PDF Oxu

Müsahibə

  • 321

Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü...

Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü...

- Elşad müəllim, Ermənistan və Azərbaycan prezidentlərinin növbəti görüşünün keçirilməsinin nəzərdə tutulması ilə bağlı KİV-lərdə məlumatlar yayılır. Sizcə, bu görüşdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prinsipial razılaşmanın və ya müqavilənin imzalanması nə dərəcədə realdır?

- Bir müddət bundan öncə, Rusiya xarici işlər naziri Sergey Lavrov prezident Dmitri Medvedevin məktubunu Azərbaycan və Ermənistan prezidentlərinə təqdim etmişdi. Rusiya prezidentinin belə hərəkəti ondan xəbər verir ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində irəliyə doğru addımın atılmasına nail olunması üçün çalışır. Bu proseslərin ardınca, Ermənistan və Azərbaycan prezidentlərinin görüşməsi məsələsinin gündəmə gəlməsi, bu münaqişənin tənzimlənməsi ilə bağlı prinsipial addımların atılması ehtimallarından xəbər verir. Çünki bir müddət əvvəl keçirilən Kazan görüşündə, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı heç bir nəticə əldə olunmadı. Amma proqnozlaşdırılırdı ki, bu görüşdə sözügedən münaqişə ilə bağlı hər hansı bir nəticə əldə olunacaqdır. RF-nin ardıcıl olaraq belə nəticəsiz görüşlər keçirməsi, onun imicinə çox böyük zərbə vurur. Bu münaqişənin tənzimlənməsi prosesinə, Rusiyanın təkbaşına nəzarət imkanlarını azaltmış olur. Bu baxımdan hesab edirəm ki, istər Rusiyanın, istərsə də Ermənistanın artıq ehtiyat addımları qalmayıb. Bu məsələnin tənzimlənməsi istiqamətində hər hansı bir addımın atılmasına onlar məcburdurlar. Bu baxımdan, hesab etmək olar ki, prezidentlərin növbəti görüşlərində Dağlıq Qarabağ probleminin həlli istiqamətində hər hansı bir prinsipial razılaşmanın əldə olunması gözləniləndir. Çünki proseslərin gedişi bunu deməyə əsas verir.

- Bu danışıqlar da nəticəsiz qalarsa, Azərbaycan hərbi varianta əl ata bilərmi?

- Təbii ki, hər zaman Azərbaycan tərəfinin hərbi varianta əl atması ehtimalı gündəmdədir. Azərbaycanın kifayət qədər hərbi imkanları var ki, öz torpaqlarının işğaldan azad etsin. Prezident İlham Əliyev hər zaman öz çıxışlarında bəyan edir ki, "Azərbaycan, sadəcə olaraq, beynəlxalq hüquq prinsiplərini rəhbər tutaraq, humanizm prinsiplərindən çıxış edərək və sülhsevər bir ölkə olduğunu nümayiş etdirərək hərbi vasitəyə əl atmır. Dağlıq Qarabağ münaqişəsinin danışıqlar vasitəsilə tənzimlənməsinə çalışırıq". Amma bizim bu imkanlarımız tükənərsə, burada bizim ayrı bir yolumuz qalmır. Təbii ki, belə olanda, biz hərbi varianta əl atacağıq. Bu cür uğursuz görüşlər ölkəmizi hər dəfə daha da ciddi şəkildə bu addımı atmağa təhrik etməkdədir. Bir sözlə, bu cür ardıcıl aparılan nəticəsiz görüşlər, Azərbaycan tərəfini hərbi vasitəyə əl atmağa məcbur edəcəkdir. Onu da qeyd etmək istəyirəm ki, prezidentlərin görüşlərini tam şəkildə nəticəsiz kimi qəbul etmək düzgün olmaz. Çünki burada tərəflər arasında sıx dialoqun yaranması baxımından bu görüşlərin əhəmiyyəti var. Dağlıq Qarabağ münaqişəsinin dinc vasitələrlə tənzimlənməsi imkanlarını artırmaqla bu görüşlər öz əhəmiyyətini saxlayır. Bu baxımdan, hesab edirəm ki, Ermənistan və Azərbaycan prezidentlərinin növbəti görüşlərində Dağlıq Qarabağ münaqişəsinin həll olunması istiqamətində prinsipial razılaşma əldə olunacaqdır.


GÜLYANƏ

Digər xəbərlər