasında hər hansı sənədin imzalanmasında heç bir marağı yox idi. Çünki qarşıdan Fransada prezident seçkiləri gəlir. Ona görə də, N.Sarkozinin komandası orada yaşayan ermənilərin səsini qazanmaq üçün belə bir addım atmalı oldu. Kazanda imzalanacaq istənilən bir sənəd ermənilərin maraqlarına cavab vermədiyi üçün Fransa da məhz bu mövqedən çıxış etdi.
- Belə çıxır ki, Ermənistan Rusiyanın vassalı olmaqla yanaşı, həm də ABŞ və Fransanın da təsiri altında olan bir ölkədir?
- Əksinə, indi proseslər heç də belə davam etmir. Bu gün heç kəs Ermənistanı ciddi bir tərəfdaş kimi qəbul edib onun maraqlarına uyğun addımlar atmır. Yəni N.Sarkozi də çalışdı ki, Dağlıq Qarabağ məsələsi bir 6 ayda uzansın və Fransada yaşayan ermənilər ona səs versinlər.
RƏFİQƏ KAMALQIZI
TAPDIQ QURBANLI