PDF Oxu

Müsahibə

  • 411

“”Eurovision” layihəsinin Azərbaycanı dünyaya tanıtmaq baxımından əhəmiyyəti çox böyükdür”

“”Eurovision” layihəsinin Azərbaycanı dünyaya tanıtmaq baxımından əhəmiyyəti çox böyükdür”

Eurovision Mahnı Müsabiqəsinin baş prodüserinin və təşkilati rəhbərinin İctimai Televiziyaya müsahibəsi.

Düsseldorfda keçirilən 56-cı Eurovision Mahnı Müsabiqəsində (EMM) Azərbaycanın tarixi qələbəsi ölkəmizə diqqəti daha da artırıb. Artıq bu mötəbər mahnı yarışmasının 2012-ci ildə Bakıda keçirilməsi üçün həm tədbir iştirakçısı olan beynəlxalq qurumlar, həm də yerli tərəfdaşlar fəaliyyətlərini genişləndirməyə başlayıblar. Müsabiqənin təşkili məsələlərini Azərbaycan tərəfi ilə müzakirə etmək üçün Avropa Yayımları Birliyinin (EBU) səlahiyyətli nümayəndələri qısa müddət ərzində ikinci dəfədir, Bakıda olublar.

Müsabiqənin eksklüziv yayımçısı və EBU-nun yerli tərəfdaşı olan İctimai TV-də yaradıcı heyətlə görüşlər keçirən və televiziyanın texniki imkanları ilə maraqlanan Avropalı qonaqlar beynəlxalq mahnı müsabiqəsində Heydər Əliyev Fondunun rolunu yüksək dəyərləndirirlər.

Avqustun 9-11-də Azərbaycanda səfərdə olan Eurovision Mahnı Müsabiqəsinin baş prodüseri Yan Ola Sand (Jon Ola Sand) və müsabiqənin təşkilati rəhbəri Sitse Bekker (Sietse Bakker) keçirilən görüşlər və aparılan müzakirələrlə bağlı sualları İctimai Televiziyanın "Eurovision xəbərləri" verilişində cavablandırıblar.

- Sizin Bakıya səfərinizin məqsədi nədir?

- Yan Ola Sand: Biz buraya, Bakıya Eurovision Mahnı Müsabiqəsində əməkdaşlıq etdiyimiz İctimai Televiziya ilə danışıqlar aparmaq üçün gəlmişik. Burada rəsmilərlə görüşdük, əlimizdə olan imkanları bir daha nəzərdən keçirdik və nələr edə biləcəklərimizlə bağlı müzakirə apardıq.

- Siz müxtəlif görüşlər keçirmisiniz. Sizcə, "Eurovision-2012"yə hazırlıq işləri necə gedir?

- Yan Ola Sand: Hazırlıq işləri çox yaxşi gedir. Biz İctimai Televiziya ilə hər zaman əlagə saxlayırıq, hazırlıq işləri ilə maraqlanırıq. Eurovision Mahnı Müsabiqəsi çox böyük bir tədbirdir və buna görə də hamı çox həyəcanlıdır. Hər şey çox gözəl olacaq.

- Sitse Bekker: Məncə də Bakıda hazırlıq işləri çox yaxşı gedir. Bu müsabiqə elə bir layihədir ki, buna hazırlaşmaq üçün verilən vaxt əslində çox azdır. Qalib gəldikdən sonra növbəti ilə hazırlaşmaq üçün sizin yalnız 1 iliniz olur. Qalibiyyətin səhəri günündən hazırlıq işlərinə başlayırsınız. Çünki bu tədbir çox böyükdür və ona hazırlıq dayanmadan, hər gün getməlidir.

- Cənab Sand, bizə çox maraqlıdır, Bakıya ikinci səfəriniz zamanı nələr müzakirə olunub?

- Yan Ola Sand: Sitsenin dediyi kimi, bizim növbəti müsabiqəyə hazırlaşmaq üçün çox az vaxtımız qalıb. Və budəfəki səfərimizdə də biz prodakşn məsələsindən tutmuş, məkana qədər hər bir şeyi müzakirə etdik. Bütün bu məsələləri Eurovision Mahnı Müsabiqəsinin İşçi heyəti ilə görüşərək müzakirə etdik. Bu mövzulara gələn dəfəki səfərlərimizdə təkrar-təkrar qayıdacağıq. Çünki bütün bunlar çox mühüm məsələlərdir.

- Siz Eurovision üçün məkandan söhbət açdınız. Bildiyiniz kimi, Azərbaycanda da, digər ölkələrdə də hamı Eurovision Mahnı Müsabiqəsinin keçiriləcəyi məkan haqqında çox maraqlanır. Siz bu məkan barəsində nə kimi müzakirələr apardınız?

- Yan Ola Sand: Biz hələ ki, dəqiq bir qərara gəlməmişik. Çünki müxtəlif fikirlər, alternativ variantlar var. Məkan kimi yeni bir yerin tikintisinə başlanacaq. Lakin biz Bakıda müxtəlif yerlərdə olduq və onları da dəyərləndirdik. Həmin yerlər alternativ variant kimi hələ də qüvvədədir. Ümumiyyətlə, bunun üçün çoxlu variantlarımız var.

- Səfər ərəfəsində Sitse Bekker müsahibəsində "Eurovision"la bağlıı "B planı"nı mümkün variant kimi səsləndirmişdi. "B planı" nə deməkdir? Artıq Bakıdasınız. Səfərin təəssüratından sonra bu fikirlərinizə istərdik, aydınlıq gətirəsiniz.

- Yan Ola Sand: Məncə, bu məsələdə bir balaca anlaşılmazlıq baş verib. Çünki biz konkret "B planı" məsələsindən deyil, sadəcə, müxtəlif variantların mümkünlüyündən bəhs etmişdik. Yəni bizim üçün vacib Eurovision Mahnı Müsabiqəsinin keçiriləcəyi məkan kimi əlimizdə müxtəlif alternativ variantların olmasıdır.

- Səfəriniz zamanı İctimai TV-nin "Eurovision"a hazırlıq üzrə İşçi heyəti ilə yəqin ki, tanış oldunuz...

- Sitse Bekker: İşçi heyəti çox yaxşıdır. Onlar artıq bir neçə ildir, bu yarışmada fəal iştirak edirlər. Və kifayət qədər də təcrübəyə sahibdirlər. Tədbirdən gözlənilən nəticənin səviyyəsini onlara izah etməyə heç bir ehtiyac yoxdur. Amma biz bu heyətin tərkibinə daha çox insanın cəlb olunmasını istərdik. 2012-ci ilin mayında Bakıya, Eurovision Mahnı Müsabiqəsinə dünyanın hər yerindən, müxtəlif kütləvi informasiya vasitələrinin nümayəndələri və adi tamaşaçılar gələcək. Hamı bu zaman bir-biri ilə əməkdaşlıq edəcək.

- Hər kəs bilir ki, Eurovision Mahnı Müsabiqəsi böyük TV şousudur. Amma bununla belə bu cür böyük miqyaslı tədbir yalnız televiziya şousu və prodakşndan ibarət ola bilməz. Bu layihə həm də çox böyük təşkilati işlərdən ibarətdir. Və bu təşkilati məsələlərdə Heydər Əliyev Fondu İctimai Televiziyaya böyük dəstək göstərir. Bu dəstəyi necə dəyərləndirirsiniz?

- Yan Ola Sand: Görürəm ki, İctimai Televiziyanın çox bacarıqlı, çalısqan və peşəkar işçi heyəti var. Onların bu müsabiqə üçün əllərindən gələni edəcəklərinə əminəm. Çox gözəl bir şou hazırlanacaq. Bundan başqa, qeyd etmək istərdim ki, Almaniyada bu müsabiqənin təskilinə yüzə yaxın digər təskilat qoşulmuşdu. Azərbaycanda da Heydər Əliyev Fondunun prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyevanın tədbirə verdiyi dəstək diqqətəlayiqdir. Bu tədbirin keçirilməsinə köməklik edən digər qurumlar və təskilatların da rolu çox böyükdür. İctimai Televiziyanın işçi heyəti tədbirə peşakarcasına yanaşır, əlindən gələni edir.

- Təhlükəsizlik məsələsi "Eurovision"a hazırlıq zamanı önəmli sırada durur. Bu barədə nə deyə bilərsiniz?

- Sitse Bekker: Təhlükəsizlik məsələsi, əlbəttə ki, hər bir böyük tədbirdə vacib amillərdən biridir. Biz bu barədə həm İctimai Televiziya, həm də digər dövlət qurumları ilə müzakirələr aparırıq və təhlükəsizliyin yüksək səviyyədə təskil olunmasına çalısırıq.

- Mən loqo haqqında soruşmaq istərdim. "Eurovision Mahnı Müsabiqəsi-2012" üçün loqonun seçilməsi də çox ciddi bir məsələdir və əlbəttə ki, bu işdə Avropa Yayımları Birliyinin də dəstəyi əsasdır. Sizcə, loqo seçimi üçün gecikmirik?

- Yan Ola Sand: Yox, bunun üçün gec deyil. Loqo bu tədbirin ən incə nüanslarından biridir. Belə ki, Eurovison Mahnı Müsabiqəsinin loqosu sadəcə bir simvol funksiyasını yerinə yetirmir. Simvoldan çox, bu butün dünyaya göndərilən bir mesajdır. Bunun üzərində düşünmək üçün kifayət gədər vaxtımız var.

- Tamaşaçıları maraqlandıran suallardan biri də biletlər haqqındadır. Biletlərin qiymətini kim və necə müəyyən edəcək?

- Yan Ola Sand: Biletlərin qiymətlərini İctimai Televiziya aidiyyatı olan qurumlarla birgə müəyyənləşdirəcək. Amma onu da geyd edək ki, bilet giymətləri müəyyənləşdirilərkən əhalinin də büdcəsi nəzərə alınacaq. Çünki bu tədbir sadəcə sosial vəziyyəti yaxşı olanlar üçün yox, həm də adi, sıravi insanlar üçündür. Hər şey öncədən nəzərə alınacaq.

- Azərbaycan Eurovision şousunun ən yaddaqalanı və möhtəsəmini təskil edəcəyini ilk gündən bəyan edib. Bu şounu necə təsəvvür edirsiniz?

- Yan Ola Sand: Mən əminəm ki, "Eurovision Mahnı Müsabiqəsi-2012" çox möhtəsəm bir tədbir olacaq. Düzdür, bunun üçün gecə-gündüz fasiləsiz çalısmaq lazımdır. İctimai Televiziya və aidiyyati qurumların bu işin öhdəsindən uğurla gələcəyinə əminəm.

- Bəs siz nə düşünürsünüz, cənab Sitse?

- Sitse Bekker: Bir qədər əvvəl qeyd etdiyimiz kimi, bu tədbirin təskil olunmasına çoxlu sayda insanın cəlb edilməsi çox vacibdir və müsbət effekt yaradır. Belə ki, Eurovision Mahnı Müsabiqəsi çox böyük bir tədbirdir və Azərbaycanda da hazırda fasiləsiz inkişaf getdiyini nəzərə alsaq, bu tədbirin əhəmiyyəti Azərbaycan üçün çox böyükdür. Azərbaycanın gələcəyinin gənc nəslin əlində olmasını nəzərə alsaq, o zaman gənclərin bu tədbirdə iştirakının nə qədər vacib olduğunu görərik. Belə ki, bu onlar üçün çox gözəl bir təcrübə olacaq. Azərbaycanda bundan da böyük tədbirlərə ev sahibliyi edə biləcək potensial var və gələcəkdə Futbol üzrə dünya Çemponati, Olimpiya Oyunları kimi daha böyük tədbirlərə ev sahibliyi etmək şansı əldə etdiyi zaman Eurovision Mahnı Müsabiqəsinin təskilində öyrəndikləri, əldə etdikləri təcrübədən orada da istifadə edə biləcəklər.

- Cənab Bekker, mən bilirəm ki, bu sizin Bakıya ilk səfərinizdir. Biz Cənab Sandın paytaxtımıza ilk səfəri zamanı İctimai TV-də ondan ölkəmiz, şəhərimiz haqqında ilk təəssüratı barədə soruşmuşduq. İndi istərdik ki, Sizin Bakı haqqında fikirlərinizi öyrənək.

- Sitse Bekker: Siz Londona, Parisə, Barselonaya və ya başqa şəhərlərə gedərkən artıq o şəhərlər haqqında sizin televiziyalardan, jurnallardan təxminən müəyyən bir fikriniz yaranır. Bakıya gəldiyimiz zaman isə hər şey bizim üçün yeni olur, tamamilə yeni, başqa bir təəssürat yaranır. Şəhərin memarlığı, dəniz kənarı ilə tanış olduqdan sonra insan, doğrudan da çox təsirlənir. Şəhərdə gedən yenidənqurma, tikinti işləri, təmizlik insanda müsbət təəssürat yaradır. Məncə, bunları beynəlxalq mediaya çadırmaq, Azərbaycanı dünyaya tanıtmaq baxımından Eurovision Mahnı Müsabiqəsinin əhəmiyyəti çox böyükdür. Bu tədbirdən sonra Azərbaycana səyahət etmək istəyən, Bakı ilə tanış olmaq istəyən insanlarıın sayı, doğrudan da çox artacaq.

Digər xəbərlər