- Musa müəllim, BMT-nin Baş Assambleyasının 66-cı sessiyasında Azərbaycanla bağlı iki qətnamə layihəsi müzakirəyə çıxarılacaq. Dağlıq Qarabağla bağlı olan bu qətnamələrin qəbulu nə dərəcədə gözləniləndir?
- Düşünürəm ki, BMT-nin Baş Məclisində Ermənistanın Azərbaycana təcavüzü və işğal olunmuş ərazilərdə vəziyyətlə bağlı məsələlərin gündəliyə çıxarılması tədqirəlayiq bir haldır. Azərbaycan tərəfi daimi olaraq sözügedən məsələni gündəliyində saxlayır və müzakirə obyekti edir. Amma bu məsələnin BMT-də qəbul olunub-olunmaması perspektivlərini çox ciddi ölçüb-biçmək lazımdır. Əgər BMT-nin Baş Məclisində hər hansı bir sənəd bizim milli maraqlarmızı əks etdirməyəcəksə, bu məsələlərin qəbul edilməsindənsə, edilməməsi daha yaxşı olar. Hesab edirəm ki, indiyə qədər BMT-nin Baş Məclisində və Təhlükəsizlik Şurasında qəbul edilən bütün qərarlar Azərbaycanın maraqlarına uyğun olur. Belə sənədlərin qəbulu Ermənistanın təcavüzkar bir ölkə olduğunu sübut edir. Eyni zamanda, dünya ictimai rəyinə təsir edərək, Azərbaycanın mövqelərini daha da möhkəmləndirir.
- BMT-nin ötən sessiyalarında həmin müzakirəyə çıxarılması gözlənilən qətnamə layihəsi təxirə salınmışdır. Bu dəfə də belə bir vəziyyət yarana bilərmi?
- Təbii ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri hesab edirlər ki, Dağlıq Qarabağ münaqişəsi özlərinin vasitəçiliyi ilə həll olunmalıdır. Bu münaqişə BMT-də müzakirələrə çıxarılmamalıdır. Çünki sözügedən münaqişə BMT-nin Baş Məclisində müzakirələrə çıxarılanda, bir çox suallar doğuracaq ki, indiyə qədər Dağlıq Qarabağ problemi ilə bağlı ATƏT-in Minsk Qrupunun həmsədrlərinin fəaliyyəti necə olub? Nəyə görə bu məsələlər həll edilməyib? Çünki BMT bu səlahiyyətləri ATƏT-in Minsk Qrupunun özünə vermişdir. Yenidən bu münaqişə BMT-də müzakirə olunması, Minsk Qrupu həmsədrlərinin fəaliyyətlərinin üzərinə bir çox kölgələr sala bilər. Ona görə də, ATƏT-in Minsk Qrupunun həmsədrləri "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" ilə bağlı məsələlərin BMT çərçivəsində müzakirəyə çıxarılmasında maraqlı deyilər. Eyni zamanda, bunu öz maraqları baxımından deyirəm. Təbiidir ki, belə müraciətlər istisna ola bilər. Əgər Azərbaycan bunları geri götürsə belə, mütləq ATƏT-in Minsk Qrupunun həmsədrləri bununla bağlı bir hərəkət edərək fəaliyyət göstərməlidilər ki, bu münaqişənin həll yolunda yeni addımlar atsınlar. Əgər ATƏT-in Minsk Qrupunun fəaliyyəti donmuş halda olacaqsa, heç bir səmərə verməyəcəksə, Azərbaycan bununla kifayətlənməyə bilər. Çünki bu, Azərbaycanın haqqıdır.
- ATƏT-in Minsk Qrupunun fəaliyyətsizliyi bu ölkələrin Dağlıq Qarabağ münaqişəsinin həllinə ikili standartdan yanaşmalarının göstəricisi sayıla bilərmi?
- Hesab edirəm ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin fəaliyyəti qətiyyən qənaətbəxş deyil. Demək olar ki, onların səfərləri, turist səfərlərinə bənzəyir. ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fəaliyyətsizliyi, onların ölkələrinə qarşı olan etimadı aşağı salır. Eyni zamanda, bu, həm də ikitərəfli münasibətlərə mənfi təsir göstərir. Digər bir tərəfdən, burada ATƏT-in bir qurum kimi fəaliyyəti barədə bir çox şübhələr doğurur və ona olan etimadsızlıq daha da artır. Bu baxımdan, ATƏT-in Minsk Qrupunun həmsədrləri öz fəaliyyətlərini gücləndirməlidirlər. Bu gücləndirmənin yolu işğalçı Ermənistana təzyiqlər etməkdən keçir. Çünki hər bir məsələ göz qabağındadır. Yəni, burada təcavüzə məruz qalanda, təcavüz edib əraziləri işğal edəndə. Ona görə də, ATƏT-in Minsk Qrupunun həmsədrləri, konkret olaraq, təcavüzkar ölkəni öz adı ilə göstərməli və ona qarşı təzyiq edərək sanksiya tətbiq edilməsi məsələsini gündəliyə gətirməlidilər.
- Fransanın bir qrup deputatlarının Dağlıq Qarabağa səfərləri nədən qaynaqlanır?
- Düşünürəm ki, fransalı deputatların Azərbaycandan icazəsiz və xəbərsiz Azərbaycanın Dağlıq Qarabağ regionuna səfər etməsi, Fransa tərəfinin BMT-nin Nizamnaməsini və ATƏT-in prinsiplərini kobud şəkildə pozması deməkdir. Eyni zamanda, bu, beynəlxalq hüquq normaların pozulmasıdır. Çünki həmin ərazilər Azərbaycanın işğal olunmuş əraziləridir. İşğal olunmuş ərazilərə Azərbaycandan xəbərsiz və icazəsiz getmək Fransanın beynəlxalq normaları pozmasıdır. Burada həmsədr ölkənin deputatları tərəfindən belə bir addımın atılması, bu ölkənin vasitəçilik səyləri üzərinə kölgə salır. Çünki vasitəçi tərəfsiz olmalıdır. ATƏT-in Minsk Qrupunun həmsədri kimi Fransanın vəzifələrindən biri bu münaqişənin həllinə kömək göstərməkdən ibarətdir. Amma həmin deputatların Dağlıq Qarabağ regionuna səfəri onu göstərir ki, artıq Fransa tərəfsiz deyil, tərəf saxlayan bir ölkədir. Beləliklə də bu, Fransanın nüfuzuna zərbədir. Bu Fransanın tərəfsiz olmadığını göstərir.
GÜLYANƏ