- Məlahət xanım, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Rusiya prezidenti Dmitri Medvedevin Azərbaycan və Ermənistan prezidentlərinə təqdim etdiyi məktubu Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə nə dərəcədə imkanlar yarada bilər?
- Rusiyanın xarici işlər naziri Sergey Lavrovun prezident Dmitri Medvedevin adından Ermənistan və Azərbaycan prezidentlərinə gətirdiyi məktuba mənim ümidim yoxdur. Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı əsas vasitəçidir. Birincisi, 20 ilə yaxındır ki, sözügedən münaqişənin həlli ilə bağlı heç bir addım atılmayıb. İkincisi də, Kazanda keçirilən görüşdə Rusiyanın hakim dairələri bu problemin həlli ilə bağlı bir iş görmədilər. Açığını desək, Kazan görüşünə qədər bütün beynəlxalq ictimaiyyətdə və eləcə də, Azərbaycanda Dağlıq Qarabağ münaqişəsinin həll olunması ilə əlaqədar böyük ümidlər var idi. Rusiya neçə illərdir ki, Dağlıq Qarabağ münaqişəsinin həllində əsas vasitəçi kimi bir iş görməyibsə və yaxud da görmək istəməyibsə, bu halda, Rusiyanın bir neçə gün ərzində Ermənistana təzyiq etməklə nəyə isə nail olacağı iandırıcı deyil. Ona görə də, Dmitri Medvedevin adından Sergey Lavrovun gətirdiyi məktub vasitəsilə Dağlıq Qarabağ probleminin həll edilməsinə inamım yoxdur. Yəni, D.Medvedevin məktubu münaqişənin həllinə heç bir töhfə verməyəcəkdir. Çünki 20 ilə yaxındır ki, Azərbaycan tərəfi münaqişənin həlli ilə bağlı beynəlxalq təşkilatların dəstəyinə ümid bağlayıb, amma heç bir nəticə əldə olunmayıb.
- Sergey Lavrovun Amerikaya səfər edərək dövlət katibi Hillari Klintonla görüşməsi və Dağlıq Qarabağ münaqişəsi ətrafında müzakirələr aparması ABŞ-la Rusiyanın Dağlıq Qarabağ probleminin həllində eyni maraqları bölüşməsi anlamını yaratmır ki?
- Bildiyiniz kimi, Kazan görüşündə bir müddət qabaq Fransanın Dovil şəhərində "Böyük 8-lər"in görüşü olmuşdur. Keçirilən həmin görüşdən sonra, ATƏT-in Minsk Qrupunun həmsədrləri kimi ABŞ, Fransa və Rusiya dövlətlərinin prezidenləri mətbuat konfransı keçirərək bildirdilər ki, Dağlıq Qarabağ probleminin həll olunması ilə bağlı öz səylərini əsirgəməyəcəklər. Mətbuat konfransından bir neçə gün sonra Rusiya prezidentinin təşəbbüsü ilə Ermənistan və Azərbaycan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Kazanda keçirilən görüşləri hər bir kəsdə böyük ümidlər yaratmışdır. Bu görüşün baş tutmasına baxmayaraq, burada ABŞ və Avropa Birliyi Rusiyaya qarşı müəyyən təzyiqlər göstərdi və tənqidlər səsləndirdi. Hətta bu gün dünya mətbuatında, eləcə də, yerli və Rusiya mətbuatında da burada əsas vasitəçiliyin ABŞ-ın və yaxud da Avropa Birliyinin öz üzərinə götürməsi ilə bağlı bir çox fikirlər səslənir. Təbii ki, Sergey Lavrovun Amerika Birləşmiş Ştatlarına çağırılması, ABŞ-ın Rusiyaya Dağlıq Qarabağ probleminin vasitəçiliyində imitasiyadan əl çəkməsinin təkdif olunacağından ibarət ola bilər. ABŞ Rusiyaya qarşı nə qədər təziyiq göstərsə də, aydındır ki, Cənubu Qafqazda ABŞ-la Rusiyanın marağını müqayisə etmək olmaz. Çünki okeanın o tərəfində olan ABŞ-ın Azərbaycanda istər enerji, istərsə də digər strateji əməkdaşlıqla bağlı bəzi maraqları olsa da, Rusiya Qafqaz regionundakı maraqlarından əl çəkmək istəmir. Bununla belə, Sergey Lavrovun ABŞ-a çağırılması və orada öz həmkarı Hillari Klintonla görüşü zamanı bu müzakirələrin necə keçiriləcəyi və müzakirələrin təsirinin necə olacağı ilə bağlı əvvəlcədən söz demək çox çətindir.
- KİV-lərdə yayılan məlumatlara görə, Sergey Lavrov ermənidir. Bu halda, onun bitərəf mövqe tuta biləcəyi nə dərəcədə inandırıcıdır?
- Mənim bir millət vəkili kimi heç bir faktlara əsaslanmayan fikirlər səsləndirməyim düzgün olmaz. Amma deyilənlərə görə, Sergey Lavrov Gürcüstanda anadan olub. Ana tərəfinin ermənilərlə etnik bağlılığı olduğunu deyə bilmərəm. Bu, əsas olmaya da bilər. Çünki bunun fərqi yoxdur. Əsas olan odur ki, etnik kimlik o qədər rol oynamır, nəinki geosiyasi maraq. Yəni əsas olan geosiyasi maraqdır. Rusiya rəsmilərinin başında duranların ermənilərlə etnik bağlılığı yoxdur. Əsas burada geosiyasi maraqlardır.
GÜLYANƏ AĞAKƏRİMOVA