PDF Oxu

Müsahibə

  • 2 042

YAP Gənclər Birliyi bir sıra ölkələrin gənclər təşkilatları ilə əməkdaşlığı genişləndirir

YAP Gənclər Birliyi bir sıra ölkələrin gənclər təşkilatları ilə əməkdaşlığı genişləndirir

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin dəvəti ilə Rumıniyanın hakim Liberal-Demokrat Partiyasının Gənclər Təşkilatının üzlərindən ibarət nümayəndə heyəti Azərbaycanda səfərdədir. Səfər çərçivəsində rumıniyalı gənclər paytaxtda, eləcə də, Azərbaycanın bir sıra rayonlarında səfərdə olublar, yerli gənclər təşkilatlarının nümayəndələri ilə görüşüblər. YAP GB-nin sədri Seymur Orucov bu səfərlə və eləcə də, YAP GB-nin beynəlxalq əlaqələri ilə bağlı fikirlərini "Səs"in oxucuları ilə bölüşüb:

- Seymur müəllim, ilk öncə, YAP GB-nin beynəlxalq əlaqələri barədə məlumat verərdiniz.

- Məlum olduğu kimi, bu ilin yanvarında Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin hesabat-seçki konfransında yeni heyət seçildi. Yeni tərkibdə fəaliyyətə başlayan YAP GB-nin qəbul etdiyi qərarlar sırasında beynəlxalq əməkdaşlığın genişləndirilməsi də mühüm yer tuturdu. Bundan sonra həmin əlaqələri genişləndirmək üçün əməli fəaliyyətə başladıq. Məlum olduğu kimi, Avropa Xalq Partiyası Gənclər Birliyi kimi nüfuzlu bir təşkilat var. Biz artıq həmin təşkilata üzv olmaq üçün müraciət etmişik. Bu yaxınlarda YAP GB-nin beynəlxalq əlaqələr üzrə sədr müavini Ramil Məmmədov AXPGB-nin Vyanada keçirilən tədbirində iştirak edib və oradan mühüm nəticələrlə qayıdıb. Belə ki, çox yaxın vaxtlarda YAP GB-nın həmin təşkilata üzvlüyü gözlənilir. Bundan əlavə, qeyd etmək istərdim ki, AXPGB il ərzində müxtəlif ölkələrdə öz tədbirlərin keçirir. Biz təklif etmişik ki, belə toplantılardan biri də, məhz Bakıda keçirilsin. Bu, həm Azərbaycanın Avropada, eləcə də, dünyada günü-gündən artan nüfuzu deməkdir, həm də YAP-ın Avropa ölkələrinin qabaqcıl partiyaları tərəfindən dəstəklənməsinə dəlalət edir.

Yeri gəlmişkən, qeyd edim ki, bu günlərdə Rumıniya prezidenti Troyan Baseskunun sədri olduğu Liberal-Demokrat Partiyasının Gənclər Təşkilatının üzlərindən ibarət nümayəndə heyəti Azərbaycana səfərə gəlib. Bu, bir daha onu göstərir ki, biz Rumıniya gəncləri ilə əməkdaşlıqdan artıq strateji tərəfdaşlığa keçmişik. Bunun da əsasında ölkə prezidentləri arasındakı səmimi dostluq münasibətləri dayanır. Burada bir haşiyə çıxmaq istərdim. Bir qədər öncə, YAP GB-nin nümayəndə heyəti Rumıniyada səfərdə olarkən, biz özümüzü yad hiss etmirdik. Bizim dövlətimizə qarşı bu ölkədə xüsusi münasibət vardır. Elə siz özünüz də şahidsiniz ki, rumınlar burada özlərini necə səmimi aparırlar, sanki öz evlərindədirlər. Bu , bir daha təkrar edirəm, hər şeydən əvvəl, Azərbaycan və Rumıniya prezidentləri arasındakı səmimi münasibətlərdən irəli gəlir.

O ki qaldı sizin sualınızın cavabının davamına, burada qeyd etmək istərdim ki, YAP GB bir sıra ölkələrin, o cümlədən, Bosniya, Xorvatiya, Ukrayna, Rusiya, Türkiyənin hakim partiyalarının gənclər təşkilatları ilə əməkdaşlığı davam etdirir. Biz, bu ilin payızında Avropadakı iqtidar partiyalarının gənclər təşkilatlarının Bakıda forumunun keçirilməsini planlaşdırırıq.

- Forumun keçirilməsində əsas məqsəd nədir?

- Məqsədimiz çox sadədir. Avropalı gənclərə Azərbaycandakı bu inkişaf, iqtisadi yüksəliyi göstərmək, eləcə də, Yeni Azərbaycan Partiyası, onun gənclər təşkilatının gördüyü işlər barədə məlumat vermək istəyirik. Eyni zamanda, başlıca məqsəd həmin gənclər təşkilatları ilə birgə fəaliyyət planını müzakirə etməkdir. Xatırlatmaq istərdim ki, Avropadakı indiki gənc fəallar bir neçə ildən sonra öz ölkələrində müəyyən vəzifə sahibi olacaqlar, dövlət işində və idarəçiliyində iştirak edəcəklər. Odur ki, biz indidən həmin gənclər-gələcəyin dövlət adamları arasında Azərbaycanın diaspor nümayəndələrini formalaşdırmaq istəyirik, lobbiçiliyin təməlini qoymaq istəyirik.

- Rumıniya ilə olan əlaqələrdən danışarkən, qarşıdakı aylarda, hansı tədbirləri qeyd etmək istərdiniz?

- Məlum olduğu kimi, bir qədər öncə bir sıra gənc müğənnilər Yeni Azərbaycan Partiyasının sıralarına qəbul olunublar. Biz bu ilin payızında, daha dəqiq desək, oktyabrın 18-də müstəqilliyimizin 20 illiyi münasibətilə Buxarestdə gənc müğənnilərimizin iştirakı ilə təntənəli bir tədbir-geniş konsert proqramı keçirməyi planlaşdırırıq. Hazırda bu istiqamətdə hazırlıq işləri davam etdirilir.

- Bu günlərdə Azərbaycanın üç bölgəsində-Oğuz, Qəbələ və Lerikdə YAP GB-nin "Yay məktəbləri" layihələri gerçəkləşdirilir. Tədbirlərdə əsas məqsəd nədir?

- Bildiyiniz kimi, gənclər üçün "Yay məktəbləri"nin keçirilməsi təşəbbüsü Yeni Azərbaycan Partiyasına məxsusdur. Və ildən-ilə də bu tədbirin həm məzmunu, həm də keyfiyyəti, planları müsbətə doğru dəyişməkdədir. Məlum olduğu kimi, builki yay düşərgələrində rekord həddə, təqribən 600-dək gənc fəal iştirak edib. Burada maraqlı məqamlardan biri də odur ki, təlimlərdə təkcə paytaxt gəncləri deyil, müxtəlif rayonlardan gəlmiş gənclər də iştirak edirlər. Bundan əlavə, təlimlərin mövzularını gənclər elə özləri müəyyənləşdirirlər ki, bu da onların intellektual səviyyələrinin yüksəlməsinə xidmət edir. Mən hesab edirəm ki, biz bu il qarşımıza qoyduğumuz məqsədə nail olduq. Belə ki, 4 mərhələdə keçən "Yay məktəbləri"ndə gənclərimiz həm mənalı istirahət etdilər, həm bir-birləri ilə yaxından tanış oldular, həm də öz intellektual səviyyələrini yüksəldə bildilər. Düşünürəm ki, təlimləri başa vurduqdan sonra gənclərimiz sosial şəbəkələrdə, həmçinin, müxtəlif görüşlərdə burada qazandıqları təcrübələri bir-birləri ilə bölüşəcəklər ki, bu da onların fəallığını daha da yüksəldəcək.

- Cari il ərzində gənclərlə bağlı daha hansı tədbirlər keçirməyi planlaşdırırsınız?

- Payız aylarında gənclərimizə ünvanlanmış daha bir neçə layihələrimiz vardır. Bunların sırasına dil kursları, karyera mərkəzlərinin yaradılması və digərləri vardır. Yeri gəlmişkən, qeyd edim ki, karyera mərkəzləri yaratmaqda məqsədimiz ali məktəbləri bitirən gənclərin işlə təminatına kömək etməkdir. Belə ki, mərkəzdə gənclərimizin uçotu aparılacaq, boş iş yerləri haqda məlumat bazası toplanacaq. Bu, bir o qədər də asan iş deyildir. Bunun üçün şirkətlərlə, təşkilatlarla danışıqlar aparmaq lazımdır, boş ştatların siyahısını tərtib etmək lazımdır. Amma hesab edirəm ki, biz də YAP GB olaraq, cənab Prezidentimiz İlham Əliyevin ölkədə həyata keçirdiyi sosialyönümlü siyasətə öz əməli işimizlə dəstəyimizi verə biləcəyik.


R.HÜSEYNOVA

Digər xəbərlər