- Ramin müəllim, məlum olduğu kimi Yeni Azərbaycan Partiyası geniş beynəlxalq əlaqələrə malikdir. Bu əlaqələrin göstəricisi olaraq YAP Gənclər Birliyinin nümayəndəsi olaraq bu yaxınlarda Vyana şəhərində səfərdə olmusunuz. Səfər haqqında məlumat verməyinizi xahiş edirik.
- Avropa Parlamentinin ən böyük fraksiyası olan, öz sıralarında konservativ sağ mərkəzçi fikirləri cəmləşdirən Avropa Xalq Partiyasının (EPP) fraksiyası hesab edilir. Həmin bu partiyanın gənclər təşkilatlarından biri olan Avropa Demokrat Tələbələr Birliyinin (EDS) 50 illiyinə həsr olunmuş silsilə tədbirlər cari ilin iyul ayının 8-13 tarixlərində Avstriyanın paytaxtı Vyana şəhərində keçirilmişdir. Bu çərçivədə təşkilatın 50 illik yubileyinə həsr olunmuş konfrans, Avropa Demokrat Tələbələrinin ənənəvi İllik toplantısı və eyni zamanda, Avropa gənclərinin müasir dövrdə fəaliyyət prinsiplərini araşdıran "Avropa bilikli gənclərlə daha güclüdür - bilikli cəmiyyət üçün səfərbərlik" və "Avropada 50 illik gənclər siyasəti" adı altında yay universiteti baş tutmuşdur. Hər üç tədbir böyük mahiyyətə malik idi. Nəzərə alsaq ki, Azərbaycan nümayəndə heyəti Avropa Demokrat Tələbələr Birliyinin tədbirlərində ilk dəfə iştirak edirdi, bizim üçün xüsusi məsuliyyət yaradırdı. Səfərin əsas məqsədlərindən biri Avropa Parlamenti çərçivəsində EDS və YAP-ın əməkdaşlığı, gələcəkdə partiyamızın Avropa Xalq Partiyasına üzvlük istiqamətində aparılan işlərə dəstək və Avropa Demokrat Tələbələr qurumunun rəhbər strukturlarında təmsil olunan gənclərlə yaxından tanışlıqdan ibarət idi.
Bildiyimiz kimi, Avropa Birliyi qonşuluq siyasəti, həmçinin "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində ölkəmizlə müxtəlif səviyyələrdə əməkdaşlıq etməkdədir. Ancaq gənclər təşkilatı nöqteyi nəzərdən bu prosesə gələcəkdə daha böyük önəm verilməsi üçün artıq bu gundən etibarən gələcək Avropanın liderləri ola biləcək gənclərlə Azərbaycan haqqında daha çox danışmalı, daha ətraflı məlumatlar onlara təqdim olunmalıdır. Bu məqsədlə tədbirlər çərçivəsində qarşımızda duran əsas vəzifələrdən biri müasir Azərbaycan dövlətinin apardığı xarici siyasət, ölkəmizin sürətli iqtisadi inkişafı, beynəlxalq müstəvidə atılan addımlar və Azərbaycanın aparıcı siyasi qüvvəsi olan YAP-ın fəaliyyəti haqqında geniş məlumatlar verməkdən ibarət idi.
Qeyd edim ki, tədbirin ilk günü ADT-nin tarixinə ekskursiya xarakteri daşıyırdı. ADT-nin 1961-ci ildən bu günə qədər fəaliyyət proqramları, əldə olunan nəticələr, nailiyyətlər və bununla bağlı müxtəlif zaman kəsiyində ADT-ə rəhbərlik etmiş, bu gün isə Avropa Parlamenti çərçivəsində aktiv siyasi fəaliyyətlə məşğul olan insanların fkirlərinin bölüşməsi, siyasi həmfikirlərlə bu səpkidə düşüncə mübadilələri aparılması Azərbaycan nümayəndə heyəti üçün çox böyük əhəmiyyət kəsb edirdi. Tədbirdə 1984-85-ci illərdə ADT-nin sədri olmuş Daniel Bişof, 1977-78-ci illərdə sədr müavini olmuş Piter Adler, 1992-94-cü illərdəki sədr müavini Yatsek Bendikovski, 1990-91-ci illərdə sədrlik etmiş Harn Adam, 1996-98-ci illərdə sədr olmuş Günter Fehlinger və 1998-2001-ci illərdə ADT Baş katibi kimi çalışmış Holger Tuss kimi bu gün Avropada həm sağ-mərkəzçi ideologiyasının tədrisi və tədbiqi, həm də siyasi fəaliyyət nöqteyi nəzərdən önəm kəsb edən şəxslər gənclərlə diskussiyalar aparıblar.
Təbii ki, biz yeni bir strukturla əməkdaşlığa başladığımız üçün qurumun daxili nizamnaməsi və fəaliyyət prinsipləri ilə bağlı məlumat almağa üstünlük verirdik. Ona görə də, səfər zamanı bütün ölkələri əhatə edən və ADT-nin gündəlik fəaliyyətində iştirak edən və aktiv rol oynayan bütün gənclər təşkilatları ilə sıx təmaslar qurmaq istiqamətində ilkin addımları atmışıq. Tədbirin digər günləri də ADT-nin 50 illiyinə həsr olunmuş müxtəlif tədbirlərlə davam etdirildi.
- Ümumiyyətlə, tədbirlər çərçivəsində Azərbaycanda həyata keçirilən siyasətin uğurları, o cümlədən YAP-ın fəaliyyəti ilə bağlı geniş məlumat verildimi? Bu məlumatlar avropalı gənclər tərəfindən necə qarşılandı?
- Onu da qeyd etmək istəyirəm ki, tədbirlər çərçivəsində qonaq qismində dəvət olunmuş nümayəndələrə ilk nöbədə öz təşkilatlarını təqdim etmək imkanı yaradılmışdı. Bizim nümayəndə heyətimiz də bu imkandan səmərəli istifadə edərək Azərbaycan haqqında, həmçinin YAP-ın fəaliyyəti ilə bağlı geniş təqdimat keçirdik. Belə ki, Azərbaycanın təqdimatı çərçivəsində ölkəmizin sürətli inkişafı, iqtisadi və digər sahələrdə qazandığı uğurlar barədə ətraflı məlumat verildi. Qeyd olundu ki, Azərbaycan Cənubi Qafqazın lider dövləti olaraq böyük nüfuza malikdir. Azərbaycan Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkəmiz dünyanın dinamik inkişaf edən ölkələrindən birinə çevrilib, eyni zamanda dövlətimizin beynəlxalq müstəvidə mövqeyi güclənməkdədir. Həmçinin, Ermənistanın Azərbaycana qarşı təcavüzü və bu təcavüzün nəticələri haqqında da tədbir iştirakçılarına ətraflı məlumat verildi. Ölkə haqqında məlumatlar qisa çarxla tamamlandırıldı.
Daha sonra partiyamızın fəaliyyəti barədə tədbir iştirakçılarına ətraflı məlumat verdim. YAP-ın yarandığı vaxtdan fəaliyyəti, seçkilərdə iştirakı, qazandığı uğurlar, ideoloji prinsipləri, bütövlükdə keçdiyi yol haqqında iştirakçıları məlumatlandırdım. Eyni zamanda vurğulandı ki, YAP beynəlxalq əlaqələrə də böyük önəm verir. Bundan əlavə, partiymızın strukturlarının təqdimatı çərçivəsində Gənclər Birliyinə xüsusi diqqət ayrılmışdır. Təqdimatda YAP Gənclər Birliyinin yaradıldığı gündən etibarən fəaliyyəti, dövlətin gənclər siyasəti, qəbul olunmuş dövlət proqramları haqqında ətraflı məlumat verildi. Tədbir çərçivəsində iştirakçıların çoxsaylı suallarına da cavab verilib. Avropalı gənclər də Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunu yüksək qiymətləndirdilər. Onların qənaəti belə oldu ki, sürətli inkişaf edən, Avropaya inteqrasiya yolunu tutmuş Azərbaycanda sivil vətəndaş cəmiyyəti formalaşıb. Və Azərbaycan nəinki təkcə Qafqaz bölgəsi, bütövlükdə Avropa məkanı üçün önəmi gündən günə artmaqdadır.
- Bu təşkilata yeni üzvlərin qəbul olunması praktikası necədir? Bildiyimizə görə, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının Gənclər Birliyi də bu məqsədlə ADT-yə müraciət etmişdi...
- Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının Gənclər Birliyi müşahidəçi status almaq üçün ADT-yə müraciət etmişdi. Məhz ADT-nin bu toplantısında bu məsələ səsə qoyuldu. Türkiyənin müşahidəçi statusu alma məsələsi geniş diskussiyalara səbəb oldu. Doğrudur, Türkiyəyə qarşı ədalətsiz mövqeyi bu diskussiyalar zamanı da müşahidə etdik, amma yekunda AKP Gənclər Birliyi müşahidəçi statusunda quruma üzv qəbul olundu. Sözsüz ki, burada Türkiyənin bir dövlət olaraq nüfuzu böyük rol oynadı. Əlbəttə ki, biz Azərbaycan nümayəndələri olaraq qardaş ölkənin təmsilçilərinin bu uğuruna, bu hadisəyə görə çox sevinirik.
- YAP Gənclər Birliyinin bu təşkilatda təmsil olunması üçün hansı addımlar atılmalıdır? Türkiyənin hakim partiyasının təşkilata qoşulması YAP Gənclər Birliyi üçün hər hansı perspektivlər vəd edirmi?
- Təbii ki, AKP Gənclər Birliyinin bu təmsilçiliyi bizim üçün də müəyyən perspektivlərə yardım edir. Məlumat üçün deyim ki, iyulun 11-də bu təşkilatın yeni rəhbərliyi də seçildi. Slovakiya nümayəndəsi olan Jural Antal sədr seçilib. İyulun 12-də mən onunla görüşdüm, təşkilatın rəhbəri seçilməsi münasibətilə təbriklərimizi çatdırdım. YAP Gənclər Birliyinin bu təşkilatla əməkdaşlığa maraqlı olduğunu, eyni münasibətin ADT-dən də gözlədiyimizi bildirdim. Yeni sədr bu fikri dəstəkləyərək gələcəkdə bütün layihələrdə Azərbaycan nümayəndələrinin yer alması üçün əlindən gələn səyləri əsirgəməyəcəyini vurğuladı. Qeyd edim ki, təşkilatın növbəti Şura iclası sentyabrda Çexiyanın Praqa şəhərində keçiriləcək və bu barədə rəsmi dəvət artıq bizə təqdim olunub. Bu dəvətlər, bu tədbirlər gələcəkdə YAP Gənclər Birliyinin də ADT-nin üzvü olması istiqamətində aparılan işlərə böyük dəstək verəcəkdir. Ümid edirəm ki, yaxın zamanlarda bu məsələ reallaşacaq.
- Bəs YAP Gənclər Birliyinin nümayəndəsi olaraq ikitərəfli görüşlər keçirdinizmi?
- Söhbətimizin əvvəlində vurğuladığım kimi, ilk səfər çərçivəsində ADT qurumunda müxtəlif ölkələri təmsil edən gənclər təşkilatları nümayəndlələri ilə ikitərəfli danışıqlar, birgə layihələrin həyata keçirilməsi yolları ətrafında geniş diskussiyalar aparılmışdır. Digər tərəfdən, Avstriyanın hakim partiyası olan Avstriya Xalq Partiyasının dəstəyi ilə bir sıra görüşlər keçirilmişdir. Avstriya Xalq Partiyasının dəstəyi ilə yaradılan Siyasi Akademiyanın Avropa və Beynəlxalq əlaqələr üzrə aparıcı mütəxəssisi sayılan Kristian Pasterlə görüş keçirilmişdir. Söhbət zamanı Azərbaycanın bu gün Avropaya inteqrasiya prosesində, müxtəlif Avropa təsisatlarında aktiv rol oynadığını vurğulayaraq, ölkəmizdə ən böyük və güclü gənclər təşkilatı olan YAP Gənclər Birliyinin müxtəlif layihələr və təşkilatlar çərçivəsində geniş rol oynamaq arzusunu dilə gətirərək bu sahədə təcrübəli sayılan bu siyasi qurumun praktikasından da hər zaman yararlanmaq istəyimizi dilə gətirdik. Kristian Paster gələcəkdə Avtriyada YAP Gənclər Birliyinin dəstəyi ilə bu ölkədə Azərbaycanı tanıtma məqsədilə Avstriya Xalq Partiyasının sıralarında olan gənclərlə azərbaycanlı gənclərin bilavasitə diskussiyalarını təşkil etmək üçün çalışacağını qeyd etdi. Təbii ki, bu məqsədimiz reallaşarsa, YAP Gənclər Birliyinin beynəlxalq əlaqələrinin genişlənməsi və partiyanın bu istiqamətdə apardığı siyasətin geniş təbliğ olunması üçün böyük platforma sayıla bilər.