- Mais müəllim, nəyə görə radikal müxalifət ağır böhranlı vəziyyətlərlə üzləşəndə çıxış yolunu icazəsiz aksiyalar keçirməkdə görür?
- Son 10 ildə radikal müxalifətin sosial bazası o qədər daralıb və məhdudlaşıb ki, onları dəstəkləyən qüvvələri barmaqla saymaq olar. Radikal müxalifətçilər icazəli aksiyalar keçirmək üçün çoxlu sayda insanlar cəlb etməlidilər ki, nəyə isə nail olsunlar. Amma bunu da edə bilmirlər. Ona görə də, müxalifətçilər şəhərdə insanların sıx olduğu yerlərdə icazəsiz mitinq keçirmək istəyirlər ki, bir qarışıqlıq düşsün və bu məqamdan da istifadə edərək, onlar xarici mətbuata belə bir görüntülər yaysınlar ki, guya bunların tərəfdarları çoxluq təşkil edir. Radikal müxalifətin ən çox mitinq keçirmək istədiyi yerlər haradır? Bildiyiniz kimi, bunlar bir neçə dəfə "Fəvvarələr" meydanında mitinq keçirməyə cəhd göstəriblər. Həmin meydanda da günün istənilən vaxtı yüzlərlə istirahət etmək istəyən insanlar olur. Bildiyiniz kimi, Prezident İlham Əliyevin sayəsində Azərbaycan gündən-günə daha da inkişaf edir. Bakı şəhərimiz isə o qədər gözəlləşib ki, heç kim öz evində oturmaq istəmir. Yəni, insanlar boş vaxt tapan kimi şəhərin gözəl yerlərini gəzərək istirahət edirlər. Bu fürsətdən müxalifətçilər istifadə edərək 15-20 nəfərdən ibarən olan tərəfdarları ilə ora gedərək, qışqıra-qışqıra hay-küy salırlar. Orada olan insanlar da onlara dönüb baxırlar ki, burada nə hadisə baş verib ki, bu insanlar qışqırırlar. Burada olan xarici müxbirlər də onların şəkilini çəkəndə, həmin orada olan insanlar da bunların fonunda çoxluq təşkil edir. Bunlar xaricdə də belə bir fikir formalaşdırmaq istəyirlər ki, guya burada radikal müxalifətin tərəfdarları çoxdur. Ona görə də, müxalifətçilər bu cür yerlərə meyillidilər. Yəni radikal müxalifət çalışır ki, belə yerlərdə icazəsiz aksiyalar keçirsinlər və orada istirahət edən, bunlara heç bir aidiyyatı olmayan insanlarla qaynıyıb-qarışsınlar və şəkil çəkdirsinlər. Yəni əsas odur ki, fotogörüntü yaratsınlar və bunu xarici mətbuata yaysınlar. Bir sözlə, bunların əsas məqsədi görüntü yaratmaqdır. Çünki real gücü olmayan qüvvələr, hər zaman görüntü yaratmaqla məşğul olur.
- Radikal müxalifətin cəmiyyətdə uğursuzluğa düçar olmasını onların düzgün siyasət apara bilməmələri ilə ələqələndirmək olarmı?
- Əlbəttə, radikal müxalifətin cəmiyyətdə uğursuzluğa düçar olması, onların düzgün siyasət apara bilməmələri əlaqəlidir. Bu partiyalar indiyə qədər cəmiyyətə etiraz aksiyalarından başqa, normal təşəbbüslər verməyiblər. Yəni, bunlar yalnız qışqırıq salmaq və radikal təkliflərlə çıxış etməkdən başqa ortaya ciddi təşəbbüslər qoymayıblar, proqramlar irəli sürməyiblər. O dəyərli proqramlar ki, Milli Məclis səviyyəsində müzakirə edilə bilər. Yəni bunlar hələ də normal qanun layihələri ortaya qoya bilməyiblər. Baxmayaraq ki, əvvəlki çağırışlar az sayda da olsa, bu partiyalar 3-4 deputatla təmsil olunurdular. Hətta orada təmsil olunan deputatların vasitəsilə, bunlar Milli Məclisə bir sanballı qanun layihələri təqdim etməyiblər. Bir sözlə, bu partiyalar, istər seçkilər ərəfəsində, istərsə də seçkilərarası müddətdə sanballı bir fəaliyyət ortaya qoya bilmədiklərinə görə, demək olar ki, bunlar cəmiyyətdə öz nüfuzlarını itiriblər.
- Sizcə, kütləvi aksiyalar keçirməklə nəyəsə nail olmaq mümkündürmü?
- Kütləvi aksiyalar keçirməklə heç nəyə nail olmaq mümkün deyil. Əgər burada bu və ya digər siyasi qüvvənin real gücü yoxdursa, onda onun keçirəcəyi siyasi aksiyaların da heç bir mənası olmayacaqdır. Gərək cəmiyyətdə hörmətə, izzətə, xüsusi çəkiyə və söz sahibinə malik olasan ki, burada sənin də keçirdiyin aksiyaların bir effekti və nəticəsi olsun. Amma bu partiyaların real gücü, qüvvəsi olmadığına, eyni zamanda, cəmiyyət və seçkilər tərəfindən real dəstəkləri olmadığına görə, radikal müxalifət tərəfindən keçirilən bu aksiyalar heç bir nəticə verən deyil. Sadəcə olaraq, bunlar görüntü yaratmaqla məşğul olurlar.
GÜLYANƏ