PDF Oxu

Müsahibə

  • 94

Ermənistanın məğlubiyyəti danılmazdır...

Ermənistanın məğlubiyyəti danılmazdır...

- Rasim müəllim, Ermənistanın Rusiyanın siyasi vassalı olması fakt olduğu halda, nəyə görə rəsmi Moskvanın irəli sürdüyü tələbləri yerinə yetirməkdən bu qədər boyun qaçırır?

- İşğalçı Ermənistanın Rusiyanın forpostu olması məlum məsələdir. Lakin bununla belə işğalçı dövlətin müəyyən müqavimət imkanları da mövcuddur ki, bu da vaxtı uzatmaq, cəbhə xəttində tez-tez atəşkəs rejimini pozmaqdan ibarətdir. Rusiya Ermənistanda dominant gücdür, amma yeganə güc deyil. Ermənistana Amerika və Avropanın da çox böyük təsiri var. Hətta Rusiyanın özündə belə bu prosesə heç də birmənalı yanaşmayan müəyyən mövcud qüvvələr var. Elə qüvvələr var ki, heç də Dağlıq Qarabağ probleminin tənzimlənməsi istiqamətində müəyyən bir nəticənin əldə olunmasında qətiyyən maraqlı deyil, lakin həmin qüvvələrin manevr imkanları mövcuddur.

- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin çözülməsində rəsmi Moskva hələ çox da ciddi nəticə əldə edə bilməyib. Ola bilərmi ki, bundan sonrakı dönəmlərdə təşəbbüs artıq Amerika və Fransanın əlinə keçsin?

- Hələlik, ATƏT-in Minsk Qrupunun üzvü olan bu üç dövlət münaqişənin həlli istiqamətində əlaqələndirilmiş şəkildə iş görürlər. Əslində, hiss olunur ki, ABŞ və Avropa Rusiyanın Ermənistanı yola gətirmək imkanlarının daha geniş olmasını bilir. Baxmayaraq ki, prosesin tənzimlənməsi yönümündə qərarları birgə verirlər. Amma təsir və təzyiqetmə rıçaqlarını daha çox rəsmi Moskvaya yükləyiblər, halbuki özləri də bir o qədər kənarda qalmırlar. Çünki həm Hillari Klinton, həm də Fransanın xarici işlər naziri kifayət qədər prosesə müdaxilə edirlər. Amma hər bir halda, Dağlıq Qarabağ münaqişəsinin, Rusiyanı kənarda saxlayaraq, tənzimlənməsi qeyri-mümkündür.

- Rasim müəllim, Azərbaycan işğal altındakı ərazilərini erməni separatçılarından təmizləmək üçün hərbi əməliyyatlara başlayacağı təqdirdə, beynəlxalq təşkilatların, xüsusilə də, ATƏT-in Minsk Qrupu həmsədrlərinin buna mövqeyi necə olacaq?

- Təbii ki, o qədər də müsbət olmayacaq. Amma bütün hallarda Ermənistan tərəfi çox böyük itkilərə məruz qalacaq. Bu gün Azərbaycan dövlətinin yetəri qədər gücü var ki, öz torpaqlarını işğaldan azad etsin. Və torpaqlarını işğaldan azad etmək üçün Azərbaycana çox qısa zaman lazımdır. Bu döyüşdə Ermənistanın məğlub olması danılmaz faktdır.

- Bəs ATƏT-in Minsk Qrupunun həmsədrlərinin tərkibinin dəyişməsinə bir lüzum görürsünüzmü?

- Tərkibin dəyişməsi o qədər də inandırıcı deyil. Əgər tərkibin dəyişməsi prosesinə başlanılsa, demək olar ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesi kənarda qalacaq. Vaxt uzanacaq, zamanın uzanması isə, məlum məsələdir ki, təcavüzkar Ermənistan tərəfini qane edəcək. Hər birimiz bilirik ki, bu üç ölkədə, özəlliklə də Fransada güclü erməni lobbisi var. ABŞ-ın və Rusiyanın iştirakı olmadan dünyada heç bir məsələ öz real həllini tapmır. O ki qaldı Fransa dövlətinin tərkibdən çıxarılması, inanmıram ki, mövcud durumu dəyişsin. Hər bir halda, bu format çərçivəsində irəliləyişə nail olunmasa, Avropa səviyyəsində nüfuzlu bir siyasətçinin paralel olaraq, xüsusi nümayəndə kimi təyin olunması, ola bilsin ki, prosesə müəyyən bir dinamika versin.

- Sizcə, status-kvo vəziyyətinin dəyişməsinin zamanı yetişibmi?

- Bu vaxt bizim üçün, demək olar ki, artıq çoxdan yetişib. Status-kvonun dözülməz olması ilə bağlı ABŞ, Rusiya və Fransa prezidentləri bəyanat verirlər. Bu isə, ikitərəfli bəyanatdır. Həmsədr dövlətlərin başçıları bildirirlər ki, gücə müraciət etmək faydasız və qəbulolunmaz haldır. Amma bununla yanaşı, mövcud status-kvonu uzatmaq düzgün deyil. Bütün böyük dövlətlər və beynəlxalq aləm işğalçı Ermənistana təzyiq göstərməli və onu sülhə məcbur etməlidir. Bu gün Azərbaycanın Ermənistan tərəfindən zəbt olunmuş ərazilərində hər cür qanunsuzluq, özbaşınalıq hökm sürür. Narkotik becərmə, qanunsuz silah-sursat alveri artıq adi hala çevrilib. Təcavüzkar Ermənistanda konkret insanlar var ki, bundan qazanc götürürlər. Onlar çox yaxşı bilirlər ki, Azərbaycan əraziləri işğaldan azad olunduqdan sonra ermənilərin konkret bizneslərinə xələl gələcək. Bu cür iyrənc əməllər isə, sülh prosesinə təsir etmək üçün konkret təxribatdır. Ermənilərin iyrənc əməlləri ifşa olunmalıdır.


AYLANA RZAYEVA

Digər xəbərlər