PDF Oxu

Müsahibə

  • 711

“Yay məktəbləri” layihəsi uğurlu nəticələr verməkdədir

“Yay məktəbləri” layihəsi uğurlu nəticələr verməkdədir

- Aytac xanım, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin "Yay məktəbi" layihəsi nə zamandan keçirilir və bu istiqamətdə nə kimi müsbət nailiyyətlər əldə olundu?

- İlk olaraq, qeyd edim ki, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin "Yay məktəbi" layihəsinə 2007-ci ildən start verildi və öz ətrafına 300 nəfərdən çox gənci toplayaraq, Azərbaycanın müxtəlif görməli yerlərində görüşlər keçirməyə başlanıldı. Bu, Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin ilk addımı idi. Gənclərimiz o zaman ilk görüşünü ölkəmizin cənub rayonlarına səyahət etməklə başladı. Keçirilən bu görüşlər gənclər arasında isti münasibətlərin, dostluğun yaranmasına şərait yaratdı. Doğrudur, bu gün Yeni Azərbaycan Partiyası ətrafında 200 mindən artıq gəncləri birləşdirir. Bildiyiniz kimi, 200 mindən artıq gəncin bir-birini tanıması qeyri-mümkündür. Məhz "Yay məktəbləri" layihəsinin həyata keçirilməsi, partiyaya üzv olan gənclərimizin asudə vaxtalarının düzgün qiymətləndirilməsi, eyni zamanda, onların bir-biriləri ilə yaxından tanış olması üçün müəyyən olunan şəraitin yaradılmasına imkan verir. Qeyd edim ki, mən özüm də "Yay məktəbləri"nin ilk iştirakçısı olmuşam və oradakı ziyalılığımın nəticəsidir ki, bu gün partiya rəhbərliyi məni qiymətləndirərək, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin bu çağırışda sədr müavini seçilmişəm. Qeyd edim ki, "Yay məktəbləri"nin üstün cəhətlərini gördükdən sonra bunu "Qış məktəbliləri" ilə əvəz etməyə başladıq. Belə ki, Quba Olimpiya Mərkəzlərində müxtəlif dövrlərdə "Qış məktəbləri" kampaniyası keçirdik. Həmin tədbirlərdə xaricdən çoxlu qonaqlarımız, millət vəkilləri iştirak etdilər. Bu isə, gənclərimizin ziyalı kimi yetişməsində öz müsbət təsirini göstərdi.

- "Yay məktəbləri" kampaniyasında, ümumiyyətlə, neçə nəfər iştirak edir və müzakirələr, əsasən, hansı istiqamətdə aparılır?

- Bildirim ki, bu layihə yarandıqdan bu günə kimi 10 minə yaxın gəncin sıx birləşməsinə nail olunub. Bu gün 10 minə yaxın gəncin bir-birini tanımasına nail olmuşuqsa, bu, böyük rəqəmdir. Keçirilən görüşlərdə gəncləri daha çox maraqlandıran mövzular, əsasən, "Azərbaycan gəncliyi və müasirliyi", "Müasir Azərbaycanın bugünü və gələcəyi", "Heydər Əliyev və Azərbaycan gəncliyi", "Yeni Azərbaycan Partiyası bugünün və gələcəyin partiyasıdır" və s. bu kimi mövzularda seminarlar, görüşlər keçirilir. Hal-hazırkı "Yay məktəbləri" kampaniyasında artıq sosial şəbəkələrə - "İnternetdə gənclərin baxışı" mövzularına da yer verməyə başlamışıq. Doğrudur, əvvəlki "Yay məktəbləri"ndə də bu mövzu mövcud idi. Belə ki, Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sosial şəbəkələrdə 100-ə yaxın qrupları var ki, burada da 40-50 minə yaxın gənclər birləşir. Həmçinin, builki görüşlərdə "Bilik yarışları", "Nə, harda, necə?" bu kimi mövzular gənclərin əsas müzakirə istiqməti olub. Bu görüşlərdə gənclər öz bilik və bacarıqlarını, dünyagörüşlərini nümayiş etdirməklə çox yüksək fəallıq edirlər. Bu isə bizi çox sevindirir.

- Aytac xanım, sizcə, "Yay məktəbi" kampaniyası zamanı keçirilən görüşlərdə gənclərin bir-birinə yaxınlaşmasına və bu yaxınlığın onların bir-birilərini tanımasına nail olunubmu?

- Əlbəttə, keçirilən bu görüşlərdə çox böyük nailiyyətə nail olunub. Artıq biz bunun bəhrəsini görürük. Ancaq ümumilikdə, bu mövzuya daha yaxın yanaşsaq, deyə bilərəm ki, istədiyimiz nəticələri əldə etmişik. Belə ki, bu gün hər birimiz Bakıdan respublikamızın regionlarında fəaliyyət göstərən gənclərlə rahat əlaqə saxlaya bilirik. Doğrudur, əvvəllər bunu etmək üçün hansısa rayonun rəhbərliyinə və cavabdeh təşkilatlarla əlaqə saxlayırdıqsa, bu gün artıq həmin gəncin birbaşa özü ilə əlaqə saxlamaq imkanımız yaranıbdır. Bu da, ondan irəli gəlir ki, bu gün gənclərimizin ümumi bazası var. Digər bir məqama da toxunmaq istərdim. Belə ki, "Facebook.com" sosial şəbəkəsində gənclərimizin ümumi bazası var və bu baza da böyük qruplarla fəaliyyət göstərir. Hər hansı bir layihə həyata keçirərkən həmin qruplarla əlaqə yaradaraq bir-birimizi məlumatlandırırıq.

- Qruplardan söhbət açdınız. Bu qruplar necə formalaşır və orada kimlər təmsil olunur?

- Bu qruplar YAP Gənclər Birliyinin ən fəal üzvləri tərəfindən formalaşır və burada 40-50-yə yaxın qrup var ki, həmin qrupda 50 minə yaxın gənc fəaliyyət göstərir. Onu da qeyd edim ki, bu qruplarda Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin üzvləri ilə yanaşı, siyasi əqidəsi düzgün olan gəncləri də bu qruplara cəlb etmişik. Əməlləri, əqidələri düzgün olan gənclər Yeni Azərbaycan Partiyasına keçmək üçün müraciət edirlər. Biz də onlara istiqamətlər veririk.

- Aytac xanım, siz "Yay məktəbləri" kampaniyasının çox uğurlu nəticələr əldə etməsini qeyd etdiniz. Ancaq bəzi müxalifət partiyalarının mətbuatı bu kampaniyanı hakim partiyanın müəyyən siyasi məqsədləri həyata keçirmək məqsədi ilə apardığını bildirirlər.

- Bilirsiniz, biz həmin "Yay məktəbləri" kamapaniyası zamanı müxalifət qəzetlərində gedən yazılara nəzər yetiririk. Bu, bir həqiqətdir ki, müxalifət həmişə şər-böhtan yazılar verməklə, özünün varlığını nümayiş etdirməyə çalışıb. Ona görə də, onların qeyri-obyektiv yazıları heç vaxt biz gənclərin diqqət mərkəzində olmur. Çünki özünü dırnaqarası müxalifət adlandıranlar ölkədə gedən uğurlu siyasətə və nailiyyətlərə böhtan deməkdən belə çəkinmirlər. Ancaq gənclərimiz bu inkişafı, həyata keçirilən uğurlu layihələri görərək özləri bu sahədə KİV-də geniş materiallar verirlər. Müxalifət üçün Azərbaycan gəncliyi yox, xaricdən aldıqları maliyyələr əldə etmək daha vacibdir.

- Sizcə, müxalifətin "Yay məktəbləri" layihəsi kampaniyasının həyata keçirilməsi ilə bağlı şər-böhtan və iftira dolu yazıları nə ilə bağlıdır?

- Ataların bir misalı var: "Pişiyin ağzı ətə çatmayanda, deyir iy verir." Müxalifət görürür ki, Azərbaycan gəncliyi lider partiya ətrafında - Ümummilli Liderimiz Heydər Əliyevin qurduğu Yeni Azərbaycan Partiyası ətrafında sıx birləşir və çox böyük bazaya malikdir, ona görə də böhtan yazmaqla özlərinə təsəlli verirlər. Ancaq bu gün Azərbaycan bütün gücü ilə inkişaf edən ölkədir. Azərbaycanda gənclər siyasəti də dövlət tərəfindən uğurla həyata keçirilir. Bütün bunların müqabilində Azərbaycan gəncliyinin təşkilatlanması, milli maraq və mənafelərin təminatı baxımından gücünü və potensialını səfərbər etməsi prosesi son illərdə diqqətdədir. Azərbaycan gəncliyi cəmiyyətin inkişafında fəal sosial təbəqə kimi iştirak etdiyindən, onlar ölkədə demokratikləşmə prosesində, mədəniyyət, incəsənət, elm və idman sahəsində böyük inamla irəliləyir, ölkəmizin zəngin irsinin qorunub saxlanması və inkişaf etdirilməsi yolunda mühüm addımlar atırlar. Bu baxımdan da Azərbaycan gəncliyi düzgün qiymət verən, gəncliyin hərtərəfli inkişafı üçün qayğı göstərən partiyanın ətrafında sıx birləşir. Sözsüz ki, müxalifət deyilənlərin heç birini həyata keçirə bilməz. Qeyd edim ki, dəfələrlə sosial şəbəkələrdə müxalifətdə olan gənclərlə müxtəlif mövzularda diskussiyalar aparırıq və onları doğru yola cəlb etməyə çalışırıq. Lakin onlar öz səviyyəsizliklərini həmin diskussiyalarda da nümayiş etdirirlər. Bilirsiniz, bunu təbii qəbul etmək lazımdır. Çünki bu gənclər elə bir çərçivədə fəaliyyət göstərirlər ki, onların düşüncüləri yüksək mədəniyyətdən çox-çox uzaq olur.

Lakin açıq şüurlu, inkişafa meyilli Yeni Azərbaycan Partiyasının ətrafında birləşən gənclər Azərbaycanda dəyişiklikləri həyata keçirməyə qadirdir. Bu, əlbəttə ki. Azərbaycan gəncliyinin həmrəyliyidir.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər