- Aydın müəllim, Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibovun oğlunun vəfatı ilə bağlı Prezident İlham Əliyevə etmiş olduğu müraciətə müsbət cavab verilib və o, artıq Bakıdadır. Siz bu humanist addımın kökündə dayanan prinsipləri necə şərh edərdiniz?
- Sabiq prezident Ayaz Mütəllibov oğlunun yas mərasimində iştirak etmək üçün Bakıya gəlib və onun dəfndə iştirakına hər hansı bir maneçilik törədilmədi. O, hal-hazırda Azərbaycanda qaldığı müddətdə də heç bir problemlə üzləşməyib. A.Mütəllibov prezident postunda əyləşərkən vəzifəsinə səhlənkar yanaşması və Xocalı soyqırımının qarşısının alınması üçün heç bir addım atmadığına görə, 1992-ci ildə ona qarşı cinayət işi qaldırıldı. Lakin ittiham edilən şəxs Azərbaycandan kənarda olduğuna görə, həmin iş indiyə qədər açıqlanmır. Hüquqi dövlətdə yaşadığımıza görə, hər hansı bir problem ancaq hüquq müstəvisində aparıla bilər. Hüquqi şəkildə ittiham edilən şəxs Azərbaycan ərazisinə daxil olarkən artıq o cinayət məsuliyyətinə cəlb oluna bilər. Amma bu gün unikal bir vəziyyət yaranıb, cinayət məsuliyyətində ittiham edilən şəxsin ailəsində böyük bir faciə baş veribdir. Çünki A.Mütəllibov məhz oğlunun yas mərasimində iştirak etmək üçün Azərbaycana gəlib. Hətta qanunun yüksək aliliyi şəraitində belə vəziyyətdən çıxış yolu tapmaq mümkün oldu. Yəni onun Azərbaycan rəhbərliyinə müraciətindən sonra müsbət cavab verildi və A.Mütəllibovun yasda iştirak etməsi üçün heç bir problem yaradılmadı. Bunun özü Azərbaycan dövlətinin humanist siyasətinin bariz nümunəsi kimi qiymətləndirilir. Burada insani məsələlər, humanizm əsas götürülür.
- Bu hal baş verdiyi təqdirdə, A.Mütəllibov ən azı açıq şəkildə keçmişdə olanlara görə xalqdan üzr istəyə bilərdi. Amma bu, baş vermədi...
- A.Mütəllibov öz dövrünün insanıdır. Həmin dövrün partiya nomenklaturasının yetişdirməsidir. O, 20 ilə yaxındır ki, o dövrün prinsiplərindən əl çəkə bilmir. Hələ də A.Mütəllibov indiki dövrə o dövrün yanaşması ilə yanaşır. Yəni hansısa bir siyasi partiyanın liderinin respublikaya rəhbərlik etdiyi dövrdə atmış olduğu istənilən addımın düzgün olması anlamı prinsipindən irəli gəlir. Əlbəttə, gözləmək olardı ki, siz qeyd etdiyiniz hal baş versin və A.Mütəllibov Azərbaycan xalqından baş verənlərə görə, ən azı üzr istəsin. Eyni zamanda, gözləmək olardı ki, o, Azərbaycana tək oğlunun ölmünə yox, bir vətəndaş olaraq, hüquq-mühafizə orqanlarının suallarına səmimi cavab versin. Əgər onun günahı isbat olunardısa müvafiq məhkəmə qərarı olardı. Amma mən düşünmürəm ki, ondan qisas alınmamalıdı. Çünki Azərbaycan dövlətinin humanistliyi göz önündədir. 1993-cü ildən Ulu Öndərimiz Heydər Əliyev hakimiyyətə gəldikdən sonra ölüm hökmünə manitorinq qoyuldu və 1998-ci ildə ləğv edildi. Eyni zamanda, 1993-cü ildən başlayaraq, on minlərlə insan əfv fərmanı ilə azadlığa çıxmış oldu. Çünki kifayət qədər soyadlar sadalamaq olar ki, onlar Azərbaycan hakimiyyətində vaxtilə yüksək postlar tutublar və sonradan müəyyən nöqsanlara görə, istintaq və məhkəmə qarşısında səmimi şəkildə cavab veriblər. Amma heç kəs istəməz ki, bir Azərbaycan ailəsində kifayət qədər kədər olduğu halda məsələ tamam başqa bir tərəfə yönəlsin.
- Diqqətçəkən məqamlardan biri də ondan ibarətdir ki, eks-prezident A.Mütəllibovun Bakıya qayıdışından bəzi müxalif qüvvələr siyasi məqsədlər üçün istifadə etməyə çalışırlar...
- Bu gün özlərini müxalifət adlandıran qüvvələr vaxtilə A.Mütəllibovun əsas opponentlərindən sayılırdılar. A.Mütəllibovun o zaman prezident postuna səhlənkar yanaşması Azərbaycan tarixinə qara səhifələr yazılmaqla nəticələndi. Elə həmin dövrdə bugünkü müxalif qüvvələr A.Mütəllibovu hakimiyyətdən devirməyə başladılar və ona qarşı ittihamlar irəli sürdülər. Bu gün isə onlar A.Mütəllibovu az qala bağırlarına basmağa çalışırlar. Onlar A.Mütəllibovu ən yaxın adamları kimi müdafiə etməyə çalışırlar. Beləliklə də, təəssürat yaranır ki, indiki müxalifət qüvvələrində siyasi prinsipiallıq təfəkkürü mövcud deyil. Misal olaraq, AXCP (i) və Müsavat partiyaları hər seçki öncəsi dırnaqarası dostluq blokları yaradır, seçkinin səhərisi günü isə bir-birilərinin ən ağır şəkildə ittiham edirlər.
- Sizcə, A.Mütəllibov bu məsələlərə müsbət mənada adekvat münasibət bildirə bilərmi?
- Hər halda, bu günə qədər məsələyə olan münasibəti ortada yoxdur. Ancaq bununla belə A.Mütəllibov bu gün Azərbaycanın geridə buraxdığı tarixində rast gəlinən şəxslərdəndir. Eyni zamanda, bu gün Azərbaycan cəmiyyətində A.Mütəllibov mövzusu aktual mövzu deyil. O öz dövrünün yetirməsidir. Onun göstərmiş olduğu fəaliyyətdə qüsurlu və faciəyə səbəb olan bir istiqamət xətti oldu. Geridə buraxdığımız bu 20 il ərzində isə A.Mütəllibov hüquqi məsuliyyətdən yaxa qurtarmaq üçün qonşu Rusiyada qərar tutmalı oldu. Amma kifayət qədər vətəninə və xalqına bağlı olan şəxsi heç bir məhkəmə prosesi, heç bir qanun qorxutmamalı idi. Bundan əlavə, Azərbaycanda mövcud olan gənc nəsil A.Mütəllibovu tanımır və bu nəsil üçün belə şəxslər heç də maraqlı deyillər.
- Sizcə, bundan sonra A.Mütəllibvun taleyi və fəaliyyəti necə olacaq?
- Hər halda, onun bir neçə günlüyə Azərbaycana gəlib-getməsi A.Mütəllibovun fikirlərinə müəyyən qədər dəyişikliklərə səbəb olacaq. Çünki onun qoyub getdiyi darmadağın aeroportun yerində bu gün müasir aeroport tikilib. Eyni zamanda, onun buraxıb getmiş olduğu dar və yararsız aeroport yolunun əvəzinə bu gün səkkiz cərgəli müasir, sürətli yol əvəz edir. Eyni zamanda, A.Mütəllibovun qoyub getmiş olduğu uçub dağılmış Bakı şəhəri bu gün müasir və modern şəkildə inkişaf etməkdədir.
Rəfiqə Kamalqızı
Tapdıq Qurbanlı