PDF Oxu

Müsahibə

  • 25 559

Ulu Öndər Heydər Əliyev - müasir Azərbaycan dövlətçiliyinin memarı

Ulu Öndər Heydər Əliyev - müasir Azərbaycan dövlətçiliyinin memarı

- Məlahət xanım, Ümummilli Lider Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişini necə dəyərləndirirsiniz, ümumiyyətlə, Onu necə xatırlayırsınız?

- Biz Heydər Əliyevin siyasətindən danışanda müstəqil Azərbaycanın quruculuğunu aydın şəkildə görürük. Ümummilli Lider Heydər Əliyevin gələcək müstəqil dövlətin köklü əsaslarını hakimiyyətə gəlişinin ilk dövründə yarada bilmişdi. Azərbaycan dövlətçiliyinin söykəndiyi təməl prinsipləri Ulu Öndər Heydər Əliyev tərəfindən qurulub. Dahi insanın Azərbaycana rəhbər seçilməsi, Azərbaycanı idarə etməsi Sovet Azərbaycanın tarixində yeni bir mərhələnin başlanğıcını qoydu. O vaxt Azərbaycan Sovet İttifaqının tərkibinə daxil olan müttəfiq respubikalar içərisində geridə qalmış respublikalardan biri idi. Sovet Azərbaycanında Ulu Öndərin fəaliyyəti Azərbaycanın dövlət müstəqilliyinə hesablanmışdı.

Ümummilli Liderimiz Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusu və banisidir. Müasir Azərbaycanın inkişaf və tərəqqisi bilavasitə Ulu Öndərimizin adı ilə bağlıdır. 1969-cu il iyulun 14-də Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsilə Azərbaycanın həyatında yeni mərhələ başladı. 42 il öncə Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycanda bütün sahələr üzrə ciddi inkişaf baş verdi. Sovetlər dönəmində Azərbaycanda nə qədər möhtəşəm işlərin həyata keçirildiyi hamıya məlumdur. Müstəqillik dövründə isə Ulu Öndər hakimiyyətə qayıtmaqla Azərbaycanı məhv olmaqdan xilas etdi. Bu gün ölkəmiz Ümummilli Liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət nəticəsində uğurla inkişaf edir, güclənir, beynəlxalq müstəvidə mövqelərini möhkəmləndirir.


-Ulu Öndər Azərbaycana hansı töhfələri verib?

- Ulu Öndər Heydər Əliyev böyük bir yolun başlanğıcını qoyub. Bu yol güclü, qüdrətli, zəngin, lider yolu deməkdir. Hər bir azərbaycanlı bunu çox yüksək qiymətləndirir. Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyinə inanırdı. Ulu Öndərin hakimiyyə gəlişindən sonra Azərbaycanda xalq təsərrüfatının bütün sahələrində inkişaf başlandı. Sənayedə, kənd təsərrüfatında, mədəniyyət sahəsində, incəsənət, kino, teatr, rəssamlıq və digər sahələrdə də intibah dövrü başlandı. Bu, əlbəttə, Ulu Öndərin şəxsiyyəti, titanik fəaliyyəti, işgüzarlığı, dərin məntiqi, yüksək qabiliyyəti, intellektual səviyyəsi ilə bağlı idi. Bir xatırlatmanı da etmək istərdim ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan üçün 1969-cu ildən öncə də töhfələr verib. Məsələn, dünya şöhrətli xalq şairimiz Bəxtiyar Vahabzadə SSRİ DTK-sı tərəfindən "Gülüstan" poemasına görə, təqiblərə məruz qalanda, məhz Ulu Öndərin xalq şairini təqiblərdən qurtarmasını, xilas etməsini, onun daim Azərbaycan üçün yaşadığını desək, yanılmarıq.

Azərbaycanda insanların dövlətçilik şüurunun möhkəmləndirilməsi istiqamətində Onun xidmətləri əvəzsizdir. Ulu Öndər Heydər Əliyevin yaratdığı müstəqil Azərbaycan dövləti 1969-cu ildə başladığı siyasətin məntiqi davamıdır. Ümummilli Lider Heydər Əliyev hakimiyyətə gələndən sonra insanlarda cəmiyyətə, dövlətə, məmləkətə inam yaratdı. Azərbaycana uğur gətirən müxtəlif layihələrə imza atıldı. Azərbaycanda bugünkü inkişafın təməlini qoyan Ulu Öndər Heydər Əliyev yolu var və təbii ki, Onun qoyduğu yol hər bir azərbaycanlı üçün müqəddəs yoldur. Hər bir azərbaycanlının borcudur ki, Azərbaycan dövlətinin daha da yüksəlməsində öz töhfəsini versin.


- 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə 1969-cu illər arasında oxşar və fərqli cəhətlər nədən ibarətdir?

- Fərqli cəhət ondan ibarətdir ki, biz 1993-cü ildə formal olaraq artıq müstəqil dövlətdə yaşayırdıq. Hər kəsə məlumdur ki, 1993-cü ilə qədər Azərbaycanda durum heç də ürəkaçan deyildi. Azərbaycan dövlətinin təhlükə altına qalmasına baxmayaraq, Ulu Öndər Heydər Əliyev xalqın tələbi ilə yenidən siyasi hakimiyyətə gəldi. Əgər Ulu Öndər Heydər Əliyev o zaman hakimiyyətə gəlməsəydi, Azərbaycanın müstəqilliyi təhlükə altında qalardı. Oxşar cəhət isə ondan ibarətdir ki, Ümummilli Lider Heydər Əliyev yenə də əvvəlki tükənməz gücü ilə Azərbaycanı qurub-yaratmağa başladı. Çünki bu dəfə söhbət Ulu Öndər Heydər Əliyevin arzuladığı müstəqil Azərbaycanın qurulmasından gedirdi. Onun yenidən hakimiyyətə qayıtması Azərbaycanın qurtuluşu idi. Azərbaycanı dünyanın müxtəlif bölgələrindən tanımağa başladılar, Ulu Öndər ölkəmizin problemlərini dünyaya çıxartdı. Bu mənada, 15 iyun 1993-cü il tarixi Azərbaycan xalqının qızıl bir səhifəsidir. Bu səhifə getdikcə daha da dəyərli olacaqdır. Ona görə dəyərli olacaqdır ki, 1993-cü ilin 15 iyun tarixi Azərbaycan tarixində sınaq tarixi idi. Ümummilli Lider Heydər Əliyev dəfələrlə qeyd edirdi ki, mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram və bütün gücümlə çalışacam ki, dövlətim müstəqil, əbədi olsun. Bu gün artıq Azərbaycan dövləti dünyanın nüfuzlu dövlətləri ilə rəqabətə girir, dünyanın ən inkişaf etmiş dövlətləri ilə danışıqlara gedir, dövlətlər və münasibətlər sistemi qurulur. Azərbaycan dövlətinə müstəqil, hüquqi, beynəlxalq bir dövlət kimi yanaşırlar. Azərbaycanda gedən prosesləri yaxşı mənada qəbul edirlər. Xaricdən gələn qonaqlar Azərbaycanın inkişafını dəstəkləyir və Azərbaycanın, Bakı şəhərinin çox dəyişdiyini, güclü, sürətli inkişaf etdiyini söyləyirlər.


R.RƏSULOV

Digər xəbərlər