PDF Oxu

Müsahibə

  • 578

Azərbaycanda sahibkarlığın inkişafına böyük diqqət göstərilir

Azərbaycanda sahibkarlığın inkişafına böyük diqqət göstərilir

- Məmməd müəllim, məlum olduğu kimi sahibkarlıq fəaliyyət növü kimi zaman-zaman inkişaf edərək iqtisadi inkişafın, əhalinin həyat şəraitinin yaxşılaşmasında xüsusi rol oynamışdır. Azərbaycanda müasir sahibkarlığın formalaşması və inkişafı barədə nə deyərdiniz ?

- Sahibkarlıq fəaliyyət növü kimi orta əsrlərdən meydana çıxmış, tacirlər, satıcılar, sənətkarlar bu fəaliyyət növü ilə məşğul olaraq əhalinin rifah halının yaxşılaşmasına, yaşadıqları ölkənin iqtisadi inkişafına müstəsna xidmətlər göstərmişlər. Azərbaycanda müasir milli sahibkarlığın inkişafı bilavasitə müstəqilliyimizin əldə olunmasından sonrakı dövrə, xüsusən də 1993-cü ildən sonrakı dövrə təsadüf edir. Həmin dövrdə Ümümmilli lider Heydər Əliyev demokratik həyat tərzinin diqtə etdiyi gerçəklik kimi bazar iqtisadiyyatı prinsiplərinə sadiq qalaraq Azərbaycanın yeni dövr üçün prioritetlərini müəyyənləşdirmiş və ölkənin iqtisadi siyasətinin təməlini qoymuşdur. Həmin dövrdə digər taleyüklü məsələlərlə yanaşı respublikanın sosial-iqtisadi inkişafı, xalqın maddi rifah halının yaxşılaşması bilavasitə yeni dövrün tələblərinə uyğun modernləşmədən, ilk növbədə azad sahibkarlığın inkişafından həlledici şəkildə asılı idi. Bu reallığı əsas götürən Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilmiş sosial-iqtisadi islahatların ana xəttini də məhz sahibkarlığın inkişafı kimi həyati əhəmiyyətli məsələ təşkil edirdi. Məhz o illərdə Azərbaycanda biznes mühitinin formalaşdırılması istiqamətində həyata keçirilən islahatlar respublikada güclü iqtisadi resurslara və inkişaf potensialına malik sahibkarlar təbəqəsi yaranmış və bu təbəqə hazırda müasir Azərbaycanın hərtərəfli inkişafında öz sözünü deyir.

- Ulu öndər Heydər Əliyevin siyasi və iqtisadi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev bütün sahələrdə olduğu kimi ölkə sahibkarlarına da diqqət və qayğısını əsirgəmir. Bu münasibət ölkədə sahibkarlığın inkişafına necə təsir göstərir?

- Elmi təməl üzərində həyata keçirilən effektiv iqtisadi islahatlar kursunu inamla davam etdirərək dövrün tələblərinə uyğun yeni çalarlarla zənginləşdirən möhtərəm Prezident İlham Əliyev xalq qarşısında verdiyi bütün vədləri böyük səylə, elmə əsaslanaraq ardıcıl və sistemli şəkildə həyata keçirir. Dövlət başçısının ölkədə sahibkarlığın inkişafı istiqamətində atdığı addımlar da ölkənin davamlı inkişafına yönəlmiş sistemli və ardıcıl fəaliyyət konsepsiyasına əsaslanır. Bazar mexanizminin hərəkətverici qüvvəsi hesab edilən sahibkarlığın inkişafı keçid iqtisadiyyatlı ölkələrin siyasi, sosial-iqtisadi sisteminin yenidən qurulmasında, sosialyönümlü problemlərin kompleks həllində mühüm rol oynayan sahibkarlığın inkişafı, orta təbəqənin formalaşması, aparılan inkişaf prosesində bir harmoniya yaradır. Dövlət rəhbərlərinin həyata keçirdiyi məqsədyönlü iqtisadi siyasət hesabına Azərbaycanda özəl sektor yeni inkişaf mərhələsinə qədəm qoymuş, sahibkarlığın inkişafına diqqət daha da artırılmışdır. Kiçik və orta sahibkarlığın güzəştli kreditlərlə maliyyələşdirilməsi mexanizmləri daha da təkminləşdirilmiş, iş adamlarının fəaliyyətinə yersiz mudaxilələrin qarşısının alinması, bu sahədə inkişafa mane olan problemlərin aradan qaldırılması istiqamətində mühüm addımlar atılmışdır. Regionlarda mühüm infrastruktur layihələrinin həyata keçirilməsi, göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması, anti-inhisar fəaliyyətinin gücləndirilməsi, infilyasiyanın qarşısının alınması üçün əsaslı tədbirlərin görülməsi, "Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı"nın təsdiqlənməsi, bir pəncərə prinsipinin tətbiqi ilə biznes subyektlərinin qeydiyyat və lisenziya sisteminin sadələşdirilməsi, yerlərdə regional iqtisad məhkəmələrinin yaradılması və digər tədbirlər bu istiqamətdə atılmış ciddi addımlardır.

- Sahibkarlığın inkişafında normativ bazanın zənginləşdirilməsi, tələblərə cavab verən sənəd və təlimatların hazırlanması, sahibkarların maarifləndirilməsi istiqamətində görülən işlər xüsusi önəm daşıyır. Atılan bu addımların əhəmiyyəti barədə nə deyərdiniz?

- Sahibkarlığın fəaliyyətinin tənzimlənməsi ilə bağlı yeni dövrün tələblərinə cavab verən qanunvericilik bazasının yaradılması təbii ki, zəruri məsələlərdən biridir. Bu sənədlərdə bazar münasibətləri əsasında iqtisadiyyatın inkişafına şərait yaradılması, sahibkarlığa hüquqi təminatın verilməsi, rəqabət mexanizminin formalaşması, həmçinin rəqabətin qorunması ilə bağlı müddəalar əksini tapmalıdır. Bu sənədlər bir qayda olaraq ölkə iqtisadiyyatının strukturunun təkmilləşdirilməsi, rəqabət mühitinin və özəl mükliyyətçilər təbəqəsinin formalaşdırılması məqsədi ilə qəbul edilmişdir. Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin ikinci dövlət proqramının uğurla həyata keçməsi özəl sektorun inkişafına ciddi dəstək olmuşdur. 4 fevral 2010-cu ildə Konfederasiya sosial tərəfdaşlığın subyekti kimi Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə birlikdə ölkənin sosial-iqtisadi və sosial-əmək münasibətləri üzrə razılaşdırlmış mövqelərini və birgə fəaliyyətlərini müəyyən edən Baş Kollektiv Saziş bağlamışdır. Konfederasiya öz fəaliyyətinin mərkəzi və yerli icra hakimiyyəti orqanları, Milli Məclis, məhkəmə orqanları, mətbuat və beynəlxalq təşkilatlarla əlaqəli şəkildə quraraq ölkədə sosial tərəfdaş kimi üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmiş, bir sıra nüfuzlu beynəlxalq təşkilatların, Beynəlxalq İşəgötürənlər Təşkilatının, Sənayeçilərin və Sahibkarların Beynəlxalq Konqresi, Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Avropa Birliyi, Qara Dəniz İqtisadi Əməkladşlıq Təşkilatları ilə əməkdaşlığı davam etdirərək ölkədə sahibkarlığın inkişafına dəstək vermişdir. Konfederasiyanın əməkdaşları 2010-cu ildə respublika və xarici ölkədə keçirilən 18 biznes-forumda və 25 sərgidə iştirak etmişdir.

- Bu gün ölkəmiz regionda ən güclü dövlət kimi sürətlə Avroatlantik məkana inteqrasiya olunur. Bu çağdaş zaman kəsiyində müxtəlif beynəlxalq əlaqələrin intensivləşməsi qlobal əhəmiyyət kəsb edən məsələlərin birgə müzakirəsi, yüksək polemik etiketə uyğun görüş və disputların keçirilməsi yəqin ki, dünyanın müxtəlif nüfuzlu təşkilatları ilə əlaqələrin inkişafından xəbər verir. Bu istiqamətdə ASK-nın apardığı işlər barədə nə deyə bilərsiniz?

- Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyanın sahibkarlarla, dövlət orqanları ilə, yerli qurumlarla birgə işi ilə yanaşı, beynənxalq qurumlarla o cümlədən Beynəlxalq İşəgötürənlər Təşkilatında, Sənayeçilərin və Sahibkarların Beynəlxalq Konqresində üzvlüyü davam etdirməklə, respublikada fəaliyyət göstərən bir çox dövlətlərin və Azərbaycanın xaricdəki səfirlikləri ilə, beynəlxalq təşkilatlarla əməkdaşlığı daha da gücləndirilmişdir. Türkdilli ölkələrin Əməkdaşlıq Şurasının Baş katibi, səfir Xəlil Akıncı Azərbaycan Respublikası Sahibkarlar (işəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında görüş keçirmiş, həmçinin Azərbaycan Milli Qeyri-Hökümət Təşkilatları Forumu, Türkiyənin Diş Ekonomik İlişkileri Kurulu (DEİK), Özbəkistanın Ticarət Sənaye, Auditorlar, Fransa-Azərbaycan ticarət palataları, İteka Caspian MMC, Azərbaycan Banklar Assosiasiyası, Polşa, Latviya, Litva işəgötürənlər konfederasiyaları, Azərbaycan Mikromaliyyə, Gürcüstan işəgötürənlər və Gəncə şəhər sahibkarlar assosiasiyaları və "Marketinq Mütəxəssislər" İctimai Birliyi ilə əməkdaşlıq müqavilələri imzalanmış, hazırda bu qarşılıqlı faydalı əməkdaşlıqdan hər iki tərəf bəhrələnməkdədir. Bununla yanaşı Azərbaycan Korporativ Direktorlar və Menecerlər Assosiasiyası, "Qadın dünyası" İctimai Birliyi, Türk Standartları İnstitutu, ATİB, TUSİAB, Azərbaycan-Rusiya İşguzar Əməkdaşlıq Palatası ilə əməkdaşlıq davam etdirilir. Fransa-Azərbaycan Palatası, Rumınya-Türkiyə iş Qadınları Assosiasiyası, Türk iş adamları ilə keçirilmiş tədbirlər də uğurlu olmuşdur. İran, Türkiyə, Küveyt, Misir, Pakistan, İtaliya, Macarıstan, Rusiya, Yunanıstan, Almaniya, Çin, İsveçrə, Mərakeş, Belarus, Hindistan, Fransa, ABŞ, Koreya və digər ölkə səfirliklərinin keçirdikləri tədbirlərdə Konfederasiyanın nümayəndələri də fəal iştrak etmiş, Azərbaycan sahibkarları ilə bu ölkələrdə çalışan sahibkarlar arasında işbirliyi qurulması və inkişaf etməsi üçün tədbirlər görülür. Ölkə sahibkarlarının maarifləndirilməsi sahəsində bir çox seminar, konfrans və dəyirmi masalar keçirilmiş, kitabçalar dərc olunaraq sahibkarlara çatdırılması təmin edilmiş onların ölkə daxilində və xaricdə keçirilən biznes forumlarda iştirak etmələrini imkan daxilində təmin etməyə çalışırıq.

- Bu bir həqiqətdir ki, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının fəaliyyəti son zamanlar canlanır, cəmiyyətdə nüfuzu artır. Konfederasiyanın çoxşaxəli fəaliyyəti ilə əlaqədar daha nələri söyləmək mümkündür?

- Ölkə iqtisadiyyatının sürətli inkişafında əvəzsiz rolu olan, sahibkarlıq fəaliyyətinin genişlənməsinə dəstək verən Azərbaycan Sahibkarlar ( İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ölkə Prezidenti cənab İlham Əliyevin sahibkarlığın inkişafı sahəsində müəyyənləşdirdiyi strategiyanın uğurla həyata keçirilməsinə öz töhvəsini verməyə çalışır. Ümumiyyətlə, Azərbaycanın bazar iqtisadiyyatına keçidlə bağlı ilkin təcrübəsi göstərdi ki, sahibkarlığın, özəl sektorun inkişafına normal şərait yaratmadan iqtisadi yüksəlişi təmin etmək, əhalinin məsğulluğunu təmin etmək, infrastrukturu yeniləşdirmək, sosial məsələlərin həllinə nail olmaq mümkün deyildir. Biz Sahibkarlar Konfederasiyası olaraq bunları dərk edir, ölkənin davamlı inkişafını təmin edəcək yeni iqtisadi siyasətin həyata keçirilməsində və bununla bağlı qanunvericilik bazasının təkmilləşdirilməsində yaxından iştirak etməyə çalışırıq. Azərbaycanın inkişaf etmiş dünya ölkələrinə siyasi inteqrasiyası, bilavasitə iqtisadi inteqrasiya ilə əlaqəlidir. Azərbaycanda istehsal olunan mal və materialların, xüsusən də qeyri-neft sektoruna aid olan sənaye və kənd təsərrüfatı mallarının dünya bazarına çıxarılması üçün mövcud beynəlxalq əlaqələrin inkişaf etdirilməsinə, yeni əlaqələrin qurulmasına önəm veririk. Belə ki, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası həmçinin, Milli Qeyri-Hökümət Təşkilatları Forumu, Türkiyənin Diş Ekonomik İlişkilər Kurulu ( DEİK), Özbəkistanın Ticarət Sənaye Palatası, Fransa Ticarət Platası, Polşa və Litvanın işəgötürənlər konfederasiyaları və digər təşkilatlarla da qarşılıqlı faydalılıq əsasında müqavilələr imzalamışdır. Konfederasiya xətti ilə Azərbaycan Sahibkarları Azərbaycan-Vyetnam, Azərbaycan-İtaliya, Azərbaycan-Stavropol, Azərbaycan-Gürcüstan, Azərbaycan-Almaniya, Azərbaycan-Türkiyə və digər biznes-forumlarda təmsil olmaqla yanası İqtisadi İmkişaf Nazirliyinin Bakı şəhərində, Quba, Xaçmaz, Göyçay, Gəncə-Qazax və Şəki-Zaqatala bölgələrində keçirdiyi tədbirlərdə yaxından iştrak etmişlər. Eyni zamanda, konfederasiyada əcnəbi və azərbaycanlı iş adamlarının iştirakı ilə daxili biznes-forumlar təşkil olunmşdur. Təbii ki, Konfederasiya öz fəaliyyətini daha da canlandırmalı, müasir dövrün tələbləri ilə uyğunlaşan iş ahənginə malik olmalıdır.

- Məmməd müəllim, məlum olduğu kimi 25 oktyabr 2007-ci il tarixdə ölkə Prezidenti cənab İlham Əliyevin sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin "bir pəncərə" prinsipi üzrə təşkilinin təmin edilməsi haqqında Sərəncamı ilə sahibkarlıq fəaliyyəti subyektlərinin vahid dövlət qeydiyyatında cəmləşməsinin əsası qoyuldu. Həmçinin, möhtərəm Prezidentimizin 23 may 2011-ci il tarixdə imzaladığı "Dövlət orqanlarının elektron xidmətlər göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Fərmanı vergi ödəyiciləri ilə vergi orqanı əməkdaşlarının birbaşa təmaslarını məhdudlaşdırmaq, şəffaflıq yaratmaq istiqamətində mühüm əhəmiyyət kəsb edir. Bu istiqamətdə görülmüş işlər barədə fikirlərinizi bilmək maraqlı olardı.

- Cənab Prezidentin yuxarıda adı çəkilən məlum fərman və sərəncamları əsasında "bir pəncərə" sisteminin tətbiq edilməsi, hüquqi şəxsin yaradılması prosesini xeyli yüngülləşdirmiş, ayrı-ayrı dövlət qurumlarına müraciət etmək, sənədlər toplamaq zərurətini aradan qaldırmış, bu sahədə olan mövcud problemlərin, neqativ halların qarşısını almaqla yanaşı hüquqi şəxsin qeydiyyata alınması prosesini həm yüngülləşdirmiş, həm də vaxt etibarı ilə tezləşdirmişdir. Belə ki, tələb olunan sənədlərin sayı minimuma endirilmiş, müəssisənin dövlət qeydiyyatına alınması müddəti dəfələrlə qısaldılmışdır ki, bu da sahibkarların işini xeyli asanlaşdırmış, lüzumsuz vaxt itkisinin aradan qaldırılmasını təmin etmişdir. Ölkə Prezidentinin son Fərmanına uyğun olaraq 2011-ci ilin 1 iyul tarixindən etibarən Azərbaycanda hüquqi şəxs yaratmadan fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən iş adamları, qeydiyyat orqanına getmədən, vaxt itirmədən-internet vasitəsilə onlayn rejimində 3-5 dəqiqə ərzində qeydiyyata alına bilərlər ki, bu da ilk növbədə operativliyi təmin etməklə yanaşı şəffaflığı təmin edəcək və beynəlxalq arenada Azərbaycanın müsbət imicinə öz təsirini göstərəcəkdir. Azərbaycan Sahibkarlar Konfederasiyası ilə Vergilər Nazirliyi arasında əldə olunmuş razılaşmaya əsasən ölkənin müxtəlif bölgələrində post terminallar yaradılmışdır. Sahibkarlar vergi işçiləri ilə təmasda olmadan öz hesabatlarını bu terminallar vasitəsi ilə ötürə bilirlər. ASK-nin işçiləri çalışan bu terminallar bütün lazımı texniki avadanlıqlarla o cümlədən internet şəbəkəsinə qoşulmuş kompyuterlərlə təchiz olunmuşlar. Bu isə biznesə yeni qoşulanlara imkan verir ki, bizim terminallarda quraşdırılmış kompyuterlər vasitəsi ilə qeydiyyata alınmaqla qısa bir zamanda fəaliyyətə başlaya bilsinlər. Gələcəkdə sahibkarın işini daha da asanlaşdırmaq, göstərilən vergi xidmətinin əhatə dairəsini genişləndirmək üçün bu cür terminalların sayını artırmağı nəzərdə tuturuq. Xəbər verildiyi kimi gələn ildən etibarən hüquqi şəxslərin də internet vasitəsilə onlayn rejimində qeydiyyata alınması imkanı yaradılacaqdır.

Digər xəbərlər