- Qabil müəllim, bildiyiniz kimi, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistandan sonra şənbə günü Azərbaycanda səfərdə oldu. Səfər çərçivəsində Lavrov Ermənistan və Azərbaycan prezidentlərinə Rusiya prezidenti Dmitri Medvedevin məktubunu təqdim etdi. Sizcə, bu məktub Dağlıq Qarabağ münaqişəsinin həllinə nə dərəcədə imkan yarada bilər?
- Kazan görüşü Rusiyanın reputasiyasına ciddi surətdə mənfi təsir etdi. Hətta D.Medvedev həmin görüşdən sonra, vasitəçilikdən çəkilmək haqqında düşünürdü. Lakin daha sonra Rusiya rəhbərliyi belə qərara gəldi ki, münaqişənin həlli məsələsində Rusiya geri çəkilməli deyil, daha təkidlə irəliyə doğru hərəkət etməli və sülh yaradan proseslərdə yaxından iştirak etməlidir. Yəni Rusiya bu prosesi öz inhisarından kənara buraxmamağı qərara aldı. Bununla bağlı da, Rusiya rəhbərliyi tərəfindən məktub hazırlanaraq Azərbaycan və Ermənistan prezidentlərinə təqdim olundu. Artıq Ermənistan xarici işlər naziri Rusiyada olub, bu həftənin sonu isə Azərbaycan xarici işlər naziri Rusiyaya səfər edəcək. Bu zaman kəsiyində isə Sergey Lavrov Vaşinqtona səfər edərək ABŞ-ın dövlət katibi Hillari Klintonla görüşəcək. Bu məqamda qeyd etməliyəm ki, Hillari Klinton keçən həftə ərzində Ermənistan xarici işlər naziri Edvard Nalbandyana telefon açaraq danışıqların gedişatını müzakirə edib. Hazırda çox fəal və qarışıq "diplomatik karusel" gedir. Bu karuseldə hər dövlət öz siyasi maraqlarını və strateji niyyətlərini reallaşdırmağa çalışır. Hələ ki, biz problemin həllinə obyektiv yanaşmanın şahidi deyilik. Bundan başqa Rusiyanın proseslərin gedişatında əsas məqsədlərindən biri də, Ermənistan və Azərbaycan tərəflərinin bundan sonra məsələni silahlı yolla həll etməyəcəklərinə dair öhdəlik daşımağa sövq etməkdir. Yəni bir növ Azərbaycanı öz torpaqlarını geri qaytarmağın alternativ variantlarından məhrum etmək istəyirlər. Məktubların məzmununa gəldikdə isə, məktublar konfidensialdır və bu haqda, hələ ki, mətbuata məlumat verilmir. Lakin artıq məktubların əhatə etdiyi mövzuyla bağlı bir neçə ehtimal mövcuddur. D.Medvedevin Kazan görüşündəki tələblərinin prezidentlər tərəfindən qəbul olunması üçün təkid və təzyiqlə səy göstərməsi ehtimallar arasında üstünlük təşkil edir.
- Qabil müəllim, S.Lavrovun Vaşinqtona gedərək Hillari Klintonla təşkil olunacaq görüşü məsələsinə toxundunuz. Tərəflər arasında Dağlıq Qarabağ münaqişəsinin müzakirə edilməsi belə anlama gələ bilərmi ki, Rusiya ilə ABŞ münaqişənin həllində eyni maraqları güdürlər?
- Düşünmürəm ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllində beynəlxalq hüquqi normalara uyğun hərəkət edir. Amma müqayisə etsək, görərik ki, ABŞ-ın mövqeyi Rusiyadan hardasa müəyyən qədər fərqlənir. Bu fərq də ondan ibarətdir ki, son vaxtlar ABŞ Azərbaycanın ərazi bütövlüyü məsələsinə daha dəqiqliklə yanaşmağa başlayıb. Azərbaycanla münasibətləri yenidən qurduqdan sonra bu məsələyə diqqəti daha da artırdıqları göz qabağındadır.
Həm də onların əsas məqsədləri Ermənistanı Rusiyanın tabeçiliyindən çıxararaq Qərbə meyilləndirməkdir. Bütün bunları nəzərə alaraq mən Amerikanın hansı mövqeyi sərgiləyəcəyinə çox ehtiyatla yanaşıram. Amma hər halda Lavrov Vaşinqtona yola düşübsə, deməli, Amerikanın mövqeyində ciddi dəyişikliklər var. Yəni Lavrov Hillari Klintonu Medvedevin irəli sürdüyü təkliflərə inandırmaq və razı salmaq məqsədilə gedib. Deməli, arada hansısa fikir ayrılıqları var ki, Lavrov Vaşinqtona gedib. Əks halda Rusiyanın xarici işlər naziri birdən-birə Dağlıq Qarabağ məsələsinə görə əvvəlcə Ermənistana, sonra Azərbaycana, indi də Vaşinqtona getməzdi. Deməli, rusların çox ciddi strateji maraqları var və bu maraqların önündə əngəl kimi Vaşinqtonu görürlər. Ona görə də, bu əngəli aradan qaldırmağa, ya da ən azından kompromisə getməyə cəhd göstərirlər.
- S.Lavrovun Bakı səfəri zamanı onun erməni əsilli olması məsələsi mətbuatda qabardıldı. Bu halda Lavrovun bitərəf mövqe sərgiləyəcəyinə ümid bəsləmək nə dərəcədə realdır?
- Təbii ki, Dağlıq Qarabağ məsələsində Lavrovun bitərəf və ya obyektiv mövqe sərgiləyəcəyinə inanmaq olduqca çətindir. Əvvəla, mən onun mənşəyi haqda özünün şəxsi müsahibəsini oxumuşam. Lavrov xarici işlər naziri vəzifəsinə təyin edildikdən sonra rus mətbuat orqanlarından birinə verdiyi müsahibədə atasının erməni olduğunu açıq formada etiraf etmiş və erməni olduğundan fəxr duyduğunu vurğulamışdı. Yəni o, öz mənşəyi haqda danışanda deyir ki, mən fəxr edirəm ki, mənim genetik mənşəyimin qollarından biri ermənilərə, digər qolu isə böyük rus xalqına çatır. Bununla demək istəyirəm ki, yəni Lavrov erməni mənşəli şəxs olduğunu gizlətmir, hətta bununla fəxr edir. Eyni zamanda, ermənilər də öz mətbuatlarında Lavrovun öz adamları olduğunu yazmaqdan çəkinmirlər. Bütün bunlar da, istər-istəməz onu erməni xalqına daha da yaxın olmağa sövq edir. Lavrovun son dövrlərdə xarici siyasətdə ermənipərəst mövqeyini gücləndirməsi, onun məhz ermənilərə olan sevgisindən deyil, həm də onlarla bilavasitə qohum olduğundan irəli gələn amillərdən biridir. Yəni Lavrovun milli mənsubiyyəti Dağlıq Qarabağ məsələsində obyektiv mövqe tutmağa imkan verməyəcək.
GÜNAY MƏMMƏDOVA