- Tahir müəllim, "İctimai Palata" deyilən qurumun yenidən aksiyalar keçirəcəyi ultimatumu ilə çıxış etməsini hansısa maraqlı qüvvələrin növbəti tapşırığı kimi dəyərləndirmək olarmı?
- "İctimai Palata" deyilən qurumun yenidən aksiyalar keçirmək istəyini hansısa maraqlı qüvvələrin növbəti tapşırığı kimi dəyərləndirirəm. Çünki hazırda ölkə müxalifəti çox acınacaqlı bir durumdadır. Demək olar ki, radikal müxalifət ancaq qəzetlərin üzərində durur. Bəzi qüvvələr var ki, onlar Azərbaycan hakimiyyətinə təzyiqlər etmək üçün hər zaman müxalifətdən istifadə edirlər. Burada həmin qüvvələr yenidən "İctimai Palata"nın vasitəsilə aksiyalar keçirmək istəyirlər ki, bəlkə nəyəsə nail ola bilərlər. Bir sözlə, həm ölkədə, həm də xaricdə olan qüvvələr Azərbaycanda aksiyalar keçirərək, öz varlıqlarını göstərmək istəyirlər ki, biz də varıq. Təbii ki, bu cür aksiyaların keçirilməsində müəyyən qüvvələrin istəyi durur.
- Nəyə görə radikal müxalifət daha çox böhranlı vəziyyətdən çıxış yolunu aksiyalar keçirməkdə görür?
- Demək olar ki, hər zaman radikal müxalifət böhranlı vəziyyətdə olarkən çıxış yolunu aksiyalar keçirməkdə görür. Onlar düşdüyü vəziyyətdən çıxmaq üçün çıxış yolunu aksiyalar keçirməkdə görsələr də, onların heç bir gücü yoxdur. Burada radikal müxalifət kiçik aksiyalar keçirsə belə, nəyə isə nail ola bilməyib. Fikrimcə, həmin müxalifətin əlindən heç bir iş gəlmir. Düşünürəm ki, radikal müxalifət varlığını sübut etmək üçün bu cür tədbirlərə əl atmağa məcburdur.
- Sizcə, qeyri-sivil metodlarla qarşıya qoyulan hədəflərə nail olmaq mümkündürmü?
- Düşünürəm ki, qeyri-sivil metodlara əl ataraq qarşıya qoyulan hədəflərə nail olmaq mümkün deyil. Burada hər bir radikal müxalifətin qaynaqlandığı mənbə Şərq və ərəb ölkələrində baş verənlərdir. Ancaq onlar başa düşmürlər ki, biz 20 il bundan əvvəl bu problemi yaşayaraq keçirmişik. Artıq Azərbaycan xalqının hər bir vətəndaşı bunu bilir və yaddaşında qalıb. Azərbaycan xalqı artıq 20 il bundan əvvəl öz sözünü deyərək seçimini edib. Hesab edirəm ki, bəzi metodlara əl ataraq nəyə isə nail olmaq qeyri-mümkündür. Burada radikal müxalifətin aksiyalar keçirməkdə məqsədi bir müddət gündəmdə qalmaqdan ibarətdir.
GÜLYANƏ AĞAKƏRİMOVA