- Asəf müəllim, bu yaxınlarda Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələrini genişləndirmək üçün xarici əlaqələr şöbəsi yaradıldı. Ümumiyyətlə, xarici ölkələrin mərkəzçi hakim partiyaları ilə əməkdaşlıq münasibətlərini necə dəyərləndirirsiniz?
- Bildiyiniz kimi, hakim Yeni Azərbaycan Partiyası dünya ölkələrinin aparıcı siyasi partiyaları ilə uzun müddətdən bəri sıx və qarşılıqlı münasibətlərə malik olub. Bu gün hakim Yeni Azərbaycan Partiyası dünya ölkələrinin partiyaları ilə intensiv görüşlər keçirir, fikir və təcrübə mübadilələri aparır. Bu baxımdan da, intensivləşən xarici əlaqələr fonunda Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələr bölməsinin şöbəyə çevrilməsi labüd idi. Çünki hakim partiyanın xarici fəaliyyəti günbəgün genişlənir. Belə ki, YAP nümayəndə heyəti Rumınyada səfərdə olarkən hakim Demokratik Liberal Partiyası ilə əməkdaşlıq protokolu imzaladı. Eyni zamanda, səfərlərimiz Avropa ilə məhdudlaşmadı. Partiyamızın nümayəndə heyəti Çin Xalq Respublikasında hakimiyyətdə olan Kommunist Partiyası ilə əlaqələrini genişləndirir. Eyni zamanda, Yeni Azərbaycan Partiyasının nümayəndə heyətinin Brüsselə səfərdə olduğu zaman Avropa Xalq Partiyası ilə qarşılıqlı əməkdaşlığa dair geniş fikir mübadiləsi aparıldı. Hazırda YAP-ın Avropa Xalqları Partiyasına müşahidəçi üzv kimi qəbul olunması üçün namizədliyi qeydə alınıb. Bundan əlavə, partiyamız 53 ölkənin təmsil olunduğu siyasi partiyaların "Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı" Daimi Komitəsinin üzvüdür.
Bu gün Azərbaycanda bütün sahələr - siyasi, iqtisadi, təhsil, səhiyyə inkişaf etməklə yanaşı, böyük nailiyyətlər qazanan ölkəmiz xarici ölkələrlə əlaqələri daha da genişləndirir. Belə ki, Azərbaycanın hakim Yeni Azərbaycan Partiyasının və xarici ölkələrin siyasi partiyalarının nümayəndələrinin qarşılıqlı səfərləri də bu əlaqələrin bariz nümunəsidir. Bütün bunlara əsaslanaraq, deyə bilərəm ki, YAP-ın siyasəti nəinki Azərbaycanda, eyni zamanda, beynəlxalq aləmdə də təqdir edilir.
- Bildiyimizi kimi, Rumıniyanın hakim partiyasının nümayəndələrinin Azərbaycanda geniş və əhatəli səfərləri oldu. Ümumiyyətlə, bu səfər daha çox hansı məzmunda idi?
- Bilirsiniz ki, Türkiyədən sonra Rumıniya Azərbaycanın müstəqilliyini tanıyan ikinci dövlət olmaqla yanaşı, eyni zamanda, Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyir. Səfər çərçivəsində təşkil olunan görüşlərdə də bu fikir dəfələrlə səsləndi. Həmçini, Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması da Rumıniyanın maraqları daxilindədir. Bütün bunlarla yanaşı, Azərbaycanla Rumıniya arasında başqa sahələrdə də əməkdaşlıq əlaqələri mövcuddur. Məsələn, hər iki ölkənin Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına daxil olması buna misaldır. Təşkilatın fəaliyyəti çərçivəsində, bu gün Azərbaycanla Rumıniya arasında sıx əlaqələr yaranıb. Bildiyiniz kimi, Azərbaycan neft-qaz ölkəsidir. Nəzərə alsaq ki, Rumıniyada Qara dəniz sahilində bir çox neftayırma zavodları var, onda, deyə bilərik ki, Rumıniya Azərbaycanın neft və qaz ehtiyatlarına ciddi maraq göstərir.
- Asəf müəllim, bu günlərdə Ulu Öndər Heydər Əliyevin birinci dəfə hakimiyyətə gəlişinin 42-ci ildönümü qeyd edildi. Bu tarixi günün Azərbaycan xalqı üçün əhəmiyyəti ilə bağlı nə deyə bilərsiniz?
- Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin təməlini hələ 1969-cu ildə 14 iyul tarixindən - respublikaya birinci rəhbərlik dövründən qoymuşdur. Bu tarixdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi postuna dövlətini, millətini sevən, onun taleyini öz taleyi bilən Ulu Öndər Heydər Əliyev seçildi. Ulu Öndər ilk dəfə Azərbaycanda Mərkəzi Komitənin birinci katibi seçiləndə, mən o vaxt Moskva Dövlət Universitetinin birinci kurs tələbəsi idim. O zaman Qərb mətbuatında Azərbaycanda növbəti dəyişiklik baş verməsi, Mərkəzi Komitənin birinci katibinin dəyişməsi ilə bağlı bir sıra yazılar yazılırdı. Ulu Öndər Heydər Əliyev hakimiyyətə gələndə Azərbaycan Sovet respublikalarından biri olaraq iqtisadi baxımdan çox geridə qalmışdı. Qısa bir zaman kəsiyində Azərbaycanda sənaye və kənd təsərrüfatı inkişaf etməyə başladı. Ümummilli Lider Heydər Əliyev hələ o dövrlərdən milli inkişafın yeganə yolunu xalqın yüksək təhsil almasında, maariflənməsində görmüş, respublikada elmin inkişafı üçün bütün zəruri tədbirləri həyata keçirmişdir. Həmin illərdə respublikamızda məktəb tikintisi prosesinin sürətlənməsi, maarif işinin yüksək səviyyədə təşkili, ixtisaslı kadrlar hazırlayan yeni ali məktəblərin açılması, fundamental və humanitar elmlərin inkişafı, əldə olunan kəşflərin iqtisadiyyatın bütün sahələrində tətbiqi Ulu Öndərimizin təhsil siyasətinin əsas leytmotivini təşkil etmişdir. Məhz Ümummilli Liderimizin şəxsi müdaxiləsi və qayğısı ilə 70-ci illərdən başlayaraq Bakıdakı Ali Hərbi məktəbə qəbul olunan gənclərin sırasında azərbaycanlıların sayı intensiv şəkildə artmağa başlamış, bu sahədə milliləşdirmə prosesinə start verilmişdir.
Ulu Öndərin həyat fəaliyyətinə nəzər salsaq, əminliklə deyə bilərik ki, bu insan böyük işlər görmək üçün yaranmışdı. Ulu Öndər Heydər Əliyevi nadir dövlət xadimi edən, Onu ucalara qaldıran, xalqın Ümummilli Liderinə çevirən keyfiyyətlərdən birincisi Onun xalqına qırılmaz tellərlə bağlı olması idi. Bütün şərəfli ömrünü xalqının rifahının yaxşılaşdırılmasına, Azərbaycanın tanınmasına, onun beynəlxalq nüfuzunun artırılmasına sərf etdi və xalqına namuslu xidməti hər şeydən uca tutdu.
Öz xalqının mədəni-mənəvi dəyərlərinə bağlı olan Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi Azərbaycan xalqının ən ağır gününə təsadüf etdi. Həqiqətən də, Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycan tarixində dönüş oldu. Qısa müddət ərzində Azərbaycan iqtisadiyyatı o qədər inkişaf etdi ki, hətta bu gün Azərbaycan iqtisadi inkişafına görə Qafqazda lider dövlətdir.
Ümummilli Liderimiz Heydər Əliyevin ən böyük xidmətlərindən biri o olub ki, Ulu Öndər Azərbaycan üçün özü olmayacağı vaxtları nəzərə alaraq, Onun siyasətini uğurla davam etdirə biləcək oğlunu yetişdirib. Bəli, Ulu Öndər Heydər Əliyev həyatını cismən başa vursa da, ruhən bizimlədir, fəaliyyətimizin, nailiyyətimizin istiqamətvericisidir. Ulu Öndər Heydər Əliyev əbədi yaşardır. O, dünya durduqca Azərbaycan xalqının qəlbində yaşayacaq, bütün insanlar tərəfindən həmişə ən görkəmli ictimai-siyasi və dövlət xadimi kimi xatırlanacaqdır. Düşünürəm ki, Ulu Öndərin ürəyində qalan tək arzusu Dağlıq Qarabağ məsələsinin həlli oldu. Lakin rahatlıqla deyə bilərik ki, son vaxtlarda bu istiqamətdə aparılan işlər daha da ciddiləşib və ümid edirik ki, bu işlər öz parlaq nəticələrini göstərəcək. Çünki bu gün Azərbaycan Respublikasına rəhbərlik edən şəxs Ulu Öndər Heydər Əliyev siyasətinin davamçısı, həm də bu siyasətə yeni nəfəs gətirən ölkə Prezidenti cənab İlham Əliyevdir. İnşallah, bir gün Azərbaycan bayrağı Dağlıq Qarabağda dalğalanacaq.
RƏFİQƏ HÜSEYNOVA