PDF Oxu

Müsahibə

  • 143

Serj Sarkisyan yeni ərazi iddiasındadır

Serj Sarkisyan yeni ərazi iddiasındadır

- Asəf müəllim, Ermənistan prezidenti Serj Sarkisyanın indi də Türkiyə ərazisi olan Ağrı dağa iddia ilə çıxış etməsi nədən qaynaqlanır?

- Əslində, Sarkisyanın verdiyi bütün sərsəm bəyanatlar qətiyyən reallığa söykənmir. Bu gün işğalçı Ermənistan tamamilə səfalət içərisindədir. Yoxsulluq, aclıq, kasıbçılıq ölkəni tamamən öz cənginə alıb. Əhali kütləvi şəkildə ölkəni tərk edir. Yaşamaq- işləmək üçün başqa ölkələrə üz tuturlar və bir daha geri qayıtmırlar. Təcavüzkar Ermənistanın daxilində olan qarışıq problemlər getdikcə çoxalmaqdadır və heç bir zaman da öz həllini tapmayacaq. O səbəbdən də Serj Sarkisyan insanları mövcud problemlərdən yayındırmaq üçün hər dəfə bu cür sərsəm, ağılsız bəyanatlarla çıxış edir. Bu tip bəyanatlar vermək artıq Sarkisyanda adi hala çevrilib və heç kim tərəfindən qətiyyən ciddi qarşılanmır. Sadəcə olaraq, belə sərsəm, boş-boş bəyanatlar Sarkisyanın onsuz da olmayan imicinə yetərincə ziyan vurur. Gələn il Ermənistanda prezident və parlament seçkiləri olacaq. Təbii ki, bütün bunlar Ermənistan prezidentini çox ciddi şəkildə narahat edir. İndidən gələn ilə "hazırlıq" görmək istəyir. Ölkə daxilində mövcud olmuş problemləri ört-basdır etmək üçün bu məsələni ortaya atır.

- Bəs beynəlxalq aləmin Ermənistan prezidenti S. Sarkisyanın işğalçılıq bəyanatına, ərazi iddiasına münasibəti necə olacaq?

- Heç bir beynəlxalq təşkilat bunu müsbət qiymətləndirməyəcək və bu bəyanatına görə heç kim düşünmə qabiliyyətinə malik olmayan Sarkisyanı dəstəkləməyəcək. Yad torpaqlara ərazi iddiası ilə çıxış etmək heç bir dövlət başçısına yaraşmaz. Sarkisyan gəncləri sülhə deyil, indidən savaşa hazırlayır. Bu cür iyrənc əməllər yalnız Sarkisyan kimi dövlət başçısına xasdır. Ermənistan prezidentinin sülhpərvər olmadığı, qeyri-konstruktiv mövqe sərgiləməsi bir daha bəlli oldu. Digər tərəfdən artıq dünya dövlətləri də işğalçı Ermənistana müəyyən təzyiq göstərirlər. Bu məsələ mütləq öz həllini tapmalıdır. Ümumiyyətlə, siyasi baxımdan savadı olmayan insanlar belə bir bəyanat verə bilər. Həm də azərbaycanlılar üçün belə sərsəm bəyanatların səslənməsi heç də təəccüblü və birinci hal deyil. Çünki Ermənistanın eks-prezidenti Robert Köçəryan Avropa Şurasında çıxış edən zaman belə bir məntiqsiz bəyanat səsləndirdi ki, Xocalı hadisələrində iştirak etdiyinə görə fəxr edir. Əgər bir ölkənin prezidenti qətliamlar törətməklə, günahsız insanları, körpələri öldürməklə, onlara işgəncə, zülm, əzab verməklə fəxr edirsə, onda bu əməlləri şərh etməyə ehtiyac varmı? Məgər soyqırımlara, qətliamlara, terrora imza atmaqla insan fəxr edə, fəxarət hissi keçirə bilər? Bunlar artıq Ermənistanın dövlət səviyyəsində olan işğalçı siyasətidir. Ermənistan terroru dövlət səviyyəsində dəstəkləyir və terror yolunu seçib. Bu gün bütün dünya sülhpərvər olan Azərbaycan dövlətini dəstəkləyir. Ermənistan iqtisadiyyatı artıq çoxdan tənəzzülə uğrayıb. İşğalçı dövlətdə iqtidar-müxalifət qarşıdurması, insanların dayanmadan ölkəni kütləvi şəkildə tərk etməsi Ermənistanı daha da məhvə doğru sürükləyəcək. Nə qədər ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi həll olunmayıb Ermənistan bütünlüklə məhv olacaq. Dağlıq Qarabağ ermənilər üçün daşınması çətin olan ağır bir yükə çevrilib. Bu yaxınlarda beynəlxalq təşkilatlar təcavüzkar Ermənistanı dünyanın ən az inkişaf edən ölkələri sırasında elan etdi. Bütün bunlardan o qənaətə gəlmək olar ki, Sarkisyanın, həqiqətən də, ölkəni idarə edə bilmir, savadı yoxdur və siyasət arenasına təsadüf nəticəsində gəlib. Günahsız insanları öldürüb gələcək nəsillərə tövsiyə edir ki, digər dövlətlərin torpaqlarını zəbt etsinlər.

- Ermənistan prezidenti S. Sarkisyanın məlum bəyanatından və qeyri-adekvat addımlarından aydın şəkildə görünür ki, sülh istəmir. O zaman nəyə görə özünü ictimaiyyətə "vətənpərvər", "sülhpərvər" kimi göstərməyə çalışır?

- Doğrudur, Sarkisyan, həqiqətən də, regionda sülhün, sabitliyin əldə olunmasını istəmir. Sadəcə olaraq, özünü beynəlxalq ictimaiyyətə "sülhün tərəfdarı olan dövlət başçısı" kimi təqdim etməyə çalışır. Sarkisyanın ikili oyunları, ikili standartı bu gün hər bir kəsə, hətta işğalçı Ermənistana havadarlıq edən dövlətlərə də bəllidir. Sadəcə olaraq, dünyanı maraqlar idarə etdiyindən bir çox dövlətlər torpaqlarımızın yarı faizini işğal etmiş Ermənistanın bu özbaşınalığına göz yumur.

- Asəf müəllim, yeri gəlmişkən, ola bilərmi bundan sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində təşəbbüs ABŞ və Fransanın əlinə keçsin?

- Mövcud münaqişənin həllində bu dövlətlərin rolu böyükdür. Düşünürəm ki, kollektiv bir qərar qəbul olunacaq. 20 ildir davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin çox tezliklə həll olunması labüddür. Bu, belə davam edə bilməz. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində yaradılan ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri qəti qərara gəlib, sülhün əldə olunmasına nail olmalıdırlar. Yarandığı ilk gündən ATƏT-in Minsk Qrupu məlum münaqişənin həllində heç bir irəliləyişə, uğura nail olmayıb. Sadəcə olaraq, bəyanatlar verməklə kifayətlənib. Mövcud problemin həlli istiqamətində Minsk Qrupu ortaya real mövqe qoymalıdır.


AYLANA RZAYEVA

Digər xəbərlər