- Qabil müəllim, Ermənistan əhalisi kütləvi şəkildə ölkəni tərk edir. Bu amil hakimiyyətlə xalq arasında dərin uçurumun yarandığının göstəricisi sayıla bilər?
- Təbii ki, Ermənistanın sosial bazasının zəifləməsi hakimiyyətlə xalq arasında uçurumun olması deməkdir. Ermənistan əhalisi kütləvi şəkildə ölkəni tərk edir. Çünki işğalçı ölkədə ciddi iqtisadi tənəzzülün yaşamasını, həyat səviyyəsinin durmadan aşağı düşməsini orada yaşayan əhalinin maddi güzəranının çox pis vəziyyətdə olduğuna sübutdur. Düşünürəm ki, Ermənistanın iqtisadi vəziyyətinin durmadan pisləşməsi və davam etməsi yaxın gələcəkdə Ermənistan daxilində sosial gərginliyin daha da artmasına gətirib çıxaracaq.
- Bu gün Ermənistan xarici ianələrin hesabına yaşaya-yaşaya qonşu ölkələrə qarşı ərazi iddiası ilə çıxış edir. Belə olan halda, bu ölkənin sifarişlə hərəkət etdiyini söyləmək olarmı?
- Ermənistana ianə verənlərin içərisində ən çox xaricdə olan erməni diasporasıdır. Həmin ermənilərdi ki, vaxtilə Türkiyə və ərəb ölkələrində yaşayaraq, sonradan Avropa və ABŞ dövlətlərinə köçüblər. Fikrimcə, son vaxtlar, xaricdə yaşayan həmin erməni diasporları işğalçı ölkəyə öz yardımlarını azaltmaqdadır. Çünki həmin diaspora təşkilatları görürlər ki, ölkə daxilində milli birliyə nail olmaq mümkün deyil. Çünki ölkədə get-gedə qarşıdurma daha da dərinləşməkdədir. Bu ölkənin gələcəyi yoxdur. Ona görə də erməni diasporası Ermənistandan üz döndərir. Bu baxımdan da, işğalçı ölkəyə verilən ianələrin miqdarı azalıb.
- S.Sarkisyan son bəyanatı ilə təcavüzkar bir ölkənin rəhbəri olduğunun sübutu sayıla bilərmi?
- Serj Sarkisyan son bəyanatı ilə çıxış etməsəydi belə, Ermənistan təcavüzkar bir ölkədir. Çünki Azərbaycan torpaqlarının 20 faizini işğal edib. Bu məsələ ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var. Bundan başqa, erməni millətçiləri yazdıqları əsərlərdə və verdikləri bəyanatlarında hər zaman radikal çağırışları ilə çıxış edirlər. Ermənistan qonşu Türkiyəyə və Gürcüstana ərazi iddiaları irəli sürürlər. Bu da onu göstərir ki, bu kiçik dövlət ətrafında olan bütün qonşuları ilə problemlər içərisindədir. Bu problemlərin də səbəbkarı erməni hökumətidir. Bu baxımdan, indiki erməni hökuməti öz xalqını yeni-yeni bəlalara düçar etməyə çalışan və böyüməkdə olan nəslə başqa xalqlara aid olan torpaqlara göz dikməyə, həmin torpaqları isə erməni torpaqları kimi geri qaytarmamağı tövsiyə edən bir hakimiyyətdir. Demək olar ki, bu ölkə heç bir siyasi və etik normalara əməl etmir. Bunların bu cür hərəkətlərini davakar erməni milli ruhunu yaşatmağa çalışan bir dəstə mafioz qrup kimi qiymətləndirmək olar.
GÜLYANƏ AĞAKƏRİMOVA